Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Gündəm / Kəlbəcər girovları ilə bağlı MTN rəhbərliyinə -İTTİHAMLAR

Kəlbəcər girovları ilə bağlı MTN rəhbərliyinə -İTTİHAMLAR

“Xüsusi xidmət orqanı kimi vaxtilə MTN heç bir əks-əməliyyat həyata keçirməyib ki, Dilqəmlə Şahbazı dəyişə bilsin”

2014-cü il iyul ayında Kəlbəcərdə Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevin ailə üzvləri onların həyatının təhlükə qarşısında olduğunu bildirib.
Onlar Beynəlxalq Qırmızı Xaç Komitəsindən (BQXK) narazılıqlarını ifadə ediblər və bir neçə gün əvvəl qurumun Bakı nümayəndəliyinin qarşısına toplaşıb etirazlarını şəxsən çatdırıblar. Şahbaz Quliyevin sonuncu məktubunda “Dilqəmi başqa yerə aparıblar” yazması isə girovların ailələrində daha çox narahatlıq yaradıb. D.Əsgərovun oğlu atasının həyatının təhlükə qarşısında olduğunu deyib və müvafiq qurumlardan yardım istəyib. Bəs Kəlbəcər girovlarını necə xilas etmək olar?
Qarabağ müharibəsi veteran, sabiq milli təhlükəsizlik xidməti zabiti İlham İsmayıl “Yeni Müsavat”a açıqlamasında bunları söylədi: “Bir az öncə Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının internet saytına nəzər saldım. Bildiyim məlumatlara xüsusi bir əlavə görmədim. 3098 nəfər hərbçi, 726 nəfər mülki şəxs olmaqla, 3824 nəfər axtarışdadır. Bu rəqəmlər köhnədir, amma bu rəqəmlərin içərisindəki iki ad təzədir-hələ köhnəlməyib: Dilqəm Əsgərov və Şahbaz Quliyev. Düzdür, zaman kəsiminə baxmayaraq 3824 nəfərin hər biri onun doğmaları üçün əzizdir, amma etiraf edək ki, Dilqəmlə Şahbaz cəmiyyətimizin təzə açılmış, qaysaqlanmamış yarası, dərdidir. Bəs ölkə olaraq onları girovluqdan – hərbi əsir sayılmır – azad etmək üçün nə edirik? İlk olaraq bu vəzifə dövlətin üzərinə düşür.
Öz adıma deyirəm ki, dövlətin bu istiqamətdə bu günədək heç bir təsirli addımını görməmişəm. Adını çəkdiyim komissiyanın fəaliyyəti də sanki hesabat xətrinədir. Əvvəla, deyək ki, bu komissiyaya uzun müddət sədrlik etmiş Eldar Mahmudov bütün işlərlə məşğul olub, bircə birbaşa məsul olduğu işlərdən başqa”.
İ.İsmayıl hesab edir ki, bu komissiya Beynəlxalq Qırmızı Xaç təşkilatı qarşısında da təsirli tələblər qoymayıb: “Xüsusi xidmət orqanı kimi vaxtilə MTN heç bir əks-əməliyyat həyata keçirməyib ki, Dilqəmlə Şahbazı dəyişə bilsin. Dövlət tərəfindən humanitar sahədə dünya səviyyəsində görülən çoxsaylı xeyirxah tədbirlərin birinin əvəzi olaraq düşmən əlində olan Dilqəmin, Şahbazın azad olunması xahişi edilibmi? Ermənistana təsir imkanları olan elə Fransadan, Rusiyadan bu istiqamətdə xahişlər olunubmu? Axı istər Fransa, istər Rusiya üçün çox xeyirxah işlərin icraçısı Azərbaycan olub. Roma Papasından necə? Vatikan üçün də axı nələrsə edilib. Dilqəmin, Şahbazın dövlət səviyyəsində azad edilməsi iqtidara bu iqtisadi böhrana baxmayaraq,  xeyli divident gətirərdi. Xalq Qarabağla bağlı bütün baş verənlərin müsbət həllinə xüsusi həssaslıqla yanaşır, bir olanı on dəfə şişirdir. Diplomatik yolla, əməliyyat yolu ilə heç bir uğur yoxdur, ona görə ki, ümumiyyətlə, bu insanların azadlığı üçün iş görülməyib. Bugünlərdə bir deputat Azərbaycanın xüsusi xidmət orqanları ilə MOSSAD-ın ciddi əlaqələri olduğunu qeyd edib. O hardan bilir başqa mövzunun söhbətidir, amma Afrikadan tutmuş Argentinayadək yəhudi soydaşlarından ötrü ağlagəlməz əməliyyatlara imza atmış bu əfsanəvi təşkilatla da, bəlkə bu barədə fikir mübadiləsi aparsınlar. Variantlar çoxdur… Gözümüzün qabağında açıq-aşkar Ermənistan iki soydaşımıza, iki vətənpərvərə, iki türkə işgəncə verir, ölümün bir addımlığındadırlar”.
 
Bəzi ekspertlər hesab edir ki, girovları azad etmək üçün düşmənin qarşısına vaxt qoymaq, bu vaxtın tamamında isə onlar azad etmək üçün beynəlxalq hüquqa əsaslanıb əməliyyatlara başlamaq olar. Bu variant real görünürmü? İ.İsmayıl: “Dilqəmgilin azadlığı üçün vaxt istənilsə, iki ağır nəticəsi ola bilər. Birincisi, Dilqəmgilin səhhət problemini yaradıb onların ölümünə qərar verə bilərlər. İkincisi, hətta salamat qalarlarsa və bizim verdiyimiz vaxt bitib heç bir iş görə bilməsək, bu, daha ağır nəticədir. Bu bizim hərbi ritorikanın da üstündən xətt çəkir, qeyri-ciddiliyimizi sübut edir, həm də onları hər zaman sərvaxt saxlamış oluruq. Onların əməliyyat yolu ilə azad olunmasının bir neçə variantı var, o cümlədən də dəyişməyə imkan verən şəxslərin ələ keçirilib dəyişilməsi də bu variantların biridir. Burda maliyyə ayırmaq, iş görmək lazımdır. Yenə deyirəm operativ kombinasiya qurmaq üçün çeşidli imkanlar var”.(musavat.com)

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın