Çərşənbə , Sentyabr 22 2021
Ana səhifə / Gündəm / COVID-19-la mübarizə aparan həkimin maaşını niyə vermirlər? – VİDEO

COVID-19-la mübarizə aparan həkimin maaşını niyə vermirlər? – VİDEO

Binəqədi rayonu, 10 saylı şəhər poliklinikasının “COVID-19” məntəqəsində məsul həkim olaraq çalışmış Aygün Əliyeva əmək haqqının kəsilməsindən şikayətçidir.

Bu barədə Bakupost.az -a danışan həkim bildirib ki, məsələ ilə bağlı aidiyyəti qurumların hər birinə müraciət ünvanlasa da, cavab ala bilmir:
“2020-ci ilin iyunundan bu ilin fevralına qədər pandemiyaya görə ayrılmış əmək haqqının 3 mislini almışam. Lakin mart, aprel və may aylarının əlavələri heç bir səbəb göstərilmədən kəsilib. Onsuz da hər ay ödənişlər gecikirdi. Həmin 3 ay ərzində mənə heç bir əlavə əmək haqqı verilmədi, mayda bildim ki, mart ayında mənim adıma 192 manat pul yazılıb.
İyun ayından sonra köhnə işimə geri qayıtdım. Bu çətin günlərdə gecə-gündüz demədən, istirahətsiz işləmişik. Əgər düzgün işləməmişəmsə, yazsınlar ki, işləməyib, yaxud töhmət versinlər, nöqsanımı desinlər. Heç olmasa əlavələrin verilməyəcəyini əvvəlcədən xəbərdarlıq edərdilər.
Bütün lazımi yerlərə, Bakı Baş Səhiyyə İdarəsinə, İcbari Sığorta üzrə Dövlət Agentliyinə müraciət etmişəm, hətta Prezidentə də məktub yazmışam. Amma müraciətlərim cavabsız qalıb, nə zəng edirlər, nə də bir səbəb deyirlər.
İşlədiyim müddətdə keçirdiyim qorxunu, həyəcanı bir Allah bilir. Tək qadınam, bir oğlum var. Hər işə gedəndə fikirləşirdim ki, başıma bir iş gəlsə xəstəliyə yoluxsam, dünyamı dəyişsəm, övladımın taleyi necə olacaq? Çəkdiyim əzab-əziyyətin, gördüyüm işin halal haqqını istəyirəm. Xahiş edirəm, bunun səbəbini açıqlasınlar”.
Məsələ ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə əlaqə saxladıq. Qurumdan Bakupost.az -ın sorğusuna cavab olaraq bildirildi ki, Aygün Əliyevaya iş vaxtına/saatına mütənasib olaraq aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində müddətli əlavə ödənilir:
“Sözügedən şəxsə cari ilin mart ayı üzrə 244.64 manat, aprel ayı üzrə 205.50 manat, may ayı üzrə isə 205.50 manat məbləğində müddətli əlavə ödənilib. Yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanır.
Əlavə olaraq bildirək ki, yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinə müddətli əlavələr tibb müəssisəsi tərəfindən Agentliyə təqdim edilmiş iş vaxtı tabellərinə, ilkin mühasibatlıq cədvəllərinə əsasən ödənilir.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına və Nazirlər Kabinetinin müvafiq qərar və sərəncamlarına uyğun olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrinin yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb və qeyri-tibb işçilərinə iş vaxtına/saatına mütənasib olaraq aylıq vəzifə (tarif) maaşının 3-5 misli məbləğində müddətli əlavələr ödənilir”.

Həmçinin oxuyun

Jurnalistin texniki baxışla bağlı yazdığına aydınlıq gətirildi

Jurnalist Məhəmmədəli Qəribli istifadəsində olan avtomobilin texniki baxışı ilə bağlı ona xəbərdarlıq mesajı göndərilmədən 50 …