Çərşənbə , İyul 24 2019
Ana səhifə / Gündəm / Dövlət İqtisad Universitetinin Dərbənd filialında nə baş verir? – İTTİHAM VAR

Dövlət İqtisad Universitetinin Dərbənd filialında nə baş verir? – İTTİHAM VAR

Qəzetimizin ötən saylarından birində “Dövlət İqtisad Universitetinin Dərbənd filialına qəbul bazarlığı” sərlövhəli tənqidi material dərc olunmuşdu. Yazıda İqtisad Universitetinin Dərbənd filialına daxili imtahanlar əsasında həyata keçirilən tələbə qəbulu ilə bağlı törədilən maxinasiyalardan bəhs olunmuşdu. Məqalədə biz qeyd etmişdik ki, bu qəbul imtahanları əslində yalnız Rusiya vətəndaşları üçün nəzərdə tutulub. Amma ADİU-nun bəzi işbazları Azərbaycanda keçirilən ali məktəblərə qəbul imtahanlarından keçid balı toplaya bilməyən gənclərimizi də Dərbənd filialına “dəvət edirlər”. Məsələn, bu universitetin keçmiş müəllimi olan Eyyub Qarayev də belə “səlahiyyət”lərə sahib olan şəxslərdən biridir. Qeyd edək ki, hazırda Eyyub Qarayev Azərbaycan Kooperasiya Universitetinin “Mühasibat uçotu və audit” kafedrasında baş müəllim vəzifəsində çalışır. Əldə etdiyimiz məlumata görə, bir neçə il bundan öncə həm də Azərbaycan Dövlət İqtisad Universitetində müəllim işləyən Eyyub Qarayevin ADİU-dan qovulmasına da səbəb məhz elə Dərbənd filialı ilə bağlı maxinasiyalar olmuşdur. Amma bu barədə açıqlama verən mənbələr bildirirlər ki, məsələ heç də Eyyub müəllimin qanunsuz qəbullar həyata keçirməsilə bağlı olmayıb. İstənilən halda, universitet rəhbərliyindən nə xəbərsiz, nə də icazəsiz heç kim bu işləri görə bilməz. Sadəcə olaraq, bu məqsədlə alınan rüşvətin bölünməsi prosesində Eyyub Qarayevin bir neçə dəfə rektoratın “haqqına girdiyi” məlum olub. Bu isə, aydındır ki, bağışlanmaz bir günahdır. Bu səbəbdən də, Eyyub müəllim artıq bir neçə müddətdir ki, sadəcə Kooperasiya Universitetinin müəllimi kimi çalışmaqdadır. Lakin aradan bir müddət keçəndən sonra ADİU-nun rəhbərliyi görünür Eyyub müəllimin “işgüzarlığı” üçün darıxıb. Nəticədə, Eyyub Qarayev bu universitetdəki iş yerinə bərpa olunmasa da, hər halda Dərbənd filialı ilə bağlı müəyyən “imtiyazları” özünə qaytarılıb. Beləcə, Eyyub müəllim bu gün ADİU-nun Dərbənd filialına tələbə qəbulunu ortalama 20 min ABŞ dolları müqabilində həyata keçirir. Artıq qeyd etdiyimiz kimi, bu yaxınlarda Eyyub Qarayev ona bu məqsədlə müraciət etmiş bir vətəndaşdan ilkin olaraq 21 min dollar istəmişdi. Sonradan isə, məbləğ 19 minə qədər endirilmişdi. Həm də Eyyub müəllim bu məbləğin tam olaraq rektor Ədalət Muradova çatdığını vurğulamışdı. Halbuki, bizdə olan dəqiq məlumata görə, Dərbənd filialına tələbə qəbulu üçün rektora çatan məbləğ cəmi 15 min ABŞ dollarıdır.

Maraqlıdır ki, bu gün Azərbaycan Kooperasiya Universitetində olan mənbələr Eyyub Qarayevin bütün bu əməllərindən “Mühasibat uçotu və audit” kafedrasının müdiri Şəhla xanım Cəfərovanın və hətta rektoratın belə xəbərdar olduğunu vurğulayırlar. Bununla belə, həm kafedra, həm də universitet rəhbərliyi Eyyub müəllimin bu “vasitəçilik” fəaliyyətinə göz yumurlar. Görəsən niyə? Əlbəttə, əgər sözügedən filial ADİU-ya deyil, məhz Kooperasiya Universitetinə aid olmuş olsaydı, rəhbərliyin bu mövqeyini başa düşmək çətin olmazdı. Amma indiki halda, bu özbaşınalıqlara göz yummaq üçün başqa səbəblər olmalıdır. Bəziləri bunu Eyyub Qarayevin “lazımlı adam” olması ilə izah edirlər. Yəni, iddia olunur ki, onun vasitəçilik imkanlarından ara-sıra Kooperasiya Universitetində də “imtiyazlı qiymətlərlə” bəhrələnənlər olur. Bir başqaları isə, Eyyub Qarayevə qarşı Kooperasiya Universitetində mövcud olan münasibəti onun “bölüşmək qabiliyyəti” ilə izah edirlər…

Materialda adı keçən bütün tərəflərin mövqeyini öyrənə bilərik.

dia.az

Həmçinin oxuyun

Elton Məmmədova məxsus şirkətin separatçılarla əlaqələri araşdırılır

Sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, keçmiş deputat Elton Məmmədova məxsus şirkətin adı Ukraynada ciddi …

Bir cavab yazın