Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Gündəm / Külli miqdarda əmlakı mənimsənilmiş iş adamı nazir Ramil Usubovdan kömək istəyir

Külli miqdarda əmlakı mənimsənilmiş iş adamı nazir Ramil Usubovdan kömək istəyir

Prezident İlham Əliyevin sahibkarlığın inkişafı ilə bağlı çağırışına səs verərək Latviyadan Azərbaycana köçüb gələn və heyvandarlıq sahəsində önəmli işlər görən sahibkar Novruz Tağıyevin əmlakı bir gündə dələduzlar tərəfindən ələ keçirilib və ona 1 milyon dollardan çox ziyan vurulub…

…Uzun illərdir Latviyada yaşayıb-işləyən iş adamı Tağıyev Novruz Qasım oğlu Prezident İlham Əliyevin Azərbaycanda kənd təsərrüfatı sahəsində sahibkarlığın inkişafına böyük dəstək verilməsi, iş adamlarının hüquqlarının ən yüksək səviyyədə qorunması barədə bəyanatını eşidən kimi doğma vətəninə gəlmək qərarına gəlir…

“Düşündüm ki, cənab Prezidentin çağırışına dəstək olaraq özümün və dostlarımın vəsaitimizdən istifadə etməklə Azərbaycanda Latviyadakı təcrübəmdən yararlanaraq Vətənimə töhfə verim… Qısa vaxtda böyük işlər gördüm, külli miqdarda yatırım etdim… Amma bu uğurlarımızı gözü götürməyənlər etibarımdan sui-istifadə edərək mənə ağır zərbə vurdular, quldurluq yolu ilə mal-mülkümüzü taladılar…”, -deyə dərdini “Təzadlar”a danışan Novruz Tağıyevin düşdüyü vəziyyəti başa düşməyə çalışırıq…
O, bizə cənab Prezident İlham Əliyevə, daxili işlər naziri cənab Ramil Usubova, Baş Prokuror cənab Zakir Qaralova ünvanlı müraciətini, həmçinin ona qarşı törədilmiş quldurluq və dələduzluq cinayəti ilə bağlı aparılmış istintaq qərarlarının surətini təqdim etdi… KİV olaraq araşdırmamız davam edir. Bu günlərdə isə zərərçəkmişin cənab Prezident İlham Əliyevə ünvanlı video müsahibəsini “Təzadlar”ın rəsmi saytında təqdim etmişdik. Aşağıda onun daxili işlər naziri cənab Ramil Usubova ünvanlı şikayət ərizəsini dərc edirik:
Çox hörmətli daxili işlər naziri cənab Ramil Usubov!
Əvvəlcə bildirməyi vacib hesab edirəm ki, vətəndaşların hüquqlarının qorunması istiqamətində mütəmadi olaraq gördüyünüz çox dəyərli və xeyirxah işlər hər kəs tərəfindən yüksək qiymətləndirilir. Siz həmişə haqqı və hüququ pozulanların yanında olmusunuz.
Cənab nazir!
Bildirirəm ki, mən Novruz Qasım oğlu Tağıyev, Latviya Respublikasında daimi yaşayış statusuna malikəm və orada da öz geniş biznes işimi qurmuşam, həmişə Azərbaycanda yaşayan yaxınlarıma maliyyə dəstəyi göstərmişəm. Respublikamızdakı sabitliyi, sahibkarlıq üçün yaranmış münbit şəraiti, rahat və firavanlığı nəzərə alan doğmalarımız öz ölkəmizdə yaşayıb iş qurmağımızı tövsiyə etdilər. Doğmaların məsləhəti və həyat yoldaşımın israrlı təkidi ilə öz doğma ölkəmizdə iş qurmaq qərarına gəldim. Mən Latviya Respublikasında əldə etdiyim şəraiti, eləcə də həmin respublikada daim yaşayan həmvətənlərimiz Ədalət, Rufulla və Həmiyyətdən kömək və dəstək məqsədi ilə aldığım nağd maliyyə vəsaitlərini sərmayə kimi təsərrüfat yaradılmasına yönəltdim. Nəticədə, bütün maddi-texniki bazaya və 3 min baş xırda və iribuynuzlu mal-qaraya malik olan bir kompleks qısa zamanda, uğurla yaradıldı. Həmin maliyyə vəsaitləri bilavasitə Amil Şahməmmədov, Cahandar Qədirov və Mahir Əliyev adlı şəxslərin vasitəsilə tam şəkildə bu işə yönəldildi. Lakin sonradan məlum oldu ki, həmin şəxslər bu işə xəyanətkarcasına yanaşmış və niyyətləri vəsaitləri talamaq və mənimsəmək olmuşdur. Nəticədə, etibarımdan sui-istifadə edən həmin şəxslər mal-qaranı, orada olan maşın-texnikanı və digər avadanlıqları talayaraq satmış və mənə külli miqdarda (məhkəmə qərarına əsasən ilkin olaraq 605 min manat) ziyan vurmuşlar. Onlar mənim maliyyə durumumu çox pis vəziyyətə salmaqla yanaşı, mənə etibar edərək maddi dəstək verən Latviya Respublikasında daimi yaşayan həmvətənlərimizi də ağır vəziyyətə salmışlar.
Sonradan məlum oldu ki, həmin şəxslər digər yerli və xarici vətəndaşlara qarşı da bu cür çirkin niyyətlərini gerçəkləşdirə bilmişlər.
Mənə və digərlərinə qarşı külli miqdarda ziyan vurmaqla dələduzluq etdiklərinə görə Şahməmmədov Amil Zakir oğlu, Qədirov Cahandar Əzizxan oğlu və Əliyev Mahir Həsənbala oğlunun barəsində Sabunçu rayon Polis İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi, polis mayoru Paşayev Elməddin Hilal oğlu tərəfindən 150050304 saylı cinayət işi başlanmış və həmin cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.3.2-ci maddələri ilə onların barəsində Sabunçu rayon Məhkəməsinin müvafiq qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda həmin şəxslər həbsdədirlər və istintaq davam etdirilir. Lakin istintaqın gedişindən, baş müstəntiq E.H.Paşayevin işi aparmasından külli miqdarda ziyan çəkmiş tərəf kimi çox narazıyam. Mən o şəxslərin azadlıqdan məhrum edilməsini, ailələrindən, doğmalarından uzun müddət uzaq düşmələrini istəmərəm. Yalnız dəymiş ziyanın ödənilməsi həm həbs olunanları həbsdən qurtara bilər, həm də bizi düşdüyümüz çox ağır vəziyyətdən və etimad göstərən dostlar qarşısındakı maddi- mənəvi sıxıntıdan xilas edər.
Cənab nazir!
Bu problemimizi, dərdimizi, acınacaqlı vəziyyətimizi diqqətinizə çatdırmaqla Sizdən xahiş edirəm ki, mümkün təsir vasitələrinizdən istifadə edərək, işə daha qanunauyğun və ədalətli baxılmasının təmin olunması, nəticədə, haqqın və ədalətin zəfər çalması məqsədilə ailəmizə köməklik göstərilməsi üçün müvafiq istintaq orqanlarına tapşırıqlar verəsiniz. Biz hər zaman olduğu kimi, Sizin sadə insanların yanında olduğunuzu bilirik. Sizin köməyinizə çox güvənir və düşdüyümüz acınacaqlı vəziyyətdən qurtulmağımızda Sizdən nicat gözləyirik…

“Nazir Ramil Usubov haqqın tərəfində durdu və dələduzların cəzalandırılması üçün göstəriş verdi…”

Bəs sahibkar necə aldadılmış, təsərrüfatı hansı yollarla məhv edilmişdir? “Təzadlar” olaraq apardığımız araşdırma nəticəsində olduqca maraqlı suallara cavab tapa bildik… Məlum olur ki, sahibkar Novruz Qasım oğlu Tağıyev başına gələnlərlə bağı bir müddət əvvəl də daxili işlər naziri Ramil Usubova müraciət edib, sonra şəxsən nazirin qəbulunda olub. Nazir onun dərdini və düşdüyü çətin vəziyyətini qiymətləndirib, müvafiq tapşırıqlar verib… Lakin son günlər nədənsə vəziyyət dəyişib, gözlənilənlərin əksi baş verməyə başlayıb.
Oxşar məzmunlu müraciət PA-nın şöbə müdiri Fuad Ələsgərova da edilir.
***
Yeri gəlmişkən, Sabunçu rayon Polis İdarəsi istintaq şöbəsinin baş müstəntiqi Elməddin Paşayevin (zərərçəkən hazırda ondan olduqca narazıdır) vəsatətini nəzərə alaraq Sabunçu rayon Məhkəməsi 06 yanvar 2016-cı il tarixli iclasında Az. Res. CM-nin 178.2.2. və 178.3.2. maddələri ilə təqsirləndirilən Qədirov Cahandar Əzizxan oğlunun barəsində həbs qətimkan tədbiri müddətinin daha 3 ay uzadılması barədə qərar qəbul edir…

Dələduzluğun izi haralara gedib çıxmır…

Məhkəmənin qərarından sitat: “Müstəntiq E.Paşayev bildirib ki, “…Cahandar Əzizxan oğlu Qədirov özgənin əmlakını etibardan sui-istifadə etmə və talama yolu ilə 2014-cü ilin mart ayında Tağıyev Novruz Qasım oğluna məxsus, Hacıqabul rayonu ərazisində yerləşən fermada olan 2590 baş xırdabuynuzlu, 99 baş keçi, 70 baş ovlaq, 1 baş ulan, 109 baş iribuynuzlu heyvanın pulunu 15 may 2014-cü il tarixdə ödəyəcəyini yalandan vəd edərək onun etibarından sui-istifadə etməklə ələ keçirib satmışdır. Bununla da sonuncuya 312 min manat məbləğində külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir…”.

Tamah diş yaranda…

Rəsmi sənədlərdən, müstəntiqin və məhkəmənin müvafiq qərarlarından o da məlum olur ki, “…Cahandar Qədirov bu dələduzluq əməli ilə kifayətlənmir və təkrarən Şahməmmədov Amil Zakir oğlu ilə qabaqcadan əlbir olub 20 iyul 2014-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonunun Zabrat qəsəbəsində yerləşən “Vedi” kafesində Tağıyev Novruz Qasım oğlunun etibarından sui-istifadə etməklə yalandan banka olan özünün pul borcunu ödəyib yenidən bankdan 1 milyon manat məbləğində pul krediti götürəcəyini, aldığı xırda və iri buynuzlu heyvanların 312 min manat məbləğində pulunu ödəyəcəyini yalandan vəd edərək Novruz Tağıyevdən əlavə 242 min manat məbləğində pul almış, vədinə əməl etməyərək ümumilikdə sonuncunun 554 min manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirmişdir…”.

Peşəkar dələduz, yoxsa?…

Yenə də məhkəmə qərarında oxuyuruq ki, Cahandar Qədirov bütün bunlarla da kifayətlənməyib və dələduzluq əməlini davam etdirməyində olub. Məsələn, o, üçüncü dəfə başqa bir hiyləyə əl atmışdır. Belə ki, o, “…Kazımov Tapdıq İsa oğlunun etibarından sui-istifadə etməklə aldatma yolu ilə ondan 2014-cü ilin oktyabr-noyabr aylarında dəyəri 68 min 780 dollar məbləğində 926 baş toğlu cinsli xırda buynuzlu heyvanları Bakı şəhəri, Maştağa qəsəbəsində satıb pulunu ödəmək adı ilə almış, sonradan pulu ələ keçirərək zərərçəkmiş Tapdıq Kazımova külli miqdarda ziyan vurmuşdur”.
Maraqlıdır ki, bütün bunlardan sonra birdən-birə 17 avqust 2015-ci ildə həmin cinayət işinin icraatı dayandırılmışdır. Lakin zərərçəkənlərin yuxarı instansiyalara şikayətlərindən sonra Cahandar Qədirovun barəsində axtarış verilmiş, o, 08 noyabr 2015-ci ildə şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilmişdir. Bundan sonra ona Az. Res. CM-nin 178.2.2. və 178.3.2.-ci maddələri ilə ittiham elan olunmuşdur… Vəziyyətin qəliz olmasını nəzərə alan Bakı şəhər Prokurorluğu istintaqın müddətini daha 3 ay-22 aprel 2016-cı ilədək uzatmışdır, amma…

Dələduzluğu etiraf məcburiyyəti…

İş üzrə mühüm əhəmiyyət kəsb edən digər zəruri sənədlər də zərərçəkən X.Tağıyevin necə aldadılmasının səbəblərinə aydınlıq gətirmiş olur. Məsələn, redaksiyamıza təqdim edilmiş 10 avqust 2015-ci il tarixli (pulun ödənilməsi barədə) protokoldan (Sabunçu RPİ-nin istintaq şöbəsinin baş müstəntiqi E.Paşayev tərəfindən tərtib edilib) məlum olur ki, onun icraatında olan 150050304 saylı cinayət işi üzrə Şahməmmədov Amil Zakir oğlu Sabunçu RPİ-nə gələrək dayısı Rəhim Mirzəyev vasitəsilə 7 min manat pulu zərərçəkmiş Novruz Tağıyevə ödəmiş və bildirmişdir ki, o, 23 min manat pulu isə 30 avqust 2015-ci il tarixdə gətirərək ödəyəcəkdir.
Həmin cinayət işi üzrə başqa bir iltizamı isə Zahir Cəfərov imzalamışdır. O, yazır: “Mən Cəfərov Zahir Asif oğlu, bu iltizamı verirəm Tağıyev Novruz Qasım oğluna, ondan ötrü ki, qaynı Mamedov Rafayılda olan 12500 ABŞ dolları pulu 2016-cı ilin iyul ayının 1-də ödəyəcəyəm. Mən söz verdiyim vaxtda pulu ödəmədiyim halda barəmdə interpol xətti ilə axtarış elan olunacağı mənə izah olundu”. (Amma sözə əməl edilmir və…).
O ki qaldı Amil Şahməmmədovun pulu tam şəkildə qaytaracağına dair verdiyi sözə, o da sözünə əməl etmir və nəticədə Sabunçu RPİ-nin istintaq şöbəsinin baş müstəntiqi E.Paşayevin 30 iyun 2015-ci il tarixli qərarı ilə onun barəsində olan şikayətlər tam əsaslı olduğundan icraata qəbul edilir və barəsində Az. Res. CM-nin 178.3.2 maddəsi ilə cinayət işi başlanır.

Mütəşəkkil dəstənin biabırçı əməlləri…

İstinad etdiyimiz digər sənəd isə Sabunçu RPİ-nin İŞ-nin baş müstəntiqi E.Paşayevin 06 yanvar 2016-cı il tarixli qərarından məlum olur ki, Cəfərov Zahir Asif oğlu iş adamı N.Tağıyevin Ukraynadakı təsərrüfatını da məhv etmişdir. “…Bundan əlavə, o, tanışları Şahməmmədov Amil Zakir oğlu və Əliyev Mahir Həsənbala oğlu 2015-ci ilin əvvəllərindən etibarən Tağıyev Novruz Qasım oğlunun etibarından sui-istifadə etməklə onun əmlakını ələ keçirmək məqsədi ilə… ona ümumilikdə 73 min ABŞ dolları ziyan vurmaqla dələduzluq etmişdir…”.

Hakim dələduzları necə azadlığa buraxdı?

Zərərçəkmiş N.Tağıyev dünən redaksiyamızda olarkən olduqca maraqlı məsələyə toxundu:
-16 iyul 2016-cı ildə mən Nərimanov rayon Məhkəməsinin sədri Qaşqay Hüseynovun yanında oldum. Məhkəmə qərarını almaq üçün getmişdim. Hansı ki, hakim heç bir səbəb olmadan dələduzların barəsində olan həbs qətimkan tədbirini dəyişərək ev dustaqlığı ilə əvəz etmişdi… Lakin Qaşqay Hüseynov qərarı mənə vermədi, tanış olmağıma da şərait yaratmadı. Amma açıq şəkildə bildirdi ki, “Vallah, məndə heç bir günah yoxdur, bütün günahlar müstəntiq Elməddin Paşayevdə, Samir Məcidovda və DİN-nin Baş MCQMİ-nin müstəntiqi İsadadır. Çünki onlar sənin işini düyünə salıblar…”.

Dələduzlar quldurluğu necə törədiblər?

Zərərçəkmiş onu da bildirdi ki, Əliyev Əliyar Cahangir oğlu və onun oğlu Əliyev Ələkbər Əliyar oğlu 2015-ci ilin yayında ona məxsus fermaya hücum çəkib çobanları qorxudaraq 170 baş sağmal inəyi yığıb aparmışlar… Hansı ki, bu cinayət hadisəsi ilə bağlı toplanmış materiallar hazırda DİN-nin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində istintaq olunur. Lakin məlum olur ki, idarənin İsa adlı müstəntiqi istintaqı qanuna müvafiq qaydada aparmaq əvəzinə (nazir Ramil Usubovun zərərçəkmişin hüquqlarının bərpası barədə aidiyyəti qurumlara göstəriş verməsindən bir gün sonra) dələduzların azadlığa buraxılmasına imkan verib… Bəs bu necə baş verib? Bu suala növbəti yazıda cavab verməyə çalışacağıq.
***
Bəli, atalar demiş, “Su çanağı suda sınar!”. Dələduzlar elə əməllərinin də qurbanı olurlar. Lakin vətəndaşa, tanınmış sahibkara vurulmuş ziyan isə hələ də ödənilməmiş qalır. Niyə?

Baş Prokurorluq da dələduzluq cinayətini təsdiq edir…

Vurulmuş ziyanın ödənilməməsinə görə zərərçəkmiş N.Tağıyev həm də ibtidai istintaqın gedişindən narazı qaldığı üçün Baş Prokuror Zakir Qaralova şikayət məktubu ilə müraciət edir. Baş Prokurorluğun DİO-da istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət İdarəsinin rəisi Kamal Qılıcovun zərərçəkmiş N.Tağıevə yazdığı 19 aprel 2016-cı il tarixli, 05-4228-16 saylı cavab məktubunda yuxarıda qeyd edilən dələduzluq cinayəti bir daha təsdiqlənir. Həmin cavab məktubunda yazılır: “…Müəyyən edilmişdir ki, Əliyev Əliyar Cahangir oğlu etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Şahməmmədov Amil Zakir oğlu ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək 2015-ci ilin yay aylarında Tağıyev Novruz Qasım oğluna məxsus hər birinin qiyməti 400 manat olan 50 baş inəyi və hər birinin qiyməti 500 manat olan 120 baş inəyi pulunu sonra verəcəyi adı ilə alaraq, ələ keçirib zərərçəkmişə 80 min manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir…”.
Cavab məktubunun sonunda yazılır: “Hazırda cinayət işi üzrə istintaq davam etdirilir, nəticəsindən asılı olaraq qanunamüvafiq qərarın qəbul edilməsi təmin ediləcəkdir”.
Oxşar cavab məktubu, həm də DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinin rəisi Sərvər Mehrəliyevdən gəlmişdir.
Üstəlik, Səbail rayon Məhkəməsinin 30 aprel 2016-cı il tarixli qərarı ilə N.Tağıyevə qarşı dələduzluq etmiş Şahməmmədov Amil Zakir oğlunun, Qədirov Cahandar Əzizxan oğlunun, Əliyev Əliyar Cahangir oğlunun, Əliyev Ələkbər Əliyar oğlunun əmlaklarına həbs qoyulub…

Zərərçəkmiş nazir Ramil Usubovun köməyinə arxalanır…

Nəhayət, şikayətçi-zərərçəkmiş N.Tağıyev də əmindir ki, dələduzlar qanun qarşısında cavab verəcəklər və ona vurulmuş külli miqdarda ziyan ödəniləcəkdir. Dünən redaksiyada olan N.Tağıyev deyir:
-Mən cənab nazir Ramil Usubovun köməyinə arxalanıram və inanıram ki, onun göstərişindən sonra mənə vurulmuş ziyan təcili ödəniləcəkdir və cinayətkarlar sərt cəzalandırılacaqlar. Çox istərdim ki, cənab nazir məni qəbul etsin və əlimdə olan bütün maddi sübutları təqdim etməyə hazıram… Mən heç vaxt istəməzdim ki, kimsə həbs edilsin, ailəsi gözüyaşlı, qohum-əqrabası başı aşağı olsun. Mənim istəyim odur ki, cənab Prezident İlham Əliyevin çağırışına səs verərək Azərbaycana gəldikdən sonra etibarımdan sui-istifadə edərək əmlakımı dələduzluq yolu ilə ələ keçirmiş bu insanlar vurulmuş ziyanı tam şəkildə ödəsinlər…
***
Qəzet çapa gedərkən zərərçəkmiş Novruz Tağıyev redaksiyamıza zəng edərək bildirdi ki, 18 iyun 2016-cı il tarixdə nazir Ramil Usubovun şəxsən qəbulunda olduqdan sonra vəziyyət müsbətə doğru dəyişsə də, lakin nazirin qısamüddətli məzuniyyətə çıxmasından sui-istifadə edən bəziləri dələduzların barəsində olan həbs qətimkan tədbirini dəyişdirərək onların evə buraxılmasına nail olmuşlar. Bununla da əvvəllər vurulmuş külli miqdarda ziyanın ödənilməsinə söz verən dələduzlar indi bundan dolayısı ilə boyun qaçırmaqdadırlar…
Araşdırmamız davam edir… Mövzuya qaydacağıq.

Səbuhi

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın