Cümə , Oktyabr 30 2020
Ana səhifə / Gündəm / Hacı Məmmədovun “Mersedes” bağışladığı müğənni kimdir?

Hacı Məmmədovun “Mersedes” bağışladığı müğənni kimdir?

Adətən, kriminal qruplaşmalar idmançıları öz əhatələrində görməkdə maraqlı olurlar. Bu “marağın” ən başlıca səbəbi odur ki, idmançı fiziki baxımdan daha güclüdür, danışıqla həll oluna bilməyən məsələləri qol gücüylə yoluna qoymağa qadirdir. Amma son bir neçə ildə şou və mədəniyyət sahəsinə aid olan tanınmışlar idmançıları da “geridə qoyublar”. Belə ki, axır zamanlar şou-biznes nümayəndələrinin də adı belə söhbətlərdə çəkilir.
Modern.az adı kriminal hadisələrdə çəkilən, həmçinin həbsxana həyatı yaşayan şou nümayəndələri barədə ikinci yazını təqdim edir. Araşdırma ölkə mediasının materialları əsasında hazırlanıb.
Müğənni Tunar Rəhmanoğlu şou nümayəndələri arasında ən təmkinlilərdən olsa da, bu ilin may ayının 4-də yol polisinin keçirdiyi reyd zamanı saxlanılıb. Belə ki, sənətçi qanun keşikçilərinin tələbinə məhəl qoymayaraq idarə etdiyi avtomobilin sənədlərini inspektora təqdim etməkdən imtina edib.
Bu zaman yol polisi əməkdaşları ilə Tunar Rəhmanoğlu arasında insident yaşanıb. T.Rəhmanoğlu yol polisinə müqavimət göstərib. Hadisə yerinə gələn Post Patrul Xidməti əməkdaşları T.Rəhmanoğlunu saxlayaraq barəsində inzibati tədbir görülməsi üçün məhkəməyə aparıblar. Məhkəmənin qərarı ilə T.Rəhmanoğlu 10 sutka həbsə məhkum edilib. Məhkəmə, həmçinin onu 1 il müddətinə sürücülük hüququndan da məhrum edib. Qeyd edək ki, sənətçi mayın 15-də azadlığa buraxılıb.
Əməkdar artist Mehriban Xanlarovanı isə adının bir çox hadisələrdə, o cümlədən kriminal xarakterli məsələlərdə hallanmasına görə “Teatr aləminin Rəqsanəsi” adlandırmaq olar. Belə ki, əməkdar artistin adı bir neçə dəfə kriminal qalmaqallarda çəkilib. Sonuncu belə hadisə isə ötən ilin oktyabrında baş verib.
Həmin vaxt jurnalistlər Xanlarovanın sevgilisi tərəfindən döyüldüyünü yazmışdılar. Sənətçi isə mətbuata açıqlamasında bunları demişdi: “Kim inanmırsa, gəlib üzümə baxa bilər. “Həkimlər” serialında belə bir yer var ki, guya məni maşın vurur. Ola bilsin ki, həmin səhnəni görənlər belə bir şayiə uydurublar. Bu qədər camaatın içində məni kim döyə bilər?”
Ardınca isə Mehriban xanımın həyat yoldaşı olduğunu deyən şəxs bildirdi ki, sənətçinin ona 60 min manat borcu var. Bu dəfə də sənətçi deyilənləri təkzib elədi: ”Bu adamın başı xarabdır. Bir neçə tanınmış qadınların adından istifadə edib tanınmaq istəyir”.
Adı Daxili İşlər Nazirlyinin keçmiş baş əməliyyat müvəkkili, adam oğrusu Hacı Məmmədovla hallanan bir neçə sənətçi olub. Onlardan biri-əməkdar artist Manana Caparidzenin 2006-cı ildə Hacı Məmmədovla “Qarabulaq” istirahət mərkəzində çəkdirdiyi şəkillər yayılmışdı.
Hətta iddia olunurdu ki, Məmmədov Caparidzeyə “Mersedes” markalı avtomobil hədiyyə edib. Caparidze həmin vaxt Hacı Məmmədovla olan şəklini belə şərh etmişdi: ”Mən bir il “Qarabulaq” istirahət mərkəzində oxudum. Axırda pulumun əvəzinə həmin maşını mənə verdilər”.
Əməkdart artist Eyyub Yaqubovun Hacı Məmmədovla əlaqələrinin olmasını təsdiq edən müğənninin onunla çəkdirdiyi şəkil idi. Hətta sənətçinin narkoman olması haqda məlumatlar da yayılmışdı. Hacı Məmmədov həbs olunandan sonra o dövrün bir sıra gündəlik qəzetlərində əməkdar artistin Məmmədovla şəkilləri dərc olunsa da, Yaqubov indiyə kimi bu barədə heç nə deməyib.
Xalq artisti Aygün Kazımova isə qardaşına görə utanan sənətçilər sırasındadır. Belə ki, Kazımov Kazım Ələsgər oğlu Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə) və 178.2.4-cü (dələduzluq – xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə təqsirli bilinir.
Bakı şəhərində tikinti işləri ilə məşğul olan K. Kazımov vətəndaşlara külli miqdarda ziyan vurub. Onun bir mənzili bir neçə nəfərə sataraq, dələduzluq əməlləri törətdiyi bildirilir. İstintaqdan boyun qaçırdığı üçün məhkəmə onun barəsində axtarış elan edib. Xətai Rayon Polis İdarəsinin baş əməliyyat müvəkkili A. Süleymanovun rəhbərlik etdiyi əməliyyat qrupu onu tutaraq istintaqa təhvil verib. K.Kazımovun barəsində həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, xalq artistinin qardaşının növbəti məhkəməsi bu gün (17 may – İ.V) keçirilir.
Hacı Məmmədovun daha bir “qurbanı” xalq artisti Brilliant Dadaşovadır. Xatırlayırsınızsa, sənətçi ölkəni tərk etmək istəyərkən Bakı Hava Limanında saxlanılmışdı. Buna səbəb Dadaşovanın pasportunda özünü “cavanlaşdırması” idi.
Belə ki, həmin sənəddə müğənninin adı “Prılanta” kimi qeyd olunub və təvəllüdü 1964-cü il göstərilib. Əslində isə Brilliant Dadaşova 1959-cu ildəndir. O zaman hətta daxili işlər naziri Ramil Usubovun özü Brilliant xanımın olayı ilə bağlı mətbuata açıqlama vermişdi.
Xumar Qədimova isə 2008-ci ildə bir deputat oğlu ilə məhkəmə qalmaqalı yaşayıb. Bakı şəhər sakini Emin Əmirova qarşı açılmış cinayət işi haqda həmin dövrdə mətbuatda gedən yazıdan sitat: “E.Əmirov BƏƏ-nin Dubay şəhərindən telefon gətirərək, burada satışı ilə məşğul olub. E.Əmirov vətəndaşların etibarından sui-istifadə edərək, 14 milyon manat pul mənimsəyib. Millət vəkili Fərhad Qəribovun oğlu, “Debütbank”ın Müşahidə Şurasının sədri Rəşad Qəribov və İlqar adlı iş adamı zərərçəkmiş şəxs qismində məhkəməyə dəvət olunsalar da, prosesə gəlməyiblər. Bundan əlavə, prosesdə zərərçəkmiş şəxslərdən birinin hüquqi nümayəndəsi E.Əmirovun müğənni Xumar Qədimovaya 280 min manata mənzil aldığını deyib. Lakin təqsirləndirilən şəxs onun bu sözlərini təkzib edib”.
Müğənninin bacısı Mətanət Qədimova isə mediaya açıqlamasında bildirib ki, Emin Əmirov adlı şəxsi tanımırlar və məhkəmədə deyilənlər uydurmadır: “Ancaq Xumar Qədimova tanınmış müğənnidir, evdə oturduğu vaxt pərəstişkarlarından kimsə ona avtomobilin açarını da göndərə bilər. Biz ona deyə bilmərik ki, sən dələduzsan…”

Həmçinin oxuyun

Daha 13 kənd işğaldan azad olundu

Müzəffər Azərbaycan Ordusu Zəngilanın Birinci Ağalı, İkinci Ağalı, Üçüncü Ağalı, Zərnəli, Füzulinin Mandılı, Cəbrayılın Qazanzəmi, …

Bir cavab yazın