Cümə axşamı , Noyabr 26 2020
Ana səhifə / Gündəm / Deputatlığa namizəd müəllimlərə müraciət etdi!

Deputatlığa namizəd müəllimlərə müraciət etdi!

Əziz müəllimlər! Daşıdığınız bu ad-müəllim adı dünyada ən yüksək addır. Ümummilli Liderimiz Heydər Əliyev deyirdi: “Mən müəllim adından yüksək ad tanımıram!”


Bəli, əzizilərim! Siz bu adınızla – müəllim adıyla həm , yaşadığınız həyatda,həm də cəmiyyətdə həmişə fəxr edə bilərsiniz. Siz eyni zamanda da öz hərəkətinizlə, ləyaqətinizlə bu adn şərəfini qorumağa çalışmalısınız.
Bildiyiniz kimi bu gün ölkəmizdə 9 fevral gününə Milli Məclisə seçiləcək insanların yarışı gedir, hazırlıq işləri aparılır. Bu, tale yüklü, həyat önəmli bir məsələdir. Təbii ki, özünü bu ali kürsüyə layiq bilən xeyli nümayəndə namizədliklərini irəli sürüb.
Yaraşıqlı portretlər, musiqi sədaları altında keçirilən görüşlər hay-küylər, heç də insanın kamilliyindən, nədə ki, ağlının dərinliyindən xəbər vermir. Və, hər kəs də bu seçki kompaniyasını öz düçündüyü kimi aparır. Məsələnin mahiyəti təkcə bunda deyil. Əsas məsələ odur ki, bu kürsüyə xalq səni layiq bilsin və sən özün də buna layiq olasan…
Bir məsələni də təəssüf hissi ilə qeyd edim ki, özlərini buraxanlar yenidən parlamentdə oturmaq qərarına gəliblər.Əlbəttə, bu, yolverilməzdir.
Və cəmiyyətimizdə birmənalı qarşılanmır. Ancaq nə edək, gərək insanın özünün də bir istefa mədəniyyəti olmalıdır.


Əziz müəllimlər! Parlament, bildiyiniz kimi, mühüm qanunların qəbul edildiyi, ölkənin taleyüklü məsələlərinin həll olunduğu ali orqandır. Bu ali kürsüyə yüksək intelekti, geniş dünyagörüşü, siyasi təcrübəsi olan, vətənini, xalqını, millətini sevən, cəmiyyətdə tanınan, milli ruhlu vətənpərvər insanlar seçilməlidir. Xalqın problemlərini, dərd-sərini, ağrı-acısını duyan, bu ağrı-acıları özününkü bilənlər seçilməlidir…
Uzun illərdir mətbuatda çalışıram, jurnalistəm, (əlavə hüquq təhsili almışam), təhsil ekspertiyəm, “Təhsil-Press.az” İnformasiya Agentliyinin rəhbəriyəm. Bir neçə kitabın, yüzlərlə elmi-publisist məqalələnin müəllifiyəm. Otuz ilə yaxndırki, Xətai rayonunda, namizədliyimi irəli sürdüyüm dairənin ərazisində yaşayıram.
Belə demək mümkünsə, seçicilərimi adbaad tanıyıram. Onların problemlərinə yaxşı bələdəm və seçicilərimdə məni yaxşı tanıyırlar.
İki dəfə deputatlığa namizədliyim olub. Özüm haqqında dediklərim təvazökarlıqdan uzaq olsa da üzrlü hesab etməyinizi xahiş edirəm. Özümü bu kürsüyə layiq bildiyim üçün namizədliyimi irəli sürmüşəm.
Əminəm ki, əgər etimad göstərsəniz sizin etimadınızı doğrultmağı bacaracağam.


Əziz müəllimlər, bu seçkilər Sizin çalışdığınız məktəblərdə keçirilir (116, 245, 269, 264, 204, 171, 86, 254, 249, 260 saylı məktəblərdə). Odur ki, məhz Sizlərə müraciət etmək qərarına gəldim. Siz övladlarımıza vətən , millət sevgisi öyrədirsiniz, siz övladlarımıza vicdanlı olmağı, doğru-düzgün danişmağı, haqqi,ədaləti müdafiə etməyi, sözün əsl mənasında, vətədaş olmağı öyrədərsiniz! Siz ölkəmizin uzun müddət müstəmləkə altında olduğunu, azadlıq, vətən, torpaq bütövlükdə Azərbaycan uğrunda canlarını fəda edən şəhidlərimizin qanlı tariximizdəki acı salnaməsini onlara unutmamağa çağırırısınız. Bu gün mənfur ermənilərin hansı yalanlarla, dünyaya səs salan böhtan və şərlə məşğul olduqlarını gənclərimizə öyrədirsiniz. Siz , şəhid analarımızın qurumayan göz yaşlarını, işğalda qalan və kafir ayaqları altında tapdanan müqəddəs yerlərimizin gec-tez azad olunacağını onlara inandırırsınız. Bəli, bu olacaq, o vaxt olacaq ki, hər bir şey ədalətli olsun, o vaxt olacaq ki, düzgünlüık olsun və layiq olanlar öz yerlərində olsunlar. Əziz müəllimlər,ziyalı deyəndə ilk göz önünə müəllimlırimiz gəlir. Əlinizi ürəyinizin, qəlbinizin köksünə qoyun və düşünün bu, seçkidir!
Xalqın, millətin seçkisidir! Millətini, Vətənini, xalqını sevənlərin secgisidir. Qoy sizi təmsil edən, səsinizə səs verən həmişə yanınızda olacaq birisi seçilsin!
Siz həm də valideynsiniz! Övladlarınıza da doğru, düzgün yol göstərir, onları halallığa, vicdanlı olmağı öyrədirsiniz. Odur ki, özünüz də, sözünüz də əməliniz də doğru-düzgün olmalıdır! Mən Sizlərə inanıram, güvənirəm, seçimimizi düzgün edəcək, həqiqətin, haqqın, ədalətin yanında olacaqsınız. İnanıram kı, Ölkəmizin, millətimizin, adına layiq olana səs verəcəksiniz. Bu müraciətim, eyni zamanda, bütün seçicilərimədir. Ona da inanıram ki, Siz bu gün sosial şəbəkələrdə yayılmış “Siyahı sindromunu” sındıracaqsınız. Xalqımızda seçki inamı yaradacaqsınız.
Hər birimizə uğurlar arzulayıram!

Hörmətlə:
Əkbər Hüseynzadə
“Təhlsil-Press.az” İnformasiya Agentliyinin rəhbəri,
34 saylı Xətai 2-ci Seçki Dairəsindən Deputatlığa namizəd

Həmçinin oxuyun

“Nar” “COVID-19” virusu ilə mübarizə aparan həkimlərə rabitə dəstəyini davam etdirir

“Nar” koronavirus (COVID-19) infeksiyasının daha da artdığı dövrdə virusla mübarizə aparan həkimlərə növbəti dəfə rabitə …