Ana səhifə / Gündəm / Klinikalara xaricdən dəvət olunan həkimlərə etibar etmək olarmı? – ARAŞDIRMA

Klinikalara xaricdən dəvət olunan həkimlərə etibar etmək olarmı? – ARAŞDIRMA

“Mən əsasən burada işləyən xarici həkimlərə üstünlük verirəm. Məncə, hər kəs belə düşünür, çünki onların təcrübəsi daha mükəmməldir. Hesab edirəm ki, onlar daha savadlı olurlar”.

“Öz yerli həkimlərimizə daha çox müraciət edirəm. Niyə xeyiri başqa millətlərə verim? Bizim ölkəmizdə savadlı həkimlər çoxdur. Düzdür, hamısı olmasa da, aralarında çox savadlı insanlar var”.

“Mən nə zaman həkimə getsəm, xaricdə oxuyub burada işləyən həkimin yanına gedirəm. Onların tibb təhsili bizdəkindən üstündür”.

Fikirlər müxtəlif oldu. Kimi xaricdə tibb təhsilinin daha üstün olmasını əsas gətirdi, kimisi də bir sıra xarici həkimlərin ölkəmizə gəlib vətəndaşları aldatmasından şikayətləndi. Görünən isə odur ki, sözügedən problem sakinləri narahat etdiyi kimi, dəfələrlə Milli Məclisin deputatlarının da müzakirə mövzusuna çevrilib. Hətta bununla bağlı Milli Məclisin Sosial siyasət komitəsi qanunvericiliyə təkliflər hazırlayır.

 

Millət vəkili Musa Quliyev hesab edir ki, Azərbaycana xaricdən gələn həkimlərlə bağlı müvafiq qadağaların qoyulması vacibdir. Qadağalar isə xaricdən gələn həkimlərin Azərbaycanda başqa tibbi fəaliyyət növü üzrə işləməsi ilə bağlı ola bilər. Əgər 10 il öncə xarici həkimlərin gəlib ölkəmizdə tibb fəaliyyəti ilə məşğul olmasına ehtiyac var idisə, hazırda buna ehtiyac yoxdur. Millət vəkili deyir ki, əcnəbi həkimlərin ölkəmizə gəlməsi yalnız ayrı-ayrı özəl klinikaların qazanc əldə etmək sifarişidir.

 

“O həkimlərin ölkəmizə gəlməsi qəbul oluna bilər ki, həmin həkimlər ya ölkələrində yüksək kateqoriyalı mütəxəssislərdir, yaxud da həmin sahədə ölkəmizdə hələdə tibb personalı azlıq təşkil edir. Lakin öz ölkəsində orta və ya aşağı kateqoriyada olan həkimlərin burada özünü loğman kimi təqdim etməsi yolverilməzdir”.

 

Digər tərəfdən, həmin həkimlərin ölkəmizdə tibb fəaliyyəti ilə məşğul olmasının qanunvericiliklə tənzimlənməsini vacib hesab edən Musa Quliyev deyir ki, ilk növbədə Dövlət Miqrasiya Xidməti tərəfindən onların əməkçi miqrant kimi qeydiyyatı olmalı, burada fəaliyyət göstərdiyi zaman məkan dəqiqləşdirilməlidir. Eyni zamanda həmin həkimlər Səhiyyə Nazirliyində qeydiyyatdan keçərək hansı müəssisədə, hansı ixtisas üzrə fəaliyyət göstərdiyi qeyd olunaraq nəzarətə götürülməlidirlər.

 

“Azərbaycana gələn həkimlərin çox hissəsi turist kimi bir neçə günlük gəlib qeydiyyatdan keçirlər. Xüsusən İran və Türkiyədən gələn həkimlər Səhiyyə Nazirliyinə müraciət etmədən hansısa özəl klinika ilə müqavilə bağlayıb müəyyən fəaliyyət göstərib gedirlər. Bu zaman bir sıra problemlər ortaya çıxır. İlk növbədə əcnəbi həkimə müraciət edən xəstələr o, getdikdən sonra kimə müraciət edəcəklərini bilmir və ya klinikaya müraciət etdikdə, “həmin həkimlər burada işləmir” kimi cavablar alırlar. Bu, daha çox estetik və plastik cərrahiyyə əməliyyatları zamanı yaranır”.

 

Səhiyyə Nazirliyində də sözü gedən məsələ hazırda diqqət mərkəzindədir. Nazirliyin hüquq nəzarət sektorunun müdiri Elxan Əzizov deyir ki, özəl klinikalar belə mütəxəssisləri Səhiyyə Nazirliyindən xəbərsiz dəvət etməklə qanunu pozurlar. Belə ki, xarici mütəxəssisi ölkəyə gətirməmişdən əvvəl onlar Səhiyyə Nazirliyinə müraciət etməli və məlumat verməlidirlər. Nazirlik də həmin həkimin nə dərəcədə səlahiyyətli olduğunu aydınlaşdırmalıdır.

 

Səhiyyə Nazirliyinin hüquqi nəzarət sektorunun müdiri Elxan Əzizov bildirir ki, əcnəbi həkim Səhiyyə Nazirliyinə müraciət edərkən xarici ölkədə aldığı təhsil haqqında diplomu, diplomun əlavəsi, ixtisaslaşmaya dair sənədi, əmək fəaliyyəti göstərdiyi halda əmək kitabçası ilə bərabər müraciət etməlidir: “Yaradılan komissiya tərəfindən həmin sənədlər və onların təhsil aldığı proqramın ölkədə mövcud olan təhsil proqramına uyğun olub-olmaması yoxlanılır. Eyni zamanda lazım olduqda, onların bilik səviyyəsi də yoxlanılır”.

 

Həmin şəxsin biliyi qiymətləndirildikdən sonra müəyyən şəhadətnamə verilir və şəhadətnaməyə əsasən o, ixtisasına uyğun olaraq həkim kimi fəaliyyət göstərir.

 

Nazirlik rəsmisi deyir ki, artıq bir neçə ildir Səhiyyə Nazirliyinin özəl tibb müəssisələrində yoxlamalar aparan Xüsusi Komissiyası fəaliyyət göstərir. Yoxlamalar nəticəsində Komissiya müəyyən edib ki, əksər hallarda reklam olunan xarici həkimlərin professionallıqları, xidmətləri, təltifləri, adları ilə bağlı deyilənlərdən həqiqətə uyğun olanı yalnız onların xarici dövlətin vətəndaşı olmasıdır.

 

“Bu halların qarşısını almaq üçün vətəndaş özü də səy göstərməli və getdiyi tibb müəssisəsində həmin həkim haqqında arayış və müqaviləsini tələb etməlidir. Xəstə həmin tibb müəssisəsi ilə müqavilə bağladıqdan sonra birbaşa cavabdehlik müəssisənin üzərinə düşür. Bu istər yerli, istər əcnəbi həkim olsun – əgər ölkəni tərk edərsə və ya ölərsə, o zaman müəssisə cavabdehlik daşıyır”.

 

Elxan Əzizov deyir ki, vətəndaşlar bu kimi hallarla qarşılaşdıqda, Səhiyyə Nazirliyinə, eləcə də yeni yaradılan elektron informasiya bankına müraciət edə bilərlər. Bu tip müraciətlər tibb müəssisələrində olan qanun pozuntularının üzə çıxarılmasına köməklik göstərə bilər.

 

Həmçinin oxuyun

Ermənilər Qazaxla sərhəddən getmək istəmirlər – VİDEO

Azadlıq Radiosu Qazaxla sərhəddə yerləşən erməni kəndindən (Vosgepar) reportaj hazırlayıb.  Reportajda yerli erməni sakinlər yaranmış …

Bir cavab yazın