Çərşənbə axşamı , Dekabr 1 2020
Ana səhifə / Gündəm / Gərəksiz təşkilata çevrilən BMT – TƏHLİL

Gərəksiz təşkilata çevrilən BMT – TƏHLİL

1945-ciildə Birləşmiş Millətlər Təşkilatı (BMT) yaradılarkən onun dünyanın bütün siyasi, geosiyasi və təhlükəsizlik məsələlərini həll edə biləcəyinə inam böyük idi. Altı il davam edən İkinci Dünya müharibəsinin başa çatması, müharibənin geridə buraxdığı böyük dağıntı və fəlakətlər dünyada münasibətlərin beynəlxalq hüquqa əsaslanaraq tənzimlənməsi zərurətini ortaya çıxarmışdı. Yalnız o zaman dünyanı bu cür dəhşətli müharibələrdən qorumaq olardı. ABŞ-ın Yaponiyanın Naqasaki və Xirosima şəhərlərinə atom bombası atması göstərdi ki, möhkəm beynəlxalq hüquq düzəni olmasa dünya məhv ola bilər. O baxımdan yaradılan BMT dövlətlərarası münasibətlərin kollektiv formada tənzimlənməsinin yeni formatı kimi qəbul olunurdu.
Nə qədər ki, dünyada soyuq müharibə var idi, sosializim düşərgəsi mövcud idi BMT müəyyən qədər səmərəli faliyyət göstərə bildi. İndiki dövrlə müqayisədə balans daha yaxşı qorunurdu. Düzdür o zaman da aparıcı dövlətlərin hansısa marağı tələb edəndə, o saat Təhlükəsizlik Şurasında veto hüququndan istifadə edirdilər. Məsələn, Andrey Qramıko 30 ilə yaxın keçmiş SSRİ-nin xarici işlər naziri olub. Onun nazir olduğu dövr soyuq müharibənin ən kəskin dönəmlərinə təsadüf etdiyi üçün SSRİ adından bir sıra qərarlara veto qoyub. Bu səbəbdən Qərbdə Qramıkoya cənab “Yox” deyirdilər. Necə deyərlər, əksər diplomatik danışıqlarda bildiyi tək söz “Yox” idi. Lakin soyuq müharibə bitəndə sonra, daha doğrusu SSRİ süqut edəndən sonra BMT-nin fəaliyyətində ciddi qüsurlar özünü göstərməyə başladı. Xüsusilə ABŞ-ın təşkilatda əsas söz sahibi kimi öz iradəsinə uyğun qərarların qəbuluna nail olması getdikcə qurumu nüfuzdan saldı. Rusiya böyük dövlət olaraq SSRİ-nin varisi olsa da, ölkədə 90-cı illərdə yaşanan iqtisadi tənəzzül və digər problemlər bu dövlətin BMT-dəki təsir imkanlarını əhəmiyyətli şəkildə azaltdı. Çinin ABŞ-la artan ticarət dövriyyəsi isə, iqtisadi maraqları siyasi maraqlardan qabağa keçirdi. Birləşmiş Ştatların təkqütüblü dünya yaratmaq istəyi, ümumiyyətlə bu təşkilatın küncə sıxşdırılması ilə nəticələndi. Bu da öz növbəsində BMT-yə dünyada göstərilən ehtimadın ümumiyyətlə aşağı düşməsinə gətirib çıxardı. Zaman-zaman BMT-nin yeniləşməyə ehtiyacı olduğundan bəhs edirlər. Ancaq bunun müasir şərtlər daxilində onun rolunun nədən ibarət olduğu belə tam aydın deyil. Bununla bağlı müxtəlif fikirlər mövcuddur. Ən çox irəli sürülən təklif ondan ibarətdir ki, BMT Təhlükəsizlik Şurasının daimi üzüvlərinin sayı artırılsın. Məsələn, müxtəlif parametrlər əsas gətirilərək Almaniya, Yaponiya, Braziliya və Hindistanın da TŞ-nin daimi üzüvləri sırasında olması məqsədəuyğun hesab olunur. Çox qəribədir ki, məhs TŞ-nin hazırki 5 daimi üzvü (ABŞ, Rusiya, Çin, Böyük Britaniya, Fransa) bunda maraqlı deyil. Bu da bir daha sözügedən ölkələrin sahib olduqları statusu digər dövlətlərlə bölüşmək istəmədiklərini göstərir.
Ancaq bütün bunlar heç də o demək deyil ki, SSRİ süqut etdikdən sonra BMT ümumiyyətlə konsensusa əsaslanan qərarlar əldə edə bilməyib. Doxsanıncı illərdə müəyyən məsələlərdə BMT konkret mövqe ortaya qoya bilib. Hansıki, bəli situasiyalar buna imkan yaradıb. Məsələn, 1991-ci ildə Küveytin suverenliyinin bərpasında, 1992-ci ildə Somalidə vəziyyətin normallaşması üçün humanitar yardımın göstərilməsində, 1994-cü ildə Haitidə qanuni seçilmiş hakimiyyətin yerinə qaytarılmasında və 1999-cu ildə Şərqi Timorda sülh və təhlükəsizliyin təmin edilməsində təşkilat bütün vasitələrdən, o cümlədən güc tətbiqindən də istifadə edib. Lakin 2000-ci ildən sonra situasiya dəyişdi. Məsələ ondadır ki, Birləşmi Ştatlar TŞ-nin 3 daimi üzvünün qəti ertirazına məhəl qoymayaraq 2003-cü ilin martında birtərəfli şəkildə şəkildə İraqı işğal etdi. Bənzər addımı Fransa 2011-ci ildə Liviyaya qarşı həyata keçirdi. ABŞ və Rusiyadan sonra ən böyük nüvə arsenalına sahib ölkə Ukrayna idi. 1994-cü ildə Ukrayna nüvə silahından imtina etdi. İmtinanın müqabilində Kiyev maliyyə yardımı, həmçinin təhlükəsizlik və nüvə gücləri tərəfindən ərazi bütövlüyü təminatı aldı. Bu müddəalar Budapeşt memorandumunda əksini tapmışdı. Lakin memorandum könüllü öhdəliyi nəzərdə tuturdu və onu imzalayan ölkələr tərəfindən ratifikasiya olunmadı. Həmçinin öhdəlikləri pozanlara sanksiyaların tətbiqini də nəzərdə tutmurdu. Nəticədə Rusiya beynəlxalq hüququ dünyanın gözü qarşısında pozaraq Krımı ilhaq etdi. Bütün bu yaşananlar BMT-nin dünyada olan nüfuzunu daha da aşağı saldı.
Ən nəhayət ABŞ prezidenti Donald Trampıın Dünya birliyi Qüdslə bağlı məlum qərarı BMT-yə vurulan növbəti zərbə idi. Buna cavab olaraq BMT Baş Assambleyası Qüdsü İsrailin paytaxtı kimi tanımadığını bəyan edən qətnamə qəbul etdi.
Qurum ABŞ-ın Qüdsün statusuna dair qəbul etdiyi qərarlardan təəssüfləndiyini də bildirdi. Qərarları tövsiyə xarakterli olan Baş Assambleya hesab edir ki, müqəddəs şəhər olan Qüdsün xarakterini, statusunu, demokrafik quruluşunu dəyişməyə yönələn istənilən addım hüquqi qüvvəyə malik deyil, etibarsızdır və ləğv olunmalıdır. Qətnaməyə 128 dövlət səs verdi. Onların arasında Rusiya, Avropa və Latın Amerikası ölkələri, ərəb dövlətləri və İslam aləmində təmsil olunan ölkələr var. Sənədi dəstəkləməyən dövlətlərin sayı cəmi 9 oldu – ABŞ, Qvatemala, Honduras, İsrail, Nauru, Marşal adaları, Mikroneziya, Toqo və Palau. Qəribəsi odur ki, aralarında Gürcüstan, Ukrayna, Keniya, Monqolustan, Moldova və Litvanın da olduğu 35 ölkə isə qətnmənin nə lehinə, nə də əleyhinə gedərək bitərəf qalmağa üstünlük verdi. Xüsusən də ərazi bütövlüyü pozulan Ukrayna, Gürcüstan və Moldovanın belə mövqe tutması porodoksal təsir bağışlayır. Onların bu mövqeyi daha çox ABŞ-ın tərəfini tutmaq anlamına gəlir. Bu da təsadüfü deyil. Çünki keçmiş postsovet ölkələri olan Ukrayna və Gürcüstan ABŞ-dan böyük maliyyə yardımı alır. Həmçinin, bu dövlətlərə rəsmi Vaşinqtonun göstərdiyi siyasi dəstək Rusiya təzyiqlərinə duruş gətirməyə şərait yaradır.
Görünən odur ki, böyük dövlətlərin geosiyasi maraqları və bundan çıxış edərək beynəlqalq hüququ saymamaları hər keçən gün BMT-ni dünyada daha da nüfuzdan salır. Müşahidələr göstərir ki, hazırki status-kvo davam etdikcə, bu, belə də olacaq. Ən azından yaxın illərdə bunun dəyişməyəcəyi danılmazdır.

Vidadi ORDAHALLI

Həmçinin oxuyun

Əhmədzadənin uğursuz Suqovuşan təcrübəsi… – NARAZILIQ…

Dünən Suqovuşan su anbarından normadan artıq su buraxılması nəticəsində Bərdə rayonu ərazisində fəaliyyət göstərən regionun …