Çərşənbə , İyul 17 2019
Ana səhifə / Gündəm / İslamda dini-siyasi cərəyan və məzhəblər – Vaqif Cəliloğlu

İslamda dini-siyasi cərəyan və məzhəblər – Vaqif Cəliloğlu

Azinforum.az tanınmış dinşunas t.e. üzrə fəlsəfə doctoru  Hacı Vaqif Cəliloğlunun bugünkü İslam ailəmindəki hadisələrlə həmahəng olan silsilə yazısını təqdim edir.

1-ci yazı

Dinimiz Allahdan, dindarlığımız özümüzdəndir…

Çağdaş İslam dünyasının iqtisadi-siyasi-sosial durumuna nəzər salsaq, təəssüf ki, burada bəlaların atla gəlib piyada getdiyinin şahidi olarıq. ABŞ və Avropanın məkrli “azadlıq” tikəsi ilə şirnikləşdirilən İraq, Liviya, Suriya və digər İslam ölkələrində müsəlmanların bir-birini kütləvi qırması, kökünü baltalayıb fəxr edilən abidələrini məhv etməsi, yüz minlərlə insanın Qərb”demokratiyası”ndan sonra qanları bahasına vətənlərini tərk edib qeyri-müsəlman süvarisinin üzəngisindən öpməsi və digər faciələr İslam tarixində həkk olunan ağrılı səhifələri daha da çoxaldıb. Əslində, bu, indinin yox, yatıb oyandıqdan sonra yenidən zühur edən keçmişin qanlı olaylarının davamıdır. Səbəb isə keçmişdə olduğu kimi, bu gün də feodal üsul-idarəsi, siyasi ambisiya, məzhəb və təriqət təəssübkeşliyi, qeyri-islami müdaxilələr və s. amillərdir. Bu baxımdan ibrət götürülməsini vacib edən sözügedən mövzunun məzhəb təəssübkeşliyindən uzaq- obyektiv şərhinə bu gün daha çox ehtiyac duyulur. Əlbəttə, mövzunun çox həssas, həm də tarixən nüanslı olduğunu nəzərə alaraq, məqalədə nəzərə çarpacaq xəta və qüsurlardan Allaha pənah aparır və Ondan imdad diləyirəm.
Müsəlmanların ixtilafda olmalarının tarixi səbəbləri
Müsəlmanlar əsasən etiqad, siyasi və fiqhi (müsəlman hüququ) məsələlərdə ixtilaf edib məzhəblərə ayrılıblar. Bu ixtilafların səbəblərini araşdırmadan öncə iki amili xüsusi qeyd etmək lazımdır: 1) Müsəlmanlar heç vaxt dinin təməl prinsiplərində (üsul əd-din- dinin əsasları, kökləri) ixtilaf etməyiblər. Məsələn, Allahu-Təalənin birliyi, həz. Məhəmmədin Onun elçisi olduğunu, Qurani-Kərimin Allah tərəfindən göndərildiyini, beş vaxt namaz, zəkat, oruc, hacc kimi ibadətlərin fərz olduğu barədə heç bir fikir ayrılığı yoxdur. İxtilaf dinin təməl prinsipləri xaricində olan fəri (2-ci dərəcəli) məsələlərdədir. 2) Peyğəmbər (ə) özündən sonra ümmətinin ixtilafda olacağı barədə buyurub: “Yəhudilər 71, xristianalr 72 firqəyə ayrılıblar. Ümmətim isə 73 firqəyə ayrılacaq”.
İslam ümmətini parçalayan, onun dirrik və diriliyini, bərəkət, birlik və bərabərliyini pozan ixtilaf, əsasən hakimiyyətə sahiblik iddiasından- siyasətdən qaynaqlanır. Burada ilk səbəb tarixən ərəblərin tayfa təəssübkeşliyidir. Qeyd edək ki, Peyğəmbər(ə) sağlığında cahiliyyət dövrünün ən eybəcər xüsusiyyətlərindən biri olan tayfa təəssübkeşliyi aradan götürülmüşdü. Bir hədisə görə Peyğəmbər(ə) buyurub: “Ey insanlar! Bilin ki, Rəbbiniz birdir. Ərəbin ərəb olmayandan, qara dərilinin qeyri-qara dərilidən heç bir üstünlüyü yoxdur. Üstünlük Allahdan qorxana (Onun əmrlərinə əməl edənə -V. C.) aiddir”.
Lakin qəbilə, tayfa çəkişmələri III xəlifə həz. Osmanın hakimiyyətinin (644-656) sön dövründə yenidən baş qaldırıb fitnələrə səbəb oldu. Bu, əsasən əməvilərlə haşimilərin, xaricilərlə digər tayfaların arasında baş verib. Cahiliyyət dövründə Rabiə və Mudar qəbiləsi arasındakı ixtilaf isə Xariciyyə firqəsində yenidən zühur etdi…
Siyasi çəkişmələrə yol açan ən önəmli səbəblərdən digəri müsəlmanları idarə etmək üçün Peyğəmbər(ə)-yə kimin daha yaxşı xəlifə olması məsələsidir. Bu ixtilaf Məhəmməd(ə)-nin vəfatından dərhal sonra baş verib. Belə ki, mədinəlilər (Ənsar- həz. Peyğəmbərə kömək edən yerli camaat): “Peyğəmbərə biz kömək etdik. Həmin səbəbdən xəlifə olmağa biz daha çox layiqiq”; Məkkədən Mədinəyə hicrət edən mühacirlər isə: “İlk müsəlman biz olmuşuq, xəlifəliyə layiq də bizik”, dedilər. Doğrudur, müəyyən danışıqlardan sonra ənsar bu məsələdə mühacirlərə güzəştə getsə də, fəqət az sonra bu qarşıdurma başqa bir şəkildə alovlandı. Həmin dövrdə ən çox dartılışan məsələ bu idi: Xəlifə olmaq haqqı kimə məxsusdur? Təkcə Qureyş qəbiləsinəmi, yoxsa sadəcə həz. Əli və övladlarına? Yoxsa bu haqq hər bir müsəlmanın haqqıdır? Əsasən bu səbəbdən müsəlmanlar həvaric, şiə, əhli sünnə vəl-camaat və digər cərəyanlara bölündülər.
Üçüncü səbəb, İslamdan öncəki dinlərə məxsus bəzi insanların İslamı qəlbən qəbul etməmələridir. Belələri İslamı qəbul etdikdən sonra beyinlərində kök salan əski düşüncələrdən xilas olmayan kəslər olub. Onlar həqiqi müsəlmanlar arasında köhnə dinlərində münaqişəyə səbəb olan qəza və qədər, Allahu-Təalənin sifətləri və zatının eyni və ya müxtəlif olması kimi məsələləri öz bildiklərinə görə yayırdılar. İbni Həzm “Əl Fisal“ adlı kitabında bu məsələlərə toxunmaqla yanaşı, həm də yazıb: “…Farslardan bəziləri görünüşcə müsəlman oldu. Onlar Əhli-beyti sevdiklərini və həz. Əliyə edilən zülümlərə qarşı çıxdıqlarını iddia edərək, şiələri özlərinə tərəf çəkməyə müəssər oldular…”
Dördüncü səbəb, İslam alimlərinin bir sıra teoloji məsələlərdə fikir ayrılığıdır. Beşinci səbəb, yayılan bir çox dedi-qodulardır ki, onlardan çoxu həz.Osmanın xəlifəliyi dövründə yayılıb. Vurğulayaq ki, bu dedi-qodulara qarşı çıxan həz. Əli hətta onların daşıyıcılarını məscidlərdən qovub. İslama zərbə vuran belə fitnəkarlar Əməvilər dövründə xüsusilə fərqləniblər.
Altıncı səbəb, Qurani-Kərimdə birmənalı anlaşılmayan mütəşəbih ayələr barəsində mübahisələrdir. Səbəblərdən biri də, Quran mətinlərindən dini hökümlərin çıxarılması barədə fikir müxtəlifliyidir. Məlumdur ki, İslam şəriətinin qaynağı Allahu-Təalənin kitabı olan Qurani-Kərim və həz. Məhəmmədin sünnətləridir. Müxtəlif dövrlərdə meydana çıxan hər bir məsələ barədə dini hökmlər bu iki mənbəyə əsaslanır. Quran əsasən ümumi hökmləri, hədislər isə təfərrüatları ehtiva edir. Həmin səbəbdən bu iki qaynağa söykənərək ümumi hökm çıxarılır ki, bu da müctəhidlərin işidir. Müctəhidlər isə şərait və mənsub olduqları məzhəbdən asılı olaraq fərqli metodlarla hərəkət edib hökm verirlər. Bu zaman ortaya çıxan fərqli yanaşmalar ixtilafa- qarşıdurmaya səbəb olmasa da, fəqət bu faktordan- məzhəb təəssübkeşliyindən sui-istifadə edənlər də kifayət qədər olub və indi də var.
Göründüyü kimi, Peyğəmbər(ə)- nin vəfatından sonra yaranan fikir ayrılığı siyasi firqələrin, etiqadi və fiqhi məzhəblərin təşəkkülünə şərait yaradıb. Qeyd edək ki, siyasi cərəyanlar (siyasi firqələr) əsasən fəaliyyət, idarəetmə sahəsində olub. Və buradakı ixtilaf çox vaxt silah vasitəsilə -insan qanı tökməklə yekunlaşıb. Etiqadi məzhəblərin ixtilafı isə bəzi istisnalar olmaqla, düşüncə, ideya, nəzəriyyə səviyyəsindən kənara çıxmayıb. O ki qaldı fiqh məsələləri barədəki ixtilafa, bu, müsəlmanlar üçün xeyir və bərəkət qaynağı olub. Zira Peyğəmbər(ə) buyurub: “Ümmətimin fikir ayrılığı bir rəhmətdir”. Bunu bir şiə, dörd sünni məzhəb rəhbərlərinin bir-birinin məktəblərinə hörməti, tolerant yanaşması sübut edir.
Siyasi cərəyanların hamısı xilafət məsələsini önə çəkiblər. Həmin vəzifəni üzərinə götürən şəxs müsəlmanları ədalətlə idarə etməsi ilə Peyğəmbər(ə)-nin xəlifəsi (canişini) sayıldığı üçün ona “xilafət” adı verilib. Bu instituta “imamət” deyənlər də var. Çünki belələrinə görə, müsəlmanlar imamlıq edən şəxsin arxasında namaz qıldıqları kimi, onların dünyəvi işlərini idarə edən xəlifənin də ardınca getməlidirlər. Yəni camaat namazda imamdan ayrılmadığı kimi, xəlifəyə də itaət etməlidir: “Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan əmr sahiblərinə itaət edin…” (Nisə 59).
Xəlifəlik barədə siyasi qrupların –firqələrin ən çox ixtilafda olduğu məsələlər bunlardır: 1 ) Eyni zamanda iki xəlifənin hakimiyyəti mümkündürmü, ya xəlifə bir nəfər olmalıdır? 2) Xəlifə ancaq Qureyş qəbiləsindən olmalıdır? 3) Xəlifənin günahsız və ya günahlı olması məsələsi; 4) Xəlifənin necə seçilməsi və ya təyini. Vurğulayaq ki, xilafət və xəlifəliyə ünvanlanan bu suallar müsəlmanların dini həyatını hüquqla tənzimləyən məzhəblər tərəfindən ortaya çıxmayıb. Çünki siyasilərdən fərqli olaraq, məzhəb rəhbərləri istisna hallarda siyasətə məcburən cəlb edilsələr də, onlar əsasən, dini elm və hökmlərlə məşğul olublar.
Əksər mənbələrə görə, Peyğəmbər(ə) vəfat etməzdən qabaq özündən sonra kimin xəlifə olacağı barədə qəti bir söz və ya açıq işarədə bulunmayıb. Onlara görə, bu məsələ ilə bağlı Allah elçisi ağır xəstə ikən həz. Əbu Bəkrin müsəlmanlara ancaq namazda imam olmasını əmr edib. Digərləri isə həz. Əbu Bəkrin müsəlmanlara xəlifə olması məntiqi ilə razılaşıb və belə deyiblər: “Rəsululləh(ə) Əbu Bəkri dinimiz xüsusunda imam seçibsə, nə üçün biz onu dünyamız üçün münasib görməyək? “Lakin dünyəvi siyasət dini işlərdən fərqlidir. Həmin səbəbdən bu arqument o qədər də inandırıcı və məntiqi deyil. Digər tərəfdən, mənbələr sübut edir ki, “Səkifə” toplantısında mühacirlərlə ənsər xəlifənin hansı qəbilədən olması barədə müzakirələr apararkən, onlardan heç kim namazda imam olmaqla xəlifə olmağın mümkünlüyünü iddia etməyib.
Beləliklə, Peyğəmbər(ə)-nin vəfatından (632-ci il) sonra müsəlmanlar arasında kimin xəlifə olacağı barədə ixtilaf aşağıdakılardan ibarət olub: a) Ənsara görə, onlar mühacirləri Mədinədə qəbul edib məskunlaşdırdığı üçün xəlifə onların içərisindən seçilməlidir; b) Məkkədən gələn mühacirlər xəlifəliyin onlara aid olduğunu iddia ediblər və səbəb kimi özlərinin İslamı ilk qəbul edənlərdən olduğunu, ərəblərin ancaq Qureyş qəbiləsinə tabe olması faktını qabardıblar. Üçüncü qrup isə xəlifəliyin həz. Peyğəmbərin ailəsinə – Haşimi oğullarına aid olduğunu deyib. Onlar ilk müsəlman olmalarını, çətin günlərdə İslamı müdafiə etdiklərini, dini bilgilərinin daha üstün olduğunu iddia edərək, Haşimi oğullarının ən xeyirlisi olan həz. Əli ibni Əbu Talibin xəlifəliyini qanuni hesab ediblər. Lakin xəlifəlik uğrunda fikir ayrılığı uzun çəkmədi. Bəni Səidə Səkifə toplantısında həz. Əbu Bəkr xəlifə seçildi. Maraqlıdır ki, bu tələsik və həz. Əlisiz aparılan seçim barədə bəzi mənbələr belə yazıb: “Ömər demişdi ki, Əbu Bəkrə beyət bir ayaq sürüşməsi, bir iş idi, oldu. Ancaq Allah müsəlmanları qorudu. Bu işi bir də təkrarlamayın”. Bununla da üçüncü qrupun istəyi III xəlifənin vəfatına (656-cı il) qədər- 24 il təxirə düşdü…

Ardı var…

Həmçinin oxuyun

Vilayət Eyvazovdan yeni əmr: “Bandotdel”ə rəis təyin olundu – Əbülfət Rzayev kimdir? + FOTO

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) yeni rəis təyin olunub.Mia.az Strateq.az-a istinadla xəbər …

Bir cavab yazın