Cümə , Aprel 19 2024
Ana səhifə / Gündəm / Fərhad Əliyevin qanı batırılan kadrının qardaşı danışdı

Fərhad Əliyevin qanı batırılan kadrının qardaşı danışdı

Müəmmalı məmur ölümünün 10 illik sirri – Şalıyevin qardaşı danışdı

Sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin “MTN işi” üzrə istintaqa çağırılacağı haqda yazmışdıq. Redaksiyamıza daxil olan xəbərdə deyilirdi ki, sabiq nazir qanunsuz həbsindən tutmuş rəhbərlik etdiyi nazirliyin faktiki sıradan çıxarılması, işçisi, istintaq zamanı öl(dürül)ən Əlihüseyn Şalıyevin ölümü ilə bağlı şahid qismində ifadə vermək üçün dəvət olunacaq. 
 
O dövrün cinayətlərinin araşdırılması təkcə tökülmüş nahaq qanların yerdən götürülməsi üçün lazım deyil, həm də gələcəkdə Əlihüseyn Şalıyev kimi vicdanlı insanların dövlət qurumlarında işləməsi, dövlətə və millətə xeyir verməsi üçün gərəkdir. 
2005-ci il oktyabr hadisələrini xatırlayanlar düz 10 il 2 gün sonra – 2015-ci ilin oktyabrında MTN-də həyata keçirilən həbsləri ilahi ədalət kimi qəbul edirlər. Bu da əbəs deyil. Böyük haqsızlıq və qanunsuzluqlar Eldar Mahmudovun rəhbərlik etdiyi nazirliyin yarlığına çevirilmişdi. Hər uğurlu-uğursuz əməliyyatın sonunda üzə çıxan məlumatlar MTN-çilərin dövlət maraqlarını kənara qoyub şəxsi maraqlarını təmin etdiklərini ortaya qoyub. İqtisadi İnkişaf Nazirliyində həyata keçirilən əməliyyat da istisna deyildi.
2005-ci ildə Fərhad Əliyevlə birgə həbs olunan Əlihüseyn Şalıyev olmazın işgəncələr qarşısında 10 ay tab gətirə bilib. MTN təcridxanasında qeyri-insani rəftar Əlihüseyn Şalıyevdən də yan keçməyib. O dövrdə bu haqda məlumatlar mətbuata, qəzet səhifələrinə “ayaq açmışdı”. 
Bildirilirdi ki, Ə.Şalıyevdən çalışdığı İqtisadi İnkişaf Nazirliyində böyük yeyintilər haqda ifadə tələb ediblər. Yalan ifadələrin altına imza atmasını, Fərhad Əliyevin üzünə dayanmasını istəyiblər. 10 aylıq işgəncələr, qeyri-insani rəftar səhhətini korlayıb cərrahi müdaxiləni qaçılmaz etmişdi. Onu məhkumların müalicə müəssisəsinə köçürüb üzərində cərrahiyyə əməliyyatı keçirdilər və müəmmalı şəkildə öldü. Guya Əlihüseyn Şalıyev qollarını ülgüclə doğramışdı…
Bu gün də aydın deyil ki, Əlihüseyn Şalıyev ciddi nəzarətin  olduğu türmə xəstəxanasında ülgücü haradan tapıb, kimdən  alıb? Türmə xəstəxanası onun evi deyildi ki, sərbəst gəzsin, özünü öldürməyə ülgücü asanlıqla əldə etsin…
Əslində, MTN-dəki məlum əməliyyatlardan sonra başlanan cinayət işi çərçivəsində araşdırılmalı olan cinayətlərdən biri də Ə.Şalıyevin ölüm işidir. Qardaşı Kamil Şalıyevi arayıb Əlihüseyn Şalıyevin ölümü ilə bağlı yenidən istintaqa müraciətlər edib-etməməsi ilə maraqlandıq. Deyir ki, MTN-dəki həbslərdən sonra bu haqda fikirləşib. Amma…
“O vaxt bizi Bakı Şəhər Prokurorluğunda dindirmişdilər, demişdilər ki, mətbuata danışmayın. Biz də, onu həbs edənlər də yaxşı bilirdik ki, Əlihüseynin günahı yoxdur. O günlərdə əlimiz də, sözümüz də heç yana çatmadı. Günahsız insanı öldürdülər. Sonra da şikayətlərimizə baxan olmadı. İndinin özündə də inamım qalmayıb. Bilsək ki, obyektiv araşdırma aparacaqlar, müraciət edərik”.
K.Şalıyev deyir ki, qardaşının həbsindən sonra evində axtarış aparan İlqar Əliyevin ölümü haqda xəbəri telekanallardan eşidib: “İlqar Əliyevin ölümünü eşitmişik. Evdə axtarışı da onlar aparırdı. Yığışdırıb nə vardısa aparmışdılar.  Apardılar, qaytarıb vermirdilər də. Sonradan ora-bura şikayət yazdıq, axır ki, qaytarıb verdilər. 900 dollar pulu vardı, onu da aparmışdılar, qaytarıb ala bildik. Əlihüseynin nəyi vardı ki? Nə qazanmışdı, Ukraynada qazanmışdı. Bakıda evi də orada qazandığı pullarla almışdı”.
K.Şalıyev deyir ki, Fərhad Əliyev həbsdən azad olunandan sonra Əlihüseyn Şalıyevin ailəsinə baş çəkib:“Fərhad Əliyev gəlmişdi, gedib Əlihüseynin qəbrini ziyarət elədi. O nə edə bilərdi? Onu da nahaq həbs eləmişdilər. El üçün ağlayan göz yaşı qurumaz. Əlihüseynin 2 qız yadigarı qaldı. Biri universiteti bitirib, iş məsələsi də qalıb. O biri uşaq da hələ balacadır, oxuyur. Bilirsiz, Əlihüseyn bura Ukraynadan gəlmişdi. Orada universitet oxumuşdu, Kiyevətrafı rayonlardan birində ”OKS”un (tikinti komitəsi) sədri idi. Orada işləyəndə yaxşı qazanırdı, özünə Bakıda ev almışdı. Burada bir şey qazanmamışdı. Onları bura baba (Heydər Əliyevi nəzərdə tutur – E.M.) dəvət eləmişdi. O vaxt Ukraynada Kuçma ilə görüş keçirəndə onlara çağırış eləmişdi, Əlihüseyn də bir çox azərbaycanlılar kimi qayıdıb gəldi. Axırı da belə oldu, işləri alınmadı. 2001-ci ildə qayıdıb gəlmişdi. Ukraynada 15 ilə qədər oxuyub, işləyib yaşamışdı. Kaş ki, gəlməyəydi…”
K.Şalıyev deyir ki, bu gün də qardaşlarının ölüm işinin araşdırılmasını istəyirlər: “Biz də istəyirik ki, qardaşımızın qanı yerdə qalmasın, araşdırsınlar. İntəhası, inam da qalmayıb. İlqar Əliyevin, o birilərinin həbsini eşidəndə bu barədə fikirləşdim. İndi pensiyaçıyam, oturmuşam evdə. Bir ərizə yazıb göndərəcəyəm baş prokurorun adına. Qoy araşdırsınlar, qardaşımın qanı yerdə qalmasın”.
Yada salaq ki, bir müddət əvvəl gununsesi.info saytı ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin rəhbərliyinin çoxsaylı cinayətlərindən birinin məhz Əlihüseyn Şalıyevin ölümü olduğunu təsdiqləyən məlumat yayıb. Sayt yazırdı ki, F.Əliyevlə birlikdə MTN tərəfindən həbs olunan Əlihüseyn Şalıyev sabiq nazirin üzünə durmadığına görə işgəncələrə məruz qalıb. Sonda isə müəmmalı şəkildə dünyasını dəyişib.
Əlihüseyn Şalıyev
Həmin vaxt MTN rəhbərliyinin müdaxiləsi nəticəsində bu olayın üstü ört-basdır edildi və Əlihüseyn Şalıyevin qanı batırıldı. Sayt Əlihüseyn Şalıyevi intihara vadar edən MTN-in o zamankı zabitlərinin kimliyi haqda da məlumat verirdi. Sitat: “Bu şəxslər nazirliyin Antiterror Mərkəzinin sabiq rəisi Elçin Quliyev (o zaman polkovnik idi-red.) və onun müavini İlqar Əliyev olub (Həbsindən sonra özünü öldürdü-red.)
Saytımızı bilgiləndirən mənbənin sözlərinə görə, Fərhad Əliyev həbs olunan günü onun evində axtarışda şəxsən iştirak edən hər iki şəxs MTN-nə gələrək, Əlihüseyn Şalıyevi sabiq nazirin əleyhinə ifadə verməyə vadar edib. İntihar etdiyi günə qədər davamlı təzyiqlər altında saxlanılan Əlihüseyn Şalıyev Elçin Quliyevlə İlqar Əliyevin təzyiqlərinə baxmayaraq, Fərhad Əliyevə böhtan atmaqdan imtina edib.
Qeyd edək ki, 2006-cı il avqustun 25-də Əlihüseyn Şalıyevin ölümü ilə bağlı Respublika Prokurorluğunun rəsmi məlumatı yayılmışdı. Məlumatda bildirilirdi ki, Ə.Şalıyev avqustun 24-də saxlandığı müalicə müəssisəsində intihar edib: “Müalicə müəssisəsinin növbətçiləri səhər saat 6.45-də onun damarlarını kəsdiyini aşkar ediblər. O, birdəfəlik istifadə üçün nəzərdə tutulan ülgüclə sağ və sol qollarının damarlarını kəsib”.
Həmçinin intihar etməzdən əvvəl Əlihüseyn Şalıyevin ailə üzvlərinə vida məktubunu yazmağa imkan tapdığı da diqqətə çatdırılırdı: “Məktubda Əlihüseyn Şalıyev ailə üzvlərindən onu bağışlamağı xahiş edib və göstərib ki, onun ölümündə kənar bir şəxsin təqsiri yoxdur”.
Əlihüseyn Şalıyev üzərində 2006-cı il avqustun 9-da müalicə müəssisəsində qasıq xaya yırtığı diaqnozu ilə cərrahiyyə əməliyyatı aparılmışdı.
 
Xatırladaq ki, İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın İnkişafı Departamentinin sabiq rəhbəri Əlihüseyn Şalıyev vəzifə səlahiyyətlərindən sui-istifadə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda təkrar rüşvətalma və digər cinayətlərdə şübhəli bilinərək həbs edilmişdi. Bir ilə yaxın Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanılmışdı.
musavat.com

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın