Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Gündəm / Goranboyun suvarılmaya həsrət torpaqları – ARAŞDIRMA

Goranboyun suvarılmaya həsrət torpaqları – ARAŞDIRMA

“Yayda su olmur, yaşayış da sudan asılıdır” deyən Goranboy rayon Xanqərvənd kənd sakinləri illərdir bu böyük problemlərinə çarə tapa bilmirlər.

Əhalinin gündəlik ehtiyacları üçün bu kənddə subartezian quyuları qazılsa da, sakinlər pay torpaqlarını və digər geniş əraziləri suvarmaqda əziyyət çəkdiklərini deyirlər.

Xanqərvənd kəndi Tərtər rayonu və Naftalan şəhəri ilə qonşudur.

Bu əraziyə Tərtərçayın üzərində 1976-cı ildə tikilmiş Sərsəng su anbarından Azərbaycanın 6 rayonuna, yəni Tərtər, Ağdam, Bərdə, Goranboy, Yevlax və Ağcabədiyə suvarma şəbəkələri çəkilib.

Lakin 1990-cı illərin əvvəllərində başlayan Dağlıq Qarabağ müharibəsinin nəticəsi olaraq bu su anbarının yerləşdiyi ərazi ermənilərin nəzarəti altındadır.

Həllini tapmayan problem

Sakinlər deyir ki, hər il may ayından etibarən bu anbarın suyu kəsilir və suyun verilməsinin bərpası yalnız oktyabr ayına təsadüf edir.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti BBC Azərbaycancaya bildirir ki, məsələ ilə bağlı hökumətin dünya ictimaiyyətinə məlumat verilib.

Bu ilin yanvarında AŞPA Bosniya və Herseqovinalı millət vəkili Milisa Markoviç tərəfindən təqdim olunmuş Dağlıq Qarabağda yerləşən Sərsəng su anbarı ilə bağlı hazırlanmış “Azərbaycanın sərhədyanı əhalisi qəsdən sudan məhrum edilir” adlı məruzə üzrə qətnamə qəbul edib.

Tanınmamış “Dağlıq Qarabağ respublikası”nın prezidenti yanında informasiya idarəsinin başçısı David Babayan isə Armedia informasiya agentliyinə müsahibəsində, məruzəni qərəzli və qeyri-obyektiv adlandırıb.

O deyib ki, məruzə “Azərbaycanın sifarişi ilə hazırlanıb və pis kürü iylənir”.

Armedia yazır ki, tanınmamış “Dağlıq Qarabağ respublikası” tərəfi 1998-ci ildən sərhədyanı bölgələrə su verməyə hazır olduğunu deyir.

David Babayan “suyu bəzi digər şeylər müqabilində Azərbaycana verməyə hazırıq”, deyib. Bununla yanaşı o qeyd edib ki, su anbarından birgə istifadə barədə söhbət belə gedə bilməz.

Xanqərvənd kənd sakinləri pay torpaqlarında əkin-biçin işləri aparaq bilmədikləri üçün təsərrüfatlarını da genişləndirə bilmədiklərini deyirlər.

Suyun vacibliyini vurğulayan bir sakin “500 hektar pay torpağı ilan kimi mələyir” deyərək vəziyyətin çətinliyini təsvir etməyə çalışır.

Xanqərvənd kəndi
Image captionXanqərvənd kəndində subartezian quyuları qazılsa da, sakinlər pay torpaqlarını suvarmaqda əziyyət çəkdiklərini deyirlər.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin şöbə müdiri Əjdər Cavadov ərazidə fermerlərin suvarmadan əziyyət çəkdiyini təsdiqləyir.

“Ermənilər suvarma mövsümündə su buraxmır. Qış aylarında gecə vaxtlarında, özlərinə enerji istehsalı üçün lazım olanda su buraxırlar. Bütün əkin sahələrinin su təminatında çətinliklər olur”, o qeyd edir.

Su bakı
Bir çoxları kənardan gətirilən suyu aldıqlarını deyir.

Qurum sözçüsü bu problemin Azərbaycan tərəfinə zərər vurduğunu deyir.

Alternativ yollar

Fermerlərin problemlərinin həll edilməsi üçün alternativ yollardan danışan cənab Cavadovun sözlərinə görə, Goranboyda ərazilərin suvarılması üçün çaylardan gələn sularla doldurulan balaca Səfikürd su anbarı var.

Həmçinin bu rayonun əkin sahələri Yuxarı Qarabağ kanalının üzərində quraşdırılmış nasos stansiyaları vasitəsilə suvarılır, o deyir.

Qurum sözçüsü əlavə edir ki, “dövlət tərəfindən o sahələrin su təminatı üçün daim tədbirlər görülür”.

Əjdər Cavadovun sözlərinə əsasən, bu il prezident İlham Əliyevin sərəncamı ilə respublikada 300 subartezian quyusu qazılmalıdır. Bu quyuların təxminən yarısı qazılıb, digərləri üçün isə işlər davam etdirilir, o qeyd edir.

“Bu il Goranboyda 18 subartezian quyusu nəzərdə tutulub, onların biri Xanqərvənd kəndinin ərazisində qazılıb”, deyən qurum sözçüsü qazılmış bu quyunun istifadəyə verilib-verilməməsi barədə məlumatsız olduğunu da vurğulayır.

Cənab Cavadov həmçinin qeyd edir ki, bir quyu 20-30 hektara normal xidmət edə bilir, ərazi genişdirsə o zaman çətinlik və ya növbəlilik yaranır.

Yağış sularının yığılması

Alternativ həll yolları barədə danışan kənd təsərrüfatı məsələləri üzrə mütəxəssis Vahid Məhərrəmov isə təklif edir ki, əraziyə yağan yağış sularını toplamaq üçün su anbarı yaradıla bilər.

“İqlim dəyişikliyi baş verdiyi üçün yaz və payız mövsümündə intensiv yağışlar yağır. Hökumət müəyyən addımlar atmalıdır”, deyən mütəxəssis yağış sularından yay mövsümündə istifadə olunmasını məsləhət görür.

O qeyd edir ki, bu addım dünya təcrübəsində rast gəlinəndir.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sözçüsü Əjdər Cavadov isə bu təklifi “düzgün” hesab etmir.

“Əraziyə tökülən yağış suyunu hardasa toplamaq mümkün olan deyil”, deyən cənab Cavadov su anbarlarının tikilməsinin vacibliyindən danışır.

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın