Ana səhifə / Gündəm / Kollec direktoru “oralar”ın adı ilə rüşvət yığır

Kollec direktoru “oralar”ın adı ilə rüşvət yığır

Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində ciddi rüşvət problemləri yaşanır.

Bunu AFN-ə daxil olmuş səs yazısı da sübut edir. Belə ki, redaksiyamıza göndərilən audio yazıda kollecin direktoru Xəlil Orucovun təhsil müəssisəsi tərəfindən verilən və Təhsil Nazirliyinin apardığı yoxlama zamanı saxta olduğu üzə çıxan diplomların (səs yazısında birindən bəhs edilsə də, digərlərinin də olduğuna eyham vurulur-red.) “həll edilməsi”nə çalışılır.
Diplom Zaqatalada yaşayan və orada ibtidai sinif müəlliməsi işləyən Abışova Pərvanə adlı xanıma aiddir. Səs yazısından və X.Orucovun orada səsləndirdiyi fikirlərdən aydın olur ki, diplom Xalid müəllim tərəfindən təşkil edilib. Pərvanə xanım onun on ildir ki, həmin diplomla məktəbdə dərs keçdiyini və dəfələrlə imtahana girdiyini deyir. Bu diplomun necə saxta olduğunu hələ də anlaya bilmir. X.Orucov isə Xalid müəllimin də aldadıldığını bildirir. Kollec direktoru “işin həlli yolunu” da təklif edir. Diplomun tanınması üçün “oraların” (yəqin ki, Təhsil Nazirliyinin-red.) adından danışaraq pul istəyir: “2 yarım siz gətirin, 5 də mən üstünə qoyub konvertdə göndərərəm”.

Qeyd edək ki, X.Orcuov 14 ildir sözügedən kollecin direktoru vəzifəsində çalışır.

Sözügedən səs yazısı redaksiyamıza bir neçə gün əvvəl daxil olub. Bu müddət ərzində AFN olaraq X.Orucovla bir neçə dəfə əlaqə saxlayaraq onun mövqeyini almağa cəhd etsək də, direktor müxtəlif bəhanələrlə boyun qaçırıb. Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov isə bizə qurumun Daxili Nəzarət Şöbəsinə müraciət etməyi məsləhət gördü. Cənab Valehovun diqqətinə şikayətçi yox, jurnalist olduğumuzu, əlimizə düşən faktı araşdırdığımızı çatdırsaq da, o, deyəcək bir sözünün olmadığını bildirdi.

 

Həmçinin oxuyun

Ermənilər Qazaxla sərhəddən getmək istəmirlər – VİDEO

Azadlıq Radiosu Qazaxla sərhəddə yerləşən erməni kəndindən (Vosgepar) reportaj hazırlayıb.  Reportajda yerli erməni sakinlər yaranmış …

Bir cavab yazın