Cümə , Aprel 19 2024
Ana səhifə / Gündəm / KREMLIN ƏRDOĞANA NİFRƏTİNİN BUMERANQ EFFEKTİ…

KREMLIN ƏRDOĞANA NİFRƏTİNİN BUMERANQ EFFEKTİ…

Rusiya ilə Türkiyə arasındakı münasibətlərdə gərginlik davam edir. Rusiyanın siyasi və hərbi hakimiyyəti geri addım atmaq istəmir. Bu arada, əvvəlcə Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlunun, daha sonra isə baş nazir Əhməd Davudoğlunun Azərbaycana səfəri Rusiyanın hakim və ekspert dairələrində diqqətlə izlənilir. Kremlə yaxın eskeprtlər “Ankara Bakını Dağlıq Qarabağda müharibəyə başlamağa və bununla Cənubi Qafqazda Rusiya üşün gərginlik yaratmağa sövq etmək istəyir” fikrini yayırlar. Halbuki, Türkiyədə adətdir ki, hər seçkidən sonra prezident və ya baş nazir ilk xarici səfərini Azərbaycana həyata keçirir.

Azərbaycan prezidenti İlham Əliyevin Davudoğlu ilə görüşdə “Azərbaycan hər zaman Türkiyənin yanındadır, Türkiyəni dəstəkləyib və dəstəkləyəcək” fikri o deməkdir ki, rəsmi Bakı Kremlin təzyiqləri altında Türkiyə ilə strateji əməkdaşlıqdan geri addım atmayacaq.

Rusiya prezidenti Vladimir Putin Ermənistanla Türkiyə arasında yerləşdirdiyi qoşun birliklərini və hərbi texnikanın sayını artırmaqla Türkiyəyə qarşı uzunmüddətli mübarizəyə hazırlaşır. Aydındır ki, Türkiyə bu prosesə seyrçi qalmayacaq, Ankara da Ermənistanla sərhədindəki qoşun birliklərini gücləndirəcək. Misal üçün Ankara Ermənistanla sərhəddə yerləşən Qars bölgəsində yeni hərbi birlik formalaşdıra bilər.

Rusiyanın Ermənistanı hərbi-nöqteyi nəzərdən gücləndirməsi Azərbaycana da xoş olmayan mesajdır. Onsuz da rusiyalı rəsmilərin və ekspertlərin Azərbaycan əleyhinə ritorikaları sərtləşib, Türkiyə ilə yanaşı Azərbaycan əleyhinə də təbliğat güclənib. Çünki, bilirlər ki, Azərbaycanın Türkiyəni, Türkiyənin isə Azərbaycanı dəstəkləməkdən başqa alternativi yoxdur.

Rusiyanın Ermənistanla hərbi əlaqələrini gücləndirməsi Azərbaycanı Türkiyə ilə hərbi əməkdaşlığı indikindən daha çox genişləndirməyə məcbur edir. Əgər müəyyənləşsə ki, Rusiya Ermənistan üzərindən Dağlıq Qarabağa silah və sursat göndərir, orada hərbi varlığını artırır və ya Xankəndindəki hava limanından istifadə etmək istəyir, rəsmi Bakı Türkiyənin Azərbaycanda hərbi varlığını gündəmə gətirə bilər. Bölgədə elə bir vəziyyət yarana bilər ki, Rusiya və Ermənistan ittifaqının addımları Rəsmi Bakını Türkiyənin hərbi bazasının Azərbaycanda yerləşdirilməsi danışıqlarına başlamağa məcbur edə bilər. Belə bir hərbi baza Naxçıvanda da yaradıla bilər.

Beləliklə, Rusiya-Türkiyə gərginliyi Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yoluyla həllini qeyri-müəyyən müddətə təxirə saldı. Rusiya ilə Türkiyə arasında münasibətlərin sıx olduğu dönəmdə belə fikirlər var idi ki, bu tandem Dağlıq Qarabağ münaqişəsinin həllini sürətləndirə bilər. İndi isə bu praktik baxımdan mümkün deyil.

Rusiya Türkiyənin bölgədə strateji müttəfiqi olan Azərbaycanın xeyrinə Ermənistana təsir etməyəcək. Əksinə, bundan sonra cəbhə bölgəsində atəşkəsin pozulmasına qarşı Azərbaycan ordusunun cavablarına Rusiyanın əsəbi reaksiya olacaq.

Rusiyanın Türkiyəyə qarşı sərt addımları Azərbaycanla yanaşı Rusiyaya dost və müttəfiq olan türkdilli dövlətlərdə – Qazaxıstan və Qırğızıstanda da narahatlıq yaradır. Qazaxıstan və Qırğzıstam Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında Rusiyanın hərbi müttəfiqləri olsalar da, Türkiyə ilə sıx əlaqələrdən qopmayacaqlar. Hətta Rusiyanın digər müttəfiqi Belarus da Türkiyə ilə münasibətlərin gərginləşməsi fonunda Kremlə dəstək vermir, Belarus prezidenti Aleksandr Lukaşenko “Putin düz edir” ifadəsi işlətmir.

Rusiya hakimiyyəti Türkiyəyə daxildə problem yaratmaq istəsə, məsələn PKK-ya silah və raketlər versə, bunun bumeranq effekti olacaq. Rusiyada 20 milyon müsəlman yaşayır, bunların bir neçə milyonu türk mənşəlidir. Onlar da Rusiyanın Türkiyəyə qarşı elan etdiyi diplomatik müharibəyə narahatlıqla yanaşırlar.

Bu arada, Ankara Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəaliyyətini genişləndirməlidir. Əhməd Davudoğlu Bakıda dedi ki, Azərbaycan Türkiyə üçün Mərkəzi Asiyaya açılan pəncərədir. Demək bu pəncərədən istifadə etmək lazımdır. Əlbəttə, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasından Rusiya əleyhinə istifadə etmək olmaz. Ancaq Ankara türkdilli dövlətlərlə iqtisadi, ticarət və enerji əməkdaşlığının inkişafı layihələrini reallaşdırmalıdır.

Əlbəttə, Azərbaycan Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsində maraqlı deyil. Buna baxmayaraq, vəziyyyətin belə hal almasında Azərbaycanın iqtisadi maraqları da var:

1) Türkiyənin yük maşınlarının Rusiyadan deyil, Azərbaycan və Xəzər üzərindən Mərkəzi Asiya ölkələrinə daşınması Azərbaycanın tranzit ölkə statusunu və az da olsa maliyyə gəlirlərini artırır;

2) “Türk axını” layihəsinin qeyri-müəyyən müddətə dondurulması Türkiyənin və Avropa Birliyinin Azərbaycan qazına və TANAP layihəsinə marağını artırır. Davudoğlunun Bakıda dediyi “TANAP boru xəttini planlaşdırılan 2018-ci ildən də əvvəl inşa etməliyik” sözləri də bundan xəbər verir;

3) Türkiyə bundan sonra Bakı-Tiflis-Qars dəmir yolunun tikintisini sürətləndirmək məcburiyyətindədir. Bu arada, Türkiyə və Azərbaycan Çinlə yük daşımaları mövzusunda danışıqları genişləndirəcəklər.

“Atlas” Araşdırmalar Mərkəzi

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın