Ana səhifə / Gündəm / Dərman sabotajı: Gürcüstanda 5, bizdə isə 25 manata olan dərman hansıdır? – REPORTAJ, FOTOLAR

Dərman sabotajı: Gürcüstanda 5, bizdə isə 25 manata olan dərman hansıdır? – REPORTAJ, FOTOLAR

“Tiflisdə “Tripliksam” adlı təzyiq dərmanının qiyməti 3-4 ay bundan qabaq, təxminən, Bakıdakı kimi idi, bizim pulla 16-17 manat… İndi o bizdə 26-27 manat olub. Onlarda isə təxminən 5 manatdır. Bu dərmanı gürcülər də dollarla alıb, gətirirlər, bizimkilər də… Ancaq bizdə “Tripliksam” indi 26-27 manata qaldırıblarsa, deməli, bizdə dərman şirkətləri daha çox qazanmaq istəyirlər, gürcülərsə, az qazancla kifayətlənirlər”.
Bu sözləri filosof  Niyazi Mehdi Azərbaycan iqtisadiyyatındakı problemlər ilə bağlı yazdığı köşə yazısında qeyd edib. Filosofun bu fikirləri mətbuatda da müzakirə mövzusuna çevrilib və Tarif Şurasının dərmanların qiymətinin tənzimlənməsi ilə bağlı qəbul etdiyi qərarlardan sonra belə vəziyyətin yaranması əczaçılıq sahəsinin vəziyyəti ilə bağlı suallar doğurub.
Musavat.com-un müxbiri adıçəkilən dərmanın – “Tripliksam”ın izi ilə paytaxtdakı aptekləri gəzib, qiymətlərlə maraqlanıb. Məlum olub ki, dolların bahalaşmasından sonra əksər dərman vasitələrinin qiymətində hiss olunacaq dərəcədə artım var.
Məsələn, ən çox isitfadə olunan qrip əleyhinə “Teraflyu”, “Qripxot” və s. paraşoklar 20-30 faiz bahalaşıb. “Zeytun Farm” şirkətinin nəzdində fəaliyyət göstərən aptekdə “Tripliksam” dərmanının qiyməti fərqli idi.
Satıcı təqribən 1 həftədir ki, bu dərmanın bahalaşdığını dedi: “Dolların bahalaşmasından sonra bəzi dərmanların qiymətlərində artım oldu. Əsasən təzyiq dərmanları bahalaşıb. Misal üçün əvvəllər 14-15 manata təklif olunan təzyiq dərmanı olan “Tripliksam” hazırda 23-24 manatadır. Tərkiblərinə görə qiymətlərdə cüzi fərq var”.
“Avromed” şirkətinin nəzdində fəaliyyət göstərən aptekdə isə vəziyyət fəqli idi. Satıcı “Tripliksam” dərmanın hazırda olmadığını, lakin qiymətin 14 manat 80 qəpik olduğunu dedi: “Tripliksam” 4 tərkibdə satılır və bu təzyiq dərmanının qiyməti 14 manat 80 qəpiyə təklif olunub. Təqrbibən 1 aydır ki, Fransa istehsalı olan “Tripliksam” dərmanı satışda yoxdur. Lakin əvəzediciləri olsa da, həmin dərmanın keyfiyyətini vermir. Şirkətdən yaxın günlərdə gətirələcəyi deyilib və hazırda cədvəldə olan qiymətlər 14 manat 80 qəpikdir. İnanıram ki, qiymətlər dəyişməz olaraq qalacaq. Lakin qiymətlərin dəyişməsi və yaxud stabil qalması yalnız şirkət tərəfindən müəyyən olunur”.
Qeyd edək ki, qiymət artımı daha çox gündəlik istifadə olunan əczaçılıq məhsullarında, şəkərli diabetdən və yüksək təzyiqdən əziyyət çəkənlər üçün olan dərmanların qiymətində özünü göstərir.
Həmçinin, bahalaşma uşaq yeməklərində, uşaq dərmanlarında da müşahidə olunur. Uşaq yeməyi olan “Nutrilak” adlı yemək əvvəllər 6-7 manata təklif olunurdusa, hazırda 8 manata satılır. 70 qəpiyə olan uşaq pudrası hazırda 1.10 manatadır.
Dərman bazarındakı mövcud durumu şərh edən tibb elmləri doktoru Adil Qeybulla musavat.com-a açıqlamasında bildirdi ki, dərmanların baha olması monopoliyanın hələ də aradan qaldırılmamasından irəli gəlir: “Son zamanlar apteklərdə bir çox lazımı dərmanlar yoxa çıxıb. Ümumiyyətlə, apteklərdə hərə istədiyi kimi dərmanlara qiymət qoyur. İri dərman şirkətləri monopoliya yaradaraq, apteklərə dərman buraxmırlar. Əslində, Tarif Şurası dərmanların qiymətlərini müəyyən edərkən, bu dərmanların başqa ölkələrdəki qiymətlərini də nəzərə almalıdır. Necə olar bilər ki, qonşu ölkələrdə bu cür dərmanlar 5 manata satılır, biz də isə 5 dəfə artıq qiymətə təklif olunur. Bir sözlə, apteklərdə dərmanların tapılmaması ölkədə dərman bazarını inhisara alan şirkətlərin sabotajı sayılmalıdır”.
Qeyd edək ki, dərmanların qiymətlərinin tənzimlənməsi son ayların ən aktual mövzularından biri oldu. Ölkə başçısı da Nazirlər Kabinetinin iclasında bu məsələyə toxundu və daha sonra Tarif Şurasının qərarları ilə minlərlə adda dərmanın molekulyar tərkibinə görə vahid qiymətləri müəyyənləşdirildi. Lakin görünən odur ki, devalvasiya dalğasının gətirdiyi bahalaşma fonunda Tarif Şurasının vahid qiymətləri arxa planda qalıb.





Həmçinin oxuyun

Ermənilər Qazaxla sərhəddən getmək istəmirlər – VİDEO

Azadlıq Radiosu Qazaxla sərhəddə yerləşən erməni kəndindən (Vosgepar) reportaj hazırlayıb.  Reportajda yerli erməni sakinlər yaranmış …

Bir cavab yazın