Ana səhifə / Gündəm / “Dirçələn” Eldar Mahmudov “zon”dakı qudasına niyə yiyə durmur – üç sensasion səbəb

“Dirçələn” Eldar Mahmudov “zon”dakı qudasına niyə yiyə durmur – üç sensasion səbəb

Sabiq nazirin oğlunun biznesini genişləndirməsi xəbərindən sonra onun əmisi oğlu da məhkəmə zalından azadlığa buraxıldı; yaxın ətrafının işləri qaydasına düşdüyü vaxtda Cahangir Hacıyev ən ağır şəraitli “zon”da niyə əziyyət çəkir?

Bu ilin iyununda 13 saylı cəzaçəkmə müəssisəsinə köçürülən Azərbaycan Beynəlxalq Bankı İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyevin ağır şəraitdə saxlanılması barədə yazmışdıq.

Xəbərdə deyilirdi ki, olduqca ağır şəraiti olan bu müəssisədə sağlam və normal qaydada yaşamaq yalnız imkanlı məhbuslara nəsib olsa da, Cahangir Hacıyev nədənsə, bundan da məhrum edilib. Qeyd edək ki, daş karxanaları ilə əhatələnən, yolsuzluğu, yayda su, qışda isitmə sistemi problemi olan müəssisəyə göndərilənlər faktiki olaraq cəza müddətində işgəncələrlə üz-üzə qalırlar.

Vəkili Aqil Layıcov “Yeni Müsavat”a açıqlamasında demişdi ki, C.Hacıyevin səhhətində çox ciddi problemlər var. “13 saylıda sağlam adam nəfəs almağa çətinlik çəkir. İsti, bir tərəfdən də daş karxanalarından göyə qalxan toz-tozanaq nəfəs almanı kəskin çətinləşdirir. Cahangir Hacıyev Haşimoto sindromundan əziyyət çəkir. Havasızlıq onun ürəyindəki problemin dərinləşməsinə səbəb olub. Kəskin çəki itirib”.

Gununsesi.info saytının yaydığı son məlumata görə, sabiq bank rəhbərinin tibb məntəqəsində ayrıca otaqda qalması üçün müraciəti təmin olunmayıb. C.Hacıyev müəssisədə təmir-bərpa işləri üçün müəyyən vəsait ayırmağa da hazır olduğunu vəd edib. O, başqa məhkumlarla birlikdə 180 nəfərlik “barak”da qalır. Bu müəssisədə məhkumların saxlanma yataqxanaları heç bir penitensiar qaydalara cavab vermir. Hər “barak”da təxminən 180-200 nəfər saxlanılır ki, bu da qanunvericiliyə ziddir. Həmin məhkumlar arasında HİV və Hepatit xəstəliyinin daşıyıcısı olanlar da kifayət qədərdir.

Qeyd edək ki, Qızıldaşdakı 13 saylı cəzaçəkmə müəssisəsində sabiq səhiyyə naziri Əli İnsanov, Tofiq Yaqublu, Pərviz Həşimli, Anar Məmmədli, Fərəc Quliyev və Əbdül Əbilov cəza çəkib. Hazırda bu müəssisədə İlkin Rüstəmzadə və Bayram Məmmədov saxlanılır.

Image result for 13 saylı cəzaçəkmə müəssisəsi

Cəzaların İcrası Məcəlləsinə görə, məhkum olunmuş şəxslər evlərinə yaxın yerdə cəza çəkməlidirlər. C. Hacıyevin hazırda saxlandığı cəzaçəkmə müəssisəsi onun evinə ən uzaq müəssisədir. Vəkili iddia edir ki, bunu bilərəkdən ediblər. “Ora onu qəsdən köçürüblər, çünki orada şəraitsizlik var, nəfəs belə almaq çətindir. Üstəlik, həmin cəzaçəkmə müəssisəsində həddən artıq yüklənmə var. Məsələn, 20 nəfərlik barakda 40 nəfər saxlanılır”. Vəkil C.Hacıyev digər cəzaçəkmə müəssisəsinə köçürülməsi üçün hələ bir neçə ay əvvəl müraciət etsə də, belə görünür ki, müraciət təmin edilməyib.

C.Hacıyevlə bağlı narahat xəbərlər onun qudası-ləğv edilmiş MTN-in sabiq şefi Eldar Mahmudovun yaxın ətrafının “dirildiyi” bir vaxta təsadüf edir. Bir neçə gün öncə E.Mahmudovun oğluna aid “Caspian Crystal” şirkətinin Fransanın məşhur içki istehsal edən “Chateau de Bordeneuve” şirkəti ilə müqavilə bağlaması xəbəri yayılıb. E.Mahmudov işdən çıxarılanda şirkətin də fəaliyyətini dayandırdığı haqda məlumatlar gəlirdi. Lakin daha sonra məlum oldu ki, şirkət işləyir və onun tərkibinə daxil olan müəssisələr fəaliyyətini davam etdirir.

Avqustun 28-də isə Nəsimi Rayon Məhkəməsində vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən “Azərtürkbank” ASC-nin Bakı filialının sabiq müdiri, E.Mahmudovun əmisi oğlu İlham Mahmudovun cinayət işi üzrə məhkəmə başa çatıb. Hakim Elman İsayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, İ.Mahmudov 1 il müddətinə azadlıqdan məhrum edilib. Həmçinin 1000 manat cərimə olunub. Məhkəmə İ.Mahmudova təyin edilmiş cəzanı həbsdə yatdığı günlə hesablayıb və bu səbəbdən o, məhkəmə zalından azadlığa buraxılıb.

Image result for 13 saylı cəzaçəkmə müəssisəsi

Bu iki fakt E.Mahmudovun ətrafının yenidən toparlanmasının mesajı kimi qəbul edildiyi halda, sabiq bankirə niyə əziyyət verilməsi maraq doğurur. Məlumdur ki, sabiq nazirlə qohum olduqdan sonra C.Hacıyevin hakimiyyətdə gücü daha da artmışdı. O, həm də qudasına güvənərək bir sıra maxinasiyalara yol verib. Üstəlik, C.Hacıyevlə sabiq nazirin şərikli biznesi də olub. İndi E.Mahmudovun yaxın ətrafının işləri qaydasına düşdüyü vaxtda C.Hacıyevin ən ağır şəraitli “zon”da əziyyət çəkməsinin səbəbi nə ola bilər? Burada üç mümkün ehtimal var.

Əvvəla, ola bilər ki, C.Hacıyevlə sabiq nazirin qudalıqlarına son verilib. Yada salaq ki, Azərbaycanda yüksək post tutan qohumlar arasında bu cür problemlər olub. İkincisi, mümkündür ki, E.Mahmudov hələ yenicə toparlandığı üçün qudasına yardım əlinin uzada bilmir. Nəhayət, istisna deyil ki, C.Hacıyev heç də mediada iddia edildiyi kimi, “pis şəraitdə” yaşamır. Nə qədər hakimiyyətlə problemi olsa da, “zon”da problemi pulla həll etmək mümkünsüz də deyil.

“YM”

Həmçinin oxuyun

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəsissəsini bazara çevirib

Son illər Penitensiar Xidmət sahəsində bəlli dəyişikliklərin şahidi olmaqdayıq. Müasir cəzaçəkmə müəssisələrinin tikiilərək istifadəyə verilməsi, …

Bir cavab yazın