Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Gündəm / Çərəz bazarının təəccüblü qiymətləri – ARAŞDIRMA

Çərəz bazarının təəccüblü qiymətləri – ARAŞDIRMA

Manatın üzən məzənnəyə keçməsi əksər sahələrdə olduğu kimi çərəz bazarındakı qiymətlərə də təsirini göstərib. Nəzərə alsaq ki, çərəz məhsulları, xüsusilə proteinlə zəngin olan qoz, fındıq həmişə qiymətinə görə bir çox məhsullardan baha olub, indiki nəzərəçarpacaq artım başadüşülən olmalıdır. Hazırda satışda qoz ləpəsinin ən ucuzunun bir kiloqramı12 manata təklif olunur. Təmizlənmiş qoz ləpəsinin ən bahasının kilosu isə 35 manatadır. Paytaxtın məşhur marketlərində bu qiymətə olan məhsulun Ordubadda yetişdirildiyini dedilər. Satışda normal görünüşlü qoz ləpəsi 18-20 manatadır. Yağlılıq dərəcəsi qozdan az, kalorisi isə ondan yüksək olan badam da bahalı nemətə çevrilib – bir kilosunun qiyməti 16-22 manat arasında dəyişir. Fındıq bu məhsullara nisbətən ucuzdur – 12-16 manat. Çoxları bu çərəzləri təmizlənməmiş halda alırlar.

Qabıqlı çərəzlər təmizlənmişdən xeyli ucuz olsa da, alıcılar ikinciyə üstünlük verirlər ki, bunu da qabıqlı məhsulun itkiyə getməsi ilə izah edirlər. Hazırda bazarlarda təmizlənməmiş qozun kiloqramı 6-12 manat, fındıq 5-10 manat, badam 8-14 manatadır. Sözügedən məhsulların bahalaşma mövsümünün hələ qarşıdakı mart ayında – Novruz bayramında olacağı deyilir. Hazırda isə çərəz bazarında durğunluqdur. Qiymətlərin artması səbəbindən alıcılıq qabiliyyəti xeyli aşağı düşüb. Baxmayaraq ki, çərəz təkcə bayramda yox, gündəlik qida rasionumuzda daxil edilməsi vacib nemətlərdən sayılır. “Ordubad nemətləri”ndə xarici məhsullar Satıcılar deyir ki, əsasən qiymət artımı xaricdən gətirilən mallarda nəzərə çarpır. Amma müşahidələrimiz göstərir ki, yerli qoz-fındıq Ukrayna, İran, Türkiyə və digər ölkələrdən gətirlilənlərdən xeyli bahadır. Bu isə xaricdən gətirilən məhsulların genetik modifikasiya olunması şübhəsi ilə əsaslandırılır. Çox vaxt alıcılara yerli məhsul adına xaricdən gətirliənlər satılsa da, fərqi görmək çətin deyil. Məsələn, Ordubad qozu rənginin qəhvəyi, ölçüsünü isə irili-xırdalı olmasına görə fərqlənirsə, Ukrayna qozunun rəngi sarımtıl-qızılı, ölçüsü nisbətən kiçik və standart olur. İran və Türkiyədən idxal olunan məhsul ölçüsünün böyüklüyünə, rənginin açıqlığına görə seçilir. Ən pisi odur ki, satışda bu məhsullar yerli adı altında, xüsusən də “Ordubad nemətləri”, “Naxçıvan nemətləri” kimi satışa çıxarılır. Yəqin ki, paytaxtda çoxlarınız çərəz satılan topdan və pərakəndə ticarət mərkəzlərində bu adda xeyli sayda mağaza görüb. Bu yolla istehlakçılar aldadılır və onlar dadı, keyfiyyəti ilə məşhur olan Ordubad, Naxçıvan çərəzi aldıqlarını güman edirlər. A

Azadlıq prospekti, 182 ünvanda 20 ilə yaxındır çərəz satışı ilə məşğul olan Afiyəddin Mehralıyev də mağazasına “Ordubad nemətləri” adını verib. Özü əslən Ordubaddandır: “Mənim satdığım məhsulların içərisində həyətimizin məhsulları üstünlük təşkil edir. Məsələn, sucuğu anam düzəldir, 15 ildən çoxdur daimi müştərisi var. O cümlədən gavalı və ərik qurusu, iydə, qoz öz bağımızın məhsuludur. Amma bu, çox azdır, əsasən İran məhsulları satırıq. Çoxları bunu dansa da, həqiqət belədir. Diqqətli adam Naxçıvan, Ordubad çərəzi ilə xarici məhsulun fərqini dadına baxmamış, elə görünüşündən tanıyır”. Satıcı deyir ki, Naxçıvanda yetişən çərəzlərin dadı, keyfiyyəti yüksək olduğu üçün əksər sahibkarlar alver yaxşı getsin deyə mağazaya uyğun ad qoyurlar. İstehsalla bərabər qiymətlər də artıb Satışdakı çərəz məhsullarının böyük bir hissəsi idxalın payına düşsə də, qərzəkli məhsulların yetişməsi üçün ölkənin istilik və işıq potensialı yüksək qiymətləndirilir. Ən böyük məhsuldarlıq isə Şəki, Zaqatala, Oğuz, Qəbələ rayonlarının payına düşür.

Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkədə hər bir insan üçün il ərzində hesablanan qərzəkli meyvələr – qoz, fındıq, badam, püstə, şabalıd, yerfındığı, sidr qozu, fıstıq 1-2 kiloqramdır. Bu məhsulun bütünlüklə yerli istehsal hesabına ödənməsi mümkün sayılsa da, satışda xaricdən gətirilən çərəz məhsulları üstünlük təşkil edir. Komitənin rəqəmlərinə görə, Azərbaycanda 2014-cü ildə (2015-ci ilin göstəriciləri hələ dəqidləşdirilməyib) 8,8 min ton qoz, 30 min ton isə qoz tədarük olunub. Ən çox qoz istehsalı 2011-ci ildə olub – 32,9 min ton. 2013-cü ildə 9,6 min ton qoz, 31,2 min ton fındıq istehsal olunub. 2005-ci ildən bəri dinamika qoz-fındıq istehsalının artdığını göstərir. Ekspertlər qoz-fındıq istehsalında ciddi dəyişiklik olduğunu güman etmirlər. Ancaq bazarda qiymətlər ötən illə müqayisədə hiss olunacaq qədər artıb. Xatırladaq ki, Kənd Təsərrüfatı naziri Heydər Əsədov hələ ötən il Azərbaycanda quru meyvələr və çərəzlərin qiymətində bahalaşma olacağını açıqlamışdı. Nazir bildirmişdi ki, sözügedən məhsulların əksər hissəsi ölkəmizə xaricdən idxal olunur və dünya bazarında da bu məhsulların qiymət indeksinə artım tendensiyası olduğu üçün bizdə qiymət artımı müşahidə oluna bilər. Yerli məhsul ekoloji cəhətdən təmiz sayılır Ekspertlər keyfiyyətinə görə yerli məhsulların üstünlüyünü vurğulayırlar. İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun doktorantı Elnur Əliyev deyir ki, idxal məhsullarının həm keyfiyyəti aşağıdır, həm də mənşəyi məlum deyil:

“Biz onlara nə qədər kimyəvi maddə vurulduğunu bilmirik. Azərbaycanda kənd təsərrüfatı məhsullarının keyfiyyəti isə çox yüksəkdir və başqa ölkələrlə müqayisədə onlar təbiidir. Azərbaycan hazırda dünyada Türkiyə, İtaliya və ABŞ-dan sonra dördüncü fındıq istehsal edən ölkədir. Azərbaycan mənşəli fındığın əsas xüsusiyyəti isə nadir tamıdır. Bu da qoz-fındığın yetişdirilməsi üçün əlverişli şəraitin olması ilə bağlıdır. “Atababa” fındıq növü tamı və keyfiyyət göstəricilərinə görə türk fındığının tanınmış növlərindən geri qalmır. Bildirim ki, hazırda dünyada istehsal olunan fındıq məhsulunun 70 faizi Türkiyənin payına düşür. Azərbaycanda da fındıq istehsalının coğrafiyası genişlənib. Son 10 il ərzində bizdə fındıq bağlarının altında olan əkin sahəsi təxminən 35 faiz artıb. 2000-ci ildə 18.350 hektar sahədə fındıq becərildiyi halda, 2011-ci ildə bu göstərici 29.350 hektara çatdırılıb. Ümumilikdə 57 rayonda fındıq istehsalı ilə məşğul olurlar. Zaqatala, Qəbələ, Balakən rayonlarında yetişdirilən “Ata-baba”, “Yağlı fındıq” sortlarından alınan məhsullar keyfiyyətinə görə fərqlənir. Azərbaycan məhsulu kimyəvi maddələr istifadə olunmadan yetişdirilir, ekoloji cəhətdən təmiz məhsul sayılır”.

Azərbaycan mənşəli çərəzlərin ixrac coğrafiyasına nəzər saldıqda isə əsasən ənənəvi bazarlar – MDB dövlətləri diqqət çəkir. Belə ki, 2013-cü ildə Azərbaycandan ixrac edilən qoz-fındığın təqribən yarısı MDB dövlətlərinin payına düşüb. Rasionun vacib qidası Faydası saymaqla tükənməyən çərəzlər baha satılsa da, rasionumuzda olması vacib nemətlərdən sayılır. Şirniyyatla müqayisədə olduqca xeyirli çərəzlər vitamin balansını normallaşdırmaq üçün ideal qida hesab olunur. Xalq təbabəti üzrə ekspert Namiq Həsənəliyev deyir ki, əlli qram təbii çərəz yemək bədənə xeyirlidir, şirniyyat kimi zərər vurmur: “Çərəz yemək ateroskleroz, anemiya, ürəyin işemik xəstəliyi, damar xəstəliklərinin qarşısını alır. Əqli fəaliyyəti ilə məşğul olan insanlar bu məhsullardan daim istifadə etməlidir. Əqli inkişafı üçün üç-dörd yaşından sonra uşaqlara da vermək mütləqdir”. Çərəzlə qidalanma zehni fəaliyyətlə məşğul olan insanlara da məsləhət görülür. Qida mütəxəssisləri kalsium, kalium, dəmir, maqnezium, yod, fosfor, selen, A, B1, B2, C, P, çoxlu miqdarda əvəzsiz yağ turşuları, dəyərli zülallarla zəngin olan çərəzlərin qida rasionunda olmasını vacib sayır.

Naibə Qurbanova 

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın