Şənbə , Noyabr 28 2020
Ana səhifə / Gündəm / Dəmir bazarında qiymət artımı və işbazların yeni fırıldağı… – REPORTAJ, FOTOLAR

Dəmir bazarında qiymət artımı və işbazların yeni fırıldağı… – REPORTAJ, FOTOLAR

Manatın dollara nisbətdə dəyər itirməsi, dəmir bazarında kəskin qiymət artımına səbəb olub. İddia olunur ki, maliyyə bazarındakı vəziyyətdən istifadə edən işbazlar, süni qiymət artımına getmələri ilə bərabər, dəmir materiallarının keyfiyyətini də aşağı salıblar.
Musavat.com-un əməkdaşı Dərnəgül yolunda yerləşən dəmir bazarında maraqlı faktların şahidi olub.
Dəmir məmulatlarının topdan satıldığı yerdə qoyulmuş satış köşklərindən hazırkı qiymətlərlə maraqlandıq. Öyrəndik ki, topdan satış yerində diametri 25 mm olan borunun qiyməti bir ay öncə 2.60 AZN olduğu halda, hazırda 2.90 AZN-dir. 32 mm-lik boru bir ay öncə 3.30 AZN-ə satıldığı halda, hazırda 3.80 AZN-ə satılır. 50 mm-lik borunun qiyməti isə bir ay ərzində 70 qəpik bahalaşaraq, 5.70 AZN olub. Onu da öyrəndik ki, birinci devalvasiyadan öncə bu materialların qiyməti təxminən indiki dəyərinin yarısı qədər imiş. Misal üçün birinci devalvasiyadan öncə 50 mm-lik boru 2.90 AZN-ə satılıb.
Bundan başqa armaturun da qiymətində son bir ayda nəzərəçarpacaq dərəcədə artım var. Belə ki, təxminən bir ay öncə tonu 760 AZN olan armatur, hazırda 800 AZN-ə satılır. Dəmir listlərin bir ədədinin qiyməti əvvəl 9 AZN-ə olduğu halda, hazırda 11.80 AZN-ə satılır.
Topdan satış yerlərində söhbət etdiyimiz alıcılar bildirdilər ki, son zamanlar qiymətlərin artması bir yana, keyfiyyət də xeyli aşağı düşüb. Onlar bildirdilər ki, topdansatış yerlərində alıcılar aldadılır: “Bir məsələ var ki, manatın birinci devalvasiyasından indiyə qədər dəmir bazarında qiymətlər durmadan artır. Hər ay qiymətlər dəyişir. Dolların bahalaşmasını bəhanə etsələr də, bunlar dolların bahalaşma tempindən də sürətlə qiyməti qaldırırlar. Bu qiymət artımlarının geri dönüşü də yoxdur. Yəni bir dəfə qaldırdılarsa, daha ucuzlaşma söhbəti ola bilməz. Borulara gəlincə isə bazarda qalınlığı 3 mm olan boru tapmaq olmur. Şirkət olaraq qalınlığı 3 mm-lik boru sifariş edirik, ancaq istifadə edəndə görürük ki, keyfiyyət çox aşağı salınıb. Bunun da səbəbi odur ki, topdansatış yerləri özləri sifariş verdikləri zaman deyirlər ki, borunun qalınlığı 3 mm-dən aşağı olsun. Ancaq müştəriyə həmin borunu 3 mm-lik adı və qiyməti ilə satırlar. Yəni bazarda bu cür özbaşınalıq baş alıb gedir. Vəziyyət o yerə çatıb ki, dəmir listlərin də qalınlığı 0.5 mm-lik olmaq əvəzinə, 0.3-0.4 mm çıxır. Bunların da qalınlığını, keyfiyyətini azaldıb, qiymətini isə qaldırıblar”.
Tikinti materialı bazarında digər materialların da qiymətləri ilə maraqlandıq. Öyrəndik ki, digər növ materiallarda bir o qədər də qiymət artımı yoxdur. Misal üçün tamet daşların qiyməti əvvəllər olduğu kimi indi də 5-7 manat arasında dəyişir.
Satıcı Vüqar Hüseynov bildirdi ki, qiymətləri artırmaq istəsələr də, bunu edə bilmirlər: “Əslində sementin qiyməti bahalaşdığı üçün qiymətləri artırmaq məcburiyyətindəyik. Ancaq alıcılar heç indiki qiymətlə materiala yaxın durmurlar. Müştəriyə qiymət deyirsən, az qalır ki, adamı döysün. Ona görə də qiyməti qaldıra bilmirik”.
Taxtanın qiymətində isə ötən aylarla müqayisədə müəyyən qədər artım var. Belə ki, hazırda taxtanın 1 kubu 290 AZN-ə satılır. Halbuki, ötən aylarda bu rəqəm 270 AZN idi. Hazırda taxta bazarında 270 AZN-ə yalnız işlənmiş və keyfiyyəti aşağı olan taxta tapmaq olar. Taxtadan hazırlanan tikinti materiallarının da hamısının qiymətində artım var. Misal üçün əvvəllər dik deyilən materialın qiyməti 18 manat olduğu halda, hazırda 21 manatadır.
Bazarda xırdavat mallarının da qiymətində son aylar 20-25 faiz artımın olduğu bildirildi. Satıcılar söylədilər ki, qiymətləri manatın məzənnəsinə uyğun olaraq qaldırırlar və bu hal hələ ki, davam edəcək. Çünki manat durmadan ucuzlaşır.
İqtisadçı Natiq Cəfərli dəmir bazarındakı vəziyyətlə bağlı musavat.com-a aşağıdakıları bildirib: “Xaricdən gətirilən materialın bahalaşmasının məntiqi aydındır. Bu, dolların məzənnəsi ilə bağlıdır. Yerli istehsalın bahalaşması isə müxtəlif səbəblərlə əlaqəlidir. Ola bilər ki, xammalın maya dəyərində müəyyən qədər qiymət artımı olub. Bir məsələ də var ki, Azərbaycanda əvvəllər metal məmulatlarının böyük əksəriyyəti, ikinci dərəcəli materialdan hazırlanırdı. Yəni yığılan dəmirlər təkrar istehsala gedirdi. İstehsal olunan məhsulun keyfiyyəti isə müəyyən qədər aşağı idi. İndi ola bilər ki, bu bazar da darlaşıb və təkrar istehsala gedəcək metal qalmayıb. Bu isə qiymət artımına səbəb olur. Eyni zamanda son zamanlar vergi qanunvericiliyinə də çoxsaylı dəyişikliklər edildi. Bu dəyişikliklər də istehsalda maya dəyərinin artmasına səbəb ola bilər. Ölkədə əgər rəqabətli mühit olmasa, stabil qiymətə nail olmaq çətin olacaq. Xarici şirkətlərin bazara birbaşa daxil olmasına imkanlar yaradılsa, istehsalçı şirkətlərin sayı artarsa, düşünürəm ki, rəqabətli mühit şəraitində qiymətləri tənzimləmək olardı. Azərbaycan hökuməti və cəmiyyəti dövlətin bütün sahələrdə qiymətə müdaxilə etməli olduğu düşüncəsindən əl çəkməlidir. İnzibati yollarla qiymətin tənzimlənməsi effektiv deyil. Vergi və gömrük qanunverciliyində pozitiv dəyişikliklər etməklə, bu sahədə qiymət tənzimlənməsinə getmək mümkündür. Azərbaycan artıq bu modelə keçməlidir”.















Həmçinin oxuyun

Şuşa şəhərinə içməli suyun verilməsinə başlanılıb – FOTO

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan ordusu tərəfindən işğaldan …

Bir cavab yazın