Çərşənbə axşamı , Yanvar 26 2021
Ana səhifə / Gündəm / Banandakı qan ləkəsi haqda – Açıqlama

Banandakı qan ləkəsi haqda – Açıqlama

Son günlərdə Kütləvi İnformasiya Vasitələrində banan meyvələrində qeyri-adi qırmızı ləkələrinə rast gəlinməsi ilə bağlı yayılan xəbərlərə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev münasibət bildirib.

“Qafqazinfo”ya daxil olan məlumata görə, C. Quliyev qeyd edib ki, Dövlət Xidmətinin müfəttişləri tərəfindən idxal olunan banan meyvələrinə karantin baxışı keçirilən zaman bu tip meyvələrə rast gəlinməyib: “Məsələnin aktuallığını nəzərə alaraq, Dövlət Xidməti tərəfindən kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satış məntəqələrində fitosanitar monitorinqlər həyata keçirilib və bitki mənşəli xəstəliklərlə yoluxma ehtimalı olan banan meyvələrindən laboratoriya analizləri məqsədilə nümunələr götürülüb. Ekpertiza zamanı yalnız pərakəndə satış məntəqələrində uzun müddət əlverişsiz şəraitdə saxlanılan banan meyvələrində və vətəndaşlar tərəfindən təqdim edilmiş iki nümunədə qanabənzər ləkələr aşkar edilib. Müvafiq ekspertizalar nəticəsində banan meyvələri daxilində müşahidə edilən qana bənzər ləkələrin bakterial mənşəli olduğu, “bananın qan xəstəliyi” bakteriyası (Pseudomonas celebensis Gaumann, 1929) tərəfindən törədildiyi, lakin bitki mənşəli bu xəstəliklə bağlı çoxsaylı xarici elmi ədəbiyyatlar təhlil edilməsi nəticəsində xəstəliyin insana və digər bitkilərə keçmədiyi, insan orqanizmi və respublikanın bitki örtüyü üçün təhlükəli olmadığı müəyyən edilib”.

DFNX rəisi vurğulayıb ki, bu xəstəlik insan orqanizmi və respublikanın bitki örtüyü üçün təhlükəli deyil: “Vətəndaşlara satış məntəqələrində əlverişsiz şəraitdə uzun müddət saxlanılan banan və digər meyvə-tərəvəzləri almamaları tövsiyyə olunur. Onu da qeyd edim ki, 2016-cı ilin yanvar ayı ərzində Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən üzərində karantin tətbiq edilən zərərli orqanizmlər aşkar edilib və keyfiyyət göstəriciləri standartlara uyğun olmayan 10517 kq meyvə-tərəvəz məhsulu dövriyyədən çıxarılaraq məhv edilib. Məhv edilmiş meyvələrin 101,5 kiloqramını banan meyvələri təşkil edir”.

Həmçinin oxuyun

Təhsil naziri kimdən kimə şikayət edir?

“Biz sual verməliyik – necə oldu ki, bu adam direktor oldu? Səmimi deyirəm – bu, …

Bir cavab yazın