Ana səhifə / Gündəm / Eldar Mahmudovun generalları “8-ci kilometr bazarı”nda özlərini tələyə salıb-cinayət dosyesi

Eldar Mahmudovun generalları “8-ci kilometr bazarı”nda özlərini tələyə salıb-cinayət dosyesi

MTN generalları bazarın yağmalanmasına görə cavab verə bilmir; şahid gətirdiklərinin ifadələri də özlərinə qarşı çevrilib

Sabunçu Rayon Məhkəməsində ləğv edilmiş MTN-in generalı Akif Çovdarov və digər 3 nəfərin – polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə proses sona çatmaq üzrədir. Hazırda iş üzrə ən geniş epizodlardan biri – “8-ci kilometr” bazarının sahiblərindən zor gücünə alınaraq Akif Çovdarov və Hilal Əsədovun ailə bizneslərinə qatılmasıdır.

Bazarın yağmalanması epizodu üzrə Hilal Əsədov, onun həyat yoldaşı Nüşabə Əsədova, Akif Çovdarovun ailə üzvləri, kürəkəni və digər yaxınları ifadələr veriblər. Məhkəmədə generalların ailə üzvləri dolaşığa düşüb həqiqəti söyləyiblər. Onların bir-birini təkzib edən ifadələri ittiham aktında da yer alır.
Ortada onların söylədiklərini təkzib edən xeyli ifadə var. Məsələn, bazarı əlindən alınmış Cəfər Salmanov məhkəmədə deyib ki, MTN-ə aparılaraq ona işgəncələr verilib, zor tətbiq olunub. Hədə-qorxu ilə bazarın sahibliyindən imtinasına nail olublar. Bundan sonra bazar C.Salmanovun adından Qulu Cəfərovun adına keçirilib. Lakin alqı-satqı müqaviləsi rəsmiləşdiriləndən 10 gün sonra C.Səfərovun qardaşı Salman Səfərov ölkə rəhbərliyinə, o dövrdə nazir olan Eldar Mahmudova şikayət məktubları yazıb, bazarın zorla əllərindən alındığını qeyd edib. Bundan sonra onu Akif Çovdarov qəbula çağırıb.
“Bazarı satmışdıqsa, bizə ayda 1000 manat humanistlik xatirinə pul verilərdimi?”
S.Səfərov deyir ki, A.Çovdarovla görüşləri MTN-in giriş qapısındakı 2 mərtəbəli binanın 2-ci mərtəbəsində baş tutub. Həmin görüşlər zamanı Akif Çovdarov ona deyib ki, bazarı “yuxarı”nın göstərişi ilə əllərindən alıblar. Bazarın heç olmasa 50 faizinin geri qaytarılmasını tələb etsə də, əvəzində A.Çovdarovdan hədə eşidib, iş təklifi alıb, şərlənərək həbs ediləcəyini eşidib: “Bazarı qardaşıma zor tətbiq edəndən 10 gün sonra MTN-ə getdim, bazarı Akifdən geri istədim. O, özünü ölkənin yiyəsi kimi təqdim edirdi. Deyirdi ki, mənə heç kim heç nə deyə bilməz. Mən ondan heç olmasa bazarın 50 faizinin geri qaytarılmasını istədim. Dedi ki, məsləhətləşib cavab verəcək. Sonrakı görüşümüzdə dedi ki, mümkün deyil, bazarı geri vermirlər. Mənə rütbə, iş təklif etdi. Razılaşmadım, bazarda bir anbarın bizə verilməsini istədim. Bununla da razı olmadı, dedi ki, ayda bazardan sənə 1000 manat verəcəyik. 2015-ci ilin dekabrında qardaşım hər ay bazara gedib onların adamı Elşən Hüseynovdan 1000 manat alırdı. Bunu Elşən məhkəmədə də təsdiq etdi. Dedi ki, guya humanistlik xatirinə bizə bazardan ayda 1000 manat veriblər. Əgər bazarı satın almışdılarsa, biz bazarı satmışdıqsa, bizə ayda 1000 manat humanistlik xatirinə pul verilərdimi? Gedib elə yetim-yesirə, məscidə o pulu versəydilər, daha humanist olmazdılarmı?”
“Sənə bir iynə vurduraram, iflic olarsan”

Image result for Akif Çovdarov
S.Səfərov deyir ki, A.Çovdarov onu həmin dövrdə həbslə hədələyib: “Deyirdi ki, cavan oğlansan, istəsəm səni qızla şərləyərəm, maşına silah qoyduraram, maşınından tank belə çıxar. Başa düşməzsən, sənə bir iynə vurduraram, iflic olarsan. Deyirdi ki, başa düş, bu yuxarının göstərişidir. Mən şikayət edirdim, qardaşım Cəfərə zəng edib qorxudurdu. Onu bazarı əlimizdən alanda döymüşdülər, tanınmaz hala salmışdılar. Akif Çovdarov şikayətçi olduğumu görəndən sonra tələsik bazarı Qulu Cəfərovun adından çıxardı və Çingiz Əsədovun adına saldı”.
S.Səfərov deyir ki, 2015-ci ildə MTN-də məlum hadisələr baş verəndən sonra Çingiz Əsədovla görüşüblər: “Ona dedim ki, Çingiz, biz səninlə alqı-satqı etmişdik, niyə gedib bizim guya zorla bazarı əlindən aldığımızı demisən. Cavab verdi ki, Akif Çovdarov ona tapşırıq verib ki, desin ki, Fərhad Əliyev gecəyarısı bazara gəlib və ona 300 min pul verib, bazarı alıb. O da qorxub Akif Çovdarovun tapşırığını yerinə yetirib. Dedi ki, siz qorxub bazarı Akif Çovdarova verdiyiniz kimi mən də qorxub onun tapşırdığı kimi demişəm. Mən də o nöqteyi-nəzərdən prokurorluqda şikayət yazanda Çingiz Əsədovu da baş verənlərin şahidi kimi göstərdim. Sonradan onunla görüşəndə başladı Rafiq və Fərhad Əliyevlərin adlarını hallandırmağa. Sonradan bildim ki, Akif Çovdarov həbs olunandan sonra Çingiz Əsədova bazardan ayda 5 min pul verirlər, bahalı ”Mersedes” alıb bağışlayıblar. Məhkəmədə Akif Çovdarova sual verildi ki, sən bazarı pul verib almısansa, ayda 5 min manat Çingiz Əsədova, 1000 manat Səfərovlara niyə verirdin? Bunlar deyir ki, guya humanistlik ediblər. Sanki məscid, xeyriyyə cəmiyyəti açıblar, yetim-yesirə pul paylayıblar. Bu qədər ağ yalan olmaz axı”.

Image result for Çingiz Əsədov
Generallar bazarı addan ada keçirib, axırda da…
İş üzrə şahid qismində ifadə verən A.Çovdarovun qonşusu, bazar Səfərovlardan alınandan sonra ora direktor təyin olunan Elşən Hüseynov deyib ki, 7 fevral 2006-cı ildə Çingiz Əsədovla alqı-satqı müqaviləsi bağlayıb, müqaviləyə əsasən Çingizə 285 min dollar pul ödəyib. Həmin bazar qeyd edilən tarixdə “Nəzrin-E” MMC-nin tərkibində olub. Eşidib ki, bazar ilk əvvəl Çingiz Əsədova məxsus olub, sonra bazarı Səfərov qardaşları Çingizə hədə-qorxu gəlmək yolu ilə əlindən alıb öz istifadələrinə götürüblər. Bazar 2002-ci ildən 2005-ci ilədək “Maral-Veqa”MMC-nin tərkibində olub və həmin MMC-nin təsisçisi Cəfər Səfərov olub. 6 yanvar 2006-cı ildə Qulu Cəfərov 276 min dollarına bazarı Çingiz Əsədova satıb. 31 yanvar 2006-cı il tarixdə isə “Nəzrin-E” MMC-ni təsis edib. MMC-nin 50 faiz payı onun adına, 1 faizi Ənvər Məmmədovun adına, 49 faizi isə Nüşabə Ənvər qızı Əsədovanın adına olub. 13 noyabr 2013-cü il tarixdə “Nəzrin-E” MMC-nin nizamnaməsində dəyişiklik edilməklə 50 faiz payı Aida Akif qızı Qasımovanın, 50 faiz payı isə Nüşabə Ənvər qızı Əsədovanın adına keçirilib.

Image result for məhkəmə
E.Hüseynov bazarın qeyd edilən şəxslərin adına keçirilməsini belə izah edir: “7 fevral 2006-cı ildə Çingiz Əsədovla alqı-satqı müqaviləsi bağlayaraq ona 285 min dollar pul ödədim və bazarı adıma keçirdi. Həmin məbləğin bir hissəsini Akif Çovdarovun yeznəsi Rövşəndən borca almışdım. Bir hissəsini isə Ənvər Məmmədov (Hilal Əsədovun qayınatası) verib. 50 faiz payını Aida Akif qızı Qasımovaya hədiyyə verib. Qasımova Aida Akif qızı MTN-in Baş İdarə rəisi Akif Çovdarovun qızı, Əsədova Nüşabə Ənvər qızı isə milli təhlükəsizlik nazirinin müavini Hilal Əsədovun arvadıdır. Meyvə-tərəvəz bazarını 24 dekabr 2005-ci ildə Səfərov Cəfər Qürbət oğluna 300 min dollar nağd şəklində, 78 dollar isə banka olan kreditini ödəyib alıb. Həmin hallarla bağlı Cəfər Səfərov ”ərizə-iltizam” adlı sənədi 12 saylı notariat kontorunda verib. Cəfər Səfərov digər qardaşları ilə razılaşa bilmədiyindən “Maral-Veqa” MMC-nin tərkibində olan meyvə-tərəvəz bazarını Qulu Cəfərova etibarnamə ilə vermişdir. MMC-nin təsisçisi və rəhbəri Cəfər olduğundan onun heç bir ailə üzvlərinin razılığı qanunla tələb olunmayıb. Qulu Cəfərov isə həmin bazarı ona satıb. Qulunun bazarı ona satması formal xarakter daşıyıb. Cəfər Səfərov həmin bazarı satdıqdan sonra qardaşları Salman və Qəhrəman onun yanına gəliblər. Və bundan sonra sonra qardaşı Süleyman Səfərova və yeznələri Raci Kərimova hər ay hər birinə 1000 dollar olmaqla pul verməyi xahiş ediblər. O, halallıq almaq məqsədilə razılaşmış və həmin vaxtdan bu günə kimi Süleymana hər ay 1000 dollar, Raci Kərimova isə son 2 ilə kimi 1000 dolları ödəyib.
S.Salmanov deyir ki, E.Hüseynovun ifadəsindən açıq-aydın bazarın onların əlindən alındığı görünür.
Kirvə də dolaşdı, bazarın kimə məxsus olduğunu dedi
O, ifadəsində göstərir ki, MTN-də Baş İdarə rəisi işləyən Akif Çovdarov onunla həmyerlidir və kirvə qohumluqları var. A.Çovdarov da, o da gürcüstanlıdır, lakin Bakı şəhərində tanış olublar, yaxın münasibətləri var. Arada bir qohum kimi zəngləşib hal-əhval tutublar. Bundan başqa, Elşən Hüseynov adlı şəxsi də tanıyır. O, Elşəni əslən Tovuz rayonundan olan Mais, Fərman, Aslan, Rəfail, Rauf adlı şəxslərə görə tanımış, Elşən Hüseynov həmin şəxslərin dostu olub, özü Elşənlə heç vaxt telefonla danışmamış və ortaq dostlarına görə münasibəti olub. 2005-ci il tarixdə adlarını çəkdikləri şəxslərdən hansısa biri ona dostları Elşən Hüseynova sənədləşmə işində köməklik etməyini xahiş edib, o da razılaşıb. Bilib ki, bu hansısa obyektin alqı-satqısı ilə bağlı olan bir sənədləşmə prosesidir. 2005-ci ilin sonlarında və ya 2006-cı ilin əvvəllərində bu söhbətdən sonra Elşənlə 9-cu mikrorayon ərazisində görüşüb və Elşən orada ondan xahiş edib ki, bir obyekt var, həmin obyekti özü birbaşa adına keçirə bilmir, ilk olaraq onun adına keçirilsin, sonra isə o, Elşənə satsın. O da Elşənin bu xahişini qəbul edib. Növbəti gün Elşən Hüseynovla “Olimp” mağazasının yaxınlığında yerləşən 12 saylı notariat kontorunda danışaraq görüşüb, həmin vaxt Elşənin yanında orta yaşlarında 2 nəfər şəxs olub. Maraq üçün nə obyekt olduğunu Elşəndən soruşduqda Elşən Naxçıvanski küçəsində, 8-ci kilometrdə olan meyvə-tərəvəz bazarı olduğunu deyib. Notariat kontorunda təxminən yarım saat ərzində bütün sənədlər hazır olduqdan sonra ona imza üçün təqdim olunub, o da oxumadan imzalayıb.
Qayınatanın ifadəsi də kara gəlmədi

Image result for vosmoy bazarı
Bu ifadəyə zidd ifadəni verən isə Hilal Əsədovun qayınatası Ənvər Məmmədovdur. O, ifadəsində göstərib ki, 2005-ci ilin axırı – 2006-cı ilin əvvəllərində Hilal Əsədov ona zəng edərək 450 min dollara Nizami rayonu, Naxçıvanski 50 ünvanda yerləşən “Meyvə-tərəvəz” bazarının satıldığını bildirib. Bundan sonra Hilal ilə birlikdə 225 min dollar toplayaraq qeyd olunan bazarın 50 faizini Çingiz Əsədovdan alıb. Bazar alınarkən “Maral-Veqa” MMC-nin tərkibində olub. Bazar alındıqdan sonra Elşən Hüseynov “Nəzrin E” MMC-ni təşkil etdi. Həmin MMC-nin 50 faizi Elşənə, 50 faizi isə ona məxsus olub. “Nəzrin E” MMC-də olan 50 faiz payının 49 faizini qızı Nüşabəyə verib, özündə 1 faiz pay saxlayıb. 2012-ci ildə 1 faiz payını da Nüşabəyə bağışlayıb. Bazar alındıqdan 2007-ci ilədək bazarda direktor olub.
Çingiz Əsədov danışır, bazarın sahiblərindən zorla alındığını deyir

Daha bir ziddiyyətli ifadənin müəllifi Çingiz Əsədovdur. O deyib ki, 1993-cü ildən bazar fəaliyyətə başlayıb, 1999-cu ildən bazarın bir hissəsini istifadə üçün əslən Cəlilabad rayonundan olan Cəfər, Səfər, Qəhrəman, Şahbaz Səfərov qardaşlarına verib. Abdulla və Səftər adlı şəxslərin bazarda rəsmi olaraq heç bir payı olmasa da, onlarla dostluq münasibətində olub, bazarı işlətməkdə ona köməklik ediblər. 2001-ci il tarixdə bazar özəlləşəndən sonra da o, rahatlıqla bazarı işlətmiş, lakin 2001-ci ilin aprel ayında qardaşı Elşən Əsədov bazarın mühafizəçisi Azər adlı şəxsi bıçaqladığı üçün 8 il müddətinə azadlıqdan mərhum olunub. Səfərov qardaşları 1999-cu il tarixdən bazarda işləsələr də, 2001-ci ildə artıq bazarın bir hissəsini onlara icarəyə vermiş və Cəfər Səfərovla icarə müqaviləsi də bağlayıb. Bu hadisə, yəni bazarın bir hissəsini onlara icarəyə verməyi bazarda mühafizəçi işləmiş Azərin qardaşı Elşən tərəfindən öldürülməsindən qabaq olmuşdur. İcarə haqqı olaraq Səfərov qardaşları gündəlik qazanclarının 70 faizini ona verirdilər.

Bu isə hər gün 500-600 dollar qazanc demək idi. Qardaşı Elşən Azəri öldürdüyünə görə həbs olunduğu vaxt onu da CM-in 128-ci maddəsi ilə məhkum ediblər. Nizami Rayon Məhkəməsində isə cərimə cəzasına məhkum olunub. Lakin istintaq müddətində 10 günə qədər həbsdə olmuş, həmin 10 gün müddətində qardaşlar bazarı faktiki idarə etməyə başlayıblar. 2002-ci il tarixdə yay aylarında o, Cəfər Səfərovla birlikdə Füzuli meydanı yaxınlığında yerləşən notariat kontoruna gedib bazarı ona satması barədə sənədə imza edib. 2005-ci il tarixdə onu MTN-də idarə rəisi işləyən polkovnik Akif Çovdarov qəbul edib dinləyib. Bundan sonra Səfərovları nazirliyə gətirdib məsələni aydınlaşdırarkən məlum oldu ki, Cəfər Səfərov ona 140 min pul verib. A.Çovdarovun yaxın adamı olan Elşən Hüseynov Cəfər Səfərova 300 min dollar pul ödəyib ki, bazarla bağlı bütün borcları ödəsin və halallıq olsun. Çünki Cəfər özü də deməsinə görə bazara xeyli xərc çəkib. 2006-cı il tarixdə o, Cəfər Səfərovun ona qaytardığı “Maral Veqa” MMC-nin tərkibində olan meyvə-tərəvəz bazarını Akif Çovdarovun yaxın adamı olan Hüseynova satıb və sənədlər onun adına rəsmiləşdirilib. Buna görə ona 150 min dolları pul ödənilib. Hazırda da Elşən ona aylıq 5 min dollar pul göndərir.
Çingiz Əsədov daha sonra ifadəsini davam etdirərək qeyd olunan bazarın 2005-ci ilin axırlarında Səfərov qardaşlarının əlindən alınmasında Akif Çovdarovun rolunun olduğunu, Cəfər Səfərovdan geri alınıb ona qaytarıldıqdan 2 ay sonra bazarı Akif Çovdarovun özünə verməli olduğunu dediyini, həmin vaxt Akit Çovdarova qarşı gedə bilmədiyindən bazarı ona verməyə məcbur olduğunu, narazılığını bildirməyə heç kəs olmadığından səssiz qaldığını, hazırda həmin bazarı işlədən Elşən Hüseynovun ona hər ay 5 min manat pul verdiyini bildirib.
Bütün bu ifadələr onu deməyə əsas verir ki, Eldar Mahmudovun generalları “vosmoy bazarı”nda özləri də bilmədən özlərini qarmağa keçiriblər. İndi isə 10 illik bazar səfasına görə cavab verməyin zamanıdır…

Həmçinin oxuyun

Ermənilər Qazaxla sərhəddən getmək istəmirlər – VİDEO

Azadlıq Radiosu Qazaxla sərhəddə yerləşən erməni kəndindən (Vosgepar) reportaj hazırlayıb.  Reportajda yerli erməni sakinlər yaranmış …

Bir cavab yazın