Bazar ertəsi , Yanvar 25 2021
Ana səhifə / Gündəm / İlqar Məmmədovun həbsdən buraxılmamasının sirri…

İlqar Məmmədovun həbsdən buraxılmamasının sirri…

Rəsul Cəfərov: “Onun orada saxlanılması iki məsələdən xəbər verir”; Mirvari Qəhrəmanlı: “Bu, Azərbaycanın imicinə ciddi bir zərbədir”

Həbsdə olan REAL sədri İlqar Məmmədovun noyabrın 18-də Ali Məhkəmədə kasasiya şikayətinin də təmin olunmaması, onun yenə də məhbus həyatına davam etməsi müzakirələrə yol açıb. Prosesdən öncə vicdan məhbusunun azadlığa çıxacağına ümidlər böyük idi. Lakin Əli Seyfəliyevin başçılıq etdiyi hakimlər heyəti ümidləri puça çıxardı. 
 
Hakimiyyətin REAL sədri ilə bağlı barışmazlığı sezilməkdədir.  O, cəzasının yarıdan çoxunu geridə qoyub, Avropa İnsan Haqları Məhkəməsi barəsində azadlığa buraxılmaqla bağlı 6 qərar verib. Həmçinin eyni iş üzrə həbs edilən digər şəxslər azad edilib. Belə bir durumda onun həbsdə saxlanılması bir çox suallar yaradıb. REAL sədrinin əfv müraciəti yazmadığı üçün həbsdə qaldığı əsas gətirilir, amma nəzərə alanda ki, onunla bərabər həbs edilən Müsavat başqanının müavini Tofiq Yaqublu bu ilin martındakı Novruz əfvi ilə azadlığa buraxılıb, sadəcə, bu amil müəmmalar yaradır.
 
REAL-ın İdarə Heyətinin üzvü Rəsul Cəfərov İ.Məmmədovun həbsdə saxlanılmasının səbəblərindən danışdı: “Məhkəmədən öncə xoşniyyətli gözlənti var idi. Çünki İntiqam Əliyev və Xədicə İsmayıl Ali Məhkəmənin qərarları ilə azad olunmuşdular. Hətta Xədicə İsmayılın işindəki hakimlər tərkibi İlqar Məmmədovun işində idi. Amma nə İlqar tərəfdən, nə də REAL hərəkatı olaraq biz tərəfdən gözləntiləri ifadə edəcək heç bir şey yox idi. İlqarın həbsdə saxlanılması əsas iki məsələdən xəbər verir. Öncəliklə İlqarın azadlığa çıxdıqdan sonra rəhbərlik etdiyi hərəkatın daha da genişlənəcəyindən, proseslərdə aktiv şəkildə iştirak edəcəyindən çəkinti var. Açıq şəkildə bunu istəmədikləri görünür. Digər tərəfdən, görünür, bu, İlqarın öz statusuna görə həyata keçirilir. Həbs olunmamışdan əvvəl və həbsdə olduğu 4 il ərzində hər zaman deyib ki, dövləti idarəetmənin başqa formalarını, özünü və komandasını bu idarəetmənin başında görür. Düşünürəm ki, bu amil də onun azadlığa çıxmasına mane olur. Hər iki məsələ tamamilə qanunidir. Bu mövqelərin hansısa birində qanunsuzluq olsaydı, haradasa iqtidarın mövqeyini başa düşmək olardı. Amma açıq şəkildə görünür ki, hakimiyyət onu sırf siyasi rəqib kimi görür. Bunun nəticəsində beynəlxalq hüquq normalarını pozaraq, onu həbsdə saxlamaqda davam edir”.
Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı REAL sədrinin həbsdə saxlanılmasının səhv addım olduğunu qeyd etdi: “Bu, Azərbaycanın öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsidir və bu da ölkə imicinə ciddi bir zərbədir. Hakimiyyətin İlqar Məmmədovdan çəkinməsi haqda deyilənlər, onun siyasi tərəfdaşlarının rəyidir. Onun azadlığa buraxılması isə rəhbərlik etdiyi hərəkatın inkişafı ola bilər. Hüquq müdafiəçisi olaraq düşünürəm ki, Azərbaycan hakimiyyəti Avropa Məhkəməsinin qərarlarına hörmətlə yanaşıb İlqar Məmmədovu azadlığa buraxmalıdır”.

Həmçinin oxuyun

Təhsil naziri kimdən kimə şikayət edir?

“Biz sual verməliyik – necə oldu ki, bu adam direktor oldu? Səmimi deyirəm – bu, …

Bir cavab yazın