Cümə axşamı , İyul 18 2019
Ana səhifə / Gündəm / İslamda dini-siyasi cərəyan və məzhəblər – Vaqif Cəliloğlu

İslamda dini-siyasi cərəyan və məzhəblər – Vaqif Cəliloğlu

Azinforum.az tanınmış dinşunas t.e. üzrə fəlsəfə doctoru  Hacı Vaqif Cəliloğlunun bugünkü İslam ailəmindəki hadisələrlə həmahəng olan silsilə yazısını təqdim edir.

4-cü yazı 

Yazının əvvəli ilə  bu linklər  vasitəsilə tanış ola bilərsiniz :

1.(https://www.azinforum.az/islamda-dini-siyasi-c%C9%99r%C9%99yan-v%C9%99-m%C9%99zh%C9%99bl%C9%99r-vaqif-c%C9%99liloglu/)

2.https://www.azinforum.az/islamda-dini-siyasi-c%C9%99r%C9%99yan-v%C9%99-m%C9%99zh%C9%99bl%C9%99r-vaqif-c%C9%99liloglu-2/

3. https://www.azinforum.az/20783-2/

İslamda fiqhi məzhəblər
Məlumdur ki, İslam hüququnun (fiqhin) ilk qaynağı Qurani-Kərim və Peyğəmbər(ə) kəlamlarıdır. Müqəddəs kitab həm də İslam hüququnun əsası olduğu üçün, o, təfərrütalara varmır. Sünnət isə bu sahənin bəzilərini təfərrüatları ilə şərh edir. Lakin sünnətdə də elə məqamlar var ki, onlar Quran ayələri vasitəsilə açıqlanır.
Bütün monoteist dinlərdə olduğu kimi, İslamda da əsas olan nəqldir, yəni ayələri əmələ gətirən kəlamlar, hekayətlərdir. Nəqlə söykənən dini hökmlərin dərk edilməsi üçün isə ağlın vacibliyi əsas şərtdir. Zira ağlı qüsurlu olan mükəlləf deyil. Lakin ağıllı hər bir müsəlmanın da Quran və hədislərdəki kəlamlardan bəhrələnərək hökm çıxarmaq, fətva vermək imkanı məhduddur. Həmin səbəbdən bu işi (ictihadı) İslam alimləri, fiqh üzrə mütəxəssislər həyata keçirir ki, onlara da müctəhidlər deyilir.
İslam hüququnda ictihad dörd əsas mərhələni əhatə edir: 1) Peyğəmbər(ə) dövründə ictihad; 2) Səhabələr dövründə ictihad; 3) Tabiin dövründə ictihad; 4) Müctəhid imamlar dövründə ictihad.
Peyğəmbər(ə) dövründə ictihad
Həz. Məhəmməd zamanı ictihad olsa da, fəqət sərhədləri dar idi. Çünki vəhylər davam etdiyi üçün ictihada o qədər də ehtiyac duyulmurdu. Həmin vaxt əsasən ucqarlarda olan səhabələr ictihad edirdilər. Peyğəmbər(ə) özü də ictihad edib. İnsanlar ondan dini və sosial- iqtisadi məsələlər barədə fətva istəyiblər. O da Allah kəlamlarını rəhbər tutaraq sorğuları cavablandırıb. Peyğəmbər(ə) ictihadında müəyyən bir məsələ qaranlıq qaldığı halda, Allah onun fətvasını vəhy yolu ilə düzəldərək əsl həqiqəti bildirib. Belə ki, Bədr vuruşunda (624-cü il) alınan əsirlər haqqında Peyğəmbər(ə) səhabələri ilə məsləhətləşib. Səhabələrdən bəziləri (həz. Əbu Bəkr və başqaları) əsirlərin qeydsiz-şərtsiz azad edilməsini, digərləri isə (həz. Ömər və başqaları) onların hamısının öldürülməsini təklif etdilər. Peyğəmbər (ə) isə fidyə (şəxsin xilas edilməsi üçün verilən pul, mal) müqabilində ailələrinə qaytarılmasını istədi. Bu durumda Allahu-Təalə savaş davam etdiyi halda əsirlərin fidyə müqabilində buraxılmayacağını bildirdi. Həmin olay barədə Rəbbimiz buyurub: “Heç bir peyğəmbərə yer üzündə (kafirləri) öldürməyincə əsirləri özünə mal etmək (fidyə müqabilində azad etmək) yaraşmaz. (Ey möminlər!) Siz (fidyə almaqla) puç dünya malını istəyirsiniz. Allah isə axirəti qazanmağınızı istəyir… Əgər əvvəlcə (bu barədə) Allahdan bir hökm olsaydı, aldığınız (fidyə) müqabilində sizə şiddətli bir əzab verərdi… Ya Peyğəmbər! Əlinizdə olan əsirlərə de: “Əgər Allah qəlblərinizdə bir yaxşılıq olduğunu bilsə, sizə sizdən alınandan (fidyədən) daha yaxşısını verər və sizi bağışlayar”. (Ənfal 67-70)
Qeyd edək ki, Peyğəmbər (ə) dünyəvi məsələlərdə hökm verməzdən qabaq həmişə səhabə ilə məsləhətləşib. O bəzən iki şikayətçi arasında hökm verərkən yanıla biləcəyindən ehtiyat edərək deyirdi: “Siz mənə mühakimə edilmək üçün müraciət edirsiniz. Halbuki, bəziləriniz dəlil gətirmək baxımından digərinizdən daha zəyifdir”.
Göründüyü kimi, Peyğəmbər (ə)-nin vəhylər daxilində etdiyi ictihadlarda heçbir yanlışlıq olmayıb və bu, heç müzakirə mövzusu da deyil. Həmin məsələdə o, heç kimlə məsləhətləşməyib. Dünyəvi işlərdə isə o, yanılmamaq üçün səhabə ilə məşvərətdə bulunub. “Dünyəvi işlərinizi siz məndən yaxşı bilirsiniz” kəlamını Peyğəmbər(ə) buyurub.
Səhabə dövründə ictihad
Səhabə alimləri öz ictihadlarında Quran və sünnətlə hökm veriblər. Xəlifə həz. Ömər dövründə İraq və İran torpaqları fəth edilərkən əsgərlər həmin torpaqları aralarında bölməsini xəlifədən tələb edirlər. Lakin həz. Ömər bilirdi ki, onların bu iddiası Allahın: “… Bilin ki, əldə etdiyiniz hər hansı qənimətin beşdə biri Allahın, Peyğəmbərin, onun qohum-əqrəbasının, yetimlərin, yoxsulların və müsafirindir…” ayəsinə ziddir. Çünki ayədə yer alan qənimət torpağa şamil edilmir. Lakin döyüşdə iştirak edənlər xəlifənin qərarına əməl etmədilər və gərginlik üç gün davam etdi. Üçüncü gün həz. Ömər Qurandakı bu ayəni onlara oxudu: “ Allahın öz Peyğəmbərinə (fəth olunmuş) məmləkətlərin əhalisindən (dinc yolla) verdiyi qənimət Allaha, Peyğəmbərə, (onun ) qohum-əqrəbasına, yetimlərə, yoxsullara və müsafirə məxsusdur. Bu ona görədir ki, həmin mal-dövlət içərinizdəki zənginlər arasında əldən-ələ dolaşan bir sərvət olmasın…” (Həşr 7). Bu ayədən sonra heç kim mübahisəyə girişmədi.
Səhabə hər hansı bir məsələ barəsində Quran və sünnətdə bir şey tapa bilmədikdə ictihad edirdi. Bu, həz. Peyğəmbərin qəbul etdiyi bir metod idi. Məhəmməd(ə) Muaz b. Cəbəli Yəmənə hakim göndərərkən ondan soruşdu: ” Nə ilə höküm edəcəksən?” O: “Allahın kitabı və peyğəmbərin sünnəti ilə”, cavab verdi. “Bəs həmin məsələ haqqında orada bir hökm olmasa, necə?” Peyğəmbər (ə) sualına Muaz cavab verdi: ”Rəyimlə ictihad edərəm”. Həz. Məhəmməd bu cavabdan razı qaldı.
Qeyd edək ki, fiqh alimlərinin əksəriyyəti rəyi qiyas (bənzətmə, oxşatma, müqayisə etmə) kimi qəbul ediblər. Qiyas metoduna görə rəyi ilə ictihad edənlərdən ən məşhuru Abdullah b. Məsud olub. Məsləhətə söykənən ictihad əsasən, həz. Ömər tərəfindən edilib. Həz. Əli də məsləhətə görə ictihaddan istifadə edib. Səhabədən bəziləri iki və daha artıq adamdan Peyğəmbər(ə)-yə istinadən hər hansı bir hədisi tapa bilmədikdə, hökmü özlərinə şamil edirdilər. Məsələn, həz. Əbu Bəkr ən azı iki adamın rəvayətini hədis kimi qəbul edirdisə, həz. Əli hədisi rəvayət edənə and içdirərdi. Səhabə xüsusi hallarda öz rəyi ilə fətva verərdi və ya ifadəni özlərinə şamil edərdi. Məsələn, Abdullah b. Məsud bir fətvasında belə deyib:” Bunu öz rəyimə görə söyləyirəm. Əgər doğrudursa, Allahdan, yanlışdırsa, mənim xətamdır”. Xəlifə Ömər bir məsələyə aid fətva verərkən onun katibi fətvanın sonunda belə yazmışdı: ”Allah və Ömərin görüşü belədir”. Cümləni oxuyan həz. Ömər katibə: “Çox səhv etmisən, bu, Ömərin rəyidir. Doğru Allahdan, yanlış Ömərdəndir”- deyib. Yazılanlardan aydın olur ki, səhabə dövründə İslam hüququnun qaynağı kitab, sünnət və rəy (qiyas) olub. Onu da vurğulayaq ki, teokratik dövlətin daha ədalətli qərar verməsi üçün həz. Ömər tərəfindən iki məşvərət şurası təsis edilmişdi; xüsusi və ümumi şura. Xüsusi şuraya həz. Əli də daxil olmaqla dövrün alimləri daxil idisə, ümumi şurada bütün mədinəlilər təmsil olunurdu. Az sonra isə bu şura icma rolunu oynadı. Beləliklə, həmin dövrdə şəriətin üç qaynağına- kitab, sünnət və rəyə (qiyasa), dördüncüsü – icma da əlavə olundu.
Tabiin dövründə ictihad
“Tabiin” sözü səhabələrə tabe olan, onların işini layiqincə davam etdirənlərə, ardıcıllara şamil olunur. Bu termin bilavasitə Quran ayəsi ilə əlaqəlidir: “(İslamı) ilk əvvəl qəbul edib (bu işdə başqalarından) irəli düşən mühacirlərə və ənsara, həmçinin yaxşı işlər görməkdə olanların ardınca gedən kimsələrə gəldikdə, Allah onlardan, onlar da Allahdan razıdırlar” (Tövbə 100). Tabiinlərin ən böyük xidməti Peyğəmbər(ə)-nin kəlamlarını (hədisləri), səhabənin söz və ictihadlarını toplamaq, həmçinin haqqında səhabənin rəyi və ya Quran və sünnətdə hər hansı bir göstəriş olmayan məsələlərdə ictihadda olmalarıdır. Tabiinlərin bəziləri Quran, sünnət və səhabə sözlərində fətva tapa bilmədikləri zaman öz rəylərinə görə hökm veriblər. Digərləri isə həmin mənbələrdə bir dəlil tapa bilmədikləri halda, ictihaddan çəkiniblər. Həmin dövrdə (Əməvilərin hakimiyyəti zamanı, 661-750-ci illər) müsəlmanlar arasında ixtilaflar, antoqonist ziddiyyətlər baş alıb gedirdi. Onların arasında bir-birinə küfr damğası vurmaqla kifayətlənməyən, hətta qılıncla din qardaşlarının qanını tökənlər də çox olub. O dövrdə zülmə baxmayaraq ədalətlə hökm verən alimlərlə yanaşı, fasiq iqtidara qul xidməti göstərən müctəhidlər də olub. Belələri həz. Peyğəmbərə istinad edilən yanlış, bəzən də firqə marağına uyğun yalan hədislər söyləyib. Zaman müsəlmanların xaricilər, şiələr və əhli sünnət vəl-camaat olmaq üzrə üç dini-siyasi cərəyana bölünməsini xarakterizə edən dövr olub. Belə bir şəraitdə Mədinə, Məkkə və İraq alimlərinin öz hüquq məktəbləri var idi ki, bu da əsasən, iki növ hüququn meydana gəlməsinə səbəb oldu: rəyə və hədisə söykənən fiqhlər. Həmin dövrdə mədinəlilər həz. Əbu Bəkr, həz. Ömər, həz. Osmanın, iraqlılar isə həz Əli, Əbu Musa əl-Əşari və başqalarının hökm və fətvalarına istinad edirdilər.
Tabiin müctəhidlərdən sonra onların tələblərinin – Təbai Tabiinin ictihadı gəlir. Bunlardan ən məşhurları imam Məhəmməd Baqir, Zeyd b. Zeynalabidin, Səid b. əl- Museyyib, Urvə b. əz- -Zubeyr, Əbu Bəkr b. Ubeyd b. əl-Xaris və başqaları olub. Həmin dövrə müctəhid imamlar zamanı da deyilir.

Zeyd b. Zeynalabidin (700-740), məktəbi və fəaliyyəti
Hicri I yüzilliyin sonunda Peyğəmbər(ə) şəhərində (Mədinədə) qəlbi imanla dolu, nuru yer üzünü aydınlaşdıran bir şəxs yaşayırdı. Bütün Mədinə onu çox sevirdi. Bu zat həz. Hüseynin qılıncların ağzından xilas olan oğli Əli Zeynalabidin (Zeyn əl-Abidin – Allaha ibadət edənlərin ziynəti) idi. Əhli-beytdən sağ qalan yanlız o (şiələrin IV imamı) idi. İmam Kərbəlada baş verən müsübət haqqında deyib: “Yaqub(ə) oğlu Yusif(ə) üçün gözləri kor olana qədər ağlayıb. Halbuki o, Yusifin ölüb-ölmədiyini bilmirdi. Mən isə əhli-beytimdən 10-dan artıq insanın bir sübh vaxtı gözlərimin önündə öldürüldüyünü gördüm. Siz bu dərdi yaddan çıxaracağımı düşünürsünüz?”
Əli ibni əl- Hüseyn Zeynalabidin (655-713) özünü tam dini elmlərə həsr etmiş və əhli-beytin mənəvi mirasını qoruyumuşdur. Siyasətdən tamam uzaq olan IV imam bəzi radikal şiələrin həz. Əbu Bəkr və həz. Öməri təhqir etməsini qətiyyətlə pisləyərək, onlara “məndən uzaqlaşın”- deyib. Məhəmməd Baqirdən (şiələrin V imamı) sonra dünyaya gələn Zeyd gözəl ailə tərbiyəsi almaqla yanaşı, həm də dini elmləri atası Əli Zeynalabidindən öyrənib. 14 yaşında atasını itirən Zeyd, böyük qardaşı Məhəmməd Baqirin himayəsində olub. Zeyd həm də Məhəmməd Baqirin oğlu Cəfəri Sadiqlə (şiələrin VI imamı) həmyaşıd idi. Zeyd dini biliklərini Mədinədə aldıqdan sonra oranı tərk edir. Bununla da atası və qardaşının üsulundan ayrılır. Bəsrədə Vasil b. Ata ilə görüşən Zeyd mötəzili görüşləri ilə tanış olur. Elmdə böyük uğurlar qazanan Zeyd haqqında imam Əbu Hənifə belə deyib: “Zeyd b. Əlini gördüm. O, dövrünün ən bilgili alimidir”.
Lakin Zeydin və xüsusən əhli-beytin xalq arasında hörməti Əməvi xəlifəsi Hişam b. Abdulməliki rahat buraxmırdı. Həmin səbəbdən xəlifə Zeydi şərləmək, hörmətdən salmaq üçün bütün vasitələrə əl atırdı. Nəhayət, Hişam əhli-beyt mənsubları arasında fitnə yaratmağa nail oldu. Bu, həz. Hüseyn nəslindən olan Zeyd ilə həz. Həsənin övladları arasında bir vəqf məsələsi barəsində idi. Fitnənin kimdən qaynaqlandığını və məqsədin nə olduğunu çox gözəl bilən Zeyd öz haqqından keçib həz. Hüseyn və həz. Həsən övladlarının qarşıdurmasına yol vermədi. Lakin Əməvilər ona qarşı təzyiqdən əl çəkmədilər. Nəhayət, Zeyd Hişama onu qəbul etməsi barədə məktub yazdı. Xəlifə onu qəbul etməyərək, göndərilən məktuba belə dərkənar yazır: “Mədinədəki evinə dön!”. Fəqət Zeydin israrına rəğmən onu qəbul edən Hişam, nəinki Zeydə oturmağı təklif edir, hətta onu təhqir etdikdən sonra (yuxarıda yazılıb) “bayıra çıx”- deyir. Zeyd cavab verir: “Çıxıram, fəqət bundan sonra sənin istəmədiyin yerlərdə olacam”. Əlbəttə, bu söz xəlifəyə açıq-aydın meydan oxumaq idi.
Az sonra özlərini Əhli-beyt tərəfdarları kimi qələmə verən iraqlılar bu konfliktdən sui-istifadə edərək, Zeydə beyət edib onun xəlifəyə qarşı silahlı üsyanına nail olurlar. Döyüş ərəfəsində onların əksəriyyəti beyətlərindən dönüb Zeydə xəyanət edirlər. (Xalq məsəlinə dönmüş “Əhli İraq, əhli nifaq” vaxtilə həz. Əli və həz. Hüseynə də, XXI əsrdə S. Hüseynə də eyni xəyanəti edib). Döyüşdə Zeyd öldürülür. Xəlifə Hişam Yezid və ibni Ziyadın 680-cı ildə həz. Hüseynə ölümündən sonra etdiklərini təkrar etdi. O, Zeydin qəbirini açdırıb cəsədini çıxartdırdı və Kufə meydanında asdırdı. Sonra meyidi yandırtdırıb külünü küləyə təhvil verdi. Digər mənbəyə görə, Zeydin cəsədi Kufədə çarmıxa çəkilib, kəsilən başı isə Dəməşqə- xəlifə Hişama göndərilib…
Zeydin öldürülməsi və onun meyitinin qeyri-insani şəkildə təhqir edilməsi sözsüz ki, Əməvilərin rəqibi Abbasilərin xeyrinə işləyirdi. Belə ki, həz. Hüseynin öldürülməsi Sufyanı- Əməvi dövlətini çökdürüb yerinə Mərvanoğullarını necə gətirmişdisə, Zeydin öldürülməsi də Əməvilərin hakimiyyətinin sonunu tezləşdirdi. Rəbbimizin sonsuz hikmətlərinin bir nümunəsinə bax ki, Əməvi hökmdarlarının qəbirləri də açılıb cəsədlərinin qalıqları Zeydin cəsədi kimi yandırılaraq külləri küləyə təslim edildi. Bu tükürpədici olay haqqında Məsudi yazıb: “ Əl- Heysəmi b. Adiy, ət- Tai Ömər b. Nanidən belə rəvayət edib: “Abdullah b. Əli ilə Əbul –Abbas əs- Səffah zamanında (Abbasilər dövrü- 750-ci il –V.C.) Əməvi hökmdarlarının qəbirlərini açmağa başladıq. Növbədə Hişamın qəbri idi. Onun cəsədini qəbirdən tam çıxartdıq. Yalnız burnunun bir hissəsi çürümüşdü. Abdullah b. Əli ona 80 dəyənək vurdu və sonra cəsədini yandırdı. Süleymanın qəbri Dabuqda idi. Gedib onu da çıxartdıq. Onun başından başqa bir əzası qalmamışdı. Qalıqlarını toplayıb yandırdıq. Eyni işləri əvvəlki Əməvi hökmdarlarının meyitlərinə də etdik”. Məsudi bu olayı təfsilatı ilə qələmə aldıqdan sonra belə yazıb: “ Biz bu xəbərləri burada Hişamın Zeyd b. Əlini öldürdükdən sonra onun cəsədini yandırmaqla eyni hadisənin özünün də başına gəlməsini bir ibrət olaraq yazdıq”.
Bəli, diri və ölülərə qeyri-insani davranışı İslam dini pis əməl sayır, onu rədd edir. Lakin Allahu- Təalənin hikmətlərindən ibrət alınsın deyə, bunları çağdaş İslam dünyasının bəzi rəhbərlərinin yadına salmaq məcburiyyətindəyik. Çünki, Rəbbimiz zalımları bir-birinə qarşı qoyur. Əməvi zalımları haqqı tapdalayıb azğınlaşmışdılar, Əhli- beytə zülm etmişdilər. Hakimiyyəti ələ keçirən digərləri də onlara eyni zülmü tətbiq etdilər. Beləliklə Rəbbimizin : “Qazandıqlarına (günahlarına görə) bəzilərini digərlərinin arxasına taxarıq (qiyamət gününün əzabında onları bir-birinə belə yaxınlaşdırarıq)” (Ənam 129).
Vurğulanması vacib olan məqamlardan biri də, 750-ci ildə hakimiyyətə gələn Abbasilərin Əməvilərin qəbirlərini təhqir etmələri həm də Əhli-beyt tərəfdarlarını özlərinə cəlb etmək üçün atdıqları siyasi gedişlərdən biri idi. Bunu onların hakimiyyətdə gücləndikdən sonra Əhli-beytə təzyiqləri sübut etdi…
Zeydin baxışları
IV imam Zeynalabidin oğlu Zeyd həz. Hüseynin şəhadətindən sonra Əhli-beytin yeganə nümayəndəsi kimi həm siyasət, həm də dini elmlərlə məşğul olub. Şiələrin bir qismi hesab edirdi ki, həz. Əbu Bəkr və həz. Ömər həz. Əlinin haqqını zəbt etdiyi üçün lənətə məhkumdur və s. və i. Belə bir durumda Zeyd bir rəhbər, imam kimi həmin insanları marifləndirib. Zeyd I və II xəlifələr barəsində həmin şiələrin səhv baxışlarını pisləyib. O, eyni zamanda xilafətin ancaq vərasət (varislik) yolu ilə həz. Əli soyuna məxsus olması fikrini də qəbul etməyib. Lakin Zeyd xəlifənin həz. Əli nəslindən olmasını daha münasib sayıb. Zeyddən Əhli-beyt imamlarının xətasız olması barədə məlumata rast gəlmədik. Fəqət Zeyddən sonra Zeydiyyə təriqətinə mənsub olanlar – Əli, Fatimə, Həsən və Hüseyn həzrətlərini məsum hesab ediblər. Zeydə görə, xilafətin həz. Fatimə övladlarına verilməsi daha yaxşıdır. Onların həz. Həsən və ya həz. Hüseyn nəslindən olması şərt deyil. Bunun əksinə olaraq, İmamiyyə məzhəbi xilafətin yalnız həz. Hüseyn nəslinə məxsus olduğunu qəbul edib.
İmam Zeyd qəza və qədərə inamın vacib, insanın itaət və üsyanda azad və iradə sahibi olduğunu qəbul edib. Zeyddən rəvayət edilən “Məcmul- hədis” və “Məcmul- fiqh” kitabları onun tələbələri tərəfindən yazılıb.

Həmçinin oxuyun

Vilayət Eyvazovdan yeni əmr: “Bandotdel”ə rəis təyin olundu – Əbülfət Rzayev kimdir? + FOTO

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) yeni rəis təyin olunub.Mia.az Strateq.az-a istinadla xəbər …

Bir cavab yazın