Cümə , Aprel 19 2024
Ana səhifə / Gündəm / Mənzil bazarında evlər ucuzlaşıb – üç səbəb

Mənzil bazarında evlər ucuzlaşıb – üç səbəb

Yay mövsümü ilə əlaqədar kirayə və daşınmaz əmlak bazarında durğunluq yaranıb; iqtisadçı ekspert: “Ucuzlaşma davam edəcək, çünki…”

Paytaxt ərazisində yerləşən mənzil alqı-satqısı ilə məşğul olan ofislərdən aldığımız məlumata görə, mənzil bazarında ucuzlaşma var. Xüsusilə də kirayə mənzil bazarında qış ayları ilə müqayisədə 50-70 manat arasında enmə müşahidə edilir.

Maklerlər “Yeni Müsavat”a bildirdilər ki, qiymətlər ucuzlaşsa da iş demək olar ki, yoxdur. Onu da qeyd edək ki, nə qədər işsizlikdən şikayətlənsələr belə, Bakıda ev alqı-satqısı obyetlərinin sayı günbəgün artır. Metronun “28 May”, “Qara Qarayev”, “Neftçilər” stansiyalarının ətrafında xeyli sayda bu kimi obyektlərə rast gəlmək olur.

Müraciət etdiyimiz alqı-satqı ofislərinin əksəriyyətində maklerləri ünvanlarında tapa bilmədik. Müştəri olmadığı üçün onlar kənarda müxtəlif stolüstü oyunları oynayıb, günlərini keçirirlər. “Neftçilər” metro stansiyasının yaxınlığındakı “Maklerlər bağı” kimi tanınan məkanda da vəziyyət oxşardır. Burada da kirayə mənzil verənlərə demək olar ki, rast gəlmədik.

Söhbət etdiyimiz uzun müddətdir daşınmaz əmlak bazarında çalışan Rəhman Bayramov bildirdi ki, hazırda bir otaqlı mənzil 180-200 manata kirayə verilir: “Halbuki qış aylarında bu, 250-300 manat idi. 2 otaqlı mənzillərdə də eyni qayda üzrə 50-70 manat ucuzlaşma var. Hazırda 2 otaqlı əşyalarla təmin olunmuş mənzillər 250-300 manata kirayə verilir. Eyni zamanda mənzillərin satışında da qiymət enməsi var. Misal üçün, ”8-ci kilometr” ərazisində hazırda 1 otaqlı mənzilin qiyməti 40 min manatdan başlayır. Qış aylarında isə bu rəqəm 45-50 min manat idi. Təbii ki, manatın dollara nisbətdə dəyər itirməsi mənzil bazarında da qiymətlərə təsirsiz ötüşməyib. Son zamanlar manatın məzənnəsində sabitlik bizim də işimizə yarayır. Əvvəllər satan bilmirdi ki, mənzilinə nə qədər qiymət qoysun. Çünki manatın məzənnəsi sabit deyildi. İndi isə müəyyən qədər bu problem öz həllini tapıb. Ancaq kirayə mənzil bazarındakı ucuzlaşma manat-dollar münasibətlərindən qaynaqlanmır.

Hər il yay aylarında tələbələr bölgələrə getdikləri üçün kirayə bazarında ucuzlaşma olur. Eyni zamanda tikinti sektorunda geriləmə də kirayə mənzil bazarına təsir edib. Əvvəllər bu ətrafda kirayə yaşayan ailələrin əksəriyyəti, indi öz rayonlarına qayıdıblar. Bu da qiymətə təsir edən amildir. Hazırda kirayə üçün müraciət edənlər müəyyən qədər olsa da, satış yoxdur. İnsanlar daha çox torpaq almaq üçün müraciət edirlər. Torpaqların da qiymətlərində müəyyən qədər azalma var. Ucuz torpaqlar əsasən sənədi olmayan torpaqlardır. Elə insanlar da daha çox sənədsiz torpağı almağa üstünlük verirlər”.

Mövcud durumla bağlı qəzetimizə danışan iqtisadçı Rəşad Həsənov bildirdi ki, Azərbaycanda kirayə qiymətləri digər ölkələrlə müqayisədə aşağıdır: “Digər ölkələrdə kirayə qiymətlərin və daşınmaz əmlakın gətirdiyi illik renta gəlirlərini müqayisə etdikdə, Azərbaycanda bu göstərici kifayət qədər aşağıdır. Yəni əmlaka verilən vəsaitlə onun renta gəlirləri arasında asılılığı müəyyənləşdirən zaman kirayələrin həcmi aşağı qiymətləndirilir. Ancaq əgər Azərbaycan əhalisinin gəlirləri fonunda qiymətləndirmə aparsaq, həqiqətən də həm əvvəlki, həm də indiki dövrdə kirayə xərclərinin baha olduğunu deyə bilərik. Bir azərbaycanlı ailəsi əgər kirayə yaşayırsa, onun aylıq gəlirlərinin təxminən 35-40 faizini məhz bu məqsədlə sərf etmək məcburiyyətində qalır. Bu isə ağır maliyyə yükü hesab olunur. Bu gün qiymətlərin ucuzlaşması isə iki əsas faktordan irəli gəlir. Birincisi, mövsümü faktor burada əsas rol oynayır. Yəni universitetlərin, məktəblərin bağlanması fonunda əhalinin müəyyən bir qismi rayonlara köçüb. Digər bir amil isə yenə də əhalinin imkanlarının məhduduluğundan asılıdır. Əhalinin alıcılıq imkanlarının məhdudlaşması son nəticədə müəyyən qədər bazarda qiymətlər üzərində təzyiq formalaşdırır. Bu təzyiq uzun müddət öz təsirini davam etdirsə də, mövsümü amillər böyük ehtimalla 2-3 ay sonra bazarda yenidən əlavə tələb formalaşdırmaqla, qiymətlərin yuxarı yönlü dinamikasına gətirib çıxaracaq”.

Ekspert daşınmaz əmlak bazarındakı durumu da təhlil elədi: “2014-cü ilin sonundan başlayaraq daşınmaz əmlak bazarında təklif tələbi üstələdi. Nəticədə isə qiymətlər ciddi şəkildə azalmağa başlayıb. Burada da müxtəlif faktorlar var. Bu faktorlardan biri dövriyyədə vəsaitlərin həcminin və əhalinin ümumi gəlirlərinin azalması, eyni zamanda biznes sektorunda yaşanan gərginliklərin nəticəsində subyektlərin öz əmlaklarını bazara təklif etməsi və son olaraq Rusiyada yaşayan azərbaycanlıların da artıq təklifçiyə çevrilməsi ilə bağlıdır. Bütün bunların nəticəsində qiymətlər azalan istiqamətdə davam edir. Bu gün də daşınmaz əmlak bazarında qiymətlərin ucuzlaşma imkanları var. Çünki əvvəlki dövrlərdə formalaşan qiymətlər, faktiki olaraq real bazar şərtlərinin formalaşdırdığı qiymətlər deyildi. Burada, qısa müddətli dövrdə dövriyyəyə daxil olan neft pulları hesabına balon qiymətlər formalaşmışdı. Bu gün isə artıq daşınmaz əmlak bazarında müəyyən qədər ucuzlaşma baş verib və bunun sonrakı dövrlərdə də davam edəcəyini söyləmək olar. Çünki düşünmürəm ki, hələ də qiymətlər real səviyyəsinə qədər ucuzlaşıb. Əhalinin imkanlarının kəskin şəkildə azalması, alıcılıq qabiliyyətinin itməsi isə müəyyən qədər istehlakçı istiqamətinə də öz təsirini göstərib. Belə ki, əvvəlki dövrlər insanlar daha çox şəhərciklərdə, çoxmənzilli binalarda mənzil alırdılarsa, bu gün torpaq alıb, özləri mənzil inşa etməyə üstünlük verirlər. O dövrdə insanların gəlirləri var idi və ilkin ödəniş şərtləri də müəyyən qədər onlara uyğun idi. Ancaq situasiya artıq dəyişib. Faktiki olaraq bu gün insanlar uzunmüddətli dövr üçün gəlirlərini proqnozlaşdıra bilmirlər. Bu baxımdan da kreditlə mənzilləri götürməkdənsə, daha aşağı qiymətə başa gələn torpaq alıb, mənzili özü inşa etməyə üstünlük verirlər. Doğrudur, bu, əvvəlki dövrlərdə də var idi. Ancaq hazırda ümumi götürsək, hər bir istiqamətdə alıcılıq azalıb. Lakin yuxarıda da qeyd etdiyim kimi artıq istehlakın sürüşmə mərhələsini hiss edirik. Torpaq alıb, mənzil tikənlər ona görə artıb ki, dünənin orta imkanlı alıcısı, artıq bu günün aşağı imkanlı alıcısına çevrilib. Bu, iqtisadiyyatın azalan istiqamətli dinamikalarında daim müşahidə olunan hallardan biridir”.

Həmçinin oxuyun

Nazir Vilayət Eyvazov sağ  Milli Qəhrəmanların hər birinə orden və 5 min pul verdi-Zakir Həsənov isə onların heç üzünü görməyib…

Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı DİN-nin əməkdaşları olmuş  Azərbaycanın Milli Qəhrəmanları:  Məmmədov …

Bir cavab yazın