Ana səhifə / Gündəm / İŞİD Azərbaycanda “yatmış hücrələr” yarada bilərmi? – ARAŞDIRMA

İŞİD Azərbaycanda “yatmış hücrələr” yarada bilərmi? – ARAŞDIRMA

Son Nardaran olayları ölkəmizdə bir daha 3 əsas istiqamətdə təcili tədbirlər görülməsinin vacibliyini ortalığa qoydu. Birincisi, dini radikallaşmanın qarşısını almaq üçün dövlət səviyyəsində təcili olaraq ciddi və düzgün maarifləndirmə işi gücləndirilməlidir. İkincisi, maarifləndirmə ilə paralel olaraq təhlükəsizlik və güc strukturları, dini qurumlara nəzarət edən orqanlarla təmasda operativ profilaktik tədbirlər görməlidir. MM-də müzakirəyə çıxarılan yeni qanun və qanunlardakı dəyişikliklər dövlətimizin bu istiqamətdə atdığı növbəti addımların göstəricisidir. Ancaq qüvvədə olan və ya yeni qəbul ediləcək qanunların dürüst icrası adi fəhlədən, gəncdən, tələbədən tutmuş, din xadiminə, sahibkara, nazirədək – hər birimizin ayıq-sayıqlığından, savad və məlumatlılığından asılıdır…

Yaxın Şərqdə, xüsusən Türkiyədə, eləcə də Avropanın ortasındakı Ukraynada baş verən son proses və olaylar bütün dünyanı öz iradələrinə tabe etməyi planlaşdıran qara qüvvələrin “idarə olunan xaos”unun Azərbaycanı da çənbərə aldığını göstərir. Müsəlman ölkələrində xaos yaratmaq üçün ən optimal vasitə İŞİD kimi terrorçu qurumlardır. Bəzi konspiroloqların fikrincə, nəinki süni-təkfirçi, hətta şiə təriqətləri bazasında yaradılan və yaradılacaq radikal qruplar eyni mərkəzdən idarə olunur. Bu, gələcəkdə İslam dünyasını tamamilə parçalamaq üçün kütləvi süni-şiə silahlı qarşıdurması yaratmağa hesablanıb.


Etibarlı mənbələrdən aldığımız məlumatlara görə, ABŞ prezidentliyinə namizəd, keçmiş dövlət katibi Hillari Klintonun təklifi ilə illərdir ki, Afrikadan İndoneziyayadək Türkiyə, İran və Azərbaycanın da daxil olduğu geniş coğrafiyada “Kerbela vs Mekke” kod adlı gizli proqram həyata keçirilir. Yəni, “Məkkə əvəzinə, Kərbəla”. Bu, şiə müsəlmanlara Kərbəla ziyarətinin Məkkədən daha vacib olduğunu təlqin etməklə sünnilərlə ideoloji savaşı qızışdırmağa, Kərbəlanı İslami mərkəz kimi daha da gücləndirməklə şiə İranla sünni Ərəbistan və Türkiyə müsəlmanları arasında birbaşa müharibəni alovlandırmaq və sonda hər iki dini mərkəzi və beləliklə, İslam dünyasını məhv etməyə yönəlib. Nardaran olaylarının təşkiltaçısı kimi adıçəkilən “Müsəlman Birliyi” adlı radikal qurumun da elə həmin proqramın kiçik icraçılarından biri olduğu ehtimal edilir. Hadisənin məhz nüvə danışıqları prosesində ABŞ-İran yaxınlaşmasından sonra baş verməsi də düşündürücüdür.

Avropaya kütləvi miqrasiya İŞİD-i qat-qat gücləndirməkdədir…

Yadınızdadırsa, 2002-ci ildəki Nardaran olayları Roma Papası II İohan Pavelin Bakıya səfəri ərəfəsində baş vermişdi. Onu da unutmaq olmaz ki, Nardaran Vatikanın da İslam dünyasının həssas nöqtələri siyahısına saldığı bir məntəqədir. Eyni zamanda, Nardaran olayları hazırda Yeni Dünya Düzəninin əsas “dini” oyunçusu olan İŞİD-i Azərbaycanda sürətlə dövrəyə salmaq prosesindən diqqətin yayındırılmasına xidmət edə bilər. Maraqlıdır ki, son Türkiyə-Rusiya təyyarə insidentinin gündəmə gəlməsi ilə İŞİD məsələsi dünyada da diqqətdən kənarda qalıb. Halbuki, Avropaya kütləvi miqrasiyanın gündən-günə artması İŞİD-in daha da güclənməsi üçün yeni-yeni zəminlər yaradır. İndi sadə Avropa vətəndaşlarını, əsasən, bu terrorçu qurum üzvlərinin adi qaçqın adı altında qitə ölkələrində yerləşərək Fransadakı kimi terror aktları törətməsi qorxudursa, əks bir proses daha təhlükəlidir. Belə ki, Avropa ölkələrində İŞİDin MKİ və Mİ-6 ilə bağlı gizli bazalarında qaçqınlar arasından seçilən gənc və ortayaşlı fiziki və əqli üstünlüklərə malik şəxslər intensiv hazırlıqlar keçərək, yenidən müxtəlif ölkələrin cürbəcür ixtisasa malik vətəndaşları adı altında saxtalaşdırıldığı bilinməyən sənədlərlə geriyə – öz vətənlərinə və ya digər müsəlman ölkələrinə göndərilirlər. Və bunların sayəsində həmin ölkələrdə İŞİD-in həm kəşfiyyat strukturları, həm də Türkiyədə “yatmış hücrələr” deyilən şəbəkələri formalaşdırılır. Belə İŞİD agentlərinin ölkəyə giriş-çıxışına nəzarət etmək çox çətindir və ya bir çox dövlət təhlükəsizlik orqanları üçün qeyri-mümkündür. Bu cür təxribatçıların izini yalnız onları hazırlayan bir neçə dövlətin xüsusi xdimət qurumları görə bilir. Bu, gələcək üçün çox təhlükəli strategiyadır. Hazırda Rusiya, Türkiyə kimi Azərbaycanı da əsasən, ölkədən Yaxın Şərqə terrorçu qrupların tərkibində vuruşan və ya onlara qoşulmaq üçün gedə bilən, yaxud oradan qayıdan şəxslər maraqlandırır. Avropadakı miqrant “küləyi” ilə dünyaya yayılan İŞİD toxumları isə diqqətdən kənarda qalıb…
Məşhur Amerika siyasi analitiki Skot Atran hesab edir ki, İŞİD geriyəaxını gücləndirmək üçün eyni zamanda, Avropada qeyri-müsəlmanları müsəlmanlarla ixtilafa təhrik etmək istəyir. “Onlar müsəlmanlara qarşı ifrat reaksiyanın terroru artıracağını və beləliklə, müsəlmanları cihad düşərgələrinə qoşulub-qoşulmamaq arasında seçim etmək məcburiyyətində qalacağını düşünür. İŞİD strateqlərinin fikrincə, Parisdə baş verən son hücumda bu məqsədə nail olunub. Avropada müsəlmanlara qarşı kəskin reaksiya Qərbin Yaxın Şərqdə hərbi əməliyyatları artırmasına və İŞİD-in bundan yararlanmasına gətirib çıxaracaq”. “Bu, xaosu idarəetmə, yaratmaq və dəstəkləmək üçün əsas strateqiyadır,” – deyə analitik əlavə edir.
Avropa İslahatları Mərkəzinin direktoru Çarls Qrant isə deyir ki, antimiqrant siyasətçilər və “İslam Dövləti” qrupu arasında ortaq maraq mövcuddur; məsələn, “millitanlar Fransa Xalq Cəbhəsi Partiyasının lideri Marine Le Pen kimi sağçı siyasətçiləri təxribata çəkmək istəyirlər. Belə ki, terror aktının ardınca ultrasağçılar Fransada məscidlərin bağlanmasına çağırıblar. “İslamçıları ölkədən çıxarın!” şüarları ilə etiraz edən nümayişçilərə Lille şəhərində polis nəzarət etməyə çalışırdı. İŞİD Marine Le Penin daha güclü olmasını istəyir. Onlar sağçıların məscidlərə hücum etmələrini istəyir. Çünki nə qədər çox müsəlman təqibə məruz qalarsa, bir o qədəri silaha sarılıb, Qərbdə və Şərqdə mübarizəyə başlayacaq”.

Türkiyədə 300-dən çox “yatmış” İŞİD hücrəsi var…

Avropada gedən son miqrant xaosu artıq neçə aydır ki, İŞİD-lə faktiki müharibə vəziyyətində olan Türkiyə üçün daha irimiqyaslı təhlükələr yarada bilər. Ankara Dairə İstihbarat Başkanlıığının 20 oktyabr 2015-ci il tarixində yaydığı məlumata görə, Türkiyədə 4300 İŞİD mənsubu var. Onlardan 200-ə yaxını son terror olayları ərəfəsində fəaliyyətə keçib. Qalan 4100 potensial terrorçu isə “yatmış” hücrələrdə uyuyur. Və fəaliiyyətə keçmək üçün siqnal gözləyir. Bundan cəmi 5 gün öncə isə MHP-nin İqdırdan olan əski millət vəkili Sinan Oğan milliyyət.com-a açıqlamasında hazırda İŞİD-in Türkiyədə 300-dən çox “uyuyan hücrə”si olduğunu vurğulamışdı. Elə həmin S.Oğan hələ 2014-cü il mayın 5-də eyni sayta müsahibəsində “…İŞİD-in Türkiyənin də başına bəla olacağına” diqqət çəkərək belə demişdi: “İŞİD”in Türkiyədə uyuyan hücrələri var. Adam bərbərdir, satıcıdır, qəssabdır, işinde-gücündədir, amma bir mesaja qədər. Terror təlimatı gələndə bir anda canlı bombaya, terrrorçuya dönə bilir”. 2015-ci ilin yayından bəri ölkədə törədilmiş dəhşətli terror aktları keçmiş deputatın dediklərini təsdiqlədi.
Əgər MİT kimi bir əsrə yaxın yaşı olan təhlükəsizlik xidməti ola-ola Türkiyədə, azı, 4300 İŞİD-çi varsa, onda biz bu barədə ciddi düşünməliyik. Azərbaycanın qardaş ölkə ilə cəmi 11 km sərhədi olsa da, İŞİD yetkililəri digər istiqamətlərdən keçib ölkəyə sıza bilərlər. Eləcə də yuxarıda xatırlatdığımız Avropadan “əks miqrant axını” da vətənimiz üçün də strateji təhlükədir.

“Azərbaycana gedən-gələn “İŞİD xətti” qapanıbmı?

Keçmiş MTN polkovniki, AMEA İnsan Haqları İnstitutunun departament rəhbəri, professor Rövşən Novruzoğlu da hesab edir ki, Nardaran olayları fonunda ayrl-ayrı dini-təkfirçi qrupların, vəhhabilərin və xüsusən İŞİD-çilərin fəallaşa bilməsi ehtimalı diqqət mərkəzində saxlanmalıdır. MM-də dini ekstremizmə qarşı qanuna və s. sahələrdə dəyişikliklərə baxılması təqdirəlayiq addımdır. Amma hələ də konkret suallar cavab gözləyir: “Azərbaycanda İŞİD-in bu və ya digər formada şəbəkələri varmı? Azərbaycandan gedən və gələn “İŞİD xətti” qapanıbmı, yoxsa hələ də fəaliyyətdədir? Hazırda, əsasən, Türkiyə vasitəsilə Suriya və İraqa döyüşməyə gedən azərbaycanlıların sayı artıbmı-azalıbmı? Onları saxta sənədlərlə təmin edərək Yaxın Şərqə getməsinə şərait yaradan kimlərdir? Və s.”.
Keçmiş təhlükəsizlik zabitinin verdiyi məlumata görə, hazırda İŞİD-ə 56 məşhur terror təşkilatı qoşulub. “22 qrup Azərbaycanı öz fəaliyyət xəritəsinə daxil edib. Onlardan 8-i ölkəmiz istiqamətində fəaliyyətdə aktivdir. Qalanları isə perspektivdə Azərbaycanla “məşğul olmağı” planlaşdırırlar. Azərbaycan İŞİD-ə yanacaq resursları ilə zəngin bir region kimi də vacibdir. Odur ki, burada tədricən xaos yaratmağa cəhd edirlər. Şükürlər olsun, dövlətimiz hələ ki bu təhlükənin qarşısını almaqda özündə güc tapa bilir”.
Professor R.Novruzoğlu hesab edir ki, İŞİD kimi terror qruplarının Azərbaycana müdaxiləsinin qarşısını almaq üçün dövlət yanında Milli Təhlükəsizlik, Din və İnsan Resursları Elmi Tədqiqat Mərkəzi kimi bir institut yaradılmalıdır. “Əks halda, Nardarandakı tipli olaylar yenə də təkrarlana bilər. Dini ekstremizmə qarşı mübarizəyə yalnız təhlükəsizlik və güc strukturları deyil, alimlər, nüfuzlu din adamları, ziyalılar başda olmaqla bütün cəmiyyət cəlb edilməlidir”.
“Avropadan geri dönəcək “qaçqın” İŞİD-çilərinin hesabına Azərbaycanda “yatmış” İŞİD hücrələrinin formalaşması mümkündürmü” sualını isə sabiq MTN polkovniki belə cavablandırdı: “Bu proses tamamilə mümkündür. Digər tərəfdən, Avropada belə bir fikir yaranıb ki, qaçqınların xeyli hissəsini Qafqaz və Orta Asiya ölkələrinə yönəltsinlər. Bu, çox təhlükəlidir. Bizdə olan məlumata görə, İŞİD-in 42 ölkədə kəşfiyyat və əks-kəşfiyyat strukturları formalaşıb. Artıq onlar həmin ölkələrin təhlüksizlik qurumlarına da sızmağa başlayıblar. Bu gün Rusiya, Türkiyə kimi dövlətlərin xüsusi xidmət strukturlarında da İŞİD-çilər kök salmaqdadırlar. Eləcə də Özbəkistan, Tacikistan, Qazaxıstan, Qızrğızıstan və s. ölkələrdə də “oturublar”. Sözsüz ki, bu terrorçular Azərbaycanın təhlükəsizlik orqanlarına sızmağa cəhd edirlər. Bunları təmizləməyin yolu yalnız dövlət qurumları ilə xalqların öz gücünü birləşdirməsindədir. Odur ki, hər birimiz ayıq-sayıqlığımızı itirmədən dövlətimizin yanında olmalıyıq…”.

 Sultan Laçın

Həmçinin oxuyun

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəsissəsini bazara çevirib

Son illər Penitensiar Xidmət sahəsində bəlli dəyişikliklərin şahidi olmaqdayıq. Müasir cəzaçəkmə müəssisələrinin tikiilərək istifadəyə verilməsi, …

Bir cavab yazın