Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Gündəm / İslamda dini-siyasi cərəyan və məzhəblər – Vaqif Cəliloğlu

İslamda dini-siyasi cərəyan və məzhəblər – Vaqif Cəliloğlu

Azinforum.az tanınmış dinşunas t.e. üzrə fəlsəfə doctoru  Hacı Vaqif Cəliloğlunun bugünkü İslam ailəmindəki hadisələrlə həmahəng olan silsilə yazısını təqdim edir.  

2-ci yazı

Yazının əvvəli ilə  bu link vasitəsilə tanış ola bilərsiniz : (https://www.azinforum.az/islamda-dini-siyasi-c%C9%99r%C9%99yan-v%C9%99-m%C9%99zh%C9%99bl%C9%99r-vaqif-c%C9%99liloglu/)

Qeyd edək ki, istər həz.Əbu Bəkrin, istərsə də həz.Ömərin xəlifəliyi dövründə İslam dini möhkəmlənib, coğrafiyası genişlənib, cəmiyyət ədalətlə idarə olunub, heç bir fitnə törədilməyib. Fitnələr yalnız həz. Osmanın xəlifəliyinin sonunda baş qaldırıb. Bu fitnələrin səbəblərini araşdırmazdan öncə həz. Əliyədək üç xəlifənin xilafətə hansı yolla gətirilməsinə, üsullara nəzər salaq.
Birinci üsul bir qrup insanın seçimidir. Həz. Əbu Bəkr bu metodla seçilib. Bu seçimdə digər iddiaçı qrupun liderinin- həz. Əlinin iştirakı olmayıb.
Haşiyə: Pəsuli-Əkrəm(ə)-nin vəsiyyətinə görə həz. Əli onu yumaq üçün hazırlayarkən, Sünh qəsəbəsində olan Əbu Bəkrə Peyğəmbər(ə)-nin vəfatı barədə xəbər göndərilir. Həz.Əbu Bəkr və həz.Ömər Allah Rəsulu yuyulmazdan öncə icazə alıb, yuvat üçün hazırlanan hücrəyə daxil olurlar. Bu zaman xəbər yayılır ki, III qrup- ənsar xəlifə seçmək üçün Səkifədə toplantı keçirir. Xəbəri eşidən həz. Əbu Bəkr və həz. Ömər yolda rast gəldikləri Əbu Übəydəni də götürüb Səkifəyə gedirlər. Toplantıda həz. Əbu Bəkr mühacirlərin ərəb boylarından əvvəl iman gətirdiklərini, onların Rəsululləhin ətrafında ilk toplandığını və digər arqumentləri gətirərək deyir ki, mühacirlərin xilafətə haqları daha çoxdur. Həz. Əbu Bəkr məsələni tez və dinc çözmək üçün onu da əlavə edir ki, biz əmir olaq, siz də bizim vəzirimiz. Cavab olaraq ənsarın nümayəndəsi deyir: “ Biz də bir əmir təyin edək, siz də bir əmir”. Bu təklifi qəti rədd edən həz. Ömər deyir: “Bir ölkədə iki əmir ola bilməz. Həm də ərəblər sizin onlara hökm etməyinizə razı olmazlar, çünki Peyğəmbərimiz sizdən deyil”. Nəhayət, ənsarın nümayəndəsi həz. Ömərin sözlərini təsdiq edir. Bu zaman həz. Əbu Bəkr deyir: “Budur, Ömərlə Əbu Übeydə buradadır. Hansına istəyirsinizsə, beyət edin”. Lakin həz. Ömərlə Əbu Übeydə bir ağızdan deyirlər: “Sən dura-dura biz bu işə əsla girişmərik”. Yaranmış vəziyyətlə razılaşan ənsarın nümayəndəsi Nunzər vurğulayır ki, Əbu Bəkr, Ömər və Əlidən biri bizə hökm etmək istəsə, heç kəs ona qarşı çıxmaz. Beləliklə, toplantıda olanlar həz. Əbu Bəkrə biyət etdilər. Bu zaman həz. Əli Peyğımbər(ə)- ni yumaqla məşğul idi. O, Rəsululləhi yuyarkən: “Atam-anam sənə fəda olsun, diriykən də tərtəmiz idin, vəfatından sonra da tərtəmizsən”-deyib ağlayırdı. Həz. Əli Peyğəmbər(ə)-ni yuyub qurtardıqdan sonra onun bədənini quruladı və əyilib göz çuxurlarında qalan suyu içdi…
Xəlifə seçmədə ikinci üsul vəliəhd təyinetmə yoludur. Həz. Ömər həz. Əbu Bəkrin vəsiyyətinə görə bu üsulla seçilib və əksər Mədinə müsəlmanlarından beyət alıb. Üçüncü üsul xəlifənin mötəbər iddiaçıların öz aralarında gizli səsverməsi ilədir. Bu üsülun müəllifi həz. Ömərdir. Belə ki, ağır qılınc yarası alan və vəfat edəcəyi şübhəsiz olan həz. Ömərə əshab deyir: “ Vəsiyyət yüngüllük gətirər, istərdik fikrini bilək, özündən sonra xəlifəliyi kimə etibar edirsən?” Xəlifə heç kimin namizədliyini irəli sürmür və deyir:” Bu məsuliyyətli vəzifəni üstümə götürmək istəmirəm, amma məsləhət görərdim ki, xəlifə əşşəri – mubəşşirə daxil olan əshabdan seçilsin (əşşəri – mubəşşir -hələ sağlıqlarında həz. Peyğəmbərin duasına görə cənnət vəd edilən 10 nəfər – V. C.)”. Həmin vaxt 10 nəfərdən sağ qalan 7 nəfər idi. 7 nəfərin hamısını namizədlər siyahısına yazırlar. Lakin həz. Ömər Səid bin Zeydi öz nəslindən olduğuna görə siyahıdan çıxarır. Can üstə olan xəlifə 6 nəfərin hər birinin xarakteristikasını verir və onların – Səd, Əbdürrahmən, Talhə, Zubeyr, Osman və Əlinin adlarının “səsvermə bülleteninə” salınmasını əmr edir. O, səsvermənin ədalətli keçirilməsi üçün həm də 6 nəfərin olduğu binanı kənar müdaxilələrədn qorumaq barədə göstəriş verir. Belə də olur və nəticədə həz. Osman səs üstünlüyü ilə xəlifə seçilir. Qeyd edək ki, həz. Öməri yuyanlardan biri olan həz. Əli, həm də Əbu Bəkri onun vəsiyyətinə görə yuyub kəfənləyib.
Həz. Osmanın xəlifəliyi dövründə baş qaldıran fitnə və qanlı olayların əsas səbəblərindən biri onun əksər səhabəi- kirami dövlət qulluğundan- idarəetmədən məhrum etməsi, onları əyalətlərə dağıtması, bəzilərini sürgün etməsi olub. Halbuki, İslam qarşısında böyük xidmətləri olan səhabə geniş sosial baza və nüfuza malik idi. Səbəblərdən digəri xəlifə Osmanın mühüm vəzifələrə qohumlarını təyin etməsi olub. Başqa bir səbəb isə onun dövlətçilik baxımından xasiyyətinin həlim olması və s. amillərdir. Nəticədə xəlifə Osman alovlanan fitnənin qurbanı oldu.
Haşiyə: Həz. Osmanın qətlə yetirilməsində onun yaxın qohumu Mərvan bin əl-Hakimin fitnə-fəsadı böyük rol oynayıb. Mərvan Peyğəmbər(ə)- nin vəhy yazan katiblərindən biri idi. Ali İmran (İmran ailəsi) surəsi nazil olanda Mərvan “Ali İmran” əvəzinə “Ali Mərvan” (Mərvan ailəsi) yazdı. Allah kəlamlarını saxtalaşdırdığna görə Peyğəmbər(ə) onu Mədinədən qovdu. Həz. Əbu Bəkr xəlifə olarkən, Mərvan ondan əfv diləyir. Həz. Əbu Bəkr: “Kainatın fəxrinin sürgün etdiyi adamı mən necə əfv edib Mədinəyə gəlməsinə icazə verərəm?”- deyib, Mərvanı yaxına buraxmadı. Mərvan həz. Ömərin xəlifəliyi dövründə ona da yalvardı. Lakin həz. Ömər ona xəbər göndərdi ki: “Rəsuli Əkrəm və Əbu Bəkrin etmədiyi bu işi mən görə bilmərəm”. Həz. Osman isə nəinki Mərvanın Mədinəyə gəlməsinə icazə verdi, hətta onu xəlifənin- özünün katibi vəzifəsinə təyin etdi. Mərvanın həm İslam aləmi, həm də həz. Osmanın özü üçün təhlükə olduğunu hesab edən həz. Əli xəlifə Osmana deyir: “ Biz bir şeydə səndən irəli getməmişik ki, onu sənə xəbər verək. Sən yaxınlıq baxımından həz. Peyğəmbərə daha yaxınsan… Allah xatirinə, bu ümmətin öldürülən imamı olma. Çünki bu ümmət içində bir imam öldürülsə, onun üzündən qiyamətə qədər dava-dalaş sürüb gedər. Saç-saqqalının ağardığı, ömrünün sona çatdığı bir vaxtda Mərvanın istədiyi yerə apardığı adam olma”.
Digər misal. Misirdən bir dəstə adam valinin işdən çıxarılması tələbi ilə xəlifənin yanına gəlir. Xəlifə Osmanın xahişi ilə həz. Əli narazı camaatla danışıq aparır. Ümumi rəy belə olur. Xəlifə: 1) Misirin valisini işdən çıxarıb onun yerinə həz. Əbu Bəkrin oğlu Məhəmmədi təyin etsin; 2) Mərvanı qovsun. Birinci məsələ barədə xəlifə Misirin valisinə yazdı ki, işləri Məhəmmədə təhfil ver. Məhəmməd fərmanı- məktubu xəlifədən alıb Misirə yola düşür. İkinci məsələ barədə isə həz. Osman möhlət istədi. Vəziyyətin ağır olduğunu görən Mərvan növbəti fitnəyə əl atır. O, köhnə valiyə yazır ki, “Vali sənsən, Məhəmməd ora gələn kimi başını kəs, biz səni işdən çıxarmaq fikrindən döndüq”. Bu məktubu Mərvan bir çaparla Misirə göndərir. Yolda çaparı görüb ondan şübhələnən Məhəmməd mühafizəçilərinə əmr edir ki, çaparı yoxlasınlar. Məktubu çaparda tapan Məhəmməd dəhşət içində paytaxta- Mədinəyə yollanır. Hadisədən xəbər tutub hiddətlənən camaat həz. Osmanın qarşısında şərt qoyur: o, ya xəlifəlikdən imtina etməli, ya da Mərvan açıq mühakimə olunmalıdır. Mərvandan keçə bilməyən xəlifə evə girib qapıları bağlayır .

Həz. Osmanın evinin mühasirəyə alınmasını eşidən həz. Əli övladları həz. Həsən və həz. Hüseyni xəlifəni qorumağa göndərir. Lakin idarə edilməyən bir radikal dəstə evin arxa divarını söküb otağa daxil olur. Həz. Osman bu zaman Bəqara surəsinin 137-ci ayəsini oxuyurdu. Üsyançılar xəlifəni öldürür. Onun qanı oxuduğu Quran ayələrinin üstünə tökülür. Faciədən yolda xəbər tutan həz. Əli deyir: “ Ya Rəbbim! Bu cinayətə etiraz edirəm!”Hadisənin canlı şahidi olan Huzeyfənin dediyi bu kəlam çox ibrətamizdir: ”Həz. Osmanın şəhadəti ilə açılan fitnə qapısı qiyamətə qədər bağlanmayacaq”.
Hidayət rəhbəri həz. Əli dövründə davam edən fitnələr onun da ödürülməsinə səbəb olub. Həmin dövrdə siyasi qrumlar arasındakı antoqonist ziddiyətlər müxtəlif dini-siyasi cərəyanların yaradılmasına rəvac verdi. Bəzilərinə görə, şiə dini-siyasi cərəyanı həmin dövrdə – həz. Əlinin hakimiyyətinin son illərində, digərlərinə görə Rəsululləhin vəfatı anında yaranıb. Xarici-siyasi məzhəb isə həz. Əlinin xilafəti dövründə ortaya çıxıb. Əksəriyyətə görə, əhli sünnə vəl -camaat adlanan başqa bir siyasi firqənin yaranması da eyni dövrə təsadüf edir.

Həmçinin oxuyun

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəsissəsini bazara çevirib

Son illər Penitensiar Xidmət sahəsində bəlli dəyişikliklərin şahidi olmaqdayıq. Müasir cəzaçəkmə müəssisələrinin tikiilərək istifadəyə verilməsi, …

Bir cavab yazın