Ana səhifə / Gündəm / Gəlin nə ilə “köçsün”? – “Vağzalı” , yoxsa dövlət himni…

Gəlin nə ilə “köçsün”? – “Vağzalı” , yoxsa dövlət himni…

Azərbaycan toylarının əvəzolunmaz atributlarından biri də gəlinin ata evindən «Vağzalı» sədası altında çıxmasıdır. Tarixən qızlarımız bu musiqi sədaları altında ata evindən bəy evinə gəlin köçüblər. Bu günlərdə millət vəkili Fərəc Quliyevin oğlunun toy mərasimi keçirildi. Həmin toy mərasiminin özəlliyi ondan ibarət idi ki, bəylə-gəlin şadlıq evinə «Vağzalı»  deyil, Azərbaycan himninin sədaları altında daxil oldular. Bu olay ölkə ictimaiyyəti tərəfindən xoş qarşılandı və hər kəs tərəfindən təqdir olundu.
Ekspertlər təklif edir ki, toylarımızda millilik qorunsun.
Qeyd edək ki, bu günlərdə tanınmış jurnalist Məhəmmədəli Qəribli sosial şəbəkədə yazaraq bildirib ki, vağzal sözü əslində rus mənşəlidir: «Bizim dilimizə də ruslardan keçib. Mənası qatar dayanacağı kimi yozulur. Dilimizdə bu sözlə bağlı müraciətlər var və heç də yaxşı assosiasiya olunmur. Məsələn, şuluq uşaqlara «vağzal uşağı» deyərək müraciət edirlər. Onda isə mənim üçün çox maraqlıdır, niyə bizim gəlinlərimiz ata evindən «Vağzalı» adlı musiqinin sədaları altında köçürlər? Hesab edirəm ki, bunun dəqiq araşdırılması olduqca vacibdir».
Folklorşünasların bildirdiyinə görə, bu havanın əsl adı bağzalı havasıdır: «Şamaxı aşıqları ilk dəfə istifadə ediblər. Talış xanı İrandan qələbə ilə qayıdanda yaşıllıqlardan hazırlanmış zalda bacısının sifarişi ilə Şamaxıdan gələn aşıqlar bu havanı çalıblar. Bağda qurulan zala görə havaya bağzalı adı veriblar. Sonradan dildən-dilə dəyişərək «Vağzalı» olub.
Bəy ortalığa çıxanda «Mirzəyi» havası çalınardı. Rəhmətlik Üzeyir bəyin eyniadlı əsəri əsasında çəkilən «Arşın mal alan» filmində bu havadan istifadə olunub. Bizlər onu indi «Süleymani» adı ilə tanıyırıq. «Vağzalı» adı ilə tanınan hava rayonlarda «Gəlin atlandı» adı ilə çağırılıb. Gəlin ata evindən çıxanda bu hava çalınarmış».
Sosioloq Əhməd Qəşəmoğlu açıqlamasında qeyd etdi ki, toylarla bağlı yeni model tərtib olunmalı, toyların necə keçirilməsi barədə mütəmadi olaraq KİV-də materiallar yayımlanmalıdır.
Sosioloqun bildirdiyinə görə, Azərbaycan himninin öz mahiyyəti var: «Azərbaycan himni səslənərkən insan özündən asılı olmayaraq ayağa qalxır və onun sədaları altında millilik yada düşür. Azərbaycan himni möhtəşəm musiqidir. Ailə quran gənclər öz toylarında əcnəbi musiqilər səsləndirməkdənsə, elə gözəl himnimizi səsləndirsələr daha yaxşı olar».
Musiqişünas Telman Ələkbərov toylarda «Vağzalı» yerinə Azərbaycan himninin səslənməsinin tərəfdarı olduğunu dilə gətirdi: «Bu yenilikdir və inanıram ki, hər kəs tərəfindən ayaq üstə alqışlanır. Biz artıq öyrəşmişik ki, gəlin ata evindən bəy evinə köçərkən mütləq «Vağzalı» səsləndirilməlidir. Toyda «Vağzalı» və ya başqa musiqinin səslənməsi mütləq deyil. Toy yiyəsi istəyərsə onun məclisində Azərbaycan himni də səslənə bilər, «Vağzalı» da. Bir müddət öncə paytaxt restoranlarının birində keçirilən toy mərasimində bəylə gəlin şadlıq evinə «Vağzalı» sədası altında deyil, Koroğlu üverturası ilə daxil olmuşdu. Bu olay da hər kəs tərəfindən xoş qarşılanmışdı. Demək olar ki, artıq gənclərimiz milli mənəviyyata böyük önəm verir. Mən toylarda vağzalı yerinə Azərbaycan himninin səslənməsinin tərəfdarıyam. Çünki Azərbaycan himni çox möhtəşəm musiqidir. Və o musiqi Azərbaycanın necə qüdrətli bir dövlət olduğunu göstərir».

Günel CƏLİLOVA

Həmçinin oxuyun

Ermənilər Qazaxla sərhəddən getmək istəmirlər – VİDEO

Azadlıq Radiosu Qazaxla sərhəddə yerləşən erməni kəndindən (Vosgepar) reportaj hazırlayıb.  Reportajda yerli erməni sakinlər yaranmış …

Bir cavab yazın