Şənbə , Aprel 20 2024
Ana səhifə / Gündəm / Deputatın sensasion biznes gizlinləri – ARAŞDIRMA

Deputatın sensasion biznes gizlinləri – ARAŞDIRMA

Millət vəkillərinin özəl sahibkarlıq fəaliyyəti ilə məşğul olması birmənalı şəkildə qadağandır. Ölkə Konstitusiyasının 89-cu maddəsinin 4-cü bəndində konkret olaraq göstərilir ki, Azərbaycan Respublikası Milli Məclisinin (MM) deputatı sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla) mandatından məhrum edilir. Buna baxmayaraq, Milli Məclisdə mandat sahibi olan deputatların bir qismi bizneslə məşğul olur. Onların biznesi haqda Milli Məclis rəhbərliyi məlumatlı olsa da, qanun səviyyəsində heç bir tədbir görülmür və hansısa səbəblərə görə biznesmen deputatlara güzəşt olunur. Yəni ölkə təcrübəsində bu vaxtadək bizneslə məşğul olan deputatın mandatının əlindən alındığını görməmişik. Məhz bundan arxayın düşən bəzi millət vəkilləri sahibi olduqları biznes şəbəkəsini daha da genişləndirirlər. Parlamentin biznesmen deputatlarından biri də son parlament seçkilərində 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən mandat sahibi olmuş Vəliyev Ağalar İsrəfil oğludur. Bu yazımızda cumhuriyyet.az olaraq Ağalar Vəliyevin özü və biznesi ilə bağlı media üzərindən geniş araşdırma apardıq. Məşhur bir kadrın pərdəarxası və “Alabala” Mayın 19-da Bakıda çoxmərtəbəli binada baş verən yanğın insan tələfatı ilə bitdi. Cavabdeh qurumlar yanğına səbəbin binanın üzlənməsi üçün istifadə edilən penoplast üzlüklərin olması ilə əsaslandırdılar. Bundan sonra Bakıda təhlükə yaranmaması üçün penoplastla üzlənmiş binaların üzlüklərini sökməyə başladılar. Eyni zamanda yanmış olan Azadlıq prospekti, 200/36 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında da bərpa işləri başladı. Bərpa işləri ilə bağlı tender keçirilmədi və ilkin dövrdə bərpanın kimə tapşırılması gizli saxlanıldı. Baş nazirin müavini Abid Şərifov jurnalistin yanan binadakı təmir işlərinin sifariş edildiyi şirkətin adı ilə bağlı sualına “Səə nə var, Alabala” deyərək, həm dövlət qulluqçusu statusunu, həm də jurnalisti təhqir elədi. Sonradan yanan binanın hansı şirkətə verilməsi məsələsi mətbuata aydın oldu, amma həmin “Alabala” deyilən günü təmirin tapşırıldığı şirkətin rəhbərinin elə Abid Şərifovun arxasında durması nüansını jurnalsitlər nəzərdən qaçırdı. Bəli, Binəqədi rayonunda yanan binanın təmiri “Azəraqrartikinti” ASC-yə həvalə olundu. ASC-nin rəhbəri, Milli Məclisin deputatı Ağalar Vəliyevdir. O, 1996-cı il, iyunun 19-da eks-prezident Heydər Əliyev tərəfindən “Azəraqrartikinti” Dövlət Şirkətinin prezidenti vəzifəsinə təyin olunub. 1998-ci ildən isə Ağalar Vəliyev həmin şirkətin bazasında yaradılmış “Azəraqrartikinti” Səhmdar Cəmiyyətinin idarə heyətinin sədri vəzifəsində çalışır. Bir dövlət müəssisəsinin özəlləşdirilməsi və yumşaq desək, “əldən çıxarılması”onun vasitəsilə həyata keçirilir. Deputat və biznesi haqda qısa arayış Vəliyev Ağalar İsrəfil oğlu 1957-ci il iyulun 23-də Yevlax şəhərində anadan olmuşdur. 1976-cı ildə Mingəçevir Politexnik Texnikumunu, 1989-cu ildə isə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirmişdir. İxtisasca inşaat mühəndisidir. Əmək fəaliyyətinə 1976-cı ildə Avtomobil Yollarının Tikintisi və İstismarı Nazirliyinin Yevlax dəmir beton məmulatları zavodunda fəhləlikdən başlamışdır. Həmin zavodda laboratoriya mühəndisi, şöbə rəisi, baş mühəndis və direktor, 1986-cı ildən Avtomobil Yollarının Tikintisi və İstismarı Nazirliyinin Dəmir Beton zavodunun direktoru, 1991-ci ildən Körpü tikinti kombinatının baş direktoru, 1993-cü ildən isə 2 saylı “Yoltəmirtikinti” trestinin rəisi, 1996-1998-ci illərdə isə “Azəraqrartikinti” Dövlət Şirkətinin prezidenti vəzifələrində çalışmışdır. 1998-ci ildən “Azəraqrartikinti” Açıq Səhmdar Cəmiyyətinin sədridir. Yeni Azərbaycan Partiyasının üzvüdür. 2010-cu ildə”Əməkdar mühəndisi” fəxri adına layiq görülmüş, 2012-ci ildə isə “Şöhrət” ordeni ilə təltil edilmişdir. Ailəlidir, bir oğlu var.”Azəraqrartikinti” Açıq Səhmdar Cəmiyyəti artıq 50 ildən çoxdur ki, fəaliyyət göstərirdi və bu qurum 1961-ci ildə qeyri-dövlət mülkiyyəti əsasında yaradılmış “Başkolxozlararasıtikinti” İdarəsinin hüquqi varisi idi. Sonradan onun tərkibinə müxtəlif dövlət təşkilatları verilməklə adı bir neçə dəfə dəyişdirilərək, “Başkolxozsovxoztikinti” İdarəsi, “Azəraqrarsənayetikinti” Birliyi, “Azəraqrartikinti” İstehsalat Birliyi, “Azəraqrartikinti” Dövlət Şirkəti adlandırılıb. Azərbaycan Respublikası Prezidentinin “Tikinti kompleksinin inhisarsızlaşdırılması və özəlləşdirilməsi haqqında” 1997-ci il 2 dekabr tarixli 646 saylı Fərmanı ilə “Azəraqrartikinti” Dövlət Şirkəti ləğv edilərkən şirkətin qeyri-dövlət mülkiyyətinə məxsus əmlakının bazasında “Azəraqrartikinti” Açıq Səhmdar Cəmiyyəti yaradılaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 11 mart 1998-ci il tarixdə 1 saylı şəhadətnamə ilə qeydiyyata alınıb. Cəmiyyətin bütün mülkiyyəti Ağalar Vəliyevə “hədiyyə” edilib. Öyrəndik ki, Azəraqrartikintinin səhmlərinin bölgüsü qapalı aparılıb və kollektiv arasında səhmlər bölünüb. Hər işçinin nominal dəyəri 20 manat olmaqla 130 ədəd səhmi olub, Səhmdarların sayı məlum deyil. Amma indiyədək təxminən 200 dəfə əqd bağlanıb (səhmlərin alqı satqısı ilə bağlı). Son aylar isə müəssənin səhmləri bazarda sürətlə yığılır, 2600 manat qiyməti olan səhmlər üçün deyilənə görə işçilərə 300 manat pul verib alırlar. Əslində “Azəraqrartikinti” Səhmdar Cəmiyyətinin idarə heyətinin sədri Ağalar Vəliyevə səhmlərin neçə faizinin məxsus olması ilə bağlı konkret informasiya əldə edə bilmədik. Çünki Səhmdar Cəmiyyət illik hesabatını nə saytında, nə Kütləvi İnformasiya Vasitələrində açıqlamır, hesabatlarının şəffaflığını təmin etmir. 40 filial və başqa özəl şirkətlər “Azəraqrartikinti” ASC özəlləşərkən tabeliyindi bir çox rayon filialı da var idi. Bəziləri isə özəlləşmə həyata keçirildikdən sonra yaradıldı və anında tam gücüylə fəaliyyətə başladı. Bir sözlə, “Azəraqrartikinti” ASC 40 filial və qız şirkətlə özəlləşdirildiyi ildən dövlət tenderleri almağa başladı.

 

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın