Bazar ertəsi , May 27 2019
Ana səhifə / Gündəm / Buzovna bələdiyyəsində özbaşınalıq – VİDEOİTTİHAM

Buzovna bələdiyyəsində özbaşınalıq – VİDEOİTTİHAM

Ötən saylarımızda Xəzər rayonunun Buzovna qəsəbəsi, Koroğlu küçəsi, ev 55 ünvanında yaşayan birinci qrup əlil Quliyeva Firəngiz Hüseyn qızının respublikanın güc strukturlarının rəhbərlərinə və surəti redaksiyamıza ünvanlanmış məktubunu dərc etmişdik.
Bu gün F.Quliyeva redaksiyamızda oldu və Fpzhçfqğfysy Baş Prokuroru Zakir Qaralova video-müraciət etdi… Şikayət Xəzər rayon Polis İdarəsi 2-ci Polis Bölməsinin təhqiqatçısı Elçin Qurbanovun qanunsuz qərar qəbul etməsindəndir… Belə ki, təhqiqatçı absurd iddialarla cinayət işinin başlanmasının rədd olunması haqqında qərar qəbul edir və şikayətçinin adına olmayan faktları əlavə edib qərarında uydurmalar yazır… Bütün bunlar video-müsahibədə öz əksini tapıb.
***
Şikayətçi “Təzadlar”a ünvanlı yazılı ərizəsində isə bildirir ki, 2010-cu ilin aprel-may aylarında Dövlət Əmlak Komitəsinin Əli adlı işçisi onlara ölkə başçısının sərəncamı ilə torpaqlarının dairəvi yolun çəkilməsi ilə bağlı plana düşdüyünü deyib. Sonra da torpaqla bağlı bütün sənədləri, torpaq üzərindəki tikililərin şəkillərini çəkib özü ilə aparıb və deyib ki, kimin nə sözü varsa, qəsəbə icra nümayəndəliyindəki komissiyaya müraciət etsin. Sakinlər qəsəbə icra nümayəndəliyində olsalar da, oradakı komissiyadan bildiriblər ki, həmin torpaqlar onların balansında deyil. Halbuki ərazinin söküntüsündə Xəzər Rayon İcra Hakimiyyətinin, qəsəbə sovetinin, “Azvirt” MMC-nin nümayəndələri iştirak ediblər.

F.Quliyevanın yazdığına görə, komissiyanın sədri olan keçmiş qəsəbə sovetinin Kamal adlı işçisi onların sənədlərini 6 ay özündə saxlayıb və sonra da özünə qaytarıb. Sənədləri geri alıb qayıdanda Buzovna bələdiyyəsinin işçisi Mətanət Əkbərova F.Quliyevanın həyat yoldaşı Ağasadıq Əliyevlə rastlaşır və plana düşən torpağın pulunu almaqda onlara kömək edəcəyini deyib sənədləri istəyib: “2011-ci ildən bizim sənədlər Mətanət Əkbərovanın əlindədir. O vaxtdan bu günə kimi torpaqlarımız üçün ayrılan pulu ala bilmirik. Aidiyyəti orqanlara şikayət edəndən sonra Mətanət Əkbərova bizə bildirdi ki, məhkəməyə müraciət etmək lazımdır. Biz məhkəməyə 13.06.2013-cü ildə müraicət etdik. 7 ay məhkəmə davam etdikdən sonra Mətanət Əkbərova bildirdi ki, “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin işçi qrupunun direktoru Faiq Məmmədov deyir ki, sənədləri məhkəmədən geri götürsünlər, pulları ödəyəcəkdir… Bizimlə bərabər məhkəmədə iştirak edən “Azəryolservis”in hüquqşünası Şaiq müəllim də təsdiqlədi ki, Faiq müəllim deyirsə, verəcək. Beləliklə, məhkəmə işə baxmadan sənədləri qaytardı. Bizim xəbərimiz olmadan məhkəməyə verilmiş ərizələrdə əlavə dörd nəfərin də adını gördük.

Mətanət Əkbərova bizə gəlib bildirdi ki, “Azəryolservis” şərt qoyur: alacağımız məbləğin 50 faizi onların, 50 faizi sizin olacaq, odur ki, Abbasov Sarvan Yusif oğluna pulumuzun alınması üçün etibarnamə verməlisiniz”

Bu vətəndaşların kim olduğu məlum deyildi. Faiq Məmmədovun istəyini Mətanət Əkbərova bizə gəlib bildirdi ki, “Azəryolservis” belə bir şərt qoyur: alacağımız məbləğin 50 faizi onların, 50 faizi sizin olacaq və onun adamı olan Abbasov Sarvan Yusif oğluna pulumuzun alınması üçün etibarnamə verməyimiz lazımdır. Torpaq pulunu almayan 7 nəfərdən 4 nəfəri bu şərtlə razılaşdı, qalan üç nəfər isə razılaşmadı. Biz Sarvan Abbasova pulların alınması üçün etibarnamə verdik. Mən məhkəmədən sənədləri geri götürəndə bizim sənədlərə qatılmış tanımadığımız dörd nəfərin də sənədi var idi. Baxdıq ki, bizim torpaqlarımızın çertyojlarının üzü çıxarılaraq həmin dörd nəfər üçün də təsdiq edilib. Bizimlə bərabər həmin dörd nəfər də Sarvan Abbasova etibarnamə vermişdi. Tanımadığımız, həmin ərazidə torpağı olmayan 4 nəfərdən biri Buzovna Bələdiyyəsinin sədri Mətləb Əliyevin qohumu Telman Qəniyev idi. Əslində, həmin sənəd saxta idi… Onu da əlavə edim ki, Mətanət Əkbərova məndən məhkəmə gedən ərəfədə 1000 manat pul da almışdı. Pulu alanda dedi ki, məhkəmə xərclərinə lazımdır. Beləliklə, bizim yenidən şikayət edəndə Mətanət Əkbərova 2014-cü il oktyabrın 3-də, axşam saat 19:00 radələrində Buzovna Bələdiyyəsinin sədri Mətləb Əliyevin maşını ilə bizə gəldi. Qapıdan içəri girən kimi dedi ki, Mətləb müəllimlə gedib pulu aldım. Mətanət dedi ki, 30 min manatı Mətləb müəllimə verdim, 30 min manatı da sənə verirəm. Oktyabrın 5-də camaatın və sənin qalan pulunu gətirib verəcəm. Mətanət 30.000 manatı mənə verəndə qəbz də verdi, öz əl xətti ilə yazdı ki, sənə 42000 manat da borcum qaldı. İmzası ilə də təsdqiləyib getdi. Artıq bir ildir gözləyirik. Sonra da Mətanət Əkbərova məni hədələməyə başladı ki, camaata deyəcəm ki, sən pulu almısan. Hələ də mən Mətanət Əkbərovadan sualıma cavab ala bilmirəm ki, torpaqla bağlı sənədlərim məndə ola-ola o pullar ona haradan verilib? Pulunu almayan sakinlər isə evimə zəng edir, ailəmi və özümü narahat edir, nalayiq sözlərlərlə təhqir edirlər. Mətanət indi də bəhanələr gətirir ki, bəs Faiq müəllim sizin pullarınızı almaq üçün çalışır, amma Maliyyə Nazirliyi torpağın pullarını ödəmir.
Bu günə qədər bilmirik ki, bu qara camaatın pulunu kimlər yeyib? M.Əkbərova 2012-ci ildə mənə aid olan Azərbaycan Respublikası Abşeron rayon İcra Hakimiyyəti üzrə sərəncamından çıxarışı, 770 nömrəli 22 noyabr 1993-cü il tarixli sənədin əslini, şəxsiyyət vəsiqəmin, I qrup əlillik vəsiqəmin surətini alıb və üzərindən bir-iki ay keçəndən sonra qaytarıb mənə bildirdi ki, sənədləri itirib. Mən sənədlərin itməsinə inanmıram və xahiş edirəm ki, mənim adıma həmin sənədlərlə bankdan pul alınıb-alınmaması barədə yoxlama aparılsın. Mən və həyat yoldaşım “Azəryolservis”in işçisi Faiq müəllimin yanında olduq, o, bizi qəbul etsə də, amma heç nədən xəbəri olmadığını deyərək boyun qaçırdı. Mətanəti tanımadığını və pulları haradan aldığını guya bilmir. Mətanət bizim evə 30000 manatı gətirəndə isə Sarvan Abbasov ona telefonla zəngi etdi və camaatın pulunu verib-vermədiyi ilə maraqlandı. Biz dəfələrlə Sarvan Abbasovu tapmağa çalışmışıq. Bizim adlarımıza nə qədər pul alıb, amma bu insan bizimlə üz-üzə gəlmir, bizdən qaçır. Bircə onu bildirir ki, Mətanət hər şeyi bilir, ondan soruşun. O, “Azəryolservis”in dəllalıdır. Mən “Kapital bank”ın rabitə şöbəsində oldum və kimlərin adına pulların alındığı ilə maraqlandım. Bank bu haqda mənə məlumat vermədi. Bildirdilər ki, Sarvan Abbasovla birlikdə gəlməliyəm. Mən I qrup əlil olaraq xahiş edirəm, mənə kömək edəsiniz. Buzovna Bələdiyyəsinin sədri Mətləb Əliyevin, “Azəryolservis”in əməkdaşlarının, Mətanət Əkbərova və Sarvan Abbasovun bizi aldadaraq torpaq pullarımızı hansı yollara əl ataraq mənimsədiklərini araşdırasınız”.
***

Şikayətlə tanış olduqdan sonra orada adları çəkilən əlaqə saxladıq. Şikayətdə adı ən çox hallanan Buzovna Bələdiyyəsinin müfəttişi Mətanət Əkbərova ilə də. M.Əkbərova telefon zəngimizdən narahat olsa da, yalnız onu dedi ki, F.Quliyevanın şikayəti əsassızdır, onların torpaqları qanunsuzdur, o, heç kimin pulunu yeməyib və telefonu bağladı. Təkrar zəngimizə isə M.Əkbərova cavab vermədi. Xeyli keçəndən sonra M.Əkbərova özü bizə zəng etdi. Bildirdi ki, o, F.Quliyeva barədə aidiyyəti orqanlara şikayət edəcək. M.Əkbərovadan torpaq pullarının nə üçün verilməməsini soruşduq. O, yenə də dedi ki, F.Quliyevanın şikayətinin heç bir əsası yoxdur, çünki onun torpağının sənədi saxtadır. M.Əkbərovaya əlimizdə olan və Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Kənd Təsərüfatı Müəssisəsinin 21 may 2003-cü il tarixli 28 saylı əmrdən çıxarışın sürətini xatırlatdıq. Orada direktor İ.M.Zeynalovun imzası ilə açıq-aydın yazılıb ki, “Baş plana uyğun olaraq fərdi mənzil tikintisi üçün nəzərdə tutulmuş ərazidən Əliyev Ağasadıx İbrahim oğluna 0,10 hektar hesabı ilə həyətyanı torpaq sahəsi ayrılsın”.
***
Qeyd edək ki, Ağasadıx Əliyev şikayətçi F.Quliyevanın həyat yoldaşıdır. Sitat gətirdiyimiz sənədə baxmayaraq, Mətanət Əkbərova bizimlə razılaşmadı və öz mövqeyndə qaldı ki, F.Quliyeva haqsızdır. Guya o da, bizə sənəd göstərəcək ki, F.Quliyevanın sənədləri saxtadır.
Qərara gəldik ki, M.Əkbərova ilə görüşək və onun təqdim edəcəyi sənədlərlə də tanış olaq… Sonra şikayət məktubunda “Azəryolservis”in rəsmisi kimi adı keçən Faiq Məmmədovla zəngləşib görüşdük. Bizimlə söhbətində F.Məmmədov bildirdi ki, o şikayətçiləri qəbul edib və onlara hörmətlə yanaşıb: “Ancaq pulların 50%-nın bizə 50%-nin də vətəndaşlara verilməsi barədə mənim adımdan səslənən təklifin heç bir əsası yoxdur… Mən sizə deyə bilərəm ki, torpaq pullarının verilməsi üçün yaradılan komissiyada bu şikayətçilərin adı yoxdur. Görünür, sənədləri vaxtında verməyiblər, ya da başqa səbəblər var. Hər halda, onlar bu barədə məhkəməyə müraciət etməlidirlər. Sarvan Abbasovun adına pulların alınması üçün etibarnamə verilməsini təklif etməyim barədə yazılanlar da əsassızdır”.
Bu məqamda şikayətçinin məktubundan və bizə dediklərindən çıxış edərək F.Məmmədovdan soruşduq ki, axı bu iş məhkəməyə verilib, amma deyilənə görə, sizin o 50-nin 50-yə təklifinizdən sonra şikayətçilər iddia ərizəsini geri götürüblər və Xəzər Rayon Məhkəməsində 07.2014-cü il tarixli, hakim Rəşad Həsənovun sədrliyi ilə keçən iclasda məhkəmə işi baxılmamış saxlayıb, bunu necə başa düşək?
F.Məmmədov: “Bir daha bildirirəm ki, belə bir söhbət olmayıb, məhkəmənin keçirilməməsinin səbəbini də bilmirəm. Yenə qeyd edirəm ki, bu şikayətçilərin adı dairəvi yola düşən və buna görə kompensasiya alan vətəndaşların arasında yoxdur. Qalan məsələ isə bizlik deyil. Mən bu barədə sizə rəsmi arayış da verə bilərəm ki, bu adamlara tərəfimizdən pul ayrılmayıb. Mənim adımdan çıxış edən Mətanət Əkbərovanı isə tanımıram, sadəcə, adını eşitmişəm”.
F.Məmmədovla görüşdən sonra Mətanət Əkbərova əlaqəsi saxladıq. M.Əkbərova bildirdi ki, F.Quliyevadan başqa adları keçən digər 6 nəfərin heç biri şikayətçi deyil, inanırlar ki, onların kompensasiyaları veriləcək. M.Əkbərovadan F.Quliyevanın şikayətində göstərdiyi “Mətanət bizə 30 min manat verib və imzası ilə də təsdiq edib ki, 42 min manat qalıb” məsələsinə aydınlıq gətirilməsini istədik. M.Əkbərova əvvəlcə bildirdi ki, o, hökmətin verdiyi puldur, qalanı da veriləcək… Az sonra isə söylədiklərinin əksini deyərək bildirdi ki, “Mən o pulu cibimdən vermişəm…” (?).
– Bəs nəyə görə hökumətin pulunu cibinizdən verirsiniz?- sualına M.Əkbərova bu dəfə belə cavab verdi:
– Bilirsiniz, mən sizə demək istəmirdim. O hökumətin pulu deyil, mən onlardan torpaq sahəsi almaq istəyirdim. Firəngizgilin bir neçə yerdə torpaq sahəsi var. 72 min manata danışmışdıq, 30 min manatını verdim, danışdıq ki, 42 min manatını da sonra verərəm. Lakin sonra qalan pulu düzəldə bilmədim. İndi də verdiyim 30 min manatı geri ala bilmirəm. Amma o pulu onlardan alacağam…
Məcbur olub şikayətçi F.Quliyeva ilə yenidən görüşməli olduq. Çünki qarşı tərəf bir gündə fərqli söz fikirlə söyləyirdi… Bu dəfəki görüşümüz qızının, şikayətçinin həyat yoldaşı Ağasadıx Əliyevin iştirakı ilə oldu. Hər üçü dönə-dönə bildirdilər ki, “Mətanət Əkbərova yalan danışır, o, 2014-cü ildə oktyabrın 3-də, saat təxminən 19:00 radələrində bizə gəldi və gülə-gülə dedi ki, görürsünüz, deyirdiniz Mətanət bizi aldadır, budur, sizə pul gətirmişəm. M.Əkbərovanın çantasında 200 min manat pul var idi. Oradan 100 minlik “paçka”nın birini cıraraq açdı və bizə 30 min manat pul verdi. Əli ilə də yazdı ki, qalan 42 min manat pulu 3 günə verəcəyəm. Artıq bir ilə az qalıb, lakin hələ də qalan puldan səs-soraq yoxdur. Mətanət bizimlə söhbətində bildirdi ki, 30 min manatı da bələdiyyə sədri Mətləb Əliyevə qohumunun adına olan torpağa görə vermişəm. Elə pulu da özünün dediyinə görə Mətləbin maşını ilə gətirmişdi. Çünki Mətanətə Mətləb tez-tez zəng vururdu ki, tez gəl. Elə həmin ərəfədə Sarvan da zəng vurub Mətanətdən soruşdu ki, vətəndaşların pullarını paylayırsanmı? O da, cavab verdi ki, bəli, paylayıram. Mətanət gedəndə bildirdi ki, gedirəm o biri şikayətçilərin pullarını verməyə. Sonradan məlum oldu ki, Mətanət o şikayətçilərə 500, 1000, 1500 civarında pul verib. Biz pulların alınması üçün Mətanətin göstərişi ilə Sarvan Abbasov adlı görmədiyimiz, tanımadığımız bir nəfərə etibarnamə vermişik. İndi biz bilmirik Sarvan Abbasov kimdir, haradadır və bankdan nə qədər pul çıxardıb? Axı həmin büdcədən verilən pula Mətanətin nə aidiyyəti var?”.

Qaranlıq otaqdakı qara pişik…

Göründüyü kimi, burada bir çox qaranlıq məqamlar var. Doğrudanmı, M.Əkbərova çantasında 200 min manat gətirib? Doğrudanmı, S.Abbasov bankdan o qədər pul çıxardıb? Bu suallara cavab tapmaq üçün bir neçə gün zənglərdən və axtarışlardan sonra Laçın rayonunun Mığıdərə kəndində 1968-ci ildə anadan olmuş Abbasov Sarvan Yusif oğlunu tapdıq. Zəngləşib onu redaksiyamıza dəvət etdik. Bizimlə görüşündə S.Abbasov bildirdiki, yol tikintisi işləri ilə əlaqədar Mətanət Əkbərovanı tanıyır: “İndi mən o sahədə işləmirəm. Ancaq qətiyyətlə bildirirəm ki, mən bankdan 1 manat da olsun pul götürməmişəm. Düzdür, şəxsiyyət vəsiqəmin surətini adıma etibarnamə alınması üçün vermişəm. Ancaq mən etibarnamə görməmişəm.
Çünki etibarnamənin əsli mənə gəlib çatmayıb. Banklar isə etibarnamənin yalnız əslini qəbul edirlər, surəti ilə isə heç bir bank 1 manatlıqda olsa, əməliyyat apara bilməz”.
S.Abbasovun yanında şikayətçi F.Quliyevaya zəng etdik. O, təsdiq etdi ki, etibarnamənin əsli özündədir, amma həmin etibarnamənin əslini bir il Mətanət özündə saxlayıb, sonra geri qaytarıb, belə çıxır ki, o, bank əməkdaşları ilə şübhəli əlaqədə olub… Nəhayət, M.Əkbərova ilə də görüşdük. M.Əkbərova ilə görüşümüzə Sücai Qızxanım, Hüseynova Hürünün oğlu Şahlar və bələdiyyə sədri Mətləb Əliyev də qatılmışdı. Şahlar ayaqüstü, necə deyərlər, 2 dəqiqəlik gəlib-getdi və bircə onu dedi ki, Mətanət xanım hər şeyi bilir. Nə etmək lazım olduğunu bilir və edəcək.
Bələdiyyə sədri Mətləb Əliyev də söhbətə qoşularaq bildirdi ki, “Mətanət Əkbərovanın heç bir günahı yoxdur, pullar hələ verilməyib. O, çalışır ki, camaatın halal haqqı olan pulları verilsin. O ki qaldı Mətanətin mənə 30 min manat verməsi, bu, cəfəng fikirlərdir. Mənim bildiyimə görə, onlara verilən 30 min manat pul Mətanətin onlardan hansısa torpaq almasına görə verilən puldur. Məni tanıyanlar bilir ki, mən halal və düz adamam. Özüm də Həcc ziyarətinə gedib-gəlsəm də, mənə Hacı deyilməsinə razı olmuram. Mən həmişə çalışmışam ki, insanlara yaxşılıq edim. Heç kəsə heç vaxt yalan danışmıram. Ona görə də mənə heç bir böhtan və şər yapışmır. Bu, tamamilə yalan söhbətdir”.
Mətanət Əkbərova daha sonra bildirdi ki, onda heç vaxt 200 min manat pul olmayıb: “Firəngizgil bunu harada görüblər, necə sübut edə bilərlər? Guya hələ Sarvan da mənə zəng vurub həmin ərəfədə pulların necə paylanmağını soruşub. Bu, ağ yalandır. Bəli, mən onlara 30 min manat vermişəm. Bu da qeyd etdiyim kimi, onlardan almaq istədiyim torpağın pulu idi. Mənim adımı nahaqdan hallandırıblar və mənə şər-böhtan atıblar. Ona görə də onları məhkəməyə verəcəyəm”.
Doğrudan da maraqlı mənzərə alınır. Biri deyir 200 min manat pulla evimizə gəlib, o biri isə deyir ki, belə şey olmayıb. Ona görə də elə M.Əkbərovanın yanında F.Quliyevaya zəng vurub özü və qızı Aygün xanımla danışdıq. Aygün xanım bildirdi ki, telefonu ver Mətanətə deyiləcək sözüm var. M.Əkbərova isə Aygünün də eşitdiyi səslə bildirdi ki, “mənim onlarla heç bir görüşüm və danışığım ola bilməz. Haqqımda məhkəməyə şikayət versinlər, onlarla məhkəmədə görüşəcəyəm və hər şeyi orada danışacağam. Onda məlum olacaq ki, haqlı kimdir, haqsız kim?”.
Telefonla Firəngiz xanım və qızı Aygün xanım nə qədər cəhd etsələr də, M.Əkbərova onlarla danışmadı, ancaq şikayətçi bildirdi ki, M.Əkbərova tamamilə yalan danışır.
***
Ancaq bzim üçün bir çox məsələlər yenə qaranlıq qaldı. Onlardan biri və ən vacibi bu idi ki, məlum kompensasiyalara Buzovna Bələdiyyəsinin sədri Mətanət Əkbərovanın nə aidiyyəti var idi? O, kənardan tanıdığı adama, konkret halda, Firəngiz Quliyevaya birdən-birə 30 min manatı nəyə görə veriib?
Abbasov Sarvan Yusif oğlunun yalanı heç “qırx saat” da çəkmədi…
Bu arada redaksiyamıza mövzu ilə bağlı bir çox sənəd və məlumatlar daxil oldu. Qeyd etdik ki, şikayətdə adı keçən Abbasov Sarvan Yusif oğlu bizimlə görüşündə Mətanət Əkbərovanı yol tikintisi işləri ilə əlaqədar tanıdığını demişdi. Eyni zamanda, qətiyyətlə bildirmişdi ki, bankdan 1 manat da olsun pul götürməyib. Redaksiyamıza daxil olan sənədlərin arasında isə Bakı şəhəri 7 saylı notariat kontorunun notariusu Nadir Vədətov tərəfindən Abbasov Sarvan Yusif oğlunun adına 33 nəfərin etibarnaməsi verilib. Bu hələ əlimizdə olan bir notariat kontorundan verilən etibarnamələrdir. Ancaq S.Abbasov deyirdi ki, o, heç bir etibarnamə görməyib. Bəs görəsən, bu qədər insanın səlahiyyətlərinin S.Abbasova verilməsində səbəb nədir?

Mətanət Əkbərovanın bacısının adına olmayan torpaq sahəsi necə sənədləşdirilib?

Qeyd edək ki, S.Abbasova səlahiyyətlərini etibar edən insanların siyahısında Buzovna Bələdiyyəsinin işçisi Mətanət Əkbərovanın bacısı Əkbərova Xədicə Əkbər qızının da adı var. Sənəddə Xədicə Əkbərova və Mətanət Əkbərova eyni ünvanda yaşayırlar. Mənbənin dediyinə görə, X.Əkbərovanın digər çoxsaylı vətəndaşlar kimi, plana düşən heç bir torpaq sahəsi yoxdur və həmin adamların adı torpağı plana düşən 7 nəfərin sənədləri üzərində saxtalaşdırılaraq qeyd olunub.
Diqqət çəkən məqamlardan biri budur ki, həmin etibarnamələrdə Buzovana qəsəbə sakinlərindən başqa Bakının Mərdəkan, Maştağa qəsəbəsi, eləcə də Cəlilabad, Göygöl, Cəbrayıl, Laçın və digər rayon sakinlərinin də adı var…
Təbii ki, araşdarmalarımız zamanı müəyyən olunacaq ki, bu etibarnamələrdən bank əməliyyatlarında necə istifadə edilib, ümumiyyətlə, Sarvan Abbasovun adına pul götürülübmü? Araşdırmamız hələlik ünvanını göstərmədiyimiz dövlət orqanında davam edir…

Bələdiyyə sədri Mətləb Əliyevin yalanı ayaq tutdu, amma…

Xatırladaq ki, Buzovna Bələdiyyəsinin sədri Mətləb Əliyev də söhbətinə Mətanət Əkbərovanın heç bir günahı olmadığını, eyni zamanda Mətanətin ona 30 min manat verməsinin cəfəng adlandırmışdı: “Məni tanıyanlar bilir ki, mən halal və düz adamam. Özüm də Həcc ziyarətinə gedib-gəlsəm də, mənə Hacı deyilməsinə razı olmuram. Mən həmişə çalışmışam ki, insanlara yaxşılıq edim. Heç kəsə heç vaxt yalan danışmıram. Ona görə də mənə heç bir böhtan və şər yapışmır. Bu, tamamilə yalan söhbətdir”.
Ancaq mənbənin M.Əliyevin anasının adı keçən bəzi məsələlərlə bağlı açıqlaması bizdə onun yuxarıdakı fikirlərinin asburd olması şübhəsi yaradır.

Bələdiyyə sədrinin anası 9 saylı qocalar üçün internat evinin 4 hektar torpağını necə satıb?

Məlumatda bildirilir ki, M.Əliyevin anası Əliyeva Ədilə Muradəli qızı vaxtilə baş həkim işlədiyi Xəzər rayonu 9 saylı ixtisaslaşdırılmış ruhi-əsəbi, əlil və qocalar üçün internat evinin balansında olan 4 hektar torpaq sahəsini qanunsuz olaraq satıb. Bu məsələ isə baş həkim Ə.Əliyeva işdən çıxarıldıqdan sonra üzə çıxıb. Biz dünən həmin qocalar evində olduq… Buradakı bəzi adını çəkmək istəmədiyimiz şəxslərlə söhbətimizdə şok faktlar üzə çıxdı. Belə ki, sözügedən qocalar evinə yeni təyin olunan baş həkim təhvil-təslim zamanı internat evinin vaxtilə Buzovana südçülük sovxozundan 99 illik icarəyə götürdüyü 4 hektar torpaq sahəsi sənədlərdə göstərilsə də, faktiki olaraq yoxdur: “…Yeni baş həkim həmin internat evinin sənədlərinin balansında olan torpaq sahəsinin taleyi ilə maraqlanarkən, Xəzər RİH-dən bildirilib ki, səni ora işləməyə təyin etmişik, yoxsa ara qarışdırmağa? Ancaq təzyiqlərə baxmayaraq, baş həkim Buzovna Bələdiyyəsinin sədri Mətləb Əliyevin qanunsuz olaraq internat evinin həyətində açdıraraq, yeznəsi Telman Qəniyevin işlətdiyi mağazanı ləğv etdirə bilib”.
Bizə verilən məlumatda o da bildirilir ki, həmin mağazadan nisyə alış-veriş edən xəstələrin hər ay pensiyası kəsilərək, mağazaya olan borclarına ödənilirmiş. Borclu xəstələrin sözlərinə görə, həftələrlə ət xörəyi yemədikləri, normal qidalanmadıqları üçün mağazadan lazımi ərzaq malları almağa məcbur olurmuşlar: “Çünki bizə verilən yardımlar mağazaya verilərək, sonra da bizə satdırılırdı. Yeni baş həkim gələndən sonra düz-əməlli yemək yeyirik”.
İnternat evinin balansında olan 4 hektar torpağın necə satılmasına gəlincə, mənbənin dediyinə görə, həmin torpaqları Buzovna Bələdiyyəsinin sədri Mətləb Əliyev qumarda uduzub. Bu və digər məlumatların nə dərəcədə həqiqət olduğunu aydınlaşdırmaq məqsədilə bələdiyyə sədri ilə əlaqə saxlamaq cəhdimiz alınmadı… Amma Xəzər rayon Prokurorluğuna göndərəcəyimiz bu və ya digər sənədlər yəqinki “torbadakı pişiyin” kimə məxsus olduğunu aydınlaşdıracaq. Odur ki, qarşı tərəfi də dinləməyə hazırıq.
(Davamı var)
“Təzadlar”ın Araşdırma Qrupu

Həmçinin oxuyun

REKTORUN 200 MİNLİK YENİ AVTOMOBİLİ – “Bir neçə aydır bu lüks maşından istifadə edir” (FOTO)

Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva özünə lüks avtomobil alıb. Bakupost.az-ın əldə etdiyi məlumata görə, …

Bir cavab yazın