Şənbə , Oktyabr 24 2020
Ana səhifə / Gündəm / İlham Əliyev 2018-ci il seçkilərinə yenilənmiş komanda ilə gedir

İlham Əliyev 2018-ci il seçkilərinə yenilənmiş komanda ilə gedir

Prezident İlham Əliyev Nazirlər Kabinetinin əvvəlki iclaslarında dəfələrlə ciddi mesajlarla çıxış edərək bir-birini təkrarlayan qurumların ləğv ediləcəyi anonsunu verib. Elə həmin anonslardan sonra hökumətdə ciddi struktur dəyişiklikləri aparıldı. Bir sıra yeni və strateji qurumlar yaradılarkən, bəziləri də ləğv edilərək digərlərinə birləşdirildi. Sonuncu optimallaşdırma siyasəti Nəqliyyat Nazirliyinin ləğv edilərək Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması, Dövlət Dəniz Administrasiyası və Mülki Aviasiya Administrasiyasının bu nazirliyin tabeliyinə verilməsilə nəticələndi.

Ölkə başçısının növbədənkənar prezident seçkilərinin keçirilməsilə bağlı imzaladığı sərəncamla bütün diqqət yeni komandanın tərkibində hansı dəyişikliklərin olacağına, struktur islahatlarının hansı istiqamətdə aparılacağına yönəlib.

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Təhlükəsizlik, müdafiə və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc deyib ki, hökumətin hazırkı fəaliyyətinin əsas istiqamətləri kimi ilk növbədə funksionallıq, məsuliyyət və soyuqqanlılıq seçilib:

“Belə bir şəraitdə struktur islahatlarını davam etdirmədən istəklərə nail olmaq qeyri-mümkündür”.

Deputat bildirib ki, ötən dövr ərzində islahatları hansısa qurumların ləğvi, yaxud birləşdirilməsi kimi qəbul etməməliyik:

“Əks təqdirdə bu, məsələyə çox bəsit yanaşma olardı. Bir çox qurumlarda təşkilati idarəetmə forması dəyişdirilir, onlar publik hüquqi şəxslərə çevrilir. Bu o deməkdir ki, bazar iqtisadiyyatı şəraitində öz yaşarlığını təmin edə bilməyən, cəmiyyətə göstərdiyi xidmətlərə görə vəsaitləri öz büdcəsinə daxil etmədən fəaliyyətdə olmaq çox çətindir və əslində heç düzgün də deyil. Doğrudur, elə təsisatlar, qurumlar mövcuddur ki, onlar fərqli meyarlar əsasında çalışırlar və bununla bağlı sırf gündəlik ödəmələr, servis xidmətləri, hansısa rüsumlar və yaxud da başqa ödənişlər mövcud deyil. Tibb, yaxud təhsil sahəsi üçün bunu qeyd edə bilərik. Amma onların da nə qədər böyük missiyanı daşıdığını da bilməkdəyik. Lakin xüsusilə dövlət şirkətləri, müxtəlif konsernlər, qurumlar, onlarla paralellik təşkil edən komitələr, nazirliklərin bir sıra ayrı-ayrı sahələrdəki funksiyaları, digər eyni səlahiyyətləri daşımaqla təkrara yol verməklə bir tərəfdən əlavə bürokratik yük yaradır, digər tərəfdən əlavə məsrəflər və yükə çevrilir.

Bəzən insanlar bu prosesdən keçmək üçün sanki dolambacın içərisində hərəkət etməlidirlər. Əslində isə qurumlar, şirkətlər, ayrı-ayrı təsisatlar yalnız rəqabət şəraitində, yaxşı menecerliklə vəsait qazanmalı idilər. İndiki reallıqda isə hər il hökumətin parlamentə təqdim etdiyi büdcəni ödəmiş olurlar”.


Deputat qeyd edib ki, optimallaşdırma siyasəti aparılan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin özünün də funksional istiqamətində, strukturlarında dəyişikliklər olmalıdır:

“Hər bir halda bunu deməliyik ki, ölkə başçısı son üç il ərzində hökumətdə çox böyük dəyişikliklər etdi. Prezident İlham Əliyev 2018-ci il seçkilərinə yenilənmiş komanda ilə gedir. Bunun formalaşmasının prinsipləri hər kəsə bəllidir. Burada peşəkarlıq keyfiyyətləri, şəffaflıq qurumların üzərinə qoyulmuş vəzifələrin zamanında yerinə yetirilməsi, aşkarlıq, məsuliyyətlilik və s.-dir. Bir halda görünən mənzərə ondan ibarətidir ki, cəmiyyətdə gözünü döyən, onun hər hansı şəkildə narazılığına səbəb olan məmur obrazları qat-qat aşağıdır. Bu, həqiqətdir. Ölkə rəhbərinin dediyi kimi, burada yalnız kimlərisə istefaya göndərmək, cəzalandırmaq deyil, daha artıq dərəcədə instutsional tədbirlər həyata keçirmək kursu prioritetlik təşkil edir. Mənim anlamımda 10 milyonluq əhali üçün məmurların da ümumi, dəqiq kvotası müəyyənləşdirilməlidir. Bilməliyik ki, filan sayda insana nə qədər nominklatur şəxs xidmət etməlidir. Bu normanı qətiyyən aşmaq olmaz. Çünki özlüyündə çox mənfi tendensiyalar yaradır.

Mən düşünürəm ki, prezident İlham Əliyevin son dövr yaratdığı qurumları nəzərdə tutub “izafi xərcləmələrə gedirik” deyənlər unudur ki, o sahələrdə həqiqətən də zəruri tədbirlərin görülməsinə ehtiyac var. Qida təhlükəsizliyi doğrudan da səngərdən, müdafiədən az əhəmiyyətli məsələdir? Qətiyyən! Bilirik k, hibrid müharibələr ərzaq, ticari, ekoloji və s. xarakterdə davam edir. Ona görə də belə qəbul etməliyik ki, əslində hökumət optimallaşdırılıb, səlahiyyətlər yetərincə öz real vəzifələrinə uyğunlaşdırılıb. Əminəm ki, proses bununla bərabər davam etməkdədir. Ölkə başçısının sonuncu müşavirədə verdiyi mesajlar bu qənaəti möhkəmləndirir”.

Həmçinin oxuyun

Prezident bu ərazilərimizin işğaldan azad edildiyini açıqladı – SİYAHI

Prezident İlham Əliyev Ordumuzun işğaldan azad etdiyi növbəti ərazilərimizi açıqlayıb. Prezident “Tvitter”də paylaşım edib: “Müzəffər …