Ana səhifə / Gündəm / Cavid Qurbanovun bankından biabırçı təkzib – müəmma daha da artır

Cavid Qurbanovun bankından biabırçı təkzib – müəmma daha da artır

Ötən saylarımızdan birində Bakı sakini Natalya Kərimovanın prezident İlham Əliyevə, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevaya, Rusiyanın Azərbaycandakı səfirinə, hüquq mühafizə orqanlarının rəhbərlərinə, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanova və digər səlahiyyət sahiblərinə ünvanladığı və surətini vəkili vasitəsi ilə redaksiyamıza təqdim etdiyi məktubu dərc etmişdik.
Məktub müəllifi “Gəncəbank”ın Müşahidə Şurasının sədri Pərvanə Novruzovanın onun biznesini, mülklərini zorakılıqla ələ keçirdiyini bildirir, səlahiyyət sahiblərindən imdad diləyirdi. “Cavid Qurbanovun bankının qadın rəhbəri haqda şok ittihamlar” sərlövhəli yazıda (http://musavat.com/news/olke/cavid-qurbanovun-bankinin-qadin-rehberi-haqda-shok-ittihamlar_260498.html -bu link vasitəsi ilə həmin yazı ilə tanış ola bilərsiniz) N.Kərimovanın yazdıqlarına istinadən qeyd edilir ki, P.Novruzovanın göstərişi ilə onu və qızını oğurlayaraq Gəncə ətrafında bir əraziyə aparıb zirzəmiyə salıblar. Orada qızının zorlanması təhdidi ilə əmlaklarından imtina etməsinə nail olublar. Sözügedən yazı çapa getməzdən əvvəl bankla əlaqə saxlayıb P.Novruzovanın mövqeyini öyrənməyə cəhd etmişdik.
 
Bankın İdarə Heyətinin sədri vəzifəsini icra edən Elnur Həmidov P.Novruzovanın işə çıxmadığını bildirərək ona yönəlik ittihamlara cavab verə bilməyəcəyini söyləmişdi. Aprelin 20-də redaksiyamızla əlaqə saxlayan E.Həmidov dəstəyi özünü təqdim etməyən bank işçisinə vermiş, həmin şəxsi isə redaksiyamızı hədələmişdi. Aprelin 21-də isə “Gəncəbank” ASC-nin İdarə Heyəti adından redaksiyamıza məktub daxil olub. Həmin məktubda deyilir: “18 aprel 2015-ci il tarixdə qəzetinizdə getmiş “Cavid Qurbanovun bankının qadın rəhbəri haqda şok ittihamlar” başlıqlı məqalənizdə yazılmış ittihamlara qarşı “Gəncəbank” ASC-nin İdarə Heyəti aşağıdakıları diqqətinizə çatdırır.
Bildirmək istərdik ki, Qurbanov Qəmbər (“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun atası – E.M)həqiqətən bankda 18,66% paya sahibdir.  Lakin onun bankda kabineti yoxdur. Natalya Kərimova  adlı vətəndaşın ağlasığmaz iddialarının isə heç bir əsası  yoxdur. Şər və böhtan xarakterli bu iddialar bankın Müşahidə Şurasının sədri Pərvanə Novruzovanın işgüzar nüfuzuna xələl yetirmək məqsədi daşıyır”.
“Gəncəbank” ASC-nin İdarə Heyəti adından redaksiyamıza göndərilən məktubda bir neçə uyğunsuzluq və N.Kərimovanın iddialarının üzərindən səthi şəkildə keçmə cəhdi var.
Məsələn “Gəncəbank”ın saytındakı əlaqə bölümündə  (http://www.gandjabank.az/?/az/content/411/) bankın Müşahidə Şurasının sədri Pərvanə Novruzova ilə Qənbər Qurbanovun eyni daxili telefon nömrəsindən istifadə etmələri qeyd olunub. Əgər Q.Qurbanov bankın baş ofisində oturmursa, kabineti yoxdursa adına daxili telefon nömrəsi niyə qeyd olunur? Əgər bu məlumat yanlışdırsa, “Gəncəbank”ın yanlışıdır.
N.Kərimovanın iddialarına gəlincə isə göründüyü kimi “Gəncəbank” İH adından redaksiyamıza göndərilən məktubda münasibət ümumi sözlərdən ibarətdir. Halbuki ortada çox ciddi ittihamlar var.
N.Kərimova ona məxsus “Nataşa” gözəllik salonunun qızının zorlanması hədəsi ilə əlindən alındığını, bundan başqa, evinin də ələ keçirildiyini deyir. Prezidentdən və bir çox səlahiyyət sahiblərindən imdad diləyir.
N.Kərimovanın vəkili Ceyhun Yusifovla əlaqə yaradıb müvəkkilinin müraciətinə verilən reaksiyalar haqda soruşduq. Vəkil bildirdi ki, artıq müvəkkilinə qarşı baş vermiş qanunsuzluqlarla bağlı sənədlər əldə olunub və müvafiq orqanlara müraciət hazırlayırlar.
Məlum olur ki, Natalya Kərimovanın Gəncə şəhəri, F.Əliyev küçəsi 1-ci döngə, 11 saylı evin 11-ci mənzili 2006-ci ildə Pərvanə Növruzovanın adına keçirilib. Bu, danılmaz faktdır. Halbuki Natalya Kərimova həmin vaxt ailəsi ilə birgə Rusiyada olub. Ona məxsus “Nataşa” salonu da 2001-ci ildə “Gözəl Esmira” firmasının adına keçirilərək “Afrodita”ya çevrilib. Bundan əvvəl salonda 56-98-77 şəhər nömrəsi işlədilib və N.Kərimovanın adına olub. “Nataşa” “Afroditaya” çevriləndən sonra isə ora yeni telefon nömrələri – 265-04-30, 265-04-31 alınıb. Ən maraqlı məqam isə bu nömrələrin də Pərvanə Novruzovanın adına olmasıdır.
Digər tərəfdən, necə olub ki, 2 min dollar istehlak krediti götürüb 3 kondisioner alan və kreditin təminatı kimi həmin kondisionerləri qoyan bir müştərinin gözəllik salonu, evi banka keçib? Gəncədə 3 otaqlı ev və gözəllik salonu 3 adi kondisionerin pulu ilə əvəzləşdirilə bilərmi?
N.Kərimovanın iddialarını araşdırmaq hüquq mühafizə orqanlarının işidir və ümid edirik ki, obyektiv araşdırma həqiqəti üzə çıxarıb kimin haqlı, kiminsə haqsız olduğunu ortaya qoyacaq”.
Qeyd edək ki, vəkil C.Yusifov artıq hüquq mühafizə orqanlarına müraciət edib və baş verənlərlə bağlı Cinayət Məcəlləsinin 181-ci (quldurluq), 182-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə cinayət işi başlanmasını; müvəkkilinin xüsusi qorumaya götürülərək “Gəncəbank” ASC-nin fəaliyyətinin kompleks yoxlanılmasının, bu halların araşdırılması məqsədilə xüsusi İstintaq Komissiyanın yaradılmasını xahiş edib.
Bir daha vurğulayırıq ki, “Gəncəbank” haqda yazılanlar N.Kərimovanın iddialarıdır və o, bu iddiaların araşdırılması istəyi ilə ölkə rəhbərliyinə, bankın sahibləri arasında atası Qənbər Qurbanov olan Cavid Qurbanova da müraciət edib. (musavat.com)

Həmçinin oxuyun

Ermənilər Qazaxla sərhəddən getmək istəmirlər – VİDEO

Azadlıq Radiosu Qazaxla sərhəddə yerləşən erməni kəndindən (Vosgepar) reportaj hazırlayıb.  Reportajda yerli erməni sakinlər yaranmış …

Bir cavab yazın