Ana səhifə / Gündəm / Dövlət və özəl xəstəxanaların “müştərək əməliyyat”ı – ARAŞDIRMA

Dövlət və özəl xəstəxanaların “müştərək əməliyyat”ı – ARAŞDIRMA

Dövlət xəstəkanalarında çalışan həkimlər cərrahiyyə əməliyyatlarını niyə özəl klinikalarda aparılmasında maraqlıdır?

Özəl klinikalara və orada çalışan həkimlərin işinə nəzarət gücləndirilir. Son vaxtlar özəl tibb müəssisələrində baş verən ölüm halları və həkim səhlənkarlığından ortaya çıxan ciddi problemlər cəmiyyətin diqqət mərkəzindədir. Mediada da tez-tez səsləndirilən bu fikirlər,nəhayət, aradan qaldırılmaq üzrədir.

Koordinat.az xəbər verir ki, özəl tibb müəssisələrində çalışan həkimlərin fəaliyyəti ciddi nəzarətə götürüləcək. Bunun üçün “Özəl tibb fəaliyyəti haqqında” qanunda dəyişikliklər edilib və yaxın vaxtlarda Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq. Bu barədə məlumat verən Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbli bildirib ki, bu qanunun tətbiqindən sonra həkimlər yalnız öz ixtisas sahələrinə uyğun müayinə və müalicə apara biləcəklər: “Son zamanlar özəl klinikalarda özbaşnalığın çoxaldığını görüb, bu qanunu onlara da tətbiq etmək qərarına gəldik. İndi həkim hansı xəstəlik üzrə lisenziya alıbsa, yalnız o xəstəlik üzrə də pasiyentinə xidmət edə bilər. Əks halda, onu cərimə gözləyir”.

Qanunun digər bir maddəsində isə deyilir ki, həkim ona aid olmayan xəstəliklə yaxınlaşan vətəndaşı lazımlı müəssisə və həkimə istiqamətləndirməlidir. Qanuna əlavə edilən bəndə görə, özəl tibb müəssisəsində vətəndaş üçün zəruri olan ixtisaslaşdırılmış tibbi yardımın göstərilməsi mümkün olmadıqda, müəssisənin müalicə həkimi tərəfindən həmin şəxs bu yardımı göstərən dövlət tibb müəssisəsinə və ya şəxsin istəyinə uyğun olaraq digər özəl tibb müəssisəsinə göndərilməlidir.
Yeni düzəlişlərdən sonra özəl klinikalara verilən lisenziyanın ləğv olunması prosesi də sadələşdiriləcək. Millət vəkilləri hesab edirlər ki, nəzarət mexanizmləri gücləndirildikcə onların işindəki qüsurlar da azalacaq. Bununla belə, indiyədək özəl klinikalarda aparılan uğursuz əməliyyatlar, həkim səhlənkarlığından dünyasını dəyişən insanlarla bağlı suallar hələ də cavabsız qalır.

Bəs, yeni qanun xaricdən gələn həkimlərə də şamil ediləcəkmi? Yerli və xarici həkimlərin məsuliyyətsizcə davranışlarına qarşı hansı tədbirlər görüləcək?

Bu mövzuda medianın daha çox diqqətdə saxladığı iki faktı xatırlatmaq yerinə düşər. Bakı Slavyan Universitetinin dekanı Elnarə Tofiqqızının əməliyyat mamasında dünyasını dəyişməsindən 2 il keçir. 2013-cü il sentyabrın 20-də “Medi Sina” Tibb Mərkəzində süd vəzinin popilloması diaqnozu ilə əməliyyata götürülən xanım cəmi bir neçə dəqiqədən sonra əməliyyat masasındaca vəfat edib. Həmin ölüm işi ilə bağlı aparılan istintaq işi və tibbi ekspertizalarla sübut yetirildi ki, həkimlər yanlış olaraq əməliyyat ediblər və bu zaman tibbi göstərişlərə məhəl qoymayıblar. O da bəlli oldu ki, əməliyyatda iştirak edən həkimlərin heç biri “Medi Sina” Tibb Mərkəzinin işçisi deyil. Onlar ayrı-ayrı dövlət müəssisələrinin və həkimləridir, sadəcə baş həkimlə şifahi razılıq əsasında (təbii ki, burada müəyyən məbləğ müqabilində razılıqdan söhbət gedir) əməliyyatı özəl klinikada ediblər.

Xəstələrin taleyi üzərində qurulan alver

Özəl klinikalarda həyata keçirilən əməliyyatların əksəriyyəti bu qayda ilə gerçəkləşdirilir.Bunu həkimlər özləri də gizlətmirlər. Ölüm halları baş verəndə və ya əməliyyat uğursuz nəticələnəndə isə onları məsuliyyətə cəlb etmək, hansısa sənədləri əldə etmək müşkülə çevrilir. Onlar insan taleyi ilə sadəcə alver, edirlər.
Bu tipli hadisələr artıq özəl klinikalara və orada çalışan həkimlərə inamı azaldır. Ona görə də vətəndaşlar öz sağlamlıqlarını xaricdən gələn həkimlərə etibar edirdilər. Bundan istifadə edən özəl klinikalar əcnəbi həkimləri işə cəlb etməyə üstünlük verirlər. Ancaq təcrübə göstərdi ki, xaricdən gələn həkimlər də heç də həmişə etibarlı olmurlar.

Toyuna hazırlaşdığı bir vaxtda estetik əməliyyat etdirən xanımın düşdüyü ağır durumu yəqin ki, çoxları xatırlayır. Hadisə ötən il aprelin 7-də İstanbul Estetik Klinikasında baş verib. Türkiyədən dəvət olunan plastik-estetik cərrah Zubeir Orter xanımı müayinə edən kimi dərhal əməliyyata götürüb və səhərisi Vətəninə qayıdıb. Uğursuz əməliyyatdan sonra yoxa çıxan həkimi hələ də tapa bilməyiblər. Klinikanın baş həkimi isə gənc qızın səhhətinə dəyən ciddi zərbənin müqabilində yalnızca üzr istəməklə kifayətlənib.

Yeri gəlmişkən, həmin həkimi tapmaq üçün kiçik araşdırma apardıq. Həkim Zubeir Orteri hamımıza bəlli olan sosial şəbəkələrdə, ən geniş axtarış sistemi olan “Google”da tapmağa çalışdıq. Adətən, müxtəlif hadisələr, insanlar haqqında informasiyaları, onların əlaqə vasitələrini məhz internetdən əldə edə bilirik. Lakin bu dəfə cəhdlərimiz baş tutmadı. İnsanların savadına və bacarığına güvənib taleyini etibar etdiyi həkimin heç yerdə izi belə, yoxdur. Zavallı müştəriləri də həkimin onlara verilən telefonlara cavab vermədiyini deyir. Bütün bunlar Zubeir Orterin insanları aldatmasını sübut edir.

Xarici həkimləri Bakıya kim və necə dəvət edir?

Bu olay özəl kilinikaların fəaliyyətinə və oraya xaricdən gətirilən həkimlərin işinə nəzarət məsələsini aktuallaşdırdı. Həmin klinikaların xaricdən həkim dəvət etməsi hansı qaydada tənzimlənir? Xaricdən gələn həkimlərin işinə nəzarət varmı və necə qurulub? Uğursuz əməliyyatlara görə kim məsuliyyət daşıyır?

Səhiyyə Nazirliyi rəsmilərinin bildirdiyinə görə, xaricdən dəvət olunan həkimlərlə bağlı xüsusi qaydalar mövcuddur. Öncə həmin həkimlər onları dəvət edən özəl klinikala ilə müqavilə bağlayırlar. Bundan sonra həkimi dəvət edən özəl klinika Səhiyyə nazirliyinə müraciət etməlidir. Müfaviq komissiya həmin həkimin diplomunu, haradan gəlməsini yoxlamalıdır. Gəldiyi ölkədə bu məlumatlar təsdiqlənərsə, onun burada işləməsinə razılıq verilir. Bu proses təxminən bir ay çəkir. Həmin həkimin ölkəmizə gəlməsinə Təhsil Nazirliyi və Dövlət Miqrasiya Xidməti də icazə verməlidir. Yalnız üç dövlət qurumunun birgə qərarından sonra xarici ölkələrdən dəvət olunan həkimlərə Azərbaycanda işləmək və ya əməliyyat etmək üçün müddətli lisenziya verilir. Həmin müddət ən azı 6 ay olmalıdır.

Təcrübə isə göstərir ki, həmin həkimlər ən çoxu bir həftə buradakı özəl klinikalarda xəstələri qəbul edir, eyni zamanda əməliyyat həyata keçirirlər. Ancaq əməliyyatdan sonrakı reablitasiya dövründə xəstələrə nəzarət etmirlər, fəsadlar ortaya çıxdıqda cavabdehlik daşımırlar. Bu, onu göstərir ki, xaricdən gələn həkimlər də yerli mühitə tez uyğunlaşırlar və ancaq pul qazanmaq məqsədi daşıyırlar. Buna görə də talelərini onlara etibar edən insanların sağlamlığı arxa plana keçirilir. Ancaq həmin həkimlər baş götürüb ölkədən getsələr də, onları Azərbaycana dəvət edən və işləməsi üçün lisenziya verən qurumlar məsuliyyət daşımalıdırlar. Səhoyyə Nazirliyi ciddi cəhdlə bu məculiyyətdən yayınmağa çalışır. Arqumenti də odur ki, klinika dəvət etdiyi həkimlə bağlanan müqavilə əsasında Nazirliyə müraciət edir. Ona görə də məsuliyyəti özəl klinikalar daşıyır. Ancaq istər özəl klinikalar, istərsə də orda çalışan, xaricdən dəvət olunan həkimlərin işinə nazirlik birbaşa nəzarət etməlidir. İnsan talelərinə bu cür soyuqqanlılıqla yanaşmaq sadəcə məsuliyyətsizlikdi.

Özəl klinikalarda nəzarətsizliyin doğurduğu digər problem öz profillərinə uyğun olmayan xidmətləri təklif etmələridir. Hər hansı sahə üzrə fəaliyyət göstərməsinə icazə verildiyi halda onlar lisenziyada nəzərdə tutulmayan xidmətlərlə məşğul olurlar. Bədbəxt hadisələrin baş verməsinin əsas səəbəblərindən bir də məhz bu cür qanun pozuntularıdır.

Bu məsələni vaxtaşırı millət vəkilləri, ziyalılar, Səhiyyə Nazirliyinin rəsmiləri də dilə gətirib. Hətta bəzi klinikalar lisenziyada nəzərdə tutulmayan fəaliyyətlə məşğul olduqlarına görə müvəqqəti qapadılıb, cərimə edilib. Ancaq problem yenə də qalmaqdadır. Bu sahədə də rüşvət halları baş verdiyindən prosesin qarşısını almaq mümkün deyil. Hətta bəzən qanunları, lisenziya qaydaları pozan özəl tibb müəssisələrinin lisenziyalarının ləğv olunmasında müəyyən problemlər yaranır. Bütün deyilənlər onu göstərir ki, qanunveriiciliyin təkmilləşdirilməsi özəl klinikaların fəaliyyətinə nəzarəti gücləndirmək məqsədi daşısa da, nəzarət mexanizmi hələ də çox zəifdir. Ona görə də uğursuz müalicə metodları, əməliyyatlar qaçılmazdır.

Həmçinin oxuyun

Ermənilər Qazaxla sərhəddən getmək istəmirlər – VİDEO

Azadlıq Radiosu Qazaxla sərhəddə yerləşən erməni kəndindən (Vosgepar) reportaj hazırlayıb.  Reportajda yerli erməni sakinlər yaranmış …

Bir cavab yazın