Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Gündəm / Bodrumda istirahət Nabrandan ucuz başa gəlir

Bodrumda istirahət Nabrandan ucuz başa gəlir

Qiymətlər, ilginc müqayisələr və acı reallıq…

Elə gün olmur ki, sosial şəbəkəni açan kimi turizm agentliklərinin “yanan turlar”, “son fürsət”, “inanılmaz kampaniya” başlıqları ilə tur təklifləri ilə qarşılaşmayaq. Məlum, Azərbaycan insanının istirahət anlayışı son 10 ildə Türkiyə istiqamətində daha çox formalaşıb. “Full paket”, yəni hər şey daxil istirahət paketləri azərbaycanlı ailələr üçün olduqca rahatdır. Bakıdan uçuş, hotelə çatdırılma, gündə 3 (bəzilərində 5 dəfə) yemək, limitsiz əyləncə, diskoteka və sair və ilaxır… 
Amma Bakıdan uçuş qiymətləri həddən artıq yüksək olduğu üçün azərbaycanlılar iki ildir “Tiflisdən uçuşla” başlıqlı turpaketlərə maraq göstərir. Bu haqda “Yeni Müsavat” bir neçə dəfə yazdığı üçün üzərində xüsusi dayanmaq istəmirik. Amma budəfəki yazımızda sizi maraqlı daxili və xarici tur müqayisəsi ilə tanış edəcəyik.
Məlumdur ki, indi daha ucuz və yaxın məsafəli olması üçün insanlar zaman-zaman ölkə daxilindəki istirahət mərkəzlərinə də müraciət edir. Bu mərkəzlərin başında isə heç şübhəsiz ki, dənizinə və təbiətinə görə Nabranın adı gəlir. Nabranda sayı gündən-günə artan istirahət mərkəzlərindəki qiymətlər isə gerçəkdən də Bodrumla, Antalya, Marmarislə müqayisə olunacaq həddə çatıb. Nəzərə alanda ki, sonuncuların turpaketindəki qiymətin 70 faizini bilet qiymətləri təşkil edir. 
Nabranda istirahət söz birləşməsinin altında bir çox detallar var. Yəni bu istirahəti günü 10 manata da başa gətirmək olar, günü 100 manata da. Ona görə də biz sizə bir çox seçimləri təqdim edəcəyik. Məsələn, başlayaq ən ucuzundan. Nabrandakı bir çox istirahət mərkəzlərində, xüsusən də sovet dövründən tikilmiş, insanların daha çox putyovka vasitəsilə gəldiyi istirahət mərkəzlərində yerli işbazlar otaqları ucuz qiymətə kirayəyə verir. Bu tip yerlərdə adambaşına 6-7 manata olan otaqlar var. Amma tam şəraitsiz və təbii ki, yemək servisi olmadan. Quru çarpayı və dörd divar.
Evindən yemək, qaz plitəsi, ərzaq gətirənlər… 3 dəfə yemək ehtiyaclarını bu cür ödəyə bilirlər. Amma sutkası 15-20 manatdan başlanan kotteclər var ki, orda şərait nisbətən normal sayılır: hamam-ayaqyolu, fasiləsiz su… Burada da yemək məsələsi ailənin öz öhdəsindədir. İstəyənlər üçün Nabrandakı bəzi ev sahibləri öz evlərini gündəlik 20-25 manata kirayə verir, təbii ki, içindəki bütün əşyaları ilə. Bu halda 10 gün istirahət etmək istəyən vətəndaş minimum 200 manat ev kirayəsinə verir.
“Atlant”da bir nəfərin bir günlük istirahəti 87 manata başa gəlir  
İstirahət mərkəzlərində isə vəziyyət qəlizdir. Əməkdaşımız «Atlant» İstirahət Mərkəzinin 2015-ci il qiymətləri ilə maraqlanıb. Məlum olub ki, burada bir nəfərin 3 dəfə yemək daxil olmaqla bir günlük istirahəti 50 manata başa gəlir. Təbii ki, əgər bu şəxs təkbaşına bir otaq məşğul etməyəcəksə. Bu haqda detallı aşağıda.
5 yaşa qədər uşaqlar pulsuz, 5 yaşdan böyüklər isə qeyd olunmuş tariflə, yəni 50 manat ödəməklə istirahət edə bilər. 1 və 2 nəfərlik otaqlar var. 4 nəfərə 2 otaq təqdim edilir.
Amma burda ən maraqlısı bir nəfərin “Atlant” macərasında başına gələ biləcəkləridir. Əgər kimsə təkbaşına burda istirahət etmək istəsə, şərtlərin heç biri ona tətbiq olunmur. Bu halda o, təkcə otaq üçün 65 manat ödəməlidir, 3 dəfə yemək isə bu məbləğə  daxil deyil.
İstirahət mərkəzindəki yeməklərin məbləği isə aşağıdakı kimidir: səhər yeməyi 6 manat, nahar – 8 manat, şam yeməyi – 8 manat. Yəni bir günlük yemək məsrəfi 22 manat edir. Bunun üzərinə otaqda gecələməni də əlavə etsək, ümumi məbləğ 87 manatdır. Yəni bir günlük «Atlant» istirahəti təkbaşına gələn adama 87 manata başa gəlir. Bu istirahətin 7 günlük planlaşdırıldığını nəzərə alsaq, ümumi məbləğ 609 manatdır. Nəzərə almalıyıq ki, bura nəqliyyat xərcləri daxil deyil. 
Keçək “Caspi” İstirahət Mərkəzinə. Burada da bir nəfərə günü 30 manat olmaqla kotteclər təklif edir. Qiymətə gündə 3 dəfə yemək və diskoteka daxildir.
Adı daha çox hallanan “Palma” İstirahət Mərkəzində isə vəziyyət “yevropeyski”dir. Dəqiqləşdirmələrimizə görə, burada adambaşı bir günlük istirahət 35 manatdır. Bu qiymətə ancaq səhər yeməyi daxildir. Adambaşı 55 manatlıq istirahət qiymətinə isə gündə 3 dəfə yemək daxildir.
Nabranda “Caspian sea” istirahət mərkəzində adi nömrədə 1 nəfər üçün 1 günlük istirahət 280, lüks şəraitli VİP nömrələrdə isə 1000-1500 manatdır.
Xaçmazda yerləşən “Çoban bulaq” İstirahət Mərkəzindən öyrənirik ki, burada 1 günlük istirahət 60 və 80 manata təklif olunur. Mərkəzdən bildirdilər ki, qiymət fərqi otaqların genişliyinə görədir. Bu qiymətlərə yemək daxil deyil. Mərkəzin lüks otaqları 2 nəfər üçün 150 manat, 4 nəfər üçün 250 manatdır. Bu qiymətlərə səhər yeməyi daxildir.
Antalyada 1 həftə 550 manata da istirahət etmək olar 
İndi keçək Türkiyə turlarına. Yerli turizm agentlikləri arasında apardığımız reydlər nəticəsində qiymətləri aşağı-yuxarı müəyyənləşdirmək mümkün oldu. Məsələn, agentliklərdən birində “qaynar tur” başlığı ilə diqqətimizi çəkən elanı paylaşaq.
Antalya-Kəmərdə 13 gecə istirahət, hər şey daxil olmaqla 347 manat məbləğindədir. Uçuşlaq Tiflisdəndir.
“Fly Travel” agentliyi də maraqlı turlar elan edib. Qiymətlərə diqqət: 
«Munamar Beach Residence» hotel (5 ulduzlu) Marmarisdə yerləşir. 2 nəfər, 7 gecə 8 gün boyunca istirahət üçün 990 manat ödəməlidir. Uçuş Bakıdandır və paketə hər şey daxildir.
«Pine Bay Holiday Resort Hotel» (5 ulduzlu) Quşadasında yerləşir. 7 gece her shey daxil olmaq şərtilə turpaketin qiyməti 2699 manatdır və uçuş Tiflisdəndir.
Bordrumda yerləşən «Green Beach Resort» hotelində də 2 nəfərin 7 gecə, 8 gün istirahət qiyməti 998 manat təşkil edir. Uçuş Bakıdandır və turpaketə hər şey daxildir.
Quşadasında yerləşən 5 ulduzlu «Grand Belish Hotel»də isə 7 gece 8 gun  boyunca 1 nəfərin istirahəti 880 manatdır. Qiymətə billet, transfer, 5 dəfə yemək və sığorta daxildir. Uçuş Tiflisdəndir və 2 nəfərlik otaqda 1 nəfərin qalması üçün nəzərdə tutulub.
Antalya qiymətləri isə daha ucuzdur.
«Belle Vue Hotel Beldibi» 3550 azn
«Kemer Millennium Palace» 4644 azn
«Nox Inn Beach Resort & SPA» 5919 azn
Qiymətə daxildir: 2 nəfər, 7 gecə, 8 gün. Uçuş Tiflisdəndir, paketə gündə 3 dəfə yemək və sığorta daxildir. 
Macəraçıların seçimi – avtobus turları: daha ucuz və ilginc 
Amma macəra sevənlər üçün ilginc avtobus turları da var. Turizm agentlikləri arasında gəzişmə zamanı onların tariflərinə də rast gəldik. 
1.Bodrum avtobus turu
18.07.2015 – 29.07.2015 – (12 gün / 7 gecə) 469 AZN
2. Bodrum avtobus turu
01.08.2015 – 12.08.2015 – (12 gün / 7 gecə) 509 AZN
3. Bodrum avtobus turu 
18.08.2015 – 29.08.2015 – (12 gün / 7 gecə) 479 AZN
Qiymətə daxildir: 
– Komfortlu Avtobus – MERCEDES TRAVEGO 
– Avtobusda çay, kofe, sərinləşdirici içkilər
– 8 Gün / 7 Gecə Otel
– Gündə 5 dəfə yemək (ALL)
– Tur Rəhbəri (bütün yolboyu)
– Səyahət sığortası
ƏLAVƏ MƏLUMAT:
Avtobus MERCEDES TRAVEGO olacaq
Turist Antalyanın Kəmər regionunda siyahıda olmayan hotel seçə bilər.
YERLƏŞMƏ NÖVÜ: 
DBL – Standard otaqda 2 nəfərlik
SNG – Standard otaqda 1 nəfərlik
TRP – Standard otaqda 3 nəfərlik
Qiymətlər yerləşmə növünə görə 1 nəfər üçün nəzərdə tutulub.
 
QİDALANMA NÖVÜ: 
ALL – Gündə 5 yemək + yerli spritli və spirtsiz içkilər.
UALL – Gündə 5 yemək + yerli və xarici spritli və spirtsiz içkilər.
Sonda… Bütün bu hesablamalar, araşdırma və müqayisələr göstərir ki, istirahət seçimi ciddi prosesdir. Ailənin bütün üzvlərinə rahat, onun başçısına isə sərfəli olması üçün seçimlər arasından seçim bəyənmək lazımdır. Məqsəd sonda peşman olmamaq və yaddaşda gözəl izlər qoyan istirahət seçimini əldə  etməkdir. Seçimlər isə göz qabağında. Antalya yerli turistlərə Nabrandakından daha sərfəli təkliflər verir.

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın