Ana səhifə / Gündəm / Hesablama Palatası Ekologiya Nazirliyində hansı  nöqsanı aşkar edib? – Nazirlik isə belə olmadığını deyir…

Hesablama Palatası Ekologiya Nazirliyində hansı  nöqsanı aşkar edib? – Nazirlik isə belə olmadığını deyir…

Azərbaycan Hesablama Palatasının Kollegiya iclasında mövcud qanunvericiliyin tələbinə uyğun olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən geoloji-kəşfiyyat və topoqrafiya-geodeziya axtarış işlərinə yönəldilmiş vəsaitlərin istifadəsinə dair auditin nəticələri haqqında hesabat təsdiq olunub.
Palatadan Trend-ə verilən məlumata görə, audit 2014-2015-ci illərdə Milli Geoloji Kəşfiyyat Xidməti, Abşeron-Qobustan və Xəzəryanı Geoloji Axtarış Ekspedisiyası, Baş Qafqaz Geoloji Axtarış Ekspedisiyası, Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyası, Kiçik Qafqaz Geoloji Axtarış Ekspedisiyası, Faydalı Qazıntıların Operativ Kəşfiyyatı Ekspedisiyası, Mineral Xammal Elmi Tədqiqat İnstitutu, Geoekoloji Monitorinq Mərkəzi, Nüvə Geofiziki Tədqiqatlar Mərkəzi, Geoloji Planalma Ekspedisiyası və Ətraf Mühit və Təbii Sərvətlər üzrə Dövlət İnformasiya-Arxiv Fondu tərəfindən istifadə olunan ümumilikdə 13360,2 min manat vəsaiti əhatə edib.
Müəyyən edilib ki, nazirlik tərəfindən (2001-ci ildə) hüquqi şəxs statuslu dövlət orqanı kimi yaradılan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidməti və bu Xidmətin hüquqi şəxs statuslu qurumu kimi yaradılan 10 qurumun dövlət qeydiyyatına alınması təmin edilməyib, proqnoz göstəricilərinin tərtibi zamanı gözlənilən xərclərin və tələb olunan vəsaitin həcmi üzrə müvafiq hesablamalar aparılımadan keçən ilin faktiki xərclərini təqribi artırılmaqla büdcə təklifləri hazırlanıb.
Dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilən geoloji-kəşfiyyat işləri üzrə vəsait ayrıldıqdan sonra 2014-cü il üçün dövlət sifarişi həmin ilin aprel ayında, 2015-ci il üçün isə həmin ilin mart ayında təsdiq edilib, 2014-cü ilin Dövlət Sifarişində “Seysmoaktiv zonaların seysmogeodinamik şəraitinin öyrənilməsi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə palçıq vulkanlarında müşahidə işlərinin aparılması”na dair geoloji işlər nəzərdə tutulsa da, həmin işlər Xidmətin “Obyektlər Planı”na daxil edilməyərək icra olunmayıb, “Obyektlər Planı”nda nəzərdə tutulan bəzi obyektlər üzrə layihənin smeta dəyəri, hər ilin başlanğıcına qalıq smeta dəyəri, yekun hesabatın Elmi-Texniki Şuraya təqdim olunma tarixi göstərilməyib, radioaktivlik xəritəsinin tərtibi üzrə geoloji-kəşfiyyat işlərinin yerinə yetirilməsi haqqında aktlarda nüvə geofiziki axtarış işlərinin respublikanın hansı ərazisində yerinə yetirildiyi qeyd edilməyib, bəzi hallarda başa çatdırılmış işlərə çəkilən məsrəflərin hesabatdan silinmə dövrü ilə hesabatın Arxiv Fonduna təhvil verilmə dövrü arasında uyğunsuzluqlar mövcud olub, başa çatdırılan geoloji-kəşfiyyat işləri üzrə hesabatlar Arxiv Fonduna təhvil verilsə də, həmin işlərə çəkilən məsrəflərin ekspedisiyaların mühasibat hesabatlarından vaxtında silinməməsi səbəbindən hesabatlarda nöqsanlara yol verilib.
Dövlət sifarişinin müvafiq bəndində xüsusi geoloji təyinatlı əsas vəsaitlərin, komplektləşdirilmə məmulatlarının və xüsusi materialların alınması üçün vəsait nəzərdə tutulduğu və həmin vəsait hesabına Xidmət tərəfindən mərkəzləşdirilmiş qaydada tələb olunan əsas vəsaitlər, məmulat və materiallar ilə ekspedisiyalar əvəzsiz qaydada təmin edildiyi halda, ekspedisiyalar tərəfindən onlara ayrılmış vəsaitin təyinatı dəyişdirilərək xüsusi təyinatlı əsas vəsaitlərin, komplektləşdirilmə məmulatlarının və digər bu kimi material ehtiyatlarının alınmasına yönəldilib, ekspedisiyalar tərəfindən bəzi obyektlərin layihə-smeta sənədlərində xərc elementləri üzrə (əmək haqqı, material ehtiyatları, nəqliyyat və s. xərclər) norma kimi müəyyən edilən məbləğ ilə geoloji-axtarış və qiymətləndirmə işlərinin aprılmasına çəkilən faktiki xərclərin məbləği fərqli olub.
Geoloji-kəşfiyyat və topogeodeziya-axtarış işlərinin aparılmasını tənzimləyən normativ-hüquqi aktların qəbulu istiqamətində tədbirlər həyata keçirilməyib, normativ-hüquqi akt qəbul etmək hüququ olmayan nazirliyin Layihələndirmə Mərkəzi tərəfindən təsdiq edilmiş “Geoloji-kəşfiyyat işlərində iş vahidinə əmək sərfi norması və smeta qiymətləri Toplusu”na əsasən müəyyən olunub, eyni zamanda Mərkəz tərəfindən əsaslandırma aparılmadan əmək haqqı xərclərinin 15%-i həcmində xidmət haqqı yerinə yetirilmiş işlərə çəkilən əsas xərclərin tərkibinə daxil edilib.
Hesablama Palatasının Kollegiya iclasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidməti tərəfindən yol verilmiş nöqsanların əsasən audit zamanı aradan qaldırıldığı nəzərə almaqla qərar qəbul edib, müəyyən edilmiş digər nöqsan və çatışmazlıqların qısa müddət ərzində aradan qaldırılması və bu istiqamətdə görülmüş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə qərarın surəti Ekologiya və Təbii Sərvətlər Nazirliyinə göndərilib.
Auditin nəticələri barədə Milli Məclisə məlumat təqdim edilib.

****

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) bəzi KİV-lərdə Hesablama Palatasının nazirliyin bir neçə qurumunda apardığı yoxlamaların nəticələri barədə yayılmış xəbərlərə rəsmi münasibət bildirib.

Nazirliyin mətbuat xidmətindən  verilən məlumaat görə, 2016-cı ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bir neçə qurumunda Hesablama Palatası tərəfindən planauyğun olaraq növbəti audit yoxlaması keçirilib. 2014-2016-cı illəri əhatə edən audit yoxlaması zamanı Nazirliyin bir sıra tabeli qurumlarında maliyyə-təsərrüfat fəaliyyəti nəzərdən keçirilib, mühasibat uçotu qaydaları yoxlanılıb:

“Aparılan auditin nəticələrinə görə, maliyyə pozuntusu faktı qeydə alınmayıb, bəzi xırda qüsurlar müşahidə edilib, bununla bağlı Palata tərəfindən yoxlama aparılan qurumlara göstəriş xarakterli tövsiyələr verilib və həmin qüsurlar yoxlamanın gedişində aradan qaldırılıb.

Müəyyən olunan qüsurlar aradan qaldırılması asan olan, dövlətə ziyan vurulmaqla müşayiət edilməyən, təcrübəsizlikdən, qaydaların aydın olmamasından irəli gələn uyğunsuzluqlar olduğundan yoxlamalar nəticəsində heç bir məsul şəxs rəsmi qaydada cəzalandırılmayıb.

Məsələn, Milli Geoloji Kəşfiyyat Xidmətində qeydə alınan qüsurlardan biri başa çatdırılan geoloji-kəşfiyyat işləri üzrə hesabatların vaxtında Arxiv Fonduna təhvil verilməməsi ilə bağlı uyğunsuzluqdan ibarətdir. Daha açıq şəkildə və qeyri-maliyyə dili ilə desək, bu o deməkdir ki, nəticələr istənilən dövlət və özəl qurum üçün hazır vəziyyətdədir, lakin onu təhvil verərkən mühasibat uçotunda müvafiq qeyd aparılmayıb (bu, ona bərabərdir ki, biri aldığı borcu qaytarıb, borcu qaytarılan adam bunu bilir, özündə qeyd edib, lakin borcu qaytaran isə öz dəftərində bunun qeydiyyatını aparmayıb).

Yaxud bəzi ekspedisiyalar tərəfindən Milli Mühasibat Uçotu Standartlarına uyğun maliyyə hesabatları tərtib edilməməsi irad tutulub. Belə xırda qüsur və nöqsanlar olduğundan Hesablama Palatası Milli Geoloji Kəşfiyyat Xidməti tərəfindən yol verilmiş nöqsanların əsasən audit zamanı aradan qaldırıldığını nəzərə almaqla Qərar qəbul edib və müəyyən edilmiş digər xırda nöqsan və çatışmazlıqların qısa müddət ərzində aradan qaldırılmasına göstəriş verib.

Meşələrin İnkişafı Departamentində də aparılan audit yoxlamada təxminən eyni qəbildən qüsurların aşkarlanıb.

Məsələn, əmək haqqı hesablanarkən bir neçə əməkdaşın əmək haqqından ümumilikdə 290 manat məbləğındə gəlir vergisinin səhvən tutulmadığı müəyyən edilib. Bu da xırda nöqsan kimi qeydə alınıb və həmin vəsaitin büdcəyə qaytarılması təmin olunub.

Ümumiyyətlə, həyata keçirilən maliyyə-audit yoxlamalarından asılı olmayaraq, ETSN-nin bütün tabeli qurumlarında maliyyə-təsərrüfat fəaliyyəti nəzarətdədir və buna görə də bütün tabeli qurumların hamısında büdcə vəsaitlərindən səmərəli istifadə olunur və hər il xeyli miqdarda pul büdcəyə geri qaytarılır.

Ümumilikdə nazirlik tərəfindən 2014-cü ildə 3 milyon 526 min manat, 2015-ci ildə 7 milyon 794 min manat, 2016-cı ildə 4 milyon 679 min manat büdcə vəsaitinə qənaət edilərək büdcəyə geri qaytarılıb. Buna baxmayarq ETSN tərəfindən mövcud qənaətli büdcə çərçivəsində müvafiq illər üzrə qarşıya qoyulan bütün vəzifələr yerinə yetirilib, yenidənqurma işləri davamlı olaraq həyata keçirilib.

Büdcədən ayrılmış vəsaitə qənaət edilməklə yanaşı, eyni zamanda son illərdə büdcədən heç bir əlavə vəsait istənilmədən Nazirliyin cərimə və iddialardan daxil olan büdcədənkənar vəsaitləri hesabına təkcə hidrometeorologiya və ətraf mühitin monitorinqi şəbəkəsinin modernləşdirilməsi, avtomatlaşdırılması, verilən proqnozların keyfiyyətinin daha da yaxşılaşdırılması məqsədi ilə 1 milyon 465 min manatlıq avtomatlaşdırılmış meteoroloji və monitorinq stansiyaları alınaraq bütün respublika ərazisində quraşdırılıb.

Təəssüf ki, bəzi saytlarda Hesablama Palatasının Respublika miqyasında apardığı yoxlamaların nəticələri barədə yaydığı ənənəvi məlumatlar sensasiya xatirinə yanlış istiqamətdə yozulur və ya məlumatın mahiyyəti dəyişdirilərək ictimai fikirdə çaşqınlıq yaradılır. Maliyyə və mühasibat işindən anlamadan mahiyyəti yanlış istiqamətə yozanlar üçün ümid edirik ki, yuxarıda qeyd edilən məntiqi arqumentlər, faktlar və rəqəmlər yetərli olacaq”.

Azinforum.az

Həmçinin oxuyun

Daha 13 kənd işğaldan azad olundu

Müzəffər Azərbaycan Ordusu Zəngilanın Birinci Ağalı, İkinci Ağalı, Üçüncü Ağalı, Zərnəli, Füzulinin Mandılı, Cəbrayılın Qazanzəmi, …

Bir cavab yazın