Ana səhifə / Gündəm / “Ermənilər hərbi texnikanı qoyub qaçdılar”

“Ermənilər hərbi texnikanı qoyub qaçdılar”

Bu dəfə “Cəbhə xətti”mizdə I Qarabağ savaşının iştirakçısı Etibar Ələkbər oğlu Mayılovdur. O, 1968-ci ildə Tərtər rayonu Namlı kəndində anadan olub. 1985-1988-ci illərdə hərbi xidmət keçib. 1991-ci ildə Tərtər özünümüdafiə batalyonuna könüllü qoşulub. 1993-cü ildə DİN-nin daxili qoşunlarına qəbul olunub. 

Axar.az Etibar Ələkbər oğlu Mayılovla müsahibəni təqdim edir.

 

Bir ayağı kəsildi, o birisinin…

 

İlk döyüşüm Şıxarx (Marquşevan) olub. Səhər 5-6 radələrində başlayan hücum əməliyyatında kəndə girib, Qnep deyilən yerə kimi getmişdik. Sonra əmr gəldi ki, qayıdın, geri qayıtdıq. O döyüşdə 17 nəfərə yaxın əsgərimiz itkin düşdü. Orada Azərbaycanın ürəkli, mərd, qoçaq oğlanları vuruşurdu. Sonra Cəbrayılın Mehdili adlanan kəndinə hücuma keçdik. Birinci artilleriya başladı hədəfləri vurmağa. Sonra biz tanklarla hücuma keçdik. Bərdədən Xəqan adlı idmançı oğlan var idi. Zəncirvari şəkildə gedirdik. Bu oğlan məndən 2 metr arxada idi. Birdən gəlib məni keçdi. Keçəndə birdən qabaqda “qurbağa” deyilən mina var imiş. Xəqan minaya düşdü, mina onu qaldırıb yerə çırpdı. Ayağının biri kəsildi, o birisinin də əzələləri sallanırdı. Əynində qoruyucu jilet var idi. Özü baxanda ki, ayağı yoxdur, əl atdı qumbaraya, özünü partlatsın. Mən tez çatıb qoymadım, ayağını sarıdıq. O zamankı batalyon komandiri Səlimovun “Niva” markalı maşını yaralını aparmaq üçün ora gəldi. Biz 3-4 adamdıq, gücümüz çatmırdı maşına yerləşdirək. “Niva” birqapılı olduğuna görə heç cür kömək edə bilmirdik. O özü ağrılarına baxmayaraq, yaralı sümüyünü dirədi maşına. Özü qalxdı mindi. Elə cəsarətli, ürəkli oğlanlarımız var idi. Onun hər iki ayağını kəsdilər.

 

O uşağı unuda bilmirəm

 

Cəbrayıla, Mehdili kəndinə çox hücum olurdu. Təxminən mart ayı idi. Mehdiliyə girəndə Lalətəpə deyilən bir yer var. Biz hər ora hücuma girəndə bir erməni tankı biz tərəfdən vurulurdu. Hövsandan olan bir oğlan var idi, keçmiş OMON-çu idi. Komandir Vahid Məmmədov İlqarla mənə tapşırıq verdi. “Faqot” deyilən raketi aparıb qurduq ki, hücuma keçəndə qarşı tərəfdən gələn tankı vuraq. Bu vaxt baxdım ki, arxada bir cavan uşaq durub. Haradasa 18 yaşı tamam olmuşdu. Şaxtadan dodağı partlamışdı. Yerinə kağız yapışdırmışdı. Dönüb soruşdum ki, döyüş gedir axı, burada niyə dayanmısan? Dedi, gedirəm. O uşaq getdi, tank da çıxmadı, biz hamımız hücuma qoşulduq. Çox güclü döyüş gedirdi. Güllə səsindən baş qaldırmalı deyildi. Mən ora çatanda bu uşağı gözündən vurdular. Başının arxasından çıxdı güllə, başı dağılmışdı. Baxdım ki, həmin uşaqdır. Hərbi adyalın arasına qoyub döyüş meydanından çıxartdıq. Heç bir-iki metr getməmiş xırıldayıb öldü. Nədisə onu özümə bağışlaya bilmirəm. Müharibənin öz qanunları var, ölüm də olmalıdır, amma o uşağı unuda bilmirəm.

 

 

Qəmlo mənə dedi ki…

 

Qnep kəndi uğrunda döyüş gedirdi. O vaxt vahid komandanlıq yox idi. Yəni batalyonlar ayrı döyüşürdü. “Vinzavod” deyilən bir yerdə əsgərləri gördük, elə bildik, Qurtuluş uşaqlarıdır. Onlar sarı forma geyinmişdi. Fəxrəddin çağırdı, dedi ki, qardaş, hansı batalyondansınız? Bunlar da erməni imişlər. Biz hansı batalyon olduğunu soruşanda birinin çiynində qumbaraatan var idi. Silahı bizə tərəf tuşladı, atəş açdı. O birilər dağıldı. Arx kimi yer var idi, biz də ora tullandıq. Dayanmadan atəş açırdılar. “Qəmlo” dediyimiz İsmayıl adlı oğlan var idi. O məndən qabaqda uzanmışdı, güllə dayanmırdı. Dedi ki, Etibar, sən başını qoy ayağımın arasına başına güllə dəyməsin. Mən durub güllə gələn yeri azdıracam, siz bir-bir keçərsiniz. O durdu ayağa, mən də kömək elədim. İkimiz də hədəfə atəş açırdıq. Qalan uşaqlar da çıxıb dağıldılar. Mühasirədən çıxa bildik. Sonra bildik ki, keçib ermənilərin içərisinə girmişik, ermənilər də həmin mövqedən bizə topla atəş açırdılar.

 

Erməni döyüşçüsü bizdən artıq idi?

 

Ağdərənin üstündə Qlobus deyilən yer var idi. Biz yüksəkdə idik. Qlobus sağ tərəfdə qalırdı. Səhər tezdən artilleriya atəş açdı. Biz tərəfə güllə atmırdılar. Sən demə, onlar gecədən gəlib bizimlə üzbəüz dayanıblarmış. Biz də gecə bir-iki saat yatanda da qumbaralardan sərhəd çəkirdik. Gələn olsa, xəbər tuta bilək. BMP ilə hücuma keçəndə başladılar bizə atmağa. Bütün silahlar var idi. Qumbaraatanlar, toplar, minaatanlarla hücum elədilər, ağır döyüş idi. Rəhman adlı oğlan var idi, o öldü.

 

Bizdə 10 döyüşçüyə onların bir döyüşçüsünü dəyişirdilər. Niyə belə olurdu? Erməni döyüşçüsü bizdən artıq idi? Ya bizimkindən daha qiymətli idi? Məsələn, onların 10 əsiri var, amma əvəzində bizim bir əsirimizi verirlər. Bir azərbaycanlıya 20 erməni dəyişirdilər.

 

Günlərlə yemək yemirdik

 

O vaxt ac qalanda da bir o qədər aclıq hiss etmirdik. O qədər ölüm-itim görürdük, dostlarının gözünün qabağında yaralanması, qucağında ölməyi adamı elə dəhşətə salırdı ki, aclıq heç kimin yadına düşmürdü. Elə olurdu, günlərlə ac qalırdıq, heç yemək yadımıza da düşmürdü. Dostumuzu, yoldaşımızı səngərdə tək qoyub əynimizi dəyişməyə gedə bilmirdik.

Ən ağır döyüş Ağdərənin Patləvəndi kəndində olub. Ermənilər Qalayçılar kəndində yerləşmişdilər. Onda bizim həmin ərazidə artilleriyamız çox deyildi. Amma onların BMP-2-ləri var idi. Onlar döyüşə girdilər. Biz hardasa 50-yə yaxın döyüşçü idik. Çox ağır döyüş idi. Yaralılarımız var idi. Şəkinin Dəhnə kəndindən İmran adlı oğlan itkin düşdü. Amma yenə də onların həmləsini dəf etdik.

 

Ermənilər hərbi texnikanı qoyub qaçdılar

 

Bəzən olurdu ki, erməni silahları ələ keçirirdik. Hətta onlar bir dəfə hərbi texnikanı da qoyub qaçmışdılar. Tərtərin Mamırlı kəndindən Eldəniz adlı oğlan var idi, o vaxt traktor sürüb-eləmişdi, texnikadan başı çıxırdı. O da getdi həmin texnikanı işə salıb gətirdi keçirtdi biz tərəfə. Bir dəfə Şıxarxda əsir götürmüşük. Kənd camaatından da var idi, əsgərlərdən də. Amma biz ermənilər kimi əsirlərə qarşı pis davranmırdıq. Onlar bizim əsirlərə qarşı vəhşicəsinə davranmışdılar. Bir dəfə də Lalətəpə deyilən yerə hücuma keçdik. Döyüş əməliyyatları vaxtı OMON əsgərləri çox cəsarətlə vuruşurdular. Bizə çox kömək edirdilər. Onlar irəlidə idi, biz bir az arxada – Qaratəpə deyilən yerdə. OMON-çuların erməni tərəfdə iki meyiti qalmışdı. Döyüşə-döyüşə keçmişdilər erməni tərəfə, yaralanıb qalmışdılar orda. Keçib götürmək də olmurdu. Amma getmədilər, gözlədilər, axşam düşdü. Hava qaraldı, ara sakitləşdi, keçib meyitləri götürdülər. Könüllülər çox qəhrəmanlıqla döyüşürdülər. Amma sonra könüllüləri ləğv elədilər, yeni batalyonlar yarandı.

 

Rus əsgər məni öldürmədi

 

Azərbaycan əsgəri erməni əsgəri kimi deyil. Bizim əsgərimiz vətənpərvər, torpağının uğrunda sevə-sevə şəhid olmağa hazır olan bir igiddir. Erməni əsgərləri rus ordusunun hesabına döyüşürdü. Ruslar döyüşüb, hər hansı bölgəni alıb verirdi ermənilərə. Erməni də hazır gəlib otururdu həmin ərazidə. Doneşən yüksəkliyi adlanan bir yer var. Səhər-səhər onlar hücum etdilər. Yüksəklik olduğuna görə ora birnəfəsə çıxmaq olmurdu. Silah-sursatımız da az idi. Ora hər saat patron qaldırmaq mümkün deyildi. Biz də hardasa 14-15 nəfər idik. Bunların hücumunun qarşısını ala bilmədik. Çoxlu yaralı verib geri çəkildik. Kəndin aşağısına düşdük. Bunlar da yüksəklikdə bizim səngərləri gəzirlər. Sarılıdan Yapon dediyimiz Samir adlı oğlan var idi. O soruşdu ki, bunlar nə əcəb bizə atmırlar. Sən demə, bunlar da pulemyot qururmuşlar. Baxdıq ki, hamısı ruslardır. Birdən pulemyotçu rus başladı atəş açmağa. Mən qaçıram, o mənim ayağımın altına atəş açır. Məni vurmaq istəmirdi. Vurmaq istəsəydi, əlinin içində idim, vurardı. Qaçıb özümü otluğa atdım. Güllələr sağdan-soldan keçirdi. Bir az keçdi bir də durdum qaçdım. Qaçanda yenə ayağımın altından atəş açmağa başladı. Mən də qaçıb təpənin arxasına keçdim. Gəlib kəndin çıxışında dayandıq.

 

“Babək-44” bütün erməniləri qırdı

 

Türkiyədə təlim keçmiş “Babək-44” adlı rota var idi. Onlar girib ermənilərin nə qədər canlı qüvvəsini qırdı. Həmin döyüşdə 9 PK pulemyotu götürdülər ermənilərdən. “Babək-44” girməmişdən əvvəl 9 kəşfiyyatçımız keçmişdi, ermənilərin hamısını öldürmüşdülər. Bir kəşfiyyatçımız da armud ağacının dibində ölmüşdü. Bizim o qədər cəsur qəhrəmanlarımız olub ki… Elmar Hüseynov, Vəzir Orucov, İnqilab, Mehrac kimi oğullarımız döyüşüb orda. Mən özüm atəşkəsə kimi döyüşmüşəm. Atəşkəsdən sonra bir il işləyib çıxmışam. Tərxis olunandan sonra sürücülük eləmişəm. İndi 45 manat təqaüd alıram, başqa heç nə. Bu gün Ali Baş Komandan əmr versə, canla-başla müharibəyə gedərəm.

– See more at: http://axar.az/news/68319#ad-image-0

Həmçinin oxuyun

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəsissəsini bazara çevirib

Son illər Penitensiar Xidmət sahəsində bəlli dəyişikliklərin şahidi olmaqdayıq. Müasir cəzaçəkmə müəssisələrinin tikiilərək istifadəyə verilməsi, …

Bir cavab yazın