Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Gündəm / Eks-nazirin FETÖ ilə əlaqəsi onun həbsinə işarədir?

Eks-nazirin FETÖ ilə əlaqəsi onun həbsinə işarədir?

Ekspert: “MTN-in yüksəkrütbəli məmurlarının da FETÖ ilə əlaqəsi istisna deyil”

 
Türkiyə hakimiyyətinə yaxın “Ak gazete” saytının “Gülən camaatı”nın (FETÖ) Azərbaycandakı dayaqları haqda araşdırmasında ləğv edilmiş MTN-in sabiq şefi Eldar Mahmudovun da adı qeyd olunub. Məlumatda FETÖ-nun Türkiyədən sonra ən güclü dayaqlarının Azərbaycanda olduğu və bu xüsusda Eldar Mahmudovun da əlaqələrindən danışılıb. 
Hakim partiya və kəşfiyyat dairələrinə yaxın media orqanı hesab olunan qəzetin “FETÖ-nün Azərbaycanı addım-addım ələ keçirmə planı” başlıqlı yazısı sensasion məlumatlarla zəngindir. Bildirilir ki, Gülən hörgütü ilk illərdə Mahmudovun xarici bank hesablarına ildə 1 milyon dollar ödəyib, sonrakı illərdə isə həm də MTN şefinin Türkiyədəki biznes fəaliyyətlərinə də dəstək olub…
Bəs bu kimi nüanslar Eldar Mahmudovun həbsinin yaxınlaşdığını göstərirmi? “Yeni Müsavat”a danışan politoloq Elxan Şahinoğlu bildirdi ki, həqiqətən, FETÖ Azərbaycanda vaxtilə çox dərin kök salıb: “Bunu hər kəs etiraf edir ki, bu qruplaşma Türkiyədən sonra ən güclü mövqeyə məhz Azərbaycanda malik olub. Bunun da obyektiv  səbəbləri var. Çünki FETÖ-yə bağlı insanlar Azərbaycana hətta hələ sovetlər dağılmamışdan öncə gəlməyə başlayıblar. 1990-cı ilin 20 Yanvar hadisəsindən sonra Fətullah Gülənin əmri bu olub ki, gedin Azərbaycana, Mərkəzi Asiyaya, orada sisteminizi qurun. Gəldilər, məktəblər yaradıb, şirkətlər qurdular. Faktiki olaraq o zamanlar biz Türkiyəni elə FETÖ üzərindən görmüşük. Sadəcə olaraq, biz FETÖ ilə həqiqi Türkiyə sevərlər arasında fərqi görə bilmirdik. Çünki Türkiyəni yaxşı tanımırdıq. Deyərdim ki, heç Türkiyənin özü də özünü yaxşı tanımırdı.
Image result for Elxan Şahinoğlu
Orada da FETÖ-yə böyük imkanlar yaradılmışdı. Kök saldılar, əlaqə qurub, müxtəlif məmurlara yol tapdılar və anladılar ki, Azərbaycanda pulla bir çox işi həll etmək mümkündür. Yəni pulunu ver, işini gör. Bu baxımdan istisna etmirəm ki, MTN-in yüksəkrütbəli məmurları da FETÖ ilə əlaqəli olub. Ən təhlükəlisi odur ki, MTN Azərbaycanın təhlükəsizliyinə cavabdeh olan bir orqan olub. Azərbaycana isə müxtəlif istiqamətlərdə çox böyük təhlükələr var. Orada olan yüksəkrütbəli məmurlar Azərbaycanın təhlükəsizliyi barədə düşünməkdənsə, biznesmenləri soymaqla, saxta cinayət işləri açmaqla məşğul olublar ki, pul qazansınlar.
Yəqin ki, FETÖ-çülər də bunu görüb və düşünürmüşlər ki, əgər pulun müqabilində bu insanlar hər şeyə gedirlərsə, deməli, onlara ildə nə qədərsə pul verməklə maraqlarını təmin etmiş olarlar. Bu, o demək deyil ki, mən mütləq mənada qəzetdə yazılan ittihamları bölüşürəm. Ancaq fakt bundan ibarətdir ki, məhkəmələrdən biz izləyirik ki, MTN-in başında dayanan bu insanlar hansı cinayətləri ediblər. Əgər pula görə cinayətlərə baş vurublarsa, demək, FETÖ ilə də pul müqabilində müəyyən əməkdaşlıq mümkün idi”.
Politoloq bildirib ki, Eldar Mahmudov və rabitə naziri faktiki olaraq həbs edilmiş kimi bir vəziyyətdədirlər:“Hər iki istiqamətdə keçirilən məhkəmə proseslərində iki nazirin də adı çəkilir. Bu, o deməkdir ki, bir müddət sonra onların hər ikisinin də həbsi mümkündür. Məhkəməyə də artıq aydındır ki, bütün bu cinayətlərə onlar şərik olublar. Mümkündürmü ki, nazirin xəbəri olmadan, ancaq nazirliyin ikinci, üçüncü adamları bu qədər qeyri-qanuni formada maliyyə vəsaitləri yığsınlar? Aydındır ki, bundan nazirin də xəbəri olub və onunla da müəyyən məbləği paylaşıblar.
Bu baxımdan təkcə elə FETÖ ilə bağlı deyil, digər cinayətlərlə də bağlı hər zaman onların tutulma ehtimalı böyükdür. Lakin qeyd etdiyim kimi, indi də elə həbs olunmuş vəziyyətdədirlər. Sadəcə, görünür ki, təhlükəsizliklə bağlı hələ ki onların həbsinə qərar verilmir. Belə baxanda təhlükəsizlik nazirini həbs etmək sıradan bir hadisə deyil. Çünki 10 il müddətində Eldar Mahmudov bu vəzifədə çalışıb və ən çox məlumatlı şəxsdir. Bu baxımdan müəyyən qədər hazırlıq prosesi gedir”.
 
FETÖ-nün arxasında Amerikanın dayandığını nəzərə aldıqda Eldar Mahmudovun Amerika kəşfiyyatına işləməsi ehtimallarına isə politoloqun münasibəti aşağıdakı kimi olub: “Onlar müxtəlif məsələlərdə ittiham oluna bilərlər. Problem məhz bundadır ki, əgər pula görə bunlar bütün cinayətlərə gediblərsə, tək Amerika yox, istənilən dövlətin kəşfiyyat qurumu üçüncü şəxslər vasitəsi ilə, pul müqabilində bizim Milli Təhlükəsizlik Nazirliyində, rəhbərlik səviyyəsində müəyyən işlər apara bilərdilər. Əgər rəhbərlik səviyyəsində adi biznesmeni soyub, pulunu alıblarsa, digər biznesmen də pul təklif edib işini görübsə, üçüncü ölkənin xarici kəşfiyyat idarəsi hər hansı biznesmen vasitəsi ilə MTN-ə pul ötürməklə  öz maraqlarını təmin edə bilərdi. Ən böyük təhlükə də budur. Onların pulla bağlı bu cür cinayətkar hərəkətlərini bəlkə də ilk olaraq FETÖ görüb. Ancaq FETÖ də xarici qüvvələrlə bağlı şəbəkədir. Burada təkcə Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin adını çəkmək doğru olmazdı. Rusiyanın, İranın və digər başqa ölkələrin kəşfiyyat orqanının əgər Azərbaycanda marağı olubsa, milyonların müqabilində istənilən strukturda öz işini görə bilərdilər”.

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın