Bazar , Oktyabr 20 2019
Ana səhifə / Gündəm / Londondakı yanğın Xaləddin İsgəndərovu necə “xilas etdi”…

Londondakı yanğın Xaləddin İsgəndərovu necə “xilas etdi”…

Grenfell Tower göydələnində yanğın Binəqədinin icra başçısının “təkcə bizdə belə üzlüklər vurulmayıb və yanğın da təkcə bizdə baş vermir” deməsi üçün əsas yaradıb

2015-ci il mayın 19-da Binəqədidə 16 mərtəbəli yaşayış binasında 15 nəfərin ölümü ilə nəticələnmiş yanğına görə təqsirləndirilən əsas şəxslərdən biri də Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov idi. Dəhşətli yanğından sonra icra başçısı gözlənilənlərin əksinə olaraq istintaqa cəlb olunmadı, vəzifəsini də qoruyub saxlaya bildi.

16 mərtəbəli binanın 1 dəqiqənin içində kibrit qutusu kimi alışıb yanmasında suçlu kimi adları çəkilənlərin sırasında başçının adı ilk yerdə çəkilirdi. Bu da səbəbsiz deyildi. Çünki poliuretan adlı üzlük materialın binaya vurulması təklifi başçıdan gəlmişdi. Bunu üzlükləri istehsal edən “Global Stone” şirkətlərinin təsisçisi Miryusif Mahmudov məhkəmədə də təsdiqləmişdi. Demişdi ki, yanan binanın üzlənməsi təklifi Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovdan gəlib: “Mən başqa məsələ ilə əlaqədar Xaləddin İsgəndərovun yanındaydım. Məndən soruşdu ki, ”bina üzləməyə materialınız var?” Mən də ehtiyac varsa, bu işi görə biləcəyimizi dedim. Sonra o, birinci müavini Qəzənfər Novruzovu çağırdı, mənimlə tanış etdi”. M.Mahmudov binanın üzləndiyi materialın sürətlə yanmasının təşkil olunduğunu da açıqlamışdı.

Image result for Grenfell Tower yangın

Bugünlərdə Londonda, Kenzinqton rayonunda yerləşən Grenfell Tower göydələnində çox qısa vaxt ərzində 151 mənzil yanıb. London polisinin təhqiqatı Grenfell Tower göydələnində 79 sakinin həyatına son qoymuş yanğının soyuducunun buzluğundan başlayıb binanın bayır tərəfinə çəkilmiş örtüyə sürətlə yayıldığını aşkar edib.

BBC-nin verdiyi məlumata görə, polis bunu da bildirib ki, hadisə üzrə bilməyərəkdən adamöldürmə ittihamı ilə cinayət işinə başlanması müzakirə olunur. Hökumət «Hotpoint» şirkətinin istehsal etdiyi soyuducuların da təhqiqatına göstəriş verib. Polis bildirir ki, yanğın qəsdən törədilməyib, lakin onun yayılma sürəti “gözlənilməz” olub. Hazırda hakimiyyət orqanları Grenfell Tower göydələnində istifadə edilmiş divar üzlüyün geniş təhqiqatını aparır. Londonda daha 14 binada bu üzlükdən istifadə edildiyi aşkara çıxarılıb. Üzlüyün ilkin sınaqları onun dərhal alışdığını göstərib. Bundan başqa, məlum olub ki, «Celotex» firmasının üzlükləri yanarkən zəhərli sianid qazı və ya sianid turşusu qazını buraxır.

Üzlük lövhələri istehsal edən şirkət üzlüyün yanarkən sianid qazı buraxdığını təsdiqləyib. Adamların çoxu yanmadan yox, üzlüklərin buraxdığı qazlardan ölüb. Lakin Grenfell göydələnində daş divarla üzlük arasında izolə materialından istifadə olunub.

Polisosianurat (polyisocyanurate – PIR) iki aliminüm lövhəsi arasına köpük şəklində doldurulub. PİR tezalışan materialdır və məhz buna görə də binaların termoizolyasiyası zamanı onu iki odadavamlı alüminium lövhənin arasına tökürlər. Belə izolədən binanın içərisini soyuq havadan qorumaq üçün istifadə edilir. Hələlik təhqiqatçıların gəldiyi ilkin qənaət budur ki, divar üzlüyü, izolə materialı və onların arasındakı hava yanğının sürətlə yayılmasında əsas rol oynayıb. Yanğın baş verərkən Londonda hava çox isti idi və sakinlər mənzillərin pəncərələrini açıq saxlamışdlar. Üzlükdən çıxan qazlar pəncərələrdən mənzillərə dola bilərdi. Bəzi ehtimallara görə, binada ölənlərin əksəriyyəti yanmadan yox, məhz zəhərlənmədən həlak olub.
Bakıdakı yanğınla Londondakı yanğın arasında bir çox oxşarlıqlar var. Binaların üzləndiyi materiallar bir neçə laborator testlərdən keçiblər, yanğına davamlılıqları yoxlanılıb, müvafiq rəylər verilib. Bəs necə olur ki, belə materiallarla üzlənən binalar tez alışır?

Azərbaycanda bu məsələyə xüsusi diqqət yetirilmədi. London polisi Azərbaycanda olduğu kimi “ildırımsürətli” həbsləri gerçəkləşdirmədi. Günahsız insanları dəmir barmaqlıq arxasına doldurub sonradan istintaq başlamadılar. Londonda baş verən faciədən günlər ötür. Amma səbrlə, təmkinlə yoxlama aparılmaqdadır. Günahı olmayan kimsəni həbsə göndərməyə tələsmirlər. Günahı olanları da istintaqdan kənar saxlamırlar. Amma məsələnin bu tərəfi də var ki, Londondakı yanğın Xaləddin İsgəndərovun bir qədər rahat nəfəs almasına yol açıb. Başçının “təkcə bizdə belə üzlüklər vurulmayıb və yanğın da təkcə bizdə baş vermir” deməsi üçün əsas yarandı.

Qeyd edək ki, 2015-ci il may ayının 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın hadisəsi baş verib. Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb. Qulluq mənafeləri tələb etdiyi halda səlahiyyətlərindən istifadə etməmələri nəticəsində vətəndaşların və dövlətin hüquqlarına və qanunla qorunan mənafelərinə mühüm zərər vurmalarında kifayət qədər əsaslar olduğundan binanın üzlənməsində istifadə olunan “poliuretan” məmulatını istehsal edən “QlobalStone” MMC-nin baş direktoru Uğur Firuz oğlu Bəşirov, “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Miryusif Mircəfər oğlu Mahmudov, həmin cəmiyyətin İdarə Heyətinin sədr müavini Ələkbər İldırım oğlu Əsgərov, Binəqədi rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Qəzənfər Məhərrəm oğlu Novruzov, 2012-2013-cü illərdə Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi işləmiş rayon İcra HakimiyyətininTəsərrüfat şöbəsinin müdiri Ədalət Şəmsəddin oğlu Rəcəbov, Binəqədi rayonu, 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Nizami Qara oğlu Orucov Cinayət Məcəlləsinin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə, “poliuretan” məmulatlarının sınaq yoxlamalarını keçirən “Dərnəgül Boru Zavodu” Qapalı Səhmdar Cəmiyyətinin sınaq laboratoriyasının müdiri Ağacavad Hacı oğlu Məmmədov Cinayət Məcəlləsinin 308.2 və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə, “poliuretan” məmulatlarına dair texniki şərtləri razılaşdırmış Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Muradəli oğlu Əlibəyov Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq onlara həmin maddələrdə nəzərdə tutulan ittihamlar elan edilmişdi və sonradan barələrində məhkəmənin ittihamedici hökmü çıxarılmışdı.

Həmçinin oxuyun

Əli Kərimli saxlanıldı

AXCP lideri Əli Kərimli evindən çıxandan dərhal sonra saxlanılıb. “Qafqazinfo”nun məlumatına görə, xəbəri “Azadlıq” radiosu …

Bir cavab yazın