Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Gündəm / İstanbulu kim çox istəyir:Rusiya, yoxsa Qərb? – ARAŞDIRMA

İstanbulu kim çox istəyir:Rusiya, yoxsa Qərb? – ARAŞDIRMA

Türkiyə ətrafında baş verən son olayları təhlil etmək olduqca çətindir. Hamını “Nə baş verir”; “Bunun axırı nə olacaq?” sualları düşündürür. Sözsüz ki, bu proseslərdə dünyanı yönəltməyə çalışan hansısa gücün və ya güclərin ümumi hədəfləri var. Belə bir sual meydana çıxır: hazırda Qərb, Anqlosaks dünyası və Rusiya üçün həm iqtisadi, həm geosiyasi, həm də dini baxımdan Yaxın Şərqin ən strateji, vacib nöqtəsi hansıdır? Sözsüz ki, belə nöqtələrdən biri Qüdsdür. Üç səmavi dinin – müsəlmanlıq, xristianlıq və yəhudiliyin tarixi müqəddəs mərkəzi sayılan bu şəhər 1517-ci ildən Osmanlının tam nəzarətində idi.

Qüdsdən sonra növbəti hədəf İstanbulmu?

Düz, 400 il sonra – 1917-ci ilin bugünü, dekabrın 9-da Böyük Britaniya Osmanlının zəifləməsi dönəmində birləşmiş Osmanlı və Almaniya qoşunlarına qalib gələrək, Qüdsü işğal etdi. 1948-ci ildə İsrail dövləti də məhz ingilis mandatı altında yaradılıdı. Qüdsün işğalı Osmanlının tam çökəcəyinin böyük işarəti idi. Amma bunadək artıq Osmanlı torpaqlarının bölünməsi haqqında gizli anlaşmalar bağlanmışdı. Və hədəf artıq İstanbul idi… İki qitədə yerləşən yeganə şəhər… Neçə qədim xristian imperiyasının paytaxtı…

 

İngiltərə və Fransa İstanbulun Rusiyaya verilməsinə razı idi…

Rus çarı I Pyotrun vəsiyyətnaməsinin olmaması barədə iddialar olsa da, illərboyu bizlərə belə bir sənəddə “Dünyaya hökmranlıq etmək istəyən İstanbula sahib olmalıdır” cümləsi təqdim edilib. Həm də tarix göstərir ki, Rusiya ilə paralel Avropa və son iki yüzillikdə ABŞ da İstanbulu çox “istəyir”…
1915-ci ildə İngiltərə və Fransanın Çanaqqalanı işğal etmək cəhdləri Rusiyanı bərk təlaşlandırdı. Ruslar bu dövlətləri sıxışdıraraq, boğazlar və İstanbulla bağlı istəklərini irəli sürürdülər. 10 aprel 1915-ci il tarixindəki gizli görüşlərdən sonra, İngiltərə və Fransa, İstanbul və boğazları Rusiyaya verməyi qəbul etdilər. Bunun əvəzində Rusiya da bu iki dövlətin Osmanlının digər bölgələri ilə – Anadolu və Yaxın Şərq üzərindəki haqlarını tanımağı qəbul etdi. 1915-ci ildə Osmanlı torpaqlarından İtaliyaya pay verilməsi qərara alındı. 26 aprel 1915-ci ildə Londonda İngiltərə, Fransa, Rusiya və İtaliya arasındakı imzalanmış sazişə əsasən, Aralıq dənizindəki 12 ada, Antalya və ətraf bölgələr İtaliyaya verildi. Bunun əvəzində, İtaliya Birinci Dünya savaşında Antanta ölkələrinə qoşuldu.

Lakin Osmanlı əsgərlərinin 250 minə yaxın şəhid verdiyi Çanaqqala zəfəri imperialistlərin planlarını pozurdu. 1916-cı ilin 1-6 may tarixlərində İngiltərə və Fransa arasında imzalanmış Sayks-Piko anlaşmasına görə, Kayseri, Harput (Elazığ), Kilikya (Çukurova), Suriya və Mosul Fransaya veriləcəkdi. Sayks- Piko sazişi ərəfəsində ingilis valisi Mak Mahon Hicaz əmiri Hüseyn ilə Osmanlı dövlətinə qarşı üsyan etdikləri təqdirdə, müstəqil ərəb dövlətinin yaradılacağına dair bir razılıq əldə etmişdi. İngiltərəyə isə Hayfa və Akka limanları, İraq və Yəmən ilə Fransa bölgəsinin güneyində qalan yerlər verildi. 10 gün sonra – 16 may 1916-cı ildə Petroqradda həmin saziş Rusiya ilə də razılaşdırıldı. Buna əsasən Trabzon, Ərzurum, Bitlis və Güneydoğu Anadolunun bir qismi Rusiyaya birləşdirilməliydi. Rusiya da bunun qarşılığında, Osmanlının Yaxın Şərqdəki digər torpaqlarının digər tərəflər arasında bölüşdürülməsinə razılıq verirdi.

 

Sevr sazişinə əsasən, İstanbul Qərbin nəzarətinə keçməli idi?

Lakin 1917-ci il Oktyabr inqilabından sonra, Lenin Çar Rusiyasının imperialistlərlə gizli razılaşmasını ifşa edərək, bu sazişləri pozdu. Ancaq İstanbulu ələ keçirmək cəhdləri hələ də davam edirdi. 1919-cu il Paris Sülh Konfransında Fransa, İngiltərə və ABŞ liderləri “Avropanın xəstə adamı” adlandırdıqları Osmanlı İmperiyasını tamamilə siyasi xəritədən silmək üçün bütün vasitələrdən istifadə edirdilər. Bu, həm də Konstantinopolun itirilməsi ilə heç cür barışmaq istəməyən xristian dünyasının beşyüzillik arzusunun reallaşması demək idi. 1920-ci il avqustun 10-da 14 dövlətin səlahiyyətli nümayəndəsi tərəfindən Sevrdə (Fransa) “Müttəfiq dövlətlər və Türkiyə arasında sülh müqaviləsi” imzalandı. Müqavilə rəsmi olaraq, de-yure Osmanlı İmperiyasının bölüşdürülməsini, de-fakto isə Türkiyənin suverenliyini ləğv etdi. Sevr müqaviləsinin şərtlərinə əsasən, Türkiyə Mesopotamiya (İraq) və Suriya (Suriya, Livan, Fransiordiya və Fələstin) üzərindəki Britaniya və Fransa protektorantlığını qəbul etdi, Hicaz və Yəmənin müstəqilliyini tanıdı, Kürdüstana muxtariyyət verməyə (Diyarbəkir əyaləti və Van əyalətinin cənub hissəsi), İzmiri Yunanıstana, Bitlis, Ərzurum və Van əyalətinin şimal hissəsini Ermənistana güzəştə getməyə məcbur oldu. Üstəlik, Trabzon vilayətinin şərq hissəsi Ermənistan və Gürcüstan arasında bölünməli idi ki, bu da ermənilərə Qara dənizə çıxış imkanı yaradırdı. Boğazlar Türkiyənin olsa da, müqavilənin müddəalarına əsasən, Dardanel boğazı hərb və sülh dövrundə hansı bayraq altında üzməsindən asılı olmayaraq, bütün hərbi və ticarət gəmilərinə keçid üçün açıq olmalı idi. Bu da boğazların beynəlmiləlləşməsi demək idi. Müttəfiqlərin öz planlarını həyata keçirməsinə ən böyük maneə isə Mustafa Kamal Atatürkün başçılığı ilə türk xalqının apardığı İstiqlal savaşı idi. Türkiyənin bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsini təsbit edən Sevr müqaviləsi məhz M.K.Atatürk tərəfindən tanınmayaraq, onun 1923-cü ildə Lozanna müqaviləsi ilə əvəz olunmasına gətirib-çıxardı…

Qara dəniz ABŞ-ın nəzarətində olmayan yeganə su hövzəsidir…

2011-ci ildən bəri “ərəb baharı” və “İŞİD” ekspansiyası fonunda bugünkü situasiya göstərir ki, həm Qərbin, həm də Rusiyanın “dişinin dibi”ndə İstanbul şirəsi hələ də qalıb. Və onlar heç də Türkiyəni parçalamaq, İstanbulu ələ keçirmək niyyətlərindən əl çəkməyiblər. Kimlərsə Sayks-Piko və ya Sevr sazişlərini reallaşdırmaq istəyir. İstanbula sahib olmaq, boğazlara və beləliklə, dünyanın ən böyük qitəsinin müxtəlif regionları arasında körpü rolu oynayan Qara dənizə sahiblik deməkdir. Bu isə müasir dünyanın ən zəngin xəzinəsinə yiyələnmək kimi anlaşılır.


Qara dəniz Asiya ilə Avropa arasında enerji axınının əsas mərkəzlərindən biri kimi, əhəmiyyət daşıyır. Odur ki, ABŞ və Avropa Birliyi Rusiyanın Qara dənizdə yenidən güclənməsinə laqeyd qalmaq istəmirlər. Onu da nəzərə almaq lazımdır ki, dünya ağalığına can atan ABŞ üçün Qara dəniz dünyada nəzarət edə bilmədiyi yeganə su hövzəsidir.
Yunanıstanın da gözü İstanbuldadır…
Bəlkə də bu gün əsas hədəf elə İstanbuldur. Bütün xəritələr, planlar, təyyarə olayı və s. diqqəti yayındırmaq üçündür. Təyyarə olayından sonra, RLDP lideri Jirinovskinin İstanbul barədə çıxışları Moskvanın İstanbul “sancı”larının kəskin tutduğunu göstərir. Jirinovski deyir ki, 100 il əvvəl biz İstanbulu ələ keçirmək və Türkiyənin varlığına son qoymaq üzrə idik, təəssüf ki, bolşeviklər buna imkan vermədi.
Hətta illərdir ki, güclü iqtisadi böhran keçirən Yunanıstan belə, “Bizans İmperiyasının qədim paytaxtı”na göz dikib.
Hələ 2012-ci ildə Yunanıstanın sağ radikal “Qızıl Şəfəq” Partiyasının lideri Nikos Mixololiakos belə bir bəyanat vermişdi: “Yunanlar gələcəkdə öz qədim paytaxtları olan Konstinopolu qaytara bilərlər”. Həmin bəyanat Türkiyənin NTV kanalı ilə nümayiş etdirilmişdi.
Araşdırmalar göstərir ki, yunanların bu arzularının arxasında Rusiya dayanır. Türkiyə ilə təyyarə insidentindən sonra, bir sıra rus saytlarında məşhur pravoslav müdriklərinin (?) “öncəgörmələr”i dərc olunur; Məsələn, Serbiyanın Vatoped monastırındakı İosif adlı müdrikin adından belə bir proqnoz verilir: “ABŞ və Avropa İttifaqında hökmranlıq edən masonlar Türkiyəni Yunanıstanla müharibəyə sürükləyəcəklər. İlk vaxtlar Türkiyə Yunanıstanı darmadağın edəcək. Lakin sonradan böyük Rusiya onlara köməyə gələrək, Türkiyəyə nüvə bombası atacaq. ABŞ və Aİ, eləcə də Vatikan ruslara qarşı birləşsələr də, qalib gələ bilməyəcəklər. Sonda hər üçü zəifləyərək yox olacaq və ruslar 2053-cü ildə Konstantinopola girəcəklər. Bir müddət sonra isə onu yunanlara bağışlayacaqlar. Yunanlar, düz, 600 il sonra yenidən öz qədim paytaxtlarına dönəcəklər. Türklərin üçdəbiri öləcək, üçdəbiri pravoslavlığı qəbul edəcək, qalanları isə səhralarda məskunlaşcaq. Ermənilər öz torpaqlarını geri alacaq, kürdlər isə öz dövlətlərini quracaqlar. Guya, məşhur rus yazıçısı F.Dostoyevski də hələ 1876-cı ilin iyununda Konstantinopolun “təbii şəkildə”, “sülh yolu ilə” rusların olacağının əlamətlərinin göründüyünü yazıbmış…

“Türkiyənin yerində Bizans Xalq Respublikası yaranacaq”

Tanınmış rus siyasi analitiki Aleksandr Rusin isə daha irəli gedir. O, guya, Ərdoğanın Rusiya təyyarəsinin Suriya üzərində vurulduğu halda, Türkiyə üzərində vurulduğunu deməsindən hiddətlənərək yazır: “Əgər Türkiyə özbaşına sərhədləri 10 km.-lərlə Suriya içərilərinə “çəkirsə”, onda biz də buna uyğun edək. O halda mən xəritəni açaram və İstanbulun yerində Konstantinopolu görürəm – Bizans Xalq Respublikasının paytaxtını. Avrasiya İttifaqının üzvü, Rusiya və Yeni Rusiya (Şərqi Ukrayna – S.L.) vətəndaşları oraya vizasız gedib-gəlirlər. Əsas gəlir mənbəyi turizmdir. Valyutası rubldır. Şərqdə Kürdüstan Xalq Respublikası, Şimal-Şərqdə isə Ermənistanla həmsərhəddir”.

“Möhkəm Rusiya-Türkiyə birliyi ABŞ-ı qorxutdu”

Mövzuya münasibətini öyrəndiyimiz siyasi analitik Tahir Cəfərli isə hesab edir ki, İstanbulun ruslar, yaxud yunanlar tərəfindən alınacağı barədə söhbətlər xülyadan başqa bir şey deyil. Amma Türkiyə iqtidarı ona qarşı hər tərəfdən güclənən təzyiqləri nəzərə alıb, siyasətini korrektə etməlidir: “Sayks-Piko kimi müqavilər artıq tarixdə qalıb. Amma Türkiyənin ətrafındakı hadisələr onun parçalanmaq təhlükəsini real olaraq göstərir. Ərdoğanın rus təyyarəsini vurmaq əmrini verdiyinə inanmaq olmaz. Çox güman ki, bu, bəzi hərbçilərin ona və Türkiyəyə qarşı ABŞ tərəfindən yönləndirilən təxribatıdır. Ərdoğan, sadəcə, məcbur olub indi belə çıxış edir. Məgər Ərdoğan görmürdü ki, ABŞ İraqda faktiki olaraq kürd muxtariyyəti yaradıb? Və “İŞİD”i də ortaya atıb ki, “idarəolunan xaos”la bütün regionu dağıtsın. Hərbi nöqteyi-nəzərdən, Türkiyə güclü dövlət olduğundan, öncə onun infrastrukturu dağıdılmalıdır ki, bu ölkə qüvvədən düşsün. Türkiyənin iqtisadi infrastrukturu isə əsasən, Rusiya ilə bağlıdır. Rusiya Türkiyədə Atom-Elekrik Stansiyası tikintisinə yardım və s.işlər görməklə bu ölkəni gücləndirirdi. Bütün bunlar da möhkəm Rusiya –Türkiyə birliyinə gətirib çıxarırdı. Aydındır ki, ABŞ və İngiltərə buna mane oldular və Türkiyəyə qarşı təyyarə hoqqabazlığını ortaya atdılar. Türkiyə Rusiyanı itirməklə öz möhtəşəmliyini itirdi. İndi onun dağılma prosesi başlaya bilər. SSRİ dağılandan sonra Türkiyənin iqtisadi cəhətdən güclənməsinə səbəb, Rusiya və MDB-dən bura axan pullar idi. ABŞ bu gəlirlərin qabağını almaqla, Türkiyənin bünövrəsini sökməyə başladı…
Konkret, İstanbulun hədəf olması məsələsinə gəldikdə bu, o qədər də real deyil. Hazırda heç bir gizli danışıqlar ola bilməz. Xristian-müsəlman oyunları XIX əsrdə qaldı. Bu saat anqlosakslar dünyanı öz xeyirlərinə dağıtmağa başlayıblar. Düzdür, İstanbul dünya mərkəzlərindən biridir. Orada müsəlmanlardan savayı, digər din və millət nümayəndələri də yaşayırlar. Əslində, I Pyotrun heç bir vəsiyyətnaməsi olmayıb. İstanbul haqqındakı sözlər isə yunan çarı Konstantinin sözləri olub. Bütün bunlar, kimlərinsə öncəgörmələri-filan – hamısı fikirləri yayındırmaq üçün xülyadır. Amma hesab edirəm ki, Türkiyə-Rusiya birliyi olmasa, Türkiyənin parçalanması həqiqətə çevrilə bilər. Bunun səbəbkarı Ərdoğan ətrafındakı bəzi məmurların düzgün siyasət yürütməməsidir…”.

Sultan Laçın

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın