Ana səhifə / Gündəm / “Bura kriminal zonaya çevrilib”

“Bura kriminal zonaya çevrilib”

“Bura kriminal zonaya çevrilib. Adam nə qədər dava, söyüş eşidər?! Evdə qız-gəlinlərin yanında utanırıq. Kimə nə deyəsən? Şikayətlərimizə baxan yoxdur”.

Bunu virtualaz.org saytına şikayətində Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi, 40-da yaşayan Adil Əliyev söyləyir. Söhbətə digər sakinlər də qatılırlar.

Buna sakini Bəsti Məmmədova deyir ki, evi birinci mərtəbədə yerləşdiyindən gecə səhərə qədər dava-qışqırıq səslərindən yata bilmir: “Ötən həftə maşın saxlamaq üçün yer üstündə iki nəfər dalaşırdı, buçaqla bir-birinin üstünə cumdular. Bura baxın, ipdən asdığım paltarları götürüblər, corabların hər tayını bir yerə atıblar. Pəncərəmin qarşısında əzgil, nar ağacları əkmişəm. Maşınla vurub budaqlarını qırırlar. Bilmirəm kimə müraciət edim”.

…Yox, yanlış anlamayın. Biz qatı cinayətkarların yaşadığı məhəllədə deyilik. Bura “8-ci kilometr bazarı”nın ətrafıdır. Şikayətçilər isə Cəmşid Naxçıvanski küçəsi ilə Qara Qarayev prospektində yaşayan sakinlərdir.

Virtualaz.org saytının reportyorları bazarın yaxınlığında yerləşən sakinlərin şikayətlərini dinləyib.

Bazar, yoxsa azar?!

Bazarın önündən keçən magistral yolda marşrut avtobusları, şəxsi avtomobillər, taksilər o qədər çoxdur ki, küçə kənardan hörümçək torunu xatırladır.

İlin bütün fəsillərində zibil qalaqları ilə əhatələnmiş bazardan gələn üfunət iyi azmış kimi satıcıların çığır-bağırı, maşınların susmaq bilməyən siqnal səsləri də ətrafda yaşayanları canından bezdirib. Bir sözlə, bazar iri bir problemə çevrilərək ətrafda yaşayanları boğaza yığıb.

Doğrudur, son günlər marşrutların dayanacaqdan kənarda saxlanması qəti qadağan edilib. Buna görə də bazarın qarşısındakı yol nisbətən açılıb, tıxac azalıb. Lakin əraziyə nəzarət edən polislərin çığır-bağırı sakinlər üçün ayrıca bəlaya çevrilib.

Bazarın qarşısında iki piyada keçidi tikilib. Amma bazarlıq edib yola çıxan piyadalar yaxınlıqdakı yeraltı keçidə məhəl qoymadan avtomobil yolundan keçirlər. Əraziyə nəzarət edən polislər isə qəza şəraiti yaradan piyadalara qarşı heç bir tədbir görmür.

Maraqlıdır ki, yolun əsas hissəsini tutan arabalara da “gözün üstə qaşın var” deyən yoxdur. Maşınlara məhəl qoymadan o tərəfdən bu tərəfə adlayan arabaların üstündə nə desən satılır. Kimi uşaq paltarları, kimi göy-göyərti, kimi də başqa xırdavat alveri edir. “Gəzən marketlərin” son dayanacaq yeri binaların həyətidir.

“Biz balaca adamlarıq” – bunu Qara Qarayev prospektində yaşayan Arif Səmədov deyir.

Onun sözlərinə görə, artıq  gecələr sərxoş olan satıcıların gülüş səslərinə qulaq asa-asa yuxuya getməyə alışıblar: “Satıcıların çoxu bazarın içində gecələyir. Axşamlar sərxoş olub qışqıra-qışqıra mahnı oxuyan kim, bloklara girib ayaqqabıları oğurlayan kim. Kimə şikayət edək? Bazar rəhbərliyi bilmir, görmür bunları? Biz balaca adamlarıq, onların isə qoçu dəstəsi var. Hamı özündən qorxur”.

C.Naxçıvanski küçəsinin sakini Səfayə Nəbiyeva isə söyləyir ki, binaların yaxınlığında dayanacaqlar yaradılıb. Amma nə bazar satıcıları, nə də sakinlər maşınları dayanacaqlarda saxlamırlar: “Dayanacaqlara 50 qəpik vermək istəmirlər. Gətirib blokun qarşısında, ya da ağacların altında saxlayırlar. Uşaqların oynaması üçün yer yoxdur. Binaların qarşısı bazara gedənlər üçün keçid olub. Bir də görürsən, binanın həyətində bir topa zibil yığılıb. Aşağı mərtəbədə yaşayanlar yuxarıda yaşayanları, yuxarılar bazardakıları günahlandırır. Qonşular da bir-biri ilə üz-göz olub”.

Cəmşid Naxçıvanski, 43-də yaşayan sakinlərdən biri isə bazarın saçdığı üfunət iyindən nəfəs ala bilmədiklərini dedi: “Mən şəkər xəstəsiyəm, həyat yoldaşım isə I qrup əlildir. Maşınların səs-küyü, sıxlıq… – dözmək çətindir. Evdə nəvələrim var, həyətə buraxa bilmirik. Bura Salyan yoluna çevrilib. Kimi istəsən, gəlib bizim həyətdən keçir. Səhərə kimi yata bilmirik, nəfəs almaq çətindir”.

Onu da qeyd edək ki, bazarın qarşısında və arxasında boş yer qalmayıb. Hətta Qara Qarayev prospektindəki səki kəsilib və orada tikinti işlərinə başlanılıb. Sakinlər binaların bir-birinə yaxın tikilməsinə etiraz etsələr də buna reaksiya verən tapılmayıb.

Həmin prospekdəki binalardan birinin sakini Nəbi Eyvazov bildirdi ki, bazarın sökülməsi xəbərindən sonra ərazi qarış-qarış satılıb. Çünki bazarın yerində iri ticarət mərkəzinin tikiləcəyi ilə bağlı söhbətlər gəzir: “Tikintinin səsi, avtobusların siqnalı, satıcıların qışqırığı qulaqlarımızı kar edib. Soruşsanız burda yaşayanların çoxu əsəb, şəkər xəstəsidir. Neyləyək, evi satıb hara gedək?! Bu qədər tikinti gedir, tıxac, sıxlıq var, yanğın və ya digər fövqəladə hal olarsa, yanğınsöndürənlər əraziyə girə bilməyəcək”.

Sakinlər onu da deyirlər ki, Nizami Rayon İcra Hakimiyyəti (RİH) “8-ci kilometr bazarı” ilə bağlı şikayətlərdən bezib. Hətta sakinlərə “Nə istirahət hüququ?! Evinizi satın, dincəlin” məzmunlu məsləhətlər də verilib.

İcra hakimiyyətindən sakinlərə bazar problemini çözməkdə aciz olduqlarını, əraziyə “lap yuxarılardan” nəzarət edildiyini də sözarası çatdırıblar.

Sakinlər isə “su boğaza çıxanda meymun balasını da tapdalayır” deyirlər.

Bu isə Nizami RİH-lə bazar rəhbərliyinə ünvanlanan mesaj kimi də qəbul edilə bilər…

Ülviyyə Xudiyeva

Fotolar Samirə Həsənovanındır

Virtualaz.org

Həmçinin oxuyun

“Prostoy vətəndaş” Orduxana bu dəfəki sərt cavabı Şəhidlər Xiyabanından verdi-VİDEO

“Prostoy vətəndaş” ləqəbi ilə tanınan ictimai fəal, diaspor nümayəndəsi, xeyriyyəçi Akif Məmmədov öz “Feysbuk” səhifəsində …

Bir cavab yazın