Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / Gündəm / GMO məhsulları: onları ölkəmizə kimlər gətirir?

GMO məhsulları: onları ölkəmizə kimlər gətirir?

Eyyub Hüseynov: “Azərbaycanda GMO əkinçiliyi də var; bazarı qorunmayan, laboratoriyası bu gündə olan ölkədə…”

Ölkəmizdə Genetik Modifikasiya Olunmuş (GMO) məhsulların satışı, onların toxumunun ölkəmizə gətirilməsi qanunla qadağandır. Cinayət Məcəlləsində genetik modifikasiya olunmuş bitkilərin ölkəyə gətirilməsi və ölkədə istehsalı aşkarlanarsa, 3 min manatdan 9 min manata kimi cərimə və ya 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. 
Ancaq bu qadağaya məhəl qoyan yoxdur. Bu gün bazarlarda kifayət qədər GMO məhsullarının satışına rast gəlmək mümkündür. Bir müddət əvvəl Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov mətbuata açıqlamasında ölkədə GMO məhsullarının satıldığını qeyd etmişdi. O, bazarlarda satılan məhsulların əksəriyyətinin Türkiyədən gətirildiyini və geni dəyişdirilmiş məhsullar olduğunu deyib. 8-ci kilometr və “Yaşıl bazar”da apardığımız müşahidələrdə bir çox məhsulların Türkiyə və İrandan gətirilmə olduğunu və bu məhsullarında GMO olma ehtimalının böyük olduğunu deməyə əsas verirdi.
Söhbətləşdiyimiz satıcıların bir qismi bunun mümkün olmadığını, bu barədə məlumatsız olduğunu desələr də, əksəriyyət bunun mümkün ola biləcəyini söylədi. Kartof satıcısı 3 növ – İran, Gədəbəy və Türkiyədən gətirilmə kartof satdığını deyirdi. Hər üç kartofun qiyməti və görünüşü fərqli idi. İrandan gətirilən kartofun gec xarab olan olduğunu deyən satıcı bunun geni dəyişdirilmiş kartof ola bilmə ehtimalını vurğuladı. Məhərrəm adlı meyvə satıcısı isə vaxtından əvvəl yetişən meyvələrin də müxtəlif üsullarla ərsəyə gəldiyini dedi: “Məsələn, iki cür çiyələk var, balaca və ovucumuz boyda. Satmağıma baxmayaraq, bu böyük çiyələyin qatqılarla əmələ gəldiyini bilməmək üçün kor olmaq lazımdır”.
Qeyd edək ki, GMO məhsullar bir orqanizmdən digərinə DNT köçürmək, yaxud bir orqanizmə aid DNT-nin biotexnologiya vasitəsilə dəyişdirilməsi deməkdir.  Bəzən məhsulların genini dəyişməklə onu mövcud olduğu ərazinin şərtlərinə uyğunlaşdırırlar. Məsələn, Arktikadakı bir balığın soyuğa müqavimət geni bir çiyələyə köçürüləndə soyuğa daha dözümlü bir çiyələk əldə edilmiş olur. GMO məhsulları insanların sağlamlığına ziyandır və ağır fəsadlara apara bilər. Bir çox ölkələrdə GMO məhsullarının satışı qadağan deyil. Ancaq bu ölkələrdə bu cür məhsulların üzərində GMO olduğu qeyd edilir, daha Azərbaycandakı kimi gizlin satılıb əhali aldadılmır.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov ölkədə bunu aşkara çıxaracaq normal bir ekspertizanın olmadığını dedi: “Azərbaycanda ölkə prezidenti tərəfindən ardıcıl olaraq  GMO-nu qadağan edən qərarlar qəbul edilir. Azərbaycan  BMT-nin ətraf mühitin biomüxtəlifliyinin qorunması haqda sənədə qoşulub. Azərbaycana GMO toxumunu gətirənlərə 50 min manatdan yuxarı cərimə və həbs də nəzərdə tutulur. GMO-nun qarşısını almaq üçün Eldar İbrahimovun böyük xidməti olub. Lakin Azərbaycanda normal ekspertiza yoxdur. Bu ilin noyabr ayında Braziliyadan GMO malları aldım.
Orada GMO məhsulları satırlar, amma üzərinə bu malın GMO olduğu qeyd edilir. İstehlakçıya da seçim hüququ verilir ki, istəyən alsın, istəməyən yox. Mən bu məhsulu alıb anonim qablara doldurdum. Bir hissəsini Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin laboratoriyasına, bir hissəsini də gömrük laboratoriyasına verdim. Metrologiya və Patent üzrə Dövlət Komitəsinin laboratoriyası dedi ki, bu malda GMO var. Gömrük laboratoriyası isə dedi ki, bu məhsulda GMO yoxdur. Mən Azərbaycanın qapısında olan gömrük laboratoriyasını bununla test etdim. Məlum oldu ki,  GMO Azərbaycana gömrükdən çox rahat bir şəkildə keçə bilər. Amerikanın GMO istehsalçısı olan ”Monsanto” şirkəti var.
Bu şirkətinin Türkiyədə nümayəndəliyi mövcuddur. “Monsato” şirkətinin Türkiyədəki nümayəndəliyi vasitəsilə Azərbaycana kifayət qədər GMO toxumu və məhsulları ötürülür. Təbii ki, onların üzərinə “Tərkibində GMO yoxdur” yazılır. Bazarı qorunmayan, laboratoriyası bu gündə olan ölkələrdə belə şeylər baş verir. Azərbaycanda da GMO əkinçiliyi var.  O bitkidən ki, növbəti dəfə toxum əkəndə çıxmır və yaxud az çıxırsa, bu, artıq GMO-nun birinci əlamətidir. Necə olur ki, ölkəmizdə kilosu 50 manatdan 300 manatadək qarpız toxumu satılır? Təbiət qarpız toxumunu elə yaradıb ki, o, torpağa düşən kimi bar verir. Yəni bunların hamısı əslində “Monsato” şirkətinin istehsal etdiyi “Raundat” servisidir. Onlar GMO-nu yetişdirirlər. Çox təəssüflər olsun ki, ölkəmizdə bunu aşkara çıxaracaq normal bir ekspertiza yoxdur”.
Qurum sədri GMO toxumlarını ölkəyə kimlərin gətirdiyindən xəbərsiz olduğunu dedi: “Əgər dövlət qurumları, narahat tərəflər ölkə başçısının tapşırıqlarının yerinə yetirilməsini, Azərbaycanın öz üzərinə  götürdüyü beynəlxalq öhdəlikləri yerinə yetirməsini istəyirlərsə, laboratoriyaları Azad İstehlakçılar Birliyinin və KİV-lərin üzünə açıq elan etsinlər. Bizim üçün pulsuz ekspertizalar olsun və mən istənilən sayda GMO-nu sübut edərəm. Mən GMO-nu ölkəmizə kimlərin gətirdiyini bilmirəm. Bilsəydim, əlbəttə ki, bunu deyərdim. O şirkətlər ki, deyir mən qarğıdalı əkdim və 4 dəfə artıq məhsuldarlıq götürdüm, çiyələk əkdim, 4 dəfə artıq məhsuldarlıq götürdüm, o toxumların və məhsulların hamısı GMO-dur”.






Həmçinin oxuyun

Daha 13 kənd işğaldan azad olundu

Müzəffər Azərbaycan Ordusu Zəngilanın Birinci Ağalı, İkinci Ağalı, Üçüncü Ağalı, Zərnəli, Füzulinin Mandılı, Cəbrayılın Qazanzəmi, …

Bir cavab yazın