Ana səhifə / Gündəm / İlahə Zeynalova xəstəxanada niyə və necə öldü …

İlahə Zeynalova xəstəxanada niyə və necə öldü …

Özəl klinikalardan birində burun əməliyyatı zamanı dünyasını dəyişən 18 yaşlı Leyla Mürsəlovanın həkim səhlənkarlığı nəticəsində dünyasını dəyişməsi barədə məlumat vermişdik. Anoloji hadisə Rusiyanın Tümen vilayətində azərbaycanlı ailənin də başına gəlib. İyirmi gün ərzində dörd dəfə əməliyyat olunan 47 yaşlı İlahə Zeynalovada sonuncu əməliyyat zamanı kəskin ürək çatışmazlığı yaranıb və bu xəstənin ölümünə səbəb olub. Hazırda ölüm faktı ilə bağlı cinayət işi qaldırılıb və həkim məhkəmə qarşısına çıxarılıb. Bu barədə bir qədər sonra…

Ötən ilin sentyabr ayının 24-də Rusiyanın Tümen vilayətinin Xantı-Mansiysk Muxtar Dairəsi Nefteyuqansk şəhər sakini cərahiyyə əməliyyatından sonra dünyasını dəyişib. Yatskiv adına xəstəxanada əməliyyat olunan qadında peritonit yaranıb və kəskin ürək çatışmamazlığı ölümə səbəb olub.

Virtualaz.org Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə mərhumun həyat yoldaşı Babək Zeynalov mətbuata müraciət edib. O, hadisəni bu cür nəql edir: “Həyat yoldaşım İlahə Zeynalova sentyabrın 5-də kəskin menstruasiya qanaxmasıyla əlaqədar xəstəxanaya müraciət etdi. Müalicənin gedişatı zamanı, sentyabrın 13-də qanaxma dayandı, amma iki gün sonra yenidən başladı. Növbəti gün isə İlahəni əməliyyat etdilər”,

B.Zeynalov deyir ki, əməliyyatdan sonra həkim əməliyyatın müvəffəqiyyətlə keçməsinə onları inandırmağa çalışsa da, həyat yoldaşının vəziyyəti getdikcə pisləşib. Vəziyyətin kritik həddə çatdığını görən B.Zeynalov həkimlərdən həyat yoldaşını başqa xəstəxanaya köçürməyi xahiş edib. Amma həkimlər onun dediklərinə əhəmiyyət verməyiblər.

Qadının qarın nahiyyəsində kəskin ağrılar yaranıb.

B.Zeynalov: “İlahə ilə eyni palatada müalicə olunan qız danışır ki, gecə saatlarında həyat yoldaşımın ağrıları daha da şiddətlənəndə həkimləri və tibb bacılarını köməyə çağırırmış. Görəndə ki, ona kömək edən olmayacaq, dünyasını çoxdan dəyişən anasını səsləyirmiş”.

Növbəti dəfə sentyabrın 22-də həyat yoldaşına baş çəkməyə gələn B.Zeynalov onu palatada tapmayıb. İlahənin təcili olaraq təkrar əməliyyat olunduğunu, uşaqlığını götürdüklərini öyrənib. O gündən sonra B.Zeynalov İlahəni bir daha görməyib.

Əməliyyatdan sonra İlahəni reanimasiyaya yerləşdiriblər. B.Zeynalov yalnız telefon vasitəsilə həkimlərdən İlahənin vəziyyəti ilə maraqlana bilib. Hər dəfə də həkimlər ona “vəziyyəti stabildir” deyə cavab veriblər.

Sentyabırn 24-də həkimlər heç bir xəbərdarlıq və yaxınlarının razı olmadan İlahə Zeynalovanı yenidən əməliyyat ediblər: “İlahənin əməliyyat masasında olduğunu öyrənib yuxarı qalxdım, əməliyyatın sonunu gözlədim. Reanimasiya palatasında aparanda İlahənin yarımcan olduğunu öz gözlərimlə gördüm. Bu, 20 gün ərzində İlahənin dördüncü əməliyyatı idi. İlahənin vəziyyəti barədə dəqiq məlumat ala bilmirdim, həkim telefonunu söndürmüşdü”.

Təxminən bir saatdan sonra həkimlər B.Zeynalova qəflətən İlahənin ürəyinin dayandığını deyiblər. Həkimlər 55 dəqiqə ərzində ürəyin fəaliyyətini bərpa etmək istəsələr də, xeyri olmayıb.

“Bilmək istəyirəm ki, əməliyyat zamanı nəyi düz etməyiblər? Axı İlahə xəstəxanaya qanaxmayla müraciət etmişdi. Qanı saxlamaq üçün başqa müalicə üsulu yox idimi? Nəyə görə onda irinli-krupoz peritonit çıxdı? Nəyə görə onu bir neçə dəfə əməliyyat etdilər? Ümumiyyətlə, mənim yoldaşım nəyə görə öldü? Hansı səbəbdən polis cinayət işi qaldırmaqdan imtina etdi? Niyə həkimlər özləri də etiraf etdilər ki, sağalda bilmirlər? Belə olan halda yoldaşımı başqa xəstəxanaya – Xantı-Mansiyskə göndərmək olmazdımı?”- ümidi hər yerdən üzülən B.Zeynalov suallara cavab tapmağa çalışır.

Yerli mətbuatın verdiyi xəbərə görə, İlahənin öldüyü xəstəxanaya baş çəkən jurnalistlərə baş həkimin müavini Maksim Koroçkinanın cavabı çox qısa olub: “İş istintaqdadır. Məsələ onların səlahiyyətindədir”.

“O, xəstəxanaya ona görə getdi ki, yaşamaq istəyirdi. Amma orada onun həyatını əlindən aldılar. Mən onsuz həyatı təsəvvür etmirəm. Bizim üç övladımız var”, – B.Zeynalov əlavə edib.

Məlumat üçün bildirək ki, xəstəxanada baş vermis ölüm hadisəsi ilə bağlı Nefteyuqansk rayon prokurorluğunda cinayət işi başlanıb. Prokuror ittihamnaməni məhkəməyə təqdim edib. Həkim ehtiyatsızlıqdan adam öldürmə maddəsi ilə ittiham olunur.

Nefteyuqansk müstəntiqləri aydınlaşdırıblar ki, ölümə səbəb həkimin öz vəzifəsini lazımi dərəcədə icra edə bilməməsi olub.

İlahə Zeynalovanı əməliyyat edən həkim barədə ittiham hökmü çıxarılarsa, onu 3 il azadlıqdan məhrum etmə və 3 il müddətinə həkimlik fəaliyyəti ilə məşğul olmaqdan məhrum edilmə cəzası gözləyir.

Həmçinin oxuyun

Ermənilər Qazaxla sərhəddən getmək istəmirlər – VİDEO

Azadlıq Radiosu Qazaxla sərhəddə yerləşən erməni kəndindən (Vosgepar) reportaj hazırlayıb.  Reportajda yerli erməni sakinlər yaranmış …

Bir cavab yazın