Cümə , Aprel 19 2024
Ana səhifə / Gündəm / Gömrük Komitəsi qızıl və brilliant qaçaqmalçılığını ciddi problem saymır? – MÜƏMMA

Gömrük Komitəsi qızıl və brilliant qaçaqmalçılığını ciddi problem saymır? – MÜƏMMA

Son bir ayda Azərbaycandan xaricə qızıl qaçaqmalçılığı ilə məşğul olan şəbəkə barədə məlumatlar ölkə mətbuatının gündəmindən düşmür.

LEGİON xatırladır ki, Gürcüstan gömrükçüləri son günlərdə Azərbaycan tərəfdən iki dəfə – bir dəfə brilliant, bir dəfə də qızıl qaçaqmalçılığının qarşısını alıblar. Qeyd edək ki, bu günlərdə ölkə mətbuatında Azərbaycan gömrükçüləri tərəfindən “görülməyən” külli miqdarda brilliantın noyabrın 23-də Gürcüstan gömrüyündə saxlanılması barədə məlumata toxulunmuşdu.
Jurnalistlər bu və digər məqamlara aydınlıq gətirmək, habelə qiymətli metal və daş-qaş qaçaqmalçılığının qarşısını almaq üçün Dövlət Gömrük Komitəsinin hansı tədbirlər gördüyünü öyrənmək istəyib. Görəsən, son brilliant qalmaqalına görə hansısa gömrük əməkdaşları məsuliyyətə cəlb olunubmu və ən azından daxili təhqiqat aparılıbmı?
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinin rəhbəri, gömrük polkovniki Natiq Axundov məsələ barədə eşitcək “Hazırda araşdırma aparılır” dedi və dəstəyi asdı. Bu məlumatdan sonra, ictimaiyyətin qınaqlarından narahat olan Dövlət Gömrük Komitəsi, nəhayət ki, noyabrın 30-da rəsmi açıqlama ilə çıxış edib. Həmin açıqlamadan aşağıdakı sətirlər diqqəti çəkir:
“Dövlət Gömrük Komitəsi Mətbuat Xidmətindən bildirilib ki, həmin şəxslər Azərbaycan vətəndaşları Niyazi Məmmədov, Elxan Hüseynov və Gürcüstan Respublikası vətəndaşı Namiq Bayramovdur. “Azərbaycanla sərhəddə yerləşən “Qırmızı Körpü” gömrük postunda aparılan yoxlama zamanı Niyazi Məmədovun pul qabından 81, Namiq Bayramovun paltarına tikilmiş yarliqdan isə 476 ədəd qiymətli daşlar aşkar edilib. Aparılan ekspertiza nəticəsində o da məlum olub ki, cəmi 21 karat təşkil edən qiymətli daşların birinin təqribi çəkisi 0,007 qramdır, ümumi dəyəri 43486 lari və ya 17000 ABŞ dollarına bərabərdir.

Qeyd olunan malın çəkisinə və ümumi dəyərinə nəzər yetirdikdə aşkar edilən faktın bəzi kütləvi informasiya vasitələrində iddia olunduğu qədər ciddi qaçaqmalçılıq faktı kimi təqdim olunması və bu iddiaların fonunda dövlət qurumlarının fəaliyyətinin şübhə altına alınması qəbuledilməzdir. Dövlət Gömrük Komitəsi belə bir hadisənin baş verməsinə haqq qazandırmır. Lakin bəzi kütləvi informasiya vasitələrinin bu fakta əsaslanaraq gömrük orqanlarının fəaliyyətinə kölgə salmaq cəhdinə təəssüflənir”. LEGİON qeyd edir ki, bir qutu siqaretə, bir kiloqram yağa belə diqqət edən, “ciddi problem” kimi yanaşanlar 557 ədəd brilliant qaşın gözlərininin qarşısından “görülmədən” keçməsini “ciddi qaçaqmalçılıq faktı” hesab etmir.

Həmçinin, xatırladaq ki, bu günlərdə Dövlət Gömrük Komitəsi şikayətçi vətəndaşların “haqsızlığını sübut etmək” məqsədilə video yaymışdı. Həmin videoda isə DGK əməkdaşı özünü çantalar üçün nəzərdə tutulan lentə atan yaşlı kişini gülə-gülə videokamerasına “həkk edirdi”. Beləliklə, sual yaranır? Əgər vətəndaşlar özlərini gömrükdə “yaxşı aparmırsa”, həqiqətən də, DGK rəsmilərinin iddia etdiyi kimi “xaos yaradırsa”… O zaman, DGK rəhbərliyi bu halların qarşısını almaqda, asayiş yaratmaqda acizdirmi?

Yəni, “baxın, siz özünüzü apara bilmirsiniz, bizim günahımız yoxdur” kimi yanaşmalara daha hansı ölkələrin gömrük xidmətlərində rast gəlmək olar? Vəzifə məsuliyyət deyilmi? Bu barədə oxucuları çox yormadan, bir xatırlatma da yerinə düşər. Noyabrın 15-də Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları Astara sərhəd nəzarət-buraxılış məntəqəsində əməliyyat keçirib: “Əməliyyat zamanı 5 nəfər saxlanılıb. Belə ki, Astara sərhəd nəzarət-buraxılış məntəqəsindən ölkəyə qızıl-zinət əşyalarını qaçaqmalçılıq yolu ilə keçirən Amur Məcidov DTX əməkdaşları tərəfindən saxlanılıb. Məlum olub ki, A.Məcidov Ümrə (kiçik Həcc) ziyarətindən geri dönərkən Səudiyyə Ərəbistanından qızıl-zinət əşyalarını ölkəyə qaçaqmalçılıq yolu ilə gətirib.
A.Məcidovun bu əməli Astara sərhəd nəzarət-buraxılış məntəqəsinin əməkdaşları ilə birgə həyata keçirdiyi məlum olub. Nəticədə A.Məcidov və Astara sərhəd nəzarət-buraxılış məntəqəsinin 4 əməkdaşı saxlanılıb. A.Məcidov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. 4 nəfər gömrük əməkdaşı isə istintaqa cəlb olunub. Habelə, noyabrın ortalarında mətbuata müraciət edən Faiq Xəlil oğlu Bəkirov böyük zərgər şəbəkəsi olan Qabil Məcidovun onu təhdid etməsindən və boynuna 140 min dollar “borc” qoymasından şikayətlənmişdi.

F.Bəkirov vurğulayıb ki, Qabil Məcidov həqiqətən də mətbuatda adı keçən Fərid və Rauf Orucov qardaşları, habelə Ramin Paşayevlə birlikdə ölkədən qızıl qaçaqmalçılığını həyata keçirir.
“Onların “Riyad” Təhlükəsizlik Xidmətinin yanında sexi olduğu barədə məlumatlıyam. Bu sex barədə çox zərgər bilir, orda qızılı əridib külçə halına salır, müxtəlif vasitələrlə ölkədən çıxarırlar.

Hacı Qabilin oğlunun adı isə Anur Məcidovdur, Amur yox. Mətbuatda bu ad yalnış olaraq gedib. Lakin qruplaşmanın başında məhz Qabil Məcidovun özü durur. Həqiqətən də, Hacı Qabilin QMİ-də sədr müavini olan Fuad Nurullahla çox sıx əlaqələri var. Hacı Fuad tez-tez onun yanına gəlib-gedir, məsləhətləşirdilər. Hər hansı bir məsələdə kömək lazım olduqda da, Qabil Məcidov ilk olaraq Hacı Fuadla əlaqə saxlayırdı. Bundan başqa, Hacı Qabilin yanında Patnisamir adlı bir Hindistan vətəndaşı da var…

Patnisamir Dubayda yaşayır və tez-tez Azərbaycana gəlib-gedir, Hacı Qabil üçün saxta daş-qaş gətirir, o isə brilliant adı ilə bu daş-qaşları əhaliyə satır” , – deyə F.Bəkirov bildirib.
Xatırladaq ki, Qabil Məcidovun oğlu Anur Məcidov və bir neçə gömrük əməkdaşı bu il oktyabrın sonlarında Astara gömrük-keçid məntəqəsində Dövlət Təhlükəsizliklik Xidmətinin əməkdaşları tərəfindən qızıl qaçaqmalçılığına görə saxlanılıb, A.Məcidovun 4 ay müddətinə həbs olunması barədə sanksiya verilib. LEGİON həqiqətən də, Anur və Qabil Məcidovların arxasında şəbəkə olub-olmadığını iddia etmir, lakin A.Məcidovla birgə saxlanılan DGK əməkdaşları barəsində ictimaiyyətə hələ də açıqlama verilmir…

Maraqlıdır, brilliant qaçaqmalçılığını “ciddi problem” saymayan DGK rəhbərliyi dörd əməkdaşının qızıl qaçaqmalçılığına görə saxlanılmasını da “əhəmiyyətsiz məlumat” hesab edir?
Görəsən, DGK rəsmiləri Anur Məcidovla bağlı baş verən hadisəyə nə vaxt aydınlıq gətirəcək? Ölkə mətbuatından başqa bir xatırlatma da yerinə düşər: “Hüquq-mühafizə orqanlarının əməkdaşlarının Astara Gömrük İdarəsində keçirdiyi əməliyyat tədbirləri zamanı qaçaqmalçılığa qarşı mübarizənin işçisi, Seymur Əliyevin köməkçisi Ramin Ağayev əlində 8-10 kiloqram qızılla tululub. Deyilənlərə görə, bu qızılın sərhəddən keçirilməsi üçün hər 1 kiloqrama görə 3 min manat pul alırmışlar. Hələ bu, harasıdır. Bildirilir ki, Astara Gömrük İdarəsindən İrana hər gün 1,5 milyon dollar keçirilirmiş. Bunun müqabilində isə hər 500 min dollara görə 5 min manat alırmışlar. Əgər ən aşağı həddi götürsək, o zaman 8 kiloqramlıq qızıla görə 24 min manat, 1,5 milyon dollara görə isə 15 min manat alınır. Deməli, belə çıxır ki, Astara Gömrük İdarəsi hər gün 39 min manatı büdcədən yayındırır, bununla da dövlətə külli miqdarda ziyan vurur.

Bütün bunlar onu göstərir ki, Astara Gömrük İdarəsinin rəisi Sücəddin Hüseynov sərhəddən qanunla qadağan olunmuş malların keçirilməsinə şərait yaradıb və bu zaman külli miqdarda gəlir əldə olunub”.
Ölkə mətbuatında dərc olunan bu və digər məlumatlar yetərincə əsas yaradır ki, DGK rəhbərliyinin fəaliyyəti barəsində ciddi suallar ortaya atılsın və cavab tələb olunsun. Lakin DGK nümayəndələri ya bu suallara cavab vermək istəmir, ya da günahı Dövlət Sərhəd Xidmətinin boynuna atırlar.

Məsələn, bu günlərdə pirotexniki məmulatların ölkəyə necə gətirilməsi bir çox suallara və müzakirələrə səbəb olub. DGK-nın mətbuat xidmətinin rəhbəri Natiq Axundov mətbuata bildirib: “qaçaqmalçılıq yolu ilə gətiriblər də… indi, kimsə gətirib bu yolla. Amma biz buna qarşı mübarizə aparırıq. Ola bilər, gömrük nəzarətindən kənar keçirilib, gətirilib də bu…” .

LEGİON olaraq, DGK rəhbərliyində təmsil olunan şəxslərin ləhcələrinə qarışmırıq və qarışa bilmərik, yaxud onlara qarşı hər hansı ittiham sürmək iddiasında deyilik. Amma “gətiriblər də”, “keçiriblər də” deyən DGK rəsmisi Natiq Axundovun qaçaqmalçılıq faktlarına nə qədər ciddi yanaşdığı suallar doğurur…

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın