Ana səhifə / Gündəm / Bir həkimin əli ilə Azərbaycana sağalmayan yara vuruldu – ARAŞDIRMA 

Bir həkimin əli ilə Azərbaycana sağalmayan yara vuruldu – ARAŞDIRMA 

Bu saat bir təyyarədən ötrü dünyanı ayağa qaldırmış, Türkiyənin üzr istəməsini tələb edən Rusiya İmperiyasının müasir ideoloqları özlərinin son 2 yüzillik boyu törətdikləri faciələrə görə neçə dövlətdən, neçə xalqdan üzr istəməli olduqlarını düşünürlərmi? Kremlin mənfur işğalçı siyasəti sayəsində, xüsusən, türk-müsəlman xalqlarına vurulmuş yaralar bugünədək sağalmaq bilmir. XIX əsrdə Rusiya-Türkiyə, Rusiya-İran savaşları sayəsində torpaqlarımız işğal edilməklə yanaşı, həm də tədricən erməni əlaltılarının oylağına çevrilib. Belə sağalmayan yaralarımızdan biri də Zəngəzurdur…

Zəngəzur – hazırda həmin torpaqlarımızı zəbt etmək sayəsində, guya, dövlətə çevrilmiş “Ermənistan” adlanan, faktiki isə Rusiya əyaləti olan qurumun və Azərbaycanın işğal altındakı hüquqi ərazilərinin bir hissəsini əhatə edən tarixi mahal olub. Ermənilər “Zəngəzur” toponiminin, guya, ermənimənşəli olduğu barədə də “elmi icad”lar ediblər. Xüsusən, bir sıra Azərbaycan bölgələrində rast gəlinən toponimlərin (məsələn, Laçında Cağazur kəndi) sonunda rast gəlinən “zur” kəlməsinin ermənicə olduğunu iddia edən “alimlər” və bu təbliğata uyan azərbaycan türkləri də var. Halbuki mütəxəssislərimiz isbat edir ki, “zur” qədim türk dilində “dərə”, “yarğan” mənasında işlənən car (>zar>zur) sözünün fonetik variantıdır.
Zəngəzur mahalı Qafan,Gorus, Qarakilsə (Sisian), Muğru (Mehri), Zəngilan, Qubadlı və Laçını əhatə edirdi. Qədimdə burada bir dənə olsun, erməni kəndi yox idi. XX əsrin əvvəllərində Zəngəzur mahalında 149 azərbaycanlı kəndi və 81 erməni kəndi var idi. Lakin…
1918-ci ildə verilmiş İrəvanın ardınca 95 il öncə –1920-ci il dekabrın 1-də bolşevikləşməkdə olan Azərbaycanın rəhbərlərindən birinin dili ilə oxutdurulan və əli ilə imza atdırılan bəyanatla Zəngəzur da Ermənistana hədiyyə edildi. Bəs bu qədim Azərbaycan torpağı hansı tarixi-siyasi amillər sayəsində erməniləşməyə başladı?

Boran Əziz:“Tarixin bütün dönəmlərində Zəngəzur bizimki olub”

Tanınmış tarixçi, erməni işğal və soyqırımları barədə bir neçə kitabın müəllifi, BDU-nun dosenti, fəlsəfə doktoru Boran Əziz bizimlə söhbətində Zəngəzurun “Ermənistan” adlandırılmasına gətirmiş tarixi ssenarinin əsas məqamlarını belə açıqladı: ”Hələ eramızdan əvvəl Zəngəzur ərazisi Atropatena və Albaniya kimi Azərbaycan dövlətlərinin tərkibində olmuşdur. Eramızın əvvəllərindən Sasani imperiyasının işğalı altında olsa da, xüsusən, 5-6-cı yüzilliklərdə Sasani zülmünə qarşı qalxan üsyanlarda Zəngəzur əhalisi xüsusilə fərqlənmişdir. Sonrakı əsrlərdə Ərəb xilafətinin tərkibində olan bu Azərbaycan yurdu həmin imperiya da parçalandıqdan sonra Sacilər, Atabəylər, Hulakülər, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər kimi Azərbaycan türk dövlətlərinin tərkibinə daxil olmuşdu. XVIII əsrin sonu -XIX əsrin əvvəllərində isə həmin ərazi, əsasən, Qarabağ, bir müddət isə İrəvan xanlığının nəzarətində olub. Bir sözlə, tarixin bütün dönəmlərndə Azərbaycan xalqının bilavasitə yaşadığı torpaq olmaqla, Zəngəzur milli mədəniyyətimizin zəngin bir parçasını özündə daşımışdır. İstər I rus-Qacar (1804-1813), istərsə də II rus-Qacar (1826-1828) savaşlarında Azərbaycan türk sülaləsi olan Qacarların məğlub olması xalqımızın bir çox faciə yaşamasına və ən əsası, ərazicə parçalanmasına gətirib çıxardı. Məhz həmin dövrdə Zəngəzur ərazisi də Rusiya işğalı altında qaldı. Nəticədə, İran və Osmanlı ərazilərindən buraya ermənilərin köçürülməsi 1920-ci illərdə digər torpaqlarımız kimi, Zəngəzurun da ermənilərə bağışlanmasının əsasını qoydu.

“Xalq Cümhuriyyəti Zəngəzuru öz tərkibində saxlaya bildi”

Doğrudur, 1918-1920-ci illərdəki AXC dövründə bütün çətinliklərə rəğmən, erməni quldurlarının olduqca amansız qətliamlarına qarşı uğurlu mübarizə sayəsində Zəngəzur Azərbaycanın tərkibinə daxil edilmişdi. Həmin ərəfədə Xosrov bəy Sultanovun rəhbərliyi ilə yaradılmış Qarabağ general-qubernatorluğunun 4 qəzasından biri də məhz Zəngəzur olmuşdur. Təəssüf ki, 1920-ci ilin aprelində bolşevik Rusiyası tərəfindən Azərbaycanın işğalı ilə bütün Quzey torpaqlarımız kimi, Zəngəzurun da taleyi Kremlin imperiyapərəst ideoloqlarının əlinə keçdi. Bakıdakı bolşevik hökuməti Cümhuriyyət dönəmindən Qarabağ və Zəngəzurda erməni qiyamçı quldur dəstələri ilə amansız mübarizə aparan Milli Ordu hissələrini dərhal geri çağırdı.

“Azərbaycan Naxçıvana və Zəngəzura olan iddiasından əl çəkir”…

1920-ci ilin avqustun əvvəlində isə Şuşada Azərbaycan Kommunist (bolşevik) Partiyası təşkilat və siyasi bürosu nümayəndələrinin iştirakı ilə Zəngəzur qəza və sahə inqilab komitələrinin iclası keçirildi. Və qərara alındı ki, Zəngəzur “Aşağı” və “Yuxarı” adlanmaqla iki yerə bölünsün. Yuxarı Zəngəzurun mərkəzi Gorus, Aşağı Zəngəzurunku isə Bərgüşad (sonradan Qubadlı) oldu. Həmin il noyabrın 28-də tarixi Azərbaycan torpaqlarında qurulmuş “Ermənistan” “dövlət”inin də bolşeviklər tərəfindən işğal edilməsi Zəngəzurun taleyini, demək olar ki, həll etdi. Ertəsi gün noyabrın 29-da Bakıda Nəriman Nərimanov, Orconikidze, Kamenski, eləcə də erməni bolşeviklərinin iştirakı ilə Azərbaycan K(b)PMK-nın təşkilat və siyasi bürosunun iclası keçirildi. Azərbaycan İnqilab Komitəsinin sədri Nəriman Nərimanov və xarici işlər komissarı Behbud Hüseynovun adından Ermənistan bolşeviklərinə göndərilmiş təbrik teleqramında bildirilirdi ki, artıq Ermənistanla Azərbaycan arasında heç bir sərhəd mövcud deyil. Azərbaycan Naxçıvan və Zəngəzura olan iddiasından əl çəkir. Həmçinin Dağlıq Qarabağda ermənilərin öz müqəddəratını təyin etməsi hüququ tanınır. Teleqramda o da vurğulanırdı ki, Azərbaycan və Ermənistan qırılmaz hərbi və iqtisadi birlik yaratmağa hazırdırlar.

Zəngəzurla bərabər, Dağlıq Qarabağ da verilməli imiş…

İclasda Nərimanova bu məsələlərlə bağlı bir bəyanat da hazırlamaq tapşırılır. Və dekabrın 1-də Nərimanov belə bir bəyanat verir. Düzdür, həmin bəyanatda Zəngəzurun ermənilərə verilməsi barədə müddəa var. Və bunun Nərimanovun tarixi-faciəvi səhvi olduğu birmənalıdır. Deyilənə görə, o, bu bəyanatı təzyiq altında verib. Amma insafən, sözügedən sənəddə Dağlıq Qarabağın da Ermənistana verilməsi haqqında heç bir cümlə yoxdur. Sadəcə, sonradan ermənilər və o zaman Sovet Rusiyasının dövlət nəzarəti üzrə xalq komissarı olan Stalin özü həmin bəyanatı bildikləri kimi təhrif ediblər. Guya Nərimanov bəyan edib ki, Sovet Azərbaycanı “Ermənistanla mübahisəli ərazilər”indən könüllü olaraq əl çəkir və Zəngəzur, Naxçıvan və Dağlıq Qarabağın sovet Ermənistanına verilməsini elan edir. Halbuki, Nərimanov Naxçıvan və Zəngəzurun verilməsi, DQ əhalisinin isə öz müqəddəratını təyin etmək hüququndan bəhs etmişdi. Bununla belə, Nərimanov Naxçıvan və Zəngəzurun bütün yeraltı-yerüstü sərvətləri ilə birgə “Ermənistandakı zəhmətkeş qardaş-bacılarımıza” verilməsini də vurğulamaqla, faciəvi bir tarixi-siyasi səhv etmişdi. Sonradan “doktor” bunu dərk edəndə və Azərbaycanda müstəqil sosialist dövləti quracaqlarına səmimi olaraq inandığı Lenin, Stalin başda olmaqla kommunist liderlərin erməni daşnaklarından heç nə ilə fərqlənmədiyini anlayanda artıq gec idi. Məhz Nərimanovun bəyanatı ilə Zəngəzurun Azərbaycandan hüququ cəhətdən qoparılmasına start verilmiş oldu.
“Bakıdan ermənilərə 40 vaqon neft, 35 vaqon taxıl göndərildi”…

Bəyanat səslənənin ertəsi günü Ermənistana 40 vaqon neft, 5 vaqon ağ neft, 35 vaqon taxıl məhsulları və s. göndərilmişdi. Bundan əlavə, Azərbaycan kommunistləri daha böyük bir “humanistlik” göstərərək, bütün Azərbaycan fəhlələrinin birgünlük maaşını məcburən “kəsərək”, guya, “qaçqınlıqdan əziyyət çəkən erməni xalqına yardım” olaraq göndərtdi. Halbuki, qaçqın düşən ermənilər çox az idi. Quldur daşnak dəstələrinin zülmündən sayca qat-qat çox soydaşımız qaçqın düşmüşdü. Ancaq onlar, ümumiyyətlə, yada düşmürdü. Beləliklə, gələcəkdə DQ-ni də işğal edəcək Ermənistan Azərbaycan rəhbərlərinin öz əli ilə dirçəldilməyə başlandı.

Qars müqaviləsi olmasaydı….

1922-ci ildə Azərbaycan SSR Xalq Torpaq komissarının verdiyi arayışa əsasən, Zəngəzur qəzasından ermənilərə 405 min desyatin (təxminən, 1,1 hektara bərabər keçmiş sahə vahidi – S.L.) torpaq (təxminən, 4000 kv.km), Qazax ərazisindən isə 378 min 984 desyatin torpaq (təxminən, 3900 kv.km) Ermənistana verilib. 1920-ci ilə qədər AXC-nin “mübahisəsiz” ərazisi 97 min kv.km idisə, 1920-1924-cü illərdə torpaqlarımızın hərraca qoyularaq bir hissəsinin Ermənistana, bir hissəsinin Gürcüstana, digər hissəsinin isə bilavasitə Sovet Rusiyasına birləşdirilməsi nəticəsində Azərbaycan SSR-in cəmi 86,6 min kv.km-lik ərazisi qaldı. 1918-ci ildə cəmi 9 min kv.km əraziyə malik Ermənistan isə Azərbaycan torpaqlarını əldə etmək sayəsində 1920-ci illərdə 29 min kv.km-lik torpağa sahibləndi. Qeyd etmək lazımdır ki, 1920-ci ildə Türkiyə ilə Rusiya arasındakı Qars müqaviləsinin birbaşa təsiri və bəzi azərbaycanlı kommunistlərin az-çox səyləri sayəsində “Aşağı Zəngəzur” deyilən (indiki Laçın, Qubadlı, Zəngilan və s.) ərazilər Azərbaycanın tərkibində qaldı”.

Nərimanovun bəyanatını necə təhrif etdilər?

Axtarışlarımız sayəsində B.Əzizin bəhs etdiyi Nərimanovun Zəngəzurun ermənilərə verilməsi barədə 1 dekabr 1920-ci il tarixli bəyanatının ertəsi gün Bakıda “Bakinski raboçi” və “Kommunist” qəzetlərində dərc edilmiş mətnini əldə edə bildik. Bəyanatda deyilirdi: “Sovet Azərbaycanı Ermənistan və Zəngəzurda ən yaxşı yoldaşlarımızın – kommunistlərin günahsız qanını tökmüş və tökən daşnakların hakimiyyətinə qarşı əməkçi erməni xalqının mübarizəsinə yardım göstərərək elan edir ki, bundan belə heç bir ərazi məsələləri əsrlərdən bəri qonşu olan iki xalqın: ermənilərin və müsəlmanların bir-birinin qanını tökməsi üçün səbəb ola bilməz; Zəngəzur və Naxçıvan qəzalarının ərazisi Sovet Ermənistanının ayrılmaz hissəsidir; Dağlıq Qarabağın əməkçi kəndlilərinə isə öz müqəddəratını təyin etmək hüququ verilir; Zəngəzurun hüdudlarında bütün hərbi əməliyyatlar dayandırılır; Sovet Azərbaycanının qoşunları isə buradan çıxarılır”.
Ancaq sənəd Moskva və İrəvanda bolşeviklərin “yüngül” düzəlişinə məruz qalmışdı. Bəyanatın Bakıda nəşr olunan mətnində DQ-nin əməkçi kəndlilərinə “öz müqəddəratını təyin etmək hüququ verilir”disə, onun Moskvadakı “Pravda” qəzetinin 4 dekabr və Ermənistanda çıxan “Kommunist” qəzetinin 7 dekabr sayında dərc olunmuş mətnində Yuxarı Qarabağın “Ermənistan Sosialist Respublikasının tərkib hissəsi kimi tanınması”ndan söhbət gedirdi. Bu saxtalaşdırılmaya həmin vaxt Nərimanov özü də ciddi etiraz etmişdi…
Bütün hallarda 1920-ci ilin bu günləri Azərbaycanda sadə xalqın “doktor” deyərək, hörmət bəslədiyi ixtisasca həkim olan Nəriman Nərimanovun əli ilə Azərbaycan növbəti dəfə Kremlin “cərrahi əməliyyat”ına məruz qaldı. Və ona şəfa əvəzinə, sağalmayan və sonradan Qarabağın da “amputasiya” edilməsinə şərait yaradan bir yara vuruldu…

 Sultan Laçın

Həmçinin oxuyun

Ermənilər Qazaxla sərhəddən getmək istəmirlər – VİDEO

Azadlıq Radiosu Qazaxla sərhəddə yerləşən erməni kəndindən (Vosgepar) reportaj hazırlayıb.  Reportajda yerli erməni sakinlər yaranmış …

Bir cavab yazın