Çərşənbə , Noyabr 20 2019
Ana səhifə / Gündəm / “Məmur balalarının milyonluq oyunları övladlarımın həbsinə səbəb olub” – FOTOLAR

“Məmur balalarının milyonluq oyunları övladlarımın həbsinə səbəb olub” – FOTOLAR

Qoşqar Zeynalov və Elnar Əsgərovun nümayəndələri jurnalistlərin suallarından yayındılar

2016-cı ilin noyabrında DİN Baş DYPİ-nin rəisi Ramiz Zeynalovun qardaşıoğlu polis zabiti Qoşqar Zeynalovun şikayəti əsasında həbs olunan Rahib və Emin Hüseynov qardaşlarının vəkili Sevil Hacıyeva və qardaşların valideynləri fevralın 7-də mətbuat konfransı keçirilib. Qeyd edək ki, Qoşqar Tofiq Oğlu Zeynalov qardaşlardan 3 milyon dollardan çox pul tələb edir. Tədbirdə qardaşların həbsi ilə bağlı maraqlı məqamlara toxunulub, habelə, nəqliyyat nazirinin müavini Arif Əsgərovun və onun oğlu Elnar Əsgərovun 3 il əvvəl “Azərbaycan Dəmir Yolları” QSC-də yaşanan milyonlarla dollarlıq qalmaqaldakı rolundan söz açılıb.

Tədbirdə Rahib və Emin Hüseynov qardaşlarının valideynləri Lətifə Hüseynova və İsmayıl Hüseynov övladlarının başına gətirilənlərdən, onların qurbanı olduğu maliyyə maxinasiyalarından danışıblar. Lətifə Hüseynova nəqliyyat nazirinin müavini Arif Əsgərovun həyat yoldaşı Balaxatın Əsgərovanın doğma bacısıdır və A.Əsgərov “Azərbaycan Dəmir Yolları” QSC-də sədr olarkən, Rahib İsmayıl oğlu Hüseynov həmin QSC-də marketinq şöbəsinin müdiri olub. İsmayıl Hüseynov Tovuz RİH başçısı Tofiq Zeynalovun rayonda törətdikləri özbaşınalıqlardan danışıb və onun oğlu Qoşqar Zeynalovun da dövlətin rayona ayırdığı pulları götürərək, Elnar Əsgərova verdiyini qeyd edib.

“Elnar Əsgərov özünə yaxın olan şirkətlər vasitəsilə mal alıb “Azərbaycan Dəmir Yolları” QSC-yə satmaq adıyla Qoşqar Zeynalovdan 7 milyon dollar pul alıb, sonra isə bu pullar geri qayıtmayanda, mənim övladlarımı qurban veriblər. Qoşqar verdiyi pula görə faiz alırdı. Heç kim soruşmur ki, sən polis zabitisən, bu qədər pul sənə hardandır? Məmur balalarının  milyonluq oyunları övladlarımın həbsinə səbəb olub. Oğlanlarımı günahsız saymıram, amma onlar qədər Elnar Əsgərov da, Qoşqar Zeynalov da məsuliyyət daşıyır”, – deyə İ.Hüseynov vurğulayıb.

Rahib və Emin Hüseynov qardaşlarının vəkili Sevil Hacıyeva bildirib: “İstintaqa nəqliyyat nazirinin müavini Arif Əsgərovun oğlu Elnar Əsgərov da cəlb olunmalıdır. Elnar Əsgərov Qoşqar Zeynalovun bacanağıdır, eyni zamanda Rahib Hüseynovun xalası oğludur. Qoşqar Zeynalov 7 milyon ABŞ dollarını 2011-2012-ci illərdə faizlə, Rahib Hüseynov vasitəsilə Elnar Əsgərova verib. 2013-cü ildə isə Qoşqar Zeynalov Rahib Hüseynova pul vermədiyi barədə ifadə vermişdi, çünki Elnar Əsgərov o pulu özünün verəcəyini vəd etmişdi. Amma indi görünür Rahib Hüseynovu qurban vermək qərarına gəliblər”.

O qeyd edib ki, Rahib və Emin Hüseynov qardaşlarının sifarişli həbsi bir növ psixoloji təzyiq növü sayıla bilər.

“Çünki Elnar və Arif Əsgərovlardan tələb olunası pullar müvəkkillərimdən və ailəsindən tələb olunur. Onların saxlanma müddəti və eləcə də istintaq müddəti uzadılmaqla, Hüseynovlar ailəsinə psixoloji təzyiq göstərilir. Halbuki, borc məsələsi dələduzluq deyil, müvəkkillərimi həbs etmədən də, məhkəmə yolu ilə pul tələb etmək mümkün idi. Ən pis halda, istintaqın həbs-qətimkan tədbiri olmadan da aparılması mümkün idi.

Müvəkkillərim cəmiyyət üçün təhlükəli, kriminal xarakterli şəxslər deyil və yaxud da onlar istintaq prosesinə hər hansı şəkildə əngəl törədə bilməzlər”, – deyə vəkil bildirib.

S.Hacıyeva vurğulayıb ki, qardaşların həbsi sifarişdir və bu sifariş Qoşqar Tofiq oğlu Zeynalovdan gəlib: “Noyabrın 3-də onun şikayəti ilə bağlı dərhal cinayət işi açıldı və Rahib Hüseynov həbs olundu. Daha sonra isə Emin Hüseynovu həbs etdilər. Açıq-aşkar qərəzli münasibət istintaq prosesində daha aydın nəzərə çarpdı. Qoşqar Hüseynov üzləşdirmədə bildirdi ki, pulu Rahibə öz bacanağı, o vaxt “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri olan Arif Əsgərovun oğlu Elnar Əsgərovun zaminliyi ilə verib. Həmçinin, o, Elnar Əsgərovdan 2,5 milyon dollar pul və 2,3 milyon dollara qarşılıq olaraq Sumqayıtda bir klinika aldığını bildirdi. Qalan pulları isə Rahib və Emin Hüseynov qardaşlarından tələb edir. Çox güman ki, onlar Elnar Əsgərovla öz aralarında razılaşıblar. Bundan başqa, Qoşqar Zeynalov bildirib ki, 2011-2013-cü illərdə 3 milyon ABŞ dolları məbləğində pulu Arif Əsgərovdan faiz olaraq alıb. Belə olduqda, məmurlar arasında gedən bu “alver”in hansı vəsaitlərlə edilməsi, məmurların kommersiya fəaliyyəti və korrupsiya ilə bağlı suallar ortaya çıxır.

Qoşqar Zeynalov bir neçə il əvvəl DİN Baş MCMİ-də yazmışdı ki, Rahib Hüseynovdan heç bir şikayəti yoxdur və onların arasında kommersiya fəaliyyəti olmayıb. 2013-cü ildə də Rahib Hüseynov 11 ay bu işlə bağlı həbsdə yatıb və real faktları istintaqa bildirəndən sonra Arif Əsgərov tərəfindən bir çox şəxslərin pulu qaytarılmış, Qoşqar Zeynalovda onun yaxın qohumu olduğundan, ondan özünün razılığı ilə ərizə alınmış və pulu qaytaracağını bildirmişdilər. O vaxt Elnar Əsgərov ona pulu qaytaracağını vəd etmiş və bir qismini qaytarmışdı. Arif Əsgərovun da əvvəlki imkanları olmadığına görə, yəqin Qoşqara deyiblər ki, gedin nə edirsiniz edin, Rahib və Emini tutdurun, biz qarışmayacağıq. Hadisələrin gedişatından belə görünür. Təbii ki, Elnar öz xalasıoğlanlarını qurban verib və bütün məsələlərdən kənarda qalıb.

Elnar Əsgərov müxtəlif şirkətlər açaraq, “Azərbaycan Dəmir Yolları” QSC-yə şişirdilmiş qiymətlərlə müxtəlif mallar satırdılar. Mal almaq üçün maya lazım olduqda isə müxtəlif şəxslərdən faizlə borc istəyir, yüksək gəlir vəd edir, pul almağa isə Rahib və Emini göndərirdi. Rahib Hüseynov o vaxt “Azərbaycan Dəmir Yolları” QSC-də marketinq şöbəsinin müdiri idi. O, Arif Əsgərovun və ailəsinin tapşırıqlarını yerinə yetirirdi. Müxtəlif şəxslərdən aldığı pulları isə aparıb Elnar Əsgərova vermişdi. Elnar Əsgərovun açdığı şirkətlərə aid müqavilələrin bəzi sənədlərini də həm mətbuata, həm də istintaqa təqdim etmişəm. Elnar Əsgərovun mənə məlum olan şirkətləri bunlardır: “Apollon”, “Sigma” və “Liman Group”. Araşdırma başlansa, çox faktlar üzə çıxacaq. Elnar Əsgərov borcları niyə vaxtında qaytarmayıb, bilmirəm.

Dəfələrlə vəsatət qaldırmışam. Lakin bu vəsatətlərin heç biri təmin olmayıb. Eləcə də, vəsatət qaldırmışdım ki, Qoşqar Zeynalovun o vaxt milyonlarla dolları hardan və hansı yolla əldə etdiyi araşdırılsın. Qoşqar Zeynalov uzun illərdir əmisi Ramiz Zeynalovun rəhbərlik etdiyi DİN Baş DYPİ-də çalışır. 2012-ci ildə Qoşqar Zeynalovun 30 yaşı olub, məmur oğlu olan, özü də polisdə işləyən bir şəxs 7 milyon ABŞ dollarını hansı yolla qazanmışdı? Hazırda isə Elnar Əsgərovdan verdiyi pulların əvəzində klinika aldığını deyir. Bu pullar, bu obyektlər hansı yolla əldə olunub? Müstəntiq bizim heç bir vəsatətimizi təmin etmir, çünki nəticədə böyük bir korrupsiya qalmaqalı yaşana bilər”.

O, müstəntiq Teymur Ağamirovun prosesual qaydalara riayət etmədiyini, tez-tez Hüseynov qardaşlarının valideynlərinə zəng edib, mətbuata şikayət etməmək üçün təzyiq göstərdiyini bildirdi. “Proses iştirakçısı mənəm, təqsirləndirilən Rahib və Emin Hüseynovu təmsil edirəm. Lakin Teymur Ağamirov nəinki mənimlə ünsiyyətdən qaçır, hətta tez-tez müvəkkillərimin anası Lətifə Hüseynovaya zəng edərək, məndən şikayətlənir və mətbuata danışmağımı istintaq sirrini açmaq və hətta “şantaj” kimi qələmə verməyə çalışır. Əslində isə müstəntiq Hüseynovlar ailəsinə təsir etməyə çalışır.

Müstəntiq iş barədə tərəf olaraq mənimlə danışmalıdır, Rahib və Emin Hüseynov qardaşlarının anasıyla yox. Müstəntiqin cinayətdə təqsirləndirilən şəxslərin ailəsiylə tez-tez telefon əlaqəsi yaratması yolverilməzdir. Sual yaranır ki, Teymur Ağamirovun tez-tez Lətifə Hüseynovaya zəng etməsində nə marağı ola bilər? Bu qanunsuzluğa birdəfəlik son verilməlidir”, – deyə S.Hacıyeva vurğuladı.

Tədbirdə E.Əsgərovun vəkili Pərviz Ələkbərov və Q.Zeynalovun nümayəndəsi Elmar Hüseynzadə də iştirak ediblər. Pərviz Ələkbərov S.Hacıyevanı “istintaq sirrini yaymaqda” ittiham etdi: “İstintaq getdiyi müddətdə, istintaq sirinin mətbuatda yayılması, ictimailəşdirilməsi doğru deyil”. Jurnalistlərin “E.Əsgərov nə işlə məşğuldur?” sualına isə P.Ələkbərov dəqiq cavab vermək istəmədi: “Heç bir dövlət işində çalışmır… Elnar Əsgərovun hansı işlə məşğul olmasının məsələ ilə əlaqəsi yoxdur. Ümumiyyətlə, Elnar Əsgərovun bu məsələlərə aidiyyatı olmayıb”.

Vəkil çıxışı zamanı Elnar Əsgərovun adını tez-tez “Elnur” deməklə də diqqəti çəkdi.. S.Hacıyeva isə bildirdi ki, o, istintaq sirrini yaymır: “İstintaqın gedişatından narazı olduğumuza görə, biz elə bu gün burada mətbuat konfransı keçiririk”. Qoşqar Zeynalovun nümayəndəsi Elmar Hüseynzadə isə Rahib və Emin Hüseynovların yalnız Qoşqar Zeynalovun şikayəti ilə həbs olunmadığını bildirdi: “Orda başqa adam da olub, səhv etmirəmsə, Turaldır”. Qoşqar Zeynalovun nümayəndəsi jurnalistlərin “Qoşqar Zeynalov hansı işi görür? Polis zabitinə bu milyonlar hardandır?” sualına sualla cavab verdi: “Siz onun polis zabiti olduğunu hardan bilirsiniz?”.

“Bizə onun Baş DYPİ-də işlədiyini baş idarənin mətbuat xidmətinin rəhbəri Kamran Əliyev deyib”, – deyə jurnalist qeyd etdi. “Sizə deyibsə, məndən niyə soruşursunuz”, – deyən nümayəndə bu dəfə də cavabdan yayındı. Hüquqşünas-ekspert Aqil Qəhrəmanov bildirdi ki, burda maliyyə maxinasiyalarından, korrupsiyadan söz gedir: “Bu məsələni Baş Prokurorluq araşdırmalıdır. Eyni zamanda, “Azərbaycan Dəmir Yolları” QSC o vaxta aid sənədləri, məlumatları mətbuata və ya hüquq mühafizə orqanlarına təqdim etməlidir”.

Qafqaznews.az

Həmçinin oxuyun

Mübariz Mənsimov məhkəmə qərarını icra etmir – 70 min dollarlıq borc

“Xəzər-Lənkəran” futbol klubunun sahibi Mübariz Mənsimov Ali İdman Arbitraj Məhkəməsinin qərarlarını icra etmir. O, əcnəbi …

Bir cavab yazın