Bazar , Yanvar 17 2021
Ana səhifə / Gündəm / Bu güllə onun qədərinə öncədən yazılmışdı – Jurnalist şəhid qohumundan yazdı

Bu güllə onun qədərinə öncədən yazılmışdı – Jurnalist şəhid qohumundan yazdı

Yanvar ayının 23-ü işdən sonra Cəfərov soyadlı yaxın bir qohumumla görüşməyi planlaşdırmışdım. Razılaşmamız qarşılıqlı idi. İş gününün ortasında cəbhədə bir nəfər zabitimizin şəhid olması xəbərini eşitdim. İnformasiya portalları bu barədə məlumat yaymağa başlamışdılar. Şəhidin adı tam verilmirdi, yalnız Cəfərov Elnur kimi qeyd olunurdu. Axırıncı yazını tamamladığım ərəfədə keçmiş həmkarımız, qohumum və həmkəndlim Mahir Aşurovun yazdığı mesajı gördüm: “Məhəmmədəli, Tər-Tərdə şəhid olan Elnur Cəfərov kimdir?” Mahirin bu sualı elə bil məni ayıltdı. Həmin dəqiqə fikirləşdim ki, o bu sualı təsadüfən vermir. Təbii ki, ağlıma ilk gələn Cəfər əminin oğlu Elnur oldu. Çünki yayılan informasiya ilə bağlı beynimdə apardığım analiz ölümü bizim Elnura yaxınlaşdırırdı. Bunu nəcə dəqiqləşdirmək haqda fikirləşirdim. Mahirə yazdım ki, birdən bu, Cəfər əminin oğlu olar. Cavab verdi ki, deyəsən odur. Sanki dünya başıma fırlandı. Heç cür bu informasiyanın dəqiqliyini həzm etmək istəmirdim. Düz çıxsaydı, demək şəhid olan mənim uşaqlıq dostum, qohumum Cəfərov Elnur Cəfər oğlu olurdu.

Müdafiə Nazirliyinin yaydığı məlumat isə şəhidin məhz bizim Elnur olmasını rəsmi formada təsdiqləmiş oldu. Həmin gün görüşməyə hazırlaşdığım Elnurun əmisi oğluna zəng vurdum. Səsindən başa düşdüm ki, bəd xəbər ona da yetişib. Bir-birimizə başsağlığı verməkdən başqa çarəmiz qalmadı. Elnurun valideynləri kənddə yaşadıqları üçün onun harada dəfn olunacağı hələ məlum deyildi. Bir yerə yığışdıq, bir az müzakirələrdən sonra məlum oldu ki, Elnurun nəşi elə həmin gün Bakıya yola salınacaq, buradan da doğulduğu Naxçıvana. Düzü, bu cür məsuliyyətli qərarın kiminlə razılaşdırıldığı maraqlı gəldi. Sən demə, Elnurun atası həmin vaxt cəbhə bölgəsinə zabit oğlunu ziyarət etməyə gedibmiş. Allahın qismətinə bax. Bu şərəfli ölümdəm birinci Cəfər əmi xəbər tutub. Onun özü də dəfələrlə belə ölümlərin astanasında olub. Bəlkə də Elnurun hərb yolunu seçməyə ən böyük stimulu da məhz atası ona verib. 90-cı ildə ermənilər Naxçıvana aramsız hücumlar edirdi. Əhalidə silah yox idi. Cəfər kişi ov tüfəngi ilə könüllü olaraq ön sıralarda vuruşurdu. Peşəkar hərbçi olmasa da o, bacarıqlı artilerist idi. Həmin illərdə peşəkar ordumuz formalaşmadığı üçün Ermənistanı top atəşinə tutanlar Cəfər əmi kimi qeyrətli kişilər idi. İranla aramızda olan sərhədlər təzə sökülmüşdü. Bunu bütün Naxçıvan bilir ki, şəhidimizin atası özünümüdafiə batalyonlarına nə qədər silah gətirirdi. O bunu həyatını risqə ataraq edirdi. Qışın soyuğunda maşın kamerinin üstündə gur axan Araz çayından üzüb keçərək rəngli sovet televizorlarını “Kalaşnikov” avtomatı ilə dəyişirdi. Başqalarının bu vasitədən alver məqsədilə istifadə etdiyi zamanda Cəfər əmi Naxçıvanın müdafiəsində təmənnasız iştirak edirdi. Bunu bütün Naxçıvan bilir. Elnur belə bir kişinin tərbiyəsini almışdı. Elnur peşəkar hərbçiydi. Onu tanıyanların hamısının gözəl xatirindədir ki, Elnur uşaqlıqdan hərbçi olacağını deyirdi. Elə uşaqlıqdan da özünü bu peşəyə məşğul etdi.15 yaşında Naxçıvanski adına hərbi məktəbə daxil oldu. Şəhid olanda hamını bir sual düşündürdü: 1994-cü ildən hərbi xidmətə çağrılan Elnur niyə hələ də kapitan rütbəsindədir? Bəli, xidmət etdiyi müddət ərzində onun rütbəsi iki dəfə kiçildilib. Elnur 18 il, yəni ölümünə qədər yalnız cəbhə bölgəsində qulluq edib.

Məlum olduğu kimi, Elnura göstərdiyi şücaətə görə ölümündən sonra fəxri ad daşıyan təltif verildi. Buna da qısqananlar tapıldı. Zabiti səhlənkarlıqda günahlandırmaq istəyənlər snayperlə vurulan zabitin heç bir şücaət göstərmədiyini iddia etməkdən də çəkinmədilər. Onlara cavab olaraq bildirmək istəyirəm ki, Elnur Cəfərov yaylım gülləyə elə-belə tuş gəlməyib. Onu snayperlə sağ gözündən vurublar. Elnurun nəşini gətirən mayorun dedikləri: “Ən öndə olan səngərimiz ermənilər tərəfinən dağıdılmışdı, qum kisələri uçmuşdu. Həmin postu bərpa etmək üçün Elnur məsuliyyəti öz üzərinə götürdü. Əsgərlərə posta getməyə icazə vermədi. Kisələri tək qaldırıb istehkamı qurdu. Axırıncı kisəni qoyanda onun düzlüyünü yoxlayırmış. Elə həmin anda da onu vurdular”. Bu, şücaət deyil? Elnur Cəfərov həm də gözəl snayperçi olub. Ölümündən əvvəl onun bir neçə ermənini öldürdüyü də dəqiqdir. Hətta ermənilərin Elnuru anbaan izlədiyi də deyilir. O, şəhid oldu. Özündən yadigar olaraq iki balası qaldı: Oğlu Məhəmməd, qızı Nuray. 5 yaşlı Məhəmmədin atasının yasında dedikləri isə daha təsirlidir: “Atamın avtomatını götürüb hamınızı biçəcəm”. Məhəmmədin isə niyə məhz hamıdan belə incik düşdüyünün səbəbini hələ də anlaya bilmirəm. Elnur kimi arzularla yaşayan, şərəfli zabit həyatını yalnız səngərdə görən, önə əsgərini yox, öz sinəsini verən bir şəxs yaylım gülləyə tuş gəlsə belə, QƏHRƏMANDIR. Elnura dəyən isə yaylım güllə deyildi. Bu güllə onun qədərinə öncədən yazılmışdı.

ALLAH SƏNƏ RƏHMƏT ELƏSİN, ŞƏHİDİM!

Məhəmmədəli QƏRİBLİ

Qeyd: Bu məqalə müəllif tərəfindən 2014-cü ildə, Elnur Cəfərovun şəhid olduğundan bir neçə gün sonra   yazılıb və ölkənin bir çox populyar KİV-ləri tərəfindən dərc edilib.

Azinforum.az

Həmçinin oxuyun

“Deputatın qardaşı əmlakımı qanunsuz yolla ələ keçirib” – İTTİHAM

Bakı şəhər sakini Nərgiz Səfərova əmlakının qanunsuz yolla ələ keçirildiyini iddia edir.Bu barədə “Report”a məlumat …