Cümə , Aprel 19 2024
Ana səhifə / Gündəm / >Mərkəzi Dəmiryol Xəstəxanasındakı audit yoxlamasının nəticəsi necə ört-basdır edilib?

>Mərkəzi Dəmiryol Xəstəxanasındakı audit yoxlamasının nəticəsi necə ört-basdır edilib?

Baş həkim Adil Tağıyevin fəaliyyətindəki qanun pozuntuları hər keçən gün daha da artır ADY-nin Həkim-Sanitar Xidmətinin rəisi Adil Şükürov xəstəxana rəhbərinin və baş mühasib Rəna Sultanovanın özbaşına əməllərinə niyə seyrçi mövqe nümayiş etdirir?

Azinforum.az “gundelik-baku”ya istinadən xəbər verir ki, «Azərbaycan Dəmir Yollları» Qapalı Səhmdar Cəmiyyətinə (QSC) tabe olan Mərkəzi Dəmiryol Xəstəxanasının fəaliyyətində üzə çıxan neqativ hallar, baş həkim Adil Tağıyevin vəzifə səlahiyyətlərini lazımi səviyyədə icra edə bilməməsi və digər xoşagəlməz hadisələrlə bağlı indiyədək mətbuatda çox danışılıb. Dərin təəssüf hissi ilə vurğulamaq istəyirik ki, mətbuatda ictimailəşdirilən faktlarla bağlı bu vaxta qədər baş həkimin barəsində heç bir tədbir görülməyib. Çoxları QSC-nin baş direktoru Cavid Qurbanovun işinin öhdəsindən gələ bilməyən baş həkimi vəzifəsindən kənarlaşdıracağını gözləsə də, bu baş vermədi. Adil Tağıyev bu gün də sözügedən səhiyyə ocağına rəhbərlik edir və qanunsuz əməllərindən əl çəkmir. Xatırladaq ki, bir müddət əvvəl Hesablama Palatası tərəfindən dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən “Azərbaycan Dəmir Yolları” QSC-nin Həkim-Sanitar Xidmətinə ayrılan vəsaitlərin istifadəsinin auditi aparılmışdı. Müəyyən olunub ki, Həkim-Sanitar Xidməti tərəfindən büdcə xərcləri üzrə proqnoz göstəriciləri hazırlanarkən normativ aktların bəzi tələbləri gözlənilməyib. Bir sıra xərc maddələri üzrə iqtisadi əsaslandırmalar aparılmayıb.

Bəzi hallarda Xidmət və Mərkəzi Dəmiryol Xəstəxanası tərəfindən Vahid Büdcə Təsnifatının tələbləri gözlənilməyərək vəsaitlərin təyinatı dəyişdirilib. Həkim-Sanitar Xidməti tərəfindən malların (işlərin və xidmətlərin) satın alınması zamanı bu sahəni tənzimləyən qanunvericilik aktlarının tələblərinə əməl edilməyərək məbləğ məhdudiyyətini aradan qaldırmaq məqsədilə satınalmalar ayrı-ayrı müqavilələrə bölünməklə satınalma metodu dəyişdirilib. Bu xəstəxanalar üzrə vəsait müvafiq icra hakimiyyəti orqanının razılığı alınmadan satınalma metodu tətbiq edilməyərək xərc edilib. Avtomobil vasitələrinin yanacaq, ehtiyat hissələri və cari təmiri üzrə müvafiq nomaların gözlənilməməsi nəticəsində artıq vəsait xərclənib.

Dəmiryol Xəstəxanası üzrə eyni avtomaşına ehtiyat hissələri təkrar silinib, maşın və avadanlıqlara, əsas fondlara artıq köhnəlmə hesablanıb. Həkim-Sanitar Xidməti tərəfindən 2011-2012-ci illər ərzində alınan mal-material qiymətlərin tibb müəssisələrinə verilməsi Xidmətin bölgüsü əsasında həyata keçirilsə də, Kürdəmir, Ucar və Lənkəran dəmiryol ambulatoriyalarına mal-material verilməyib. Mal alışı olmadığı halda vəsait ödənilib və ezamiyyə xərclərinin normalarının gözlənilməməsi nəticəsində artıq vəsait xərc edilib. Əldə etdiyimiz yeni məlumatlara görə, Adil Tağıyevin yarıtmaz fəaliyyəti Mərkəzi Dəmiryol Xəstəxanasında vəziyyətin günbəgün daha da ağırlaşmasına səbəb olur.

Etibarlı mənbənin bildirdiyinə əsasən, baş həkim şəxsi maraqlarını fikirləşərək bir sıra qanuna zidd işlərə imza atır: «Belə ki, Mərkəzi Dəmiryol Xəstəxanası tərəfindən əməyin ödənişi və ixtisas dərəcələrini, həmçinin vəzifələr düzgün müəyyənləşdirilmir. Bunun nəticəsində vakant vəzifələr və işçilərin məzuniyyətdə olduqları dövr üçün görülən işlərə görə bəzi işçilərə gecə vaxtı iş rejiminə görə həftəlik iş vaxtı normalarından orta hesabla 2 dəfədən artıq iş saatları verilərək artıq əməkhaqqı ödənilir. Artıq iş saatlarına cəlb edilən işçilərlə bağlı rəsmiləşdirilmələrdə qanunvericiliyin tələbləri gözlənilmir. Nəzərdə tutulmadığı halda bəzi işçilərə mükafat yazılır. Hər ay normadan artıq ərzaq silgisi aparılır və əsaslı təmir işləri üzrə iş həcmləri tam yerinə yetirilmir. Məhz bu cür işlərin qarşılığında dövlət büdcəsinə külli miqdarda ziyan dəyir. Bundan başqa, bu tibb ocağında xəstəlik tarixlərindəki təyinatlara işlənilmədən dərman, sarğı ləvazimatları və materialları silgisinə yol verilir. Baş həkim ölkəmizin müvafiq qanunlarından, eləcə də QSC-nin rəhbəri Cavid Qurbanovdan çəkinməyərək öz bildiyini edir.

Bu səbəbdən Mərkəzi Dəmiryol Xəstəxanası hazırda acınacaqlı günlərini yaşayır». Gələn saylarımızda Adil Tağıyevin daha hansı qanunsuzluqlara imza atması, Həkim-Sanitar Xidmətinin baş mühasibi Rəna Sultanova ilə həyata keçirdiyi birgə maliyyə əməliyyatları, Hesablama Palatasının apardığı audit yoxlamasının nəticəsinin necə ört-basdır edilməsi və xidmətin rəisi Adil Şükürovun nəyə görə bu məsələlərə seyrçi mövqe tutması haqda ətraflı məlumat verməyə çalışacağıq. İnanırıq ki, «Azərbaycan Dəmir Yolları» QSC-nin baş direktoru Cavid Qurbanov Mərkəzi Dəmiryol Xəstəxanasında cərəyan edən qanun pozuntularını şəxsən özü araşdıracaq və baş həkimi cəzalandıracaq. Yazıda adı çəkilən bütün şəxslərin cavab haqqını tanıyırıq.

 

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın