Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Gündəm / Həcc ziyarətində xərclənən milyardlar…

Həcc ziyarətində xərclənən milyardlar…

Həcc mərasimi zamanı baş verənlər İslam dininin müqəddəs ziyarəti və bununla bağlı məsələrə dünyanın diqqətini artırıb. Həcc ziyarətini təşkili ilə bağlı ortaya çıxan neqativlər, xüsusən də bu il baş verən faciəvi hadisələr mövzuya marağı daha da artırıb. Ziyarətin təşkilindən gələn gəlir, qurban mərasimi zamanı kəsilən qurbanların bölüşdürülməsi məsələləri gündəmi zəbt edib.
Məlum olduğu kimi, İslam hökmlərinə əsasən imkanı olan (maddi imkanları və fiziki, əqli sağlamlığı yerində olan – K.R) şəxslərin ömürlərində heç olmasa bir dəfə Məkkəni ziyarət etməsi vacibdir. Bu səbəbdən də hər il milyonlarla insan Həcc mərasimində (İslam təqviminə əsasən Zilhiccə ayının əvvəlində – K.R) iştirak etmək üçün müqəddəs torpaqları ziyarət edir. Bundan başqa il ərzində müsəlmanlar ümrə (kiçik həcc də deyilir – K.R) ziyarətində iştirak etmək üçün Ərəbistana gedir. Ziyarətin təşkilatçısı Səudiyyə Ərəbistanı hökumətidir. Bu ilki Həcc ziyarəti zamanı baş verən ər-Riyadın bu prosesdən nə qədər qazandığı hər kəs üçün maraqlıdır.
Qeyd edək ki, son illərdə dünyada müsəlmanların sayının artması səbəbindən hər il həccə gedənlərin də sayı artır. Son illərdə hər il həcc mövsümündə təxmini hesablamalara görə 3 milyon civarında insan ziyarətə gedir. Məsələn, 2011-2012-ci illərin məlumatına əsasən Həcc ziyarətinin təşkilindən Səudiyyə Ərəbistanı dövləti 16,5 milyard dollar pul qazanıb. Qeyd edək ki, beynəlxalq turizm qurumlarının araşdırmalarına görə, hər il yer üzündə təxminən 1 milyard insan turist səfərinə çıxır. Onlardan 300 milyonu dini məzmunlu ziyarətlərin payına düşür. Bundan isə illik 20 milyard dollar pul qazanılır.
Ancaq qəribə də olsa, dünyada dini zəminli ən kütləvi ziyarət Həcc deyilmiş. İlk yerdə hər il 30 milyon insanın ziyarət etdiyi Yaponiyadakı Meici ziyarətgahı ve Sensoyi məbədi dayanır. İkinci yerdə 21,9 milyon ziyarətçinin getdiyi Kaşi Vişnanat məbədi, 3-cü yerdə isə 20 milyon ziyarətçinin getdiyi Meksikadakı Qvadelupa məbədidir. Qeyd edək ki, son illərdə sərhədlərin açılması səbəbi ilə İraqda yerləşən Kərbəla şəhərinə ziyarətlərin sayı artıb. Ardıcıl olaraq son bir neçə ildə Aşura mərasimləri, o cümlədən “ərbəin” mərasimlərində iştirak etmək üçün İraqa gedən və ölkə daxili zəvvarların sayı 20 milyon civarında olub. Səudiyyə Ərəbistanına isə təxmini hesablamalara görə ildə 7 milyon zəvvar gedir.
Məsələn, Türkiyə Səyahət Agentlikləri Birliyinin (TÜRSAB) 2014-cü il hesabatına görə, Türkiyədən bir il ərzində Həcc və ümrə ziyarətinə gedənlər 845 milyon avro pul xərcləyib. O da bildirilir ki, il ərzində Türkiyədən 400-500 min nəfər arasında insan ziyarət məqsədi ilə Səudiyyə Ərəbistanına gedir.
Qeyd edək ki, dini turizm və ya ziyarət biznesi Səudiyyə ərəbistanının neftdən sonra əsas gəlir mənbəyi hesab olunur. Belə ki, ziyarət gəlirləri ölkənin milli gəlirinin 3 faizini təşkil edir. Bundan başqa ölkədə ən böyük iş yeri sahəsi də turizm sahəsinin payına düşür. Ölkədə iş yerlərinin 8 faizini turizm sektorunda cəmləşib. Təxmini hesablamalara görə, Ərəbistanda 343 min otel nömrəsi mövcuddur.
Həcc zaman kəsilən qurbanlar necə olur? Qeyd edək ki, Həcc ziyarətinin qaydalarına əsasən ziyarəti yerinə yetirən zəvvar Zilhiccə ayının 10-cu günü və eləcə də istisna hallarda sonrakı günlərdə qurban kəsməlidir. Bu, dini vəzifə hesab olunur. Rəvayətə görə, Həzrət İbrahim peyğəmbər məhz Mina vadisində ilahi hökmə əsasən oğlunu qurban edən zaman ona qoç qurban kəsmək əmr olunur. Zəvvarlar məhz İbrahimin əməlini təkrar edərək bu işi yerinə yetirirlər.
Həcc zamanı kəsilən qurbanların sayı çox olduğu üçün bu ətlərin taleyi də sual yaradır. Bəzi media orqanlarında qurban ətlərinin çox olması və işçilərin çatdırıb hazırlaya bilməməsi səbəbindən basdırıldığı bildirilsə də, rəsmi məlumata əsasən qurban ətləri xüsusi işçilər vasitəsi ilə tədarük olunaraq ehtiyaclı ölkələrə göndərilir. Bu işin əsas təşkilatçısı İslam İnkişaf Bankıdır.
Ötən illərin məlumatına görə, hacılar qurban kəsmək üçün 100-110 dollar civarında pul ödəyirlər. Məsələn, Türkiyə mətbuatı yalnız türkiyəli hacıların ödədiyi pul hesabına kəsilən qurbanların 2800 ton ət olduğunu yazır.
Ümumilikdə isə 2-3 milyon zəvvarın hər birinin minimum bir qoyun kəsdiyini (bəzi zəvvarlar dana və dəvə kəsdirir, bəzi zəvvarların imkana görə, daha artıq heyvan kəsdirməsi mümkündür – K.R) nəzərə alsaq kəsilən qurbanların onminlərlə ton etdiyini deyə bilərik. Bu qədər ətin hansı ölkələrə və hansı formada göndərildiyi haqda dəqiq açıqlama yoxdur. Ancaq rəsmi məlumatlara əsasən Azərbaycan da daxil olmaqla müsəlman ölkələrinə göndərilir.Belə ki, qurban ətinin bir hissəsi Minada olan hacı və kasıblara paylanılır. Qalan ətlər isə dəniz və quru yolla İordaniya, Suriya, Livan, Fələstin, Əfqanıstan, Pakistan, Mali, Nigeriya, Sudan, Seneqal, Somali, Tanzaniya, Banqladeş, Albaniya və digər Afrika ölkələrinə göndərilir. Azərbaycana qurban ətlərinin QMİ vasitəsilə göndərildiyi və idarə xətti ilə ehtiyaclı ailələr arasında bölüşdürüldüyü bildirilir. Ancaq kəsilən heyvanların sayı, eləcə də Məkkədə havaların qızmar olması və digərə təşkilatı hazırlıqlar onu deməyə əsas verir ki, qurbanlıq ətlərin heç də hamısı tədarük olunub göndərilmir. Şahidlərin də bildirdiyinə görə, bu ətlərin bir qismi yararsız hala düşür.(musavat.com)

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın