Cümə , Oktyabr 30 2020
Ana səhifə / Gündəm / İşsizlərin hesabına varlanan şəbəkə – Azərbaycanda

İşsizlərin hesabına varlanan şəbəkə – Azərbaycanda

İndi Azərbaycanın populyar iş saytlarına yerləşdirilmiş iş təklifləri ilə iş axtaranlar arasında 200 dəfədən çox fərq var.

Belə saytların birinə hazırda iş axtaran 42 min adam CV-sini qeydiyyatdan keçirib.

Saytda təklif edilən iş vakansiyalarının sayı 200-i keçmir. Təklif edilən iş vakansiyalarının bir çoxu da qeyri-realdır. Məsələn, 250-300 manatlıq xadimə işi üçün rus və Azərbaycan dilində əla danışıq səviyyəsi tələb edilir. Üstəgəl, xadimənin boyunun 165 sm-dən hündür olması əsas tələblərdən biri kimi qoyulur, ingilis dili bilməsinin isə arzu olunan olması vurğulanır.

250-300 manatlıq xadimə işi üçün rus və Azərbaycan dilində əla bilməsi, boyunun 165 sm-dən hündür olması əsas tələb kimi qoyulur.

Təbii ki, bu cür tələblərə uyğun ola-ola xadimə işləmək istəyən tapmaq çox çətindir. Amma saytı işlədənləri bu, elə də maraqlandırmır. Çünki bu elanların qeyri-real olmasının saytın gəlirlərinə heç bir dəxli yoxdur, sayt əsas pulu iş tapmaq üçün CV yerləşdirənlərdən qazanır. İlk baxışdan bu, elə də böyük rəqəm kimi görünmür, bir adamın CV-ni sayta yerləşdirmək üçün 2 manat tələb edilir. Amma təkcə fevralın 24-də həmin sayta yeni 1370 nəfərin CV-nin yerləşdirildiyi nəzərə alınarsa, saytın gün ərzində 2500 manatdan çox pul qazandığı aydın olur.

Bakıda işə düzəlmək istəyənlərin hesabına real müsahibə yolu gün ərzində təxminən bu qədər pulu qazanan obyektlər də yetərincədir. Bu sahədə fəaliyyət göstərən şirkətlər iş axtaranlardan bəribaşdan 10-12 manat pul tələb edirlər və bunun qarşılığında onlara «təlim» keçirlər. Bir həftəlik «təlim»dən sonra onlara adlarının iş axtaranlar bankına daxil edildiyi söylənir və iş olan kimi xəbərdar ediləcəkləri bildirilir. Bu cür populyar «işədüzəltmə» mərkəzləri gün ərzində hər birində 30 nəfərə yaxın iş axtaranın yer aldığı 5-6 qrupa «təlim» verir. Bakıda belə «mərkəzlərə» əksər metro stansiyalarının ətrafında rast gəlmək olar.

İşə düzəlmək istəyənləri çoxu gənclərdir

İşə düzəlmək istəyənləri çoxu gənclərdir

Bəzi «işədüzəltmə mərkəzləri» bu işin sonuna şəbəkə ticarəti də bağlayırlar ki, bu da təlim üçün 10-12 manat ödəmiş gənclərdən tez yaxa qurtarmağa imkan yaradır. Təlimin sonunda gənclərə işə başlamaq üçün 300 manatlıq mal almaq və onu satıb qazanc əldə etmək təklif edilir ki, bu da təlim keçənlərin əksəriyyətinin oradan uzaqlaşmasına səbəb olur. Məntiq də aydındır – işsiz adam üçün həmin 300 manatı tapmaq çox çətindir. Həmin pulu tapıb mərkəzdən mal götürənlər isə daha böyük bataqlığa düşürlər. Rusiyada aparılan bir araşdırmaya görə, bu cür şəbəkə ticarəti vasitəsi ilə reallaşdırılan mallar həqiqi dəyərindən 50 dəfəyə qədər baha təklif edilir.

Təbii ki, bu yolla alınmış həmin məhsullar təlim keçmiş gəncin əlində qalır.

Millət vəkili Vahid Əhmədov xüsusilə də işsiz gənclərin hesabına gəlir əldə edən bu mərkəzlərin və saytların fəaliyyətinin qanunsuz olduğunu bildirib: «Bu cür mərkəzlərin fəaliyyəti böhran nəticəsində yaranmış vəziyyəti daha da ağırlaşdırır. Onların fəaliyyətinin heç bir qanuni əsası yoxdur, böyük ehtimalla əksəriyyəti vergi nəzarətindən də kənar fəaliyyət göstərir. Mən düşünürəm ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tezliklə bu işi araşdırmalıdır və qanunsuz gəlir əldə edən bu cür obyektlərin cəzalandırılması üçün hərəkətə keçməlidir. İşə düzəltmə qurumları üzərində tam dövlət nəzarəti bərpa edilməlidir».

1930-40-cı illərdə ABŞ-da yaşanmış böyük depressiya göstərdi ki, dövlət əmək bazarı üzrə mükəmməl informasiya sisteminə malik olmalıdır.

Əslində, dəfələrlə sınaqdan keçmiş beynəlxalq təcrübə də bu cür fəaliyyətin dövlətin nəzarəti altında olmasına tələb edir. 1930-40-cı illərdə ABŞ-da yaşanmış böyük depressiya göstərdi ki, dövlət əmək bazarı üzrə mükəmməl informasiya sisteminə malik olmalıdır. Yaranmış vəziyyət Azərbaycanın da eyni addımı atmasını tələb edir. Statistikaya nəzər saldıqda, əmək qabiliyyətli əhalinin mövcud iş imkanlarından yüksək olduğunu ortaya çıxır. Ölkə üzrə 4,8 milyon əmək qabiliyyətli adam olduğu halda, muzdla işləyənlərin sayı təxminən 1,5 milyondan çox deyil. İşləməyən əmək qabiliyyətlilərin böyük hissəsi evdar qadınlar olsa da, onların bir qismi gənclərdir. Əslində, həmin gənclərin də xeyli hissəsi böhrana qədər xüsusilə də xidmət sektorunda qeyri-leqal şəkildə məşğul olublar. Lakin böhrandan sonra bir çox xidmət və ticarət nöqtələri bağlandıqdan sonra gənclər arasında işsizlik göstəricisi yüksəlib. Bu, isə möhtəkir «işədüzəltmə mərkəzlərininin» sayının sürətlə artmasına səbəb olub.

Azərbaycanın əmək bazarında vəziyyət (min nəfər)

Azərbaycanın əmək bazarında vəziyyət (min nəfər)

Amma qanunvericilik Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bu cür «mərkəzlərə» nəzarət birbaşa nəzarət etməsinə imkan vermir. Nazirliyin yanındakı Dövlət Məşğulluq Xidmətinin şöbə müdiri Lüdviq Hüseynov bildirib ki, 2002-ci ildən bu cür mərkəzlərə qurum tərəfindən lisenziya verilməsi dayandırılıb: «Buna görə də belə mərkəzlərin işindən bizim xəbərimiz yoxdur. Onların fəaliyyətinə yalnız hüquq-mühafizə orqanları nəzarət edə bilir. Qanunla həmin mərkəzlərin iş üçün müraciət edənlərdən pul almağa ixtiyarları yoxdur. Onlar yalnız işəgötürənlərdən pul ala bilərlər. Buna görə də bu cür mərkəzlərə və yaxud saytlara pul ödəmiş istənilən şəxs hüquq-mühafizə orqanlarına müraciət edə bilər. Yəni bu yolla pul qazanmaq cinayətdir».

Amma bu da vəziyyətdən çıxış yolu deyildir. Dövlət gənclərin məşğulluq məsələsinə xüsusi diqqət yetirməlidir, işləməyən gənclərin müxtəlif cinayət qruplaşmalarının qurbanına çevrilməsi qaçılmazdır. Buna görə də, gənclərin müraciət etdiyi mərkəzlər birbaşa dövlət nəzarətində olmalıdır və rəsmi qurumlar regionlar üzrə işsiz gənclərin sayını dəqiq bilməlidir ki, manevr imkanları dah geniş olsun. Bu məsələdə Azərbaycan Rusiya təcrübəsindən yararlana bilər. Rusiya qanunvericiliyinə görə, gənclərin işə düzəltmə məsələsi ilə dövlətdən başqa hansısa qurumun məşğul olması sərt qadağandır. Azərbaycan da bu addımı atmalıdır. Qaynar.info

Həmçinin oxuyun

Daha 13 kənd işğaldan azad olundu

Müzəffər Azərbaycan Ordusu Zəngilanın Birinci Ağalı, İkinci Ağalı, Üçüncü Ağalı, Zərnəli, Füzulinin Mandılı, Cəbrayılın Qazanzəmi, …

Bir cavab yazın