Ana səhifə / Gündəm / Bir mənzili 5-6 nəfərə satan “Dağlar” MTK-nın sahibini kim himayə edir? –PREZİDENTƏ ŞİKAYƏT

Bir mənzili 5-6 nəfərə satan “Dağlar” MTK-nın sahibini kim himayə edir? –PREZİDENTƏ ŞİKAYƏT

Fevralın 22-də Bakıda mənzil fırıldağı ilə üzləşmiş 33 nəfər Prezident Administrasiyasına yürüş edərək, şikayətləri ilə bağlı aparılan istintaqdan narazılığını bildirdilər.

AzToday.az xəbər verir ki, “Dağlar” MTK tərəfindən tikilən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən 63 saylı 15 mərtəbəli binada mənzil fırıldağı ilə üzləşmiş zərərçəkənləri Prezident Administrasiyasının nümayəndəsi Əli Orucov qəbul edib və şikayətlərinin araşdırılacağını bildirib.

Qeyd edək ki, “Dağlar” MTK rəhbərliyinin bilavasitə iştirakı ilə bir mənzilin 5-6 nəfərə satılması prosesi 2013-2014-cü illərdə həyata keçirilib. Vətəndaşların 2 milyon dollardan çox pulu dələduzluq yolu ilə mənimsənilib. Vətəndaşların “Dağlar” MTK ilə bağlı hüquq-mühafizə orqanlarına etdiyi şikayətlər isə demək olar nəticəsiz qalıb. Belə ki, istintaq orqanları, konkret Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində  (Dələduzluq faktının niyə Korrupsiyaya Qarşı Mübarizə İdarəsində araşdırıldığı qaranlıq mətləblərdən xəbər verir – red.) aparılan istintaq yalnız MTK-nın icraçı direktoru Şahin Əliyevi məhkəmə qarşına çıxarıb. Halbuki zərərçəkənlər bütün şikayətlərində təkcə Şahin Əliyev tərəfindən deyil, “Dağlar MTK”-nın faktiki sahibi Çingiz Rzayevin, Elsevər və binanın komendantı Əjdər adlı şəxsin də Şahin Əliyevlə birgə onları aldatdığını yazıblar. Ancaq istintaq və təhqiqat aparan qurumlar nəyin bahasına olursa olsun, işi Şahin Əliyevin üzərində fokuslaşdıraraq Ağır Cinayətlər Məhkəməsinə göndərib. Məhkəmə də yalnız istintaqın təqdim etdiyi araşdırma üzrə işə baxılacağını zərərçəkənlərə bəyan edib.

Zərərçəkənləri də narazı salan əsas məqam budur. Nə itirdikləri yüz min dollarla pulunu ala bilən, nə də əsl cinayətkarların cəzalandırılmasına nail ola bilməyən vətəndaşlar prezident İlham Əliyevdən kömək istəyirlər.

Onlar tərəfindən prezident İlham Əliyevə ünvanlanan müraciəti olduğu kimi təqdim edirik:

Hörmətli cənab Prezident,

Bir neçə müddət bundan əvvələ qədər Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 63 ünvanda yerləşən on beş mərtəbəli binada “Dağlar” MTK-dan mənzillər almışıq. Ancaq kooperativin rəhbər şəxsləri müxtəlif bəhanələrlə açarları bizə verməkdən yayındırıb bizi mənzillərə yaxın qoymadılar. Sonradan bu mənzillərin ayrı-ayrılıqda bir-birindən xəbərsiz iki və daha çox vətəndaşlara satıldığı bəlli oldu. Nəhayət, 2014-cü ilin avqust ayında “Dağlar” MTK-nın sədri Əliyev Şahin artan təziqlərə davam gətirməyib qaçıb gizləndi. “Dağlar” MTK-nın təsisçisi və bu dələduzluq cinayətinin təşkilatçısı Çingiz Rzayev hal-hazırda müxtəlif hüquq-mühafizə orqanlarında “məsələnin həlli ilə məşğuldur” ki, onları həbs etməsinlər. Vətəndaşların pulunu qaytarmaqdan isə söhbət belə getmir. Bizə, yəni aldadılmış vətəndaşlara isə özünün bu işlərdən tam xəbərsiz olduğunu söyləyir. Fikir verin – kooperativdə 25-dən artıq mənzillər satılır, hər gün onlarla adam kooperativə gedib sədr Əliyev Şahinlə və oranın komendantı Əjdər ilə hay-küy salır, kooperativin sahibi Rzayev Çingiz isə deyir ki, onun heç nədən xəbəri yox idi !!! Burada qeyd etmək yerinə düşər ki, bu cinayətin təşkilatçıları və iştirakçıları olan Çingiz Rzayev, Şahin Əliyev, Elsevər və komendant Əjdər çox yaxın qohumdurlar (xala oğlu və əmi oğlu) və hər gün “işləri müzakirə etmək üçün” görüşürdülər.

Ərizələrimiz əvvəlcə Bakı şəhəri, Nərimanov rayon polis idarəsinin istintaq şöbəsinin müstəntiqi Həsrət Aslanov tərəfindən araşdırıldı. 15 avqustda kooperativin sədri Şahin Əliyevə cinayət işi açılıb və onun haqqında “SAXLA” qərarı verilmiş və işin istintaqı davam etdirilməsi üçün Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərilmişdir. Həmin idarədə isə kooperativin sədri Əliyev Şahin Saleh oğlu Azərbaycan Respublikası CM-nin 178.3.2., 308.2. və 313-cü maddələri və Bağırov Elçin Səməd oğlunun Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair 142026214 saylı cinayət işi Baki Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş və həmin işdən isə 08.12.2015-ci il tarixli qərarla Vüsal adı ilə tanınan Hüseynov Qasım İsax oğlu, Abdullayev Rəhbər Məzahir oğlu, Eyvazov Vahid Oqtay oğlu, Quliyev Samir Sərxan oğlu barədə Azərbaycan Respublikası CM-nin 178.3.2 və 320.1-ci maddələri ilə cinayət işi ayrıca icraata ayrılaraq istintaq aparılır. Bu günə kimi kooperativin sahibi Çingiz Rzayevə isə cinayət işi belə açılmır. Görünür Azərbaycanda ona “bata” biləcək dövlət orqanı tapılmır. Bunun nəticəsi olaraq, artıq işin külli miqdarda puldan və iri miqyaslı dələduzluqdan getdiyi bəlli olsa da, istintaq Çingiz Rzayevin və Şahin Əliyevin əmlaklarına həbs qoymaqdan imtina edir. Bu həbsi, əlbəttə, müstəntiqin təqdimatı ilə məhkəmə qoyur. Müstəntiq isə bu barədə məhkəməyə müraciət edib-etməməsini bilmirik.

Qeyd etdiyimiz kimi dələduzluq əməllərini, bu işin təşkilatçısı və pulların böyük hissəsini mənimsəmiş Kooperativin Sahibi-Təsisçisi Çingiz Rzayevdir. Prokurorluğun istintaq idarəsindən bizim tələbimiz Çingiz Rzayevin də istintaqa cəlb edilməsi və onun çoxsaylı obyektlərinə həbs qoyulmasıdır. Çingiz Rzayevə “Dağlar” MTK-nın Təbriz küçəsi 63-də yerləşən 15 mərtəbəli binanın 1-ci və 2-ci mərtəbəsində yerləşən bir müddət əvvələ qədər mebel mağazası kimi fəaliyyət göstərən, ümumi sahəsi 1000 kv.m olan bazar qiyməti 1 kv.m 3500 manat, ümumi qiyməti 3,5 milyon manat olan qeyri-yaşayış sahəsi məxsusdur.

Bakı şəhəri, Yeni Yasamalda “Dağlar” MTK-ya məxsus olan binanın 1-ci və 2-ci mərtəbələrində yerləşən mağaza-bir müddət əvvəl Çingiz Rzayev tərəfindən 800.000 manata satılıb.

Bakı şəhəri Azadlıq prospekti və Teymur Əliyev küçələrinin kəsişməsində yerləşən, təxminən qiyməti 500.000 manat olan “GƏNCƏ” kafe-restoranı da Çingiz Rzayevə məxsusdur. Onun Bakı şəhərində Əhmədli qəsəbəsində də bir neçə obyekti var.

Hörmətli, ÇƏNAB PREZİDENT, lütfən bu işin həllində bizə yardım etməyinizi, bizə qarşı qabaqcadan əlbir olub qrup şəkilində dələduzluq edərək külli miqdarda pullarımızı ələ keçirib mənimsəmiş şəxslərin hamısı barədə ciddi cəza tədbirləri görülməsində və bu dələduzlar tərəfindən mənimsənilmiş pullarımızın qaytarılmasında bizə yardım etməyinizi Sizdən xahiş edirik.”

Zərərçəkənlərin sözlərinə görə, “Dağlar” MTK-nın sahibi Çingiz Rzayevin istintaqa cəlb olunmasına yüksək vəzifəli şəxs mane olur. Həmin şəxsin Daxili İşlər Nazirliyində işlədiyi iddia edilir.

Qeyd edək ki, zərərçəkənlərin ayrı-ayrılıqda AzToday.az portalının əməkdaşına təqdim etdiyi və aidiyyatı dövlət qurumlarına ünvanlanan müraciətlərdə Çingiz Rzayevin adı qırmızı xətlə keçir.

Görünür, Çingiz Rzayev hansısa vəzifəli şəxs tərəfindən himayə olunduğundan istintaqa cəlb olunmayıb. Şahin Əliyevin isə “adam”ı olmadığından həbs edilib. Halbuki hər iki şəxslə bağlı şikayətlərdə iddialar və tələblər eynidir…

daglar

daglar1

Həmçinin oxuyun

Ermənilər Qazaxla sərhəddən getmək istəmirlər – VİDEO

Azadlıq Radiosu Qazaxla sərhəddə yerləşən erməni kəndindən (Vosgepar) reportaj hazırlayıb.  Reportajda yerli erməni sakinlər yaranmış …

Bir cavab yazın