Ana səhifə / Gündəm / Binəqədi məhkəməsində hüququn terroru

Binəqədi məhkəməsində hüququn terroru

İxtisasca həm də hüquqşünas olduğum üçün bəzən maraqlı görünən işlərdə iştirak edirəm.

Bəli, bu gün hakim özbaşınalığından, məhkəmələrin sənaye müəssisəsi kimi qanunsuq qərarlar “istehsal etməsindən” çox danışılır, yazılır.

İçində haqlısı da var, haqsızı da. Zira, iki güləşəndən biri yıxılmalıdır.
Amma razılaşaq ki, hakimin badalağı ilə deyil, həqiqətin, ədalətin, faktların gücü ilə olmalıdır bu iş.

… Ki, bu məsələdə “Femida bajının” tərəzisi hərdən bazardakı vicdansız alverçilərin tərəzisi kimi “vurmaqdadır”.

Vicdanlı, prinsipial, savadlı hakimlərimizin az olmamasına rəğmən.
Bu barədə.

***

Proloq əvəzi

Hər gün Azərbaycan məhkəmələrində minlərlə işə baxılır.

Hər gün yüzlərlə hakim Azərbaycan Respublikası adından hökm verir, qərar, qərardad, qətnamə çıxarır.

XIX əsrdə İngiltərənin baş naziri olmuş Dizraeli deyirdi ki, ədalət mühakiməsi həqiqətin hərəkətdə olan formasıdır.

Elə isə, görəsən, ölkə məhkəmələrinin çıxardığı qərarların neçə faizi həmin o həqiqətin təcəssümüdür?

Heç şübhəsiz, bu gün tutaq ki, Almaniyada, Fransada, lap elə həmin o Böyük Britaniyada sualın bu cür qoyuluşu heyrət doğurardı: necə yəni neçə faiz? Məgər məhkəmə baqqal dükanı, həqiqət və ədalət kimi bəşəri dəyərlərsə piştaxtadakı qoz-fındıq, yaxud mənfəətdirmi ki, faizlə, qramla ölçülsün? O ya var, ya da ki, yoxdur!

Zavallılar! Nə bilsinlər ki, bu dünyada Binəqədi adında rayon (district) var və bu rayonun məhkəməsində Kamran Əsədov adlı, bu kəlməni ifadə etmək hər nə qədər utancverici olsa da, hakim var və bu adamın ədalət meyarı fizikadakı heç bir ölçü vahidinə sığmır; yalnızca böyük Sabirin qəsd etdiyi “nəsnəyə” tən gəlir.

***

Beləliklə, Z.Səmədov adlı vətəndaş əvvəllər də tanıdığı S.Həsənovun təklifi ilə özünə məxsus torpaq sahəsini onun tanışına satmağa razılaşır və bu işi həyata keçirmək üçün ona etibarnamə verir. S.Həsənov öz növbəsində uzağı bir həftəyə razılaşdırılmış məbləği gətirəcəyini vəd edir.

Həmin bir həftə iki-üç həftəyə, aya çevrilir, S.Həsənov gizlənməyə başlayır.
Bunu görən Z.Səmədov iki ay sonra, yəni 2011-ci il fevralın 16-da verdiyi etibarnaməni notarial qaydada ləğv etdirir və S.Həsənovun ünvanına xəbərdarlıq məlumatı göndərir.
Ağır onkoloji xəstə olan Z.Səmədov 2012-ci ilin fevralında vəfat edir.

Bu hadisədən bir il sonra arvadı T.Səmədova vərəsəlik qaydasında torpağı adına keçirmək istəyərkən müdhiş dələduzluq mənzərəsi ilə qarşılaşır.

Məlum olur ki, bir tərəfində S.Həsənovun, bir tərəfində Binəqədi bələdiyyəsinin sabiq sədri F.Babayevin, digər tərəfində isə təəssüflər olsun ki, 1 saylı inzibati-iqtisadi məhkəmənin hakiminin durduğu üçbucaq 9 ay əvvəl vəfat etmiş Z.Səmədovun 20 ay əvvəl ləğv edilmiş etibarnaməsi əsasında ona məxsus torpaq sahəsini məhkəmə qərarı ilə faktiki şəkildə S.Həsənova peşkəş etmişdir.

Oxucunu məhkəmə statistikası ilə yormaq fikrindən uzağıq. Sadəcə, bildirək ki, məhz Bakı Apellyasiya məhkəməsi və Ali Məhkəmənin ədalətli mövqeyi və qərarı sayəsində Binəqədi bələdiyyəsinin torpağın S.Həsənovun adına rəsmiləşdirilməsi ilə bağlı 18 yanvar 2013-cü il tarixli 5 saylı qərarı ləğv edilmiş, torpaq sahəsinin əvvəlki mülkiyyətçisinə – Z.Səmədovun adına sənədləşdirilməsi qət olunmuşdur.

Haşiyə: təkcə belə bir statistik faktı xatırlatmaq yetər ki, S.Həsənov – X.Qurbanov “duet”inin indiyədək məhkəmələrə vermiş olduğu yeddi iddia ərizəsindən yalnız ikisi 1 saylı İnzibati- İqtisadi Məhkəmədə eyni hakim – S.Alıyeva tərəfindən təmin olunsa da, nəticə etibarilə hamısı Bakı Apellyasiya məhkəməsində rədd edilmiş və Ali Məhkəmə də həmin qərarları qüvvəsində saxlamışdır.

Ümumiyyətlə, bir vacib haşiyə çıxmaq istərdik ki, bu məsələ ilə bağlı Ali Məhkəmə və Bakı Apellyasiya məhkəməsi hər dəfəsində ədalətli mövqe tutmuş, birmənalı şəkildə Azərbaycan qanunlarının və vətəndaşların qanunla qorunan hüquqlarının, eləcə də haqq-ədalət anlayışı ilə bağlı yüksək əxlaqi dəyərlərin yanında olduğunu ortaya qoymuşdur.

***

Beləliklə, gözləmək olardı ki, Ali Məhkəmənin məlum qərarından sonra Binəqədi bələdiyyəsi öz qərarını ləğv edib torpağı Z.Səmədovun adına keçirəcəkdir. Əslində, elə belə də olmalı idi. Amma dələduz işğal planının ikinci hissəsi işə düşür. Bələdiyyə planlaşdırılan iclasını təxirə salır və bu ərəfədə oyuna Binəqədi məhkəməsinə absurd bir iddia ilə müraciət edən yeni oyunçu daxil olur.

Belə ki, qeyd etdiyimiz kimi, S.Həsənov bütün məhkəmə qərarlarının əleyhinə olduğunu görüb öz ağlınca “izi itirmək” və prosesi yubatmaq məqsədilə heç vaxt ona məxsus olmamış torpaq sahəsini X.Qurbanov adlı şəxsə (ailəsinin yaxın adamına – !) “satır”.
“Oyuna” cəlb olunmuş yeni “oyunçu” – X.Qurbanov isə öz növbəsində cavabdehlər S.Həsənov və T.Səmədovaya qarşı ağlasığmayan absurd bir iddia ilə – “Qanunsuz hərəkətlərə son qoyulmasına dair” Binəqədi məhkəməsinə müraciət edir. Və bundan sonra baş verənlər Binəqədi məhkəməsinin də əsas rollarından birini aldığı məzhəkəni xatırladır. Əslində, baş verənlər qanun adına, ölkə adına, yüksək hakim adına utancdan başqa bir şey deyildir.

Bunu söyləmək hər nə qədər ağrılı olsa da, prosesə sədrlik edən hakim K.Əsədov ilk gündən ədalət mühakiməsindən daha çox iyrənc bir məzhəkəyə bənzəyən prosesdə ədalətli münsif deyil, qərəzli və maraqlı tərəf olduğunu ortaya qoydu.

Bu üzdən təəccüblü deyil ki, hakim K.Əsədov dərhal Ali Məhkəmənin 04 iyun 2014-cü il tarixli “Binəqədi bələdiyyəsi tərəfindən qəbul olunmuş 1 saylı ümumi iclasın 5 saylı 18 yanvar 2013 – cü il tarixli qərarının ləğv edilməsi ilə bağlı” məlum qərarını heçə sayaraq 24 iyun 2014-cü il tarixdə “İddianı təmin etmə tədbiri barədə” qərardad çıxarır.

Bundan sonra isə hakimin də qoşulduğu məhkəmə süründürməçiliyi marafonu düz 19 ay davam edir.

Bir qədər irəliyə gedərək bildirək ki, Ali Məhkəmənin № 2-2(102)-1205/13 saylı 04 dekabr 2013-cü il tarixli iş üzrə Qərarından sonra (həmin qərarla birinci instansiya məhkəməsinin qərarının bütün hüquqi nəticələri ləğv edilmiş və tərəfləri ilkin, yəni iddia təqdim edilənə qədər olan hüquqi vəziyyətə qaytarmışdır) S.Həsənovun torpaq sahəsini kiməsə satmağa cəhd göstərməsinin adı hüquqda dələduzluq kimi tövsif edilir. Və Binəqədi məhkəməsi bu xüsusata məxsusi diqqət yetirməli olduğu halda göz yummaqla maraqlı tərəf olduğunu gizlədə bilməmişdir.

Sonrakı mərhələdə “qruplaşma” X.Qurbanovun iddiasının perspektivsiz olduğunu qət edib iddianın predmetini dəyişir və məhkəmədən guya S.Həsənova ödəmiş olduğu 270 min manatın alınıb qaytarılmasını xahiş edir.

S.Həsənov da öz növbəsində 27.02.2015-ci il tarixli “Torpaq sahəsinə görə ödənilmiş pulun tələbinə dair” İddia ərizəsi ilə T.Səmədovadan 250 min manat vəsaitin tutularaq qaytarılmasını məhkəmədən xahiş edir. Və təəccüblü deyil ki, Kamran Əsədovun “məhkəməsi” 18 mart 2016-cı il tarixli, iş №2(001)-1345/2016 saylı qətnaməsi ilə S.Həsənovdan 270 min manatın alınaraq X.Qurbanova, həmçinin T.Səmədovadan 200 min manatın alınaraq S.Həsənova qaytarılması və s. barədə qətnamə çıxarır.

***

Adi vizual tanışlıq belə Binəqədi məhkəməsinin çıxardığı qətnaməsinin dəlil və sübutlara, məntiq və ağlabatanlıq faktoruna deyil, təhrif edilmiş faktlara, vicdansızcasına yalançı şahid ifadələrinə, ədalət mühakiməsinin daxili fəlsəfəsinə və yüksək hakim adına xələl gətirən konyunktur davranış və peşə etikasına hörmətsizlik nümunəsinə əsaslanaraq çıxarıldığını söyləməyə əsas verir.

Qeyd olunmalıdır ki, məhkəmənin qərar çıxararkən istinad etdiyi “mötəbər sənədlər”in bəziləri ümumiyyətlə mövcud deyildir; ya hakimin xəyalpərvər təxəyyülünün məhsuludur, ya da ki, adamın qətnamənin məzmunundan xəbəri belə yoxdur.
Məsələn, iddiaçı S.Həsənov T.Səmədovadan cavabdeh qismində pul tələb edir.

Məhkəmənin S.Həsənovun iddiası əsasında T.Səmədovanı cavabdeh qismində tanımasının özü də hüquqi əndazəsizlikdir.

Məhkəmə hansı faktlar, dəlil və sübutlar, sənədlər əsasında T.Səmədovanın cavabdeh olduğunu müəyyən etmişdir? İlk öncə, məhkəmə T.Səmədovanın hüquqi statusunu müəyyənləşdirməli idi.

Heç şübhəsiz, məsələnin məhkəmə perspektivi, sivil hüquqi çözümü yox deyildir. Bunun üçün, sadəcə, verilmiş sifarişdən bir qədər kənara çıxmaq və Amerika hüquqşünaslarının söylədiyi kimi, üçüncü yolla – qanuni yolla, getmək lazım idi.

Belə ki, ilk növbədə T.Səmədovanın qarşılıqlı iddiası təmin olunmalı, torpaq sahəsi üzərində mərhum Z.Səmədovun ölümündən sonra mülkiyyət hüququnu təsdiq edən Reyestrdən çıxarış alınmalı, həmin çıxarış əsasında T.Səmədova vərəsə kimi tanınmalı idi.

Məhz həmin hüquqi prosedurlar gözlənildikdən sonra S.Həsənov T.Səmədovaya qarşı hər hansı bir pul tələbi ilə bağlı iddia qaldıra bilərdi.

Beləliklə, məhkəmənin qanuni yolla deyil, məhz özünə sərf edən yolla getməsi birbaşa maraqlı tərəf olduğunu sübut edir.

Ümumiyyətlə, məhkəmə prosesində hakim K.Əsədovun, yumşaq desək, şübhəli hərəkətləri saymaqla bitən deyil. Bircə fakt!

Belə ki, S.Həsənov “torpaq sahəsinə görə ödənilmiş pul tələbinə dair” ilkin iddia ərizəsində Z.Səmədova adı gedən torpaq sahəsinə görə 250 min manat pul ödədiyini iddia etmişdir.

İddiaçının nümayəndələrinin iştirak etmədiyi məhkəmə iclasında hakimə S.Həsənovun yalan danışdığına işarə edərək başqa sənədlərdə Z.Səmədova guya təxminən 200 min manat verdiyini yazdığı bildirildi.

Hər nə qədər təəccüblü ol(ma)sa da növbəti məhkəmə iclasında S.Həsənovun nümayəndəsi 13 ay (-!) əvvəl vermiş olduğu İddia ərizəsinə əlavə ilə bağlı ərizə verərək əsas məbləğin 200 min manat olduğunu, “düz gəlməyən” 50 minlik məbləğin isə əldən çıxmış mənfəət olduğunu göstərmişdir.

Necə deyərlər, “No comment!”

İşin içindəki bütün ərizələrdə S.Həsənovun torpaq sahəsinə görə Z.Səmədova məhz 250 min manat ödədiyi ilə bağlı imperativ iddianın olduğu hakim K.Əsədovun diqqətinə çatdırılaraq linqvististik ekspertizanın təyin olunması tələb edilsə də, hakim görməzdən gəldi. Görünür, maraqlarına uyğun deyildi.
***
Növbəti bir gülünc və hakimin ölkə qanunlarını heçə saydığını isbatlayan fakt!
Binəqədi məhkəməsi S.Həsənovdan 270 min manatın alınaraq X.Qurbanova verilməsi ilə bağlı qətnamə çıxarmışdır.

Əslində, notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsində X.Qurbanovun torpaq sahəsinə görə S.Həsənova 40 min manat “ödədiyi” öz əksini tapmışdır.

Lakin məhkəmə öz “humanist” qərarını belə bir “arqumentlə” əsaslandırmağa çalışmışdır: “Məhkəmə hesab edir ki, Qurbanov Xaliddin Məmməd oğlunun Həsənov Siracəddin Əşrəf oğluna aldığı torpaq sahəsinin müqabilində 270000 manat ödədiyi onlar tərəfindən təsdiq edildiyinə görə həmin məbləğ Həsənov Siracəddin Əşrəf oğlundan alınıb Qurbanov Xaliddin Məmməd oğluna ödənilməlidir”.

Hakim K.Əsədov hansı prinsiplər xatirinə məhkəməni məzhəkəyə çevirmiş iki qohumun şifahi razılaşmasını hüquqi fakt kimi dəyərləndirməyə çalışır? Və görəsən, qeyri-rəsmi şəkildə “verilmiş” 230000 manatın “leqallaşdırılması”nda məhkəmənin məqsədi nədən ibarət olmuşdur?

Əslində, məhkəmə həmin hissədə iddianı rədd etməli, ən yaxşı halda isə qeyri rəsmi şəkildə “verilmiş” məbləğin eyni üsulla da “qaytarılmasını” tövsiyə etməli idi.

İki nəfər arsında qanuni rəsmiləşdirmədən kənar, yəni şifahi razılaşmanı çəkişmə predmetinə çevirərək qanunazidd qərarın çıxarılması hakimin məhkəməni “xeyirxah xidmətlər bürosu”na çevirdiyinin bariz nümunəsidir.

Böyük bir məbləğin vergidən gizlədildiyi və bunun vergi qanunvericiliyinə görə cinayət sayıldığı keçmiş vergi məmuru olan Kamran Əsədovun diqqətinə çatdırılaraq faktla bağlı xüsusi qərardad çıxarıb vergi orqanlarına göndərməsi tələb olunsa da, hakim yenə qulaqardına vurdu.
***

Binəqədi məhkəməsinin şahidlərin dindirilməsi ilə bağlı 18 mart 2016-cı il tarixli iclası məhkəmə hakimiyyətinə təhqir idi.

Tərəfin təqdim etdiyi “şahidlər” isə başqa aləmdi.

Sorğu-sual zamanı özlərini tam ifşa etdilər. Sübut olundu ki, həmin adamlar nəinki hal şahidi olmayıblar, onlar heç mərhum Z.Səmədov və arvadı T.Səmədovanı görməyiblər, tanımırlar.

Hakim şahidlərə yalan ifadə ilə bağlı xəbərdarlıq etdi, cinayət məsuliyyəti daşıdıqlarını bildirdi.

Əcəba, şahidlər daha nə etməli idilər ki, hakim həmin xəbərdarlığını hərəkətə gətirsin?!
Özləri müdhiş yalan danışdıqlarını, həm qanun, həm vicdan, həm də Allah qarşısında cinayət törətdiklərini etirafmı etməli idilər?

Zatən, hakimin özü də üçüncü şahid qismində ölkə qanunlarına hörmətsiz, saymazyana münasibətin nümunəsini qoymuşdu ortalığa.

Təbii ki, məhkəmə yenə də həqiqəti ortaya çıxarmaq üçün zəruri texniki ekspertizaların keçirilməsi ilə bağlı vəsadətləri qulaqardına vurdu.

Bu isə artıq qoçuluq, zorbalıq idi, hüququn terroru idi.

Protokolla tanışlıq da məhkəmənin büsbütün saxtakarlıq içində olduğunu isbat edirdi. Göründüyü kimi, məhkəmə nəticə etibarı ilə çıxardığı son dərəcə qanunsuz, hüquqa, qanunçuluğa, adi etik normalara və vicdanlılıq, haqq-ədalət kimi əxlaqi dəyərlərə zidd qətnaməsinə azacıq da olsa hüquqi don geyindirmək xatirinə protokolu falsifikasiya etməkdən çəkinməmiş, əksinə, ədalətli qərar çıxarmaq üçün kifayət edəcək məqamları gizlətməyə cəhd göstərmişdi.

***

Epiloq əvəzi

Heç şübhəsiz, ölkədə ədalət deyilən bir şey var və yuxarı instansiya məhkəmələri K.Əsədovun nəinki hakim adına, bütövlükdə insanlığa, qanunçuluğa, özündə ədalət və vicdanla yanaşı bütün hüququ və əxlaqi kateqoriyalara utanc sayılan absurd qərarını ləğv edəcəklər.

Əminik ki, məhkəmə orqanlarında heç də hamı K.Əsədovun bölüşdüyü və
amalına çevirdiyi “iş prinsiplərini” bölüşmür.

Ancaq hər halda, yazıq məhkəməmizə, yazıq Azərbaycan Respublikasına ki, Kamran Əsədov kimilər onun adından ədalətsiz qərarlar çıxarırlar.

Bəli, bu gün Kamran Əsədov kimilər hər yerdə özlərinə yer eləyiblər; məhkəmədə, təhsildə, səhiyyədə, hüquq-mühafizə orqanlarında, mətbuatda, məmur çevrəsində … Və ən acınacaqlısı da budur ki, bu cür mənfi tipajlar ümumiləşdirici səciyyə daşıyırlar – təmsil etdikləri sahənin hansı faciəli və mağmun durumda olduğunu göstərirlər, həmin sahədə çalışan yüzlərlə vicdanlı və peşəkar insanın fəaliyyətinə kölgə salırlar, vətəndaşlarda Prezidentin apardığı islahatların və yeritdiyi siyasətin obyektivliyinə inamsızlıq yaradırlar.

Ölkə Prezidenti cənab İlham Əliyev 2015-ci il noyabrın 4-də Şəki Məhkəmə Kompleksinin yeni inzibati binasının açılış mərasimindəki çıxışında ədalətlə bağlı hər vaxtkı mövqeyini bir daha ortaya qoydu: “… məhkəmələrin qərarları ədalətli olmalıdır. Ümumiyyətlə, həyatda hər şey ədalət əsasında qurulmalıdır. Ədalət pozulduqda əlbəttə ki, həm narazılıq yarana, həm də, ümumiyyətlə, cəmiyyətin müsbət inkişafı çətinliklərlə üzləşə bilər. Ədalətli qərarlar həm insanlarda dövlətə inamı artırır, eyni zamanda, həyatımızı tənzimləyir. Bütün qərarlar ədalətli olmalıdır. Məhkəmə sistemində qəbul edilmiş qərarlar, aparılan islahatlar, bax, bu məqsədi güdür”.

Görünəni budur ki, Prezidentin bu sözlərinin hakim Kamran Əsədova qətiyyən dəxli yox imiş.

Xalid NİYAZOV

Həmçinin oxuyun

Ermənilər Qazaxla sərhəddən getmək istəmirlər – VİDEO

Azadlıq Radiosu Qazaxla sərhəddə yerləşən erməni kəndindən (Vosgepar) reportaj hazırlayıb.  Reportajda yerli erməni sakinlər yaranmış …

Bir cavab yazın