Çərşənbə , İyun 26 2019
Ana səhifə / Gündəm / Cahangir Hacıyev: “Deyək ki, 2 milyardı mən mənimsəmişəm, bəs, 12 milyard hanı?”

Cahangir Hacıyev: “Deyək ki, 2 milyardı mən mənimsəmişəm, bəs, 12 milyard hanı?”

Bu gün Bakı Appelyasiya Məhkəməsində Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevin və digərlərinin şikayəti üzrə başlayan porsesin növbəti iclası keçirilib.
Saat 16.00-da Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə ilk danışan, məhbus bankirin vəkili Aqil Layıcov olub. Layıcov bugünkü iclasda məhkəməyə yeni dəlillər təqdim edəcəklərini və bu addımı ilk məhkəmə instansiyasında niyə atmadıqlarının səbəbini açıqlayıb. Onun sözlərinə görə, ittiham edilənlərin hamısının içəridə olması istər-istəməz dəlillərin toplanması prosesinə maneçilik törədib. Bu məntiqdən çıxış edən A. Layıcov müvəkkilləri barədə həbs-qətimkan tədbirinin seçilməsinin əslində ədlətli istintaq prosesinə zərər  vurduğunu bildirib.
Cahangir Hacıyevin qızı, yoldaşı və özünə aid kartlardan 40 milyon dollar çəkilməsinin səbəblərindən danışan vəkil qeyd edib ki, Ağır Cinayətlər Məhkəməsində ittihamçılar bu qədər məbləğin müvəkkilinin ailə üzvlərinin əyləncələrə, gözəllik salonlarına xərcləndiyini iddia etmiş və məhkəmə isə ittiham aktnını eynilə ittiham hökmü kimi kopyalanmışdır. Vəkillərin və Cahangir Hacıyevin yaxınlarının böyük səyi nəticəsində həmin vəsaitlərin hara getməsi barədə kifayət qədər dəlil toplandığını deyən Layıcov Albaniyadakı bir neft şirkətinin aldığı səhmlərin vəsaitlərin çəkilməsi ilə eyni vaxta düşməsini və bu barədə Luksemburq notariatlığından alınan apostiilləri başlıca arqument kimi irəli sürdü. Bildirdi ki, həmin vəsaitlər Albaniyadakı şirkətə ötürülüb və bunu şirkətin özü də inkar etmir.
“Necə məsləhət biliblərsə, Cahangir Hacıyev də o cür edib”
Ödənməyən bütün kreditlərin Cahangir Hacıyevin üstünə “yüklənməsinə” etiraz edən vəkilin fikrincə, bütün vəsaitlərin hara getdiyi gün kimi aydındır. O, Cahangir Hacıyevin hüquqi şəxslərə verilən kreditlərin niyə öz ailə üzvlərinin adına açılmış hesablara yatırıldığına da aydınlıq gətirib: “Necə məsləhət biliblərsə, Cahangir Hacıyev də o cür edib. Beynəlxalq Bankın vəsaitlərinin dağıdıcı qüvvələrin əlinə keçməsinin qarşısını almaq üçün onların yaxın və etibarlı adamların hesabında qorunması lazım idi. Cahangir Hacıyev də ən yaxın adamlarının adına hesablar yaradıb və tələb olunan yerlərə həmin hesablardan pul transferləri edib”.
Beynəlxalq Bankın Müşahidə Şurasının 1.5 milyondan artıq vəsaiti heç bir yerə verilməməsi qərarına rəğmən, Cahangir Hacıyevin bu təlimata əhəmiyyət verməməsinə də aydınlıq gətirən vəkil belə bir qərarın istər Mülki Məcəlləyə, istərsə də Banklar haqqında Qanuna zidd hesab edib və bankın işlərindən birinin də kredit vermək olduğunu xatırladıb: “Belə çıxır ki, müvəkkilimi öz vəzifə borcunu yerinə yetirdiyinə görə azadlıqdan məhrum ediblər”.
“Məhkəmə faktlara yox, ehtimallara əsaslanıb”
Cinayət Məcəlləsinə görə, ittihamların hamısının real faktlara əsaslanmalı olduğunu deyən vəkilin fikrincə, Cahangir Hacıyev və ətrafı faktlara deyil, ehtimallara əsasən mühakimə ediliblər.
Nitqinin sonunda Cahangir Hacıyevin məsələsinin daxili instansiya məhkəmələrində həll ediləcəyinə ümidvar olduğunu gizlətməyən vəkil birinci instansiya məhkəməsinin hökmlərini qərəzli, sifarişli və ədalətsiz adlandırıb.
Daha sonra Cahangir Hacıyevin digər vəkili Fəxrəddin Mehdiyev də birinci instansiya məhkəməsinin hökmlərini tutarlı dəlillərə əsaslanmadığını irəli sürdü. Onun sözlərinə görə, məhkəmə hökmündə elə dəlillərə istinad edilib ki, onları ümumiyyətlə sənəd adlandırmaq da olmaz.
“Beynəlxalq Bankın depoziti 6 milyard olubsa, 12 milyard nəyə ayrılıb?”
Məhkəmə iclasının sonunda çıxış edən Cahangir Hacıyev də vəkillərinin fikriylə tamamilə razılaşdığını, öz çıxışını hüquqi faktlar yox, iqtisadi amillər üzərində quracağını bildirdi. Onun sözlərinə görə, barəsində 80-dən artıq adamdan ifadə alınıb. Amma o ifadələrin heç birində mənimsə faktı iddia olunmayıb. İndisə özünün Beynəlxalq Bankın vəsaitlərini mənimsəməkdə ittiham olunduğunu deyən məhbus bankir bir vaxtlar rəhbərlik etdiyi bankın bugünkü vəziyyətinə ürəyinin ağrıdığını da gizlətməyib.
Cahangir Hacıyev qeyd etdi ki, onun rəhbərlik etdiyi dövrdə Beynəlxalq Bankın aktivlərinin 6 milyard manat olub və bunun 70%-i dövlət sifarişlərinə, cəmi 30%-i isə özəl şirkətlərə ayrılmış kreditlər təşkil edirdi. Özünün həmin 30%-lik kreditləri rentabelsiz layihələrə yönəltməkdə ittiham olunduğunu xatırladan sabiq bankir deyib: “Bu 2 milyard manat edir. Halbuki, mən bankı 2014-cü ildə 40 milyon dollarlıq xalis gəlirlə təhvil vermişəm. Məndən cəmi 3 ay sonra Beynəlxalq Bankın zərəri 1 milyardı, daha sonra isə 3, nəhayət, 6 milyarda yüksəldi. Dövlət Beynəlxalq Bankın sağlamlaşdırılması üçün 12 milyard vəsait ayırdı. İndisə Beynəlxalq Bankın reytinqi ən aşağı səviyyəyə düşüb. Mənim dövrümdə isə bu reytiniq Azərbaycanın suverenlik reytinqinə bərabər idi”.
Ümumi depozit portfeli 6 milyard olan bir bankın necə bu hallara gəlib düşdüyünü, 12 milyardla qurtarıla bilmədiyini təcrübəli bankir kimi anlaya bilmədiyini deyən C. Hacıyevin fikrincə, nə baş veribsə, o, həbs olunduqdan sonra baş verib: “Deyək ki, 2 milyardı mən mənimsəmişəm, bəs, 12 milyard hara gedib?!”
“Beynəlxalq Bankı talanmışdıqsa,  Vergilər Nazirliyi niyə xitam verirdi?”
Birinci instansiya məhkəməsinin onun barəsində mənimsəmə ittihamı irəli sürməsiylə də razılaşmayan sabiq bankirin fikrincə, bunu “Agrokredit”ə həvalə edilən layihələr də sübut edir: “Həmin layihələrdən bəziləri indi belə aqrar təsərrüfatın inkişafını əks etdirən sərglərdə nümayiş olunur. Onlara ayrılan kreditlər mənimsənilibdisə, bu layihələr necə ərsəyə gəlib?”
Mərkəzi Bankın, kredit ayrılmasına 1.5 milyon dollarlıq limit qoymasını üç müxtəlif qanunun pozulması kimi qiymətləndirən Cahangir Haciyevə görə, bu, ilk növbədə Banklar haqqında Qanuna ziddir: “Hətta Müşahidə Şurası bu barədə qərar versəydi belə, biz müxtəlif layihələrə kreditlər ayıracaqdıq. Biz hansısa qanunsuz təlimata görə hərəkət eləməliydik, yoxsa qanunun tələbini yerinə yetirməli idik?”
Qərarla ziddiiyət təşkil edən digər qanınları isə bankir belə sadalayıb: “Korrupsiyaya qarşı mübarizə haqqında qanun və Dövlət qulluğu haqqında qanun”.
Bu gün zərərli kredit ayrılmasında ittiham olunan bütün layihələrin vaxtilə Vergilər Nazirliyi və Baş Prokurorluq tərəfindən araşdırıldığını və hamısının da müsbət rəy verdiyi xatırladan Cahangir Hacıyevin növbəti ritorik sualı da bu barədə oldu: “Baş Prokurorluğun nəzarəti altında Vergilər Nazirliyi tərəfindən həmin layihələrə açılmışbütün cinayət işlərinə xitam verildi. Beynəlxalq Bankın vəsaitləri talanmışdısa, bu xitam barədə qərarları hara yazaq?”
Kredit ayrılan bütün layihələrin rentabelli olduğunu iddia edən bankirin sözlərinə görə, 2014-cü ilə qədər həmin fiziki və hüquqi şəxslər öhdələrinə düşən ödəmələri ödəyiblər: “Əgər həqiqətən də layihələr rentabelli olmasaydı, borclar da ödənilməzdi. Üstəlik, Beynəlxalq Bankın bütün fəaliyyəti xarici investorların, beynəlxalq maliyyə qurumlarının nəzarəti altında olub. İstər Beynəlxalq Valyuta Fondu, istərsə də Dünya Bankı hər aman bizim işimizə müsbət rəy verib. İndisə bəzi adamlar çıxıb, ABB-nın kredit potfelinin 90%-nin zərərli olduğunu bildirir”.
Cahangir Hacıyevin çıxışından sonra məhkəmə prosesi may ayının 31-ə qədər təxirə salındı.(ovqat.com)

Həmçinin oxuyun

Onlar da general oldu – Prezidentdən sərəncam

Prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb. “Qafqazinfo” …

Bir cavab yazın