Ana səhifə / Gündəm / Baş leytenant cəmi 10 ilə general oldu – Bu fantastik yüksəlişin sirri nədir?

Baş leytenant cəmi 10 ilə general oldu – Bu fantastik yüksəlişin sirri nədir?

Əlimizdə rəsmi statistika olmasa da, hazırda Azərbaycanda bu rütbəni daşıyanların sayı təxminən 200 nəfər ətrafındadır. Hər il onların sayı daha 10-15 nəfər artır.

Müqayisə üçün bir maraqlı faktı qeyd etmək yerinə düşər ki, şəxsi heyəti 2 milyon 285 min nəfər təşkil edən Çin ordusunda generalların sayı cəmi 191 nəfərdir. Almaniya Ordusunda 202, qardaş Türkiyə Ordusunda isə cəmi 364 general rütbəsi daşıyan zabit var.

Azərbaycanda generalların sayının belə fantastik həddə çatması, hələ ki, 20 ildən artıqdır işğal altında olan torpaqlarımızın taleyinə zərrə qədər təsir etməsə də, ilk baxışdan gələcəyə müəyyən ümid yarada bilər. Lakin təəssüf ki, kənardan belə görünsə də ki, müharibə başlayacağı halda bu qədər generalı olan Azərbaycan Silahlı Qüvvələrinin qısa müddətdə zəfər qazanmaqdan başqa şansı yoxdur, reallıqlar başqa mətləblərdən – kəmiyyət hələ keyfiyyət demək deyil məntiqindən xəbər verir. Yəni ortaya sual çıxır: Hər general rütbəsi daşıyan zabit, əsl generaldırmı? Reallıqlarla tanışlıq deyir ki, əsla yox! Azərbaycanda əsl generalların sayı 10-15 nəfər olar da, olmaz da!

Bu reallıqlarla tanışlıq baxımından “AzPolitika”ya təqdim olunan bir fakt xeyli düşündürücüdür. Söhbət cəmi 10 il əvvəl baş leytenant olan bir zabitin – Abdullayev Zaur Qasım oğlunun hazırda general-mayor rütbəsini daşımasından gedir. İnternet resurslarında rəsmi tərcümeyi-halı belə tapılmayan Z.Abdullayev hazırda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavinidir. Bu xidmətin rəisi isə general-leytenant Arzu Rəhimovdur.

Baş leytenant cəmi 10 ilə general oldu

Baş leytenant cəmi 10 ilə general oldu

Prezident İlham Əliyevin Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçularının təltif edilməsi haqqında 15 avqust 2005-ci il tarixli Fərmanından görünür ki, Zaur Qasım oğlu Abdullayev həmin il baş leytenant rütbəsində DSX-da xidmətdə olub. 7 il sonra – 17 may 2012-ci ildə Z.Abdullayevə polkovnik rütbəsi verilərək, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini təyin edilib. 2014-cü ildə rəisin birinci müavini təyin edilib, 2015-ci ilin fevral ayında isə çiynindən general-mayor rütbəsi asılıb.

Yəni cəmi 10 il ərzində Zaur Abdullayev baş leytenant rütbəsindən general-mayor rütbəsinədək yüksələ bilib.
Hazırda qüvvədə olan hərbi nizamnaməyə görə, baş leytenant rütbəsindən polkovnik rütbəsinə yüksəlmək üçün Zaur Abdullayevə, nə az-nə çox, düz 22 il vaxt lazım idi! Lakin göründüyü kimi, o, cəmi 10 ilə nəinki polkovnik, hətta general-mayor rütbəsini belə çiynindən asmağa nail olub. Normalda Z.Abdullayevin buna nail olmaq üçün çox ciddi uğurları, hərbi şücaəti, hətta Vətən qarşısında misilsiz xidmətləri və qəhrəmanlıqları olmalı idi (Əgər belə xidmətlər varsa, onları öyrənməyə və oxucularımıza da çatdırmaqdan şad olardıq-R.Ə).

Maraqlıdır, görəsən hörmətli generalımız DSX, Səfərbərlik Xidməti kimi döyüş bölgəsindən uzaq xidmət yerlərində hansı qəhrəmanlıqları edə bilib ki, belə fantastik uğura nail olub?

Yoxsa ona da general rütbəsi kiminsə kürəkəni, qardaşı, qardaşı oğlu və ya qudası olduğu üçün ad günü hədiyyəsi kimi verilib?

Həmçinin oxuyun

Ermənilər Qazaxla sərhəddən getmək istəmirlər – VİDEO

Azadlıq Radiosu Qazaxla sərhəddə yerləşən erməni kəndindən (Vosgepar) reportaj hazırlayıb.  Reportajda yerli erməni sakinlər yaranmış …

Bir cavab yazın